www.aliildirimoglu.az

FELYETONLAR

KİÇİK MÜDİR 

Restoranın qarşısında tormozlanıb dayanan bəzəkli "Jiquli" maşını bülbül cəh-cəhinə bənzər siqnal verdi. Yeyib-içən müştərilər pəncərədən boylanıb, təşvişlə pıçıldaşdılar:

- Fedikdir!

Stolda əyləşənlər özlərini yığışdırdılar. Ayaq üstə dayananların hərəsi bir tərəfə çəkildi. Yeməkpay­la­yan­lar xalatlarını səliqəyə salıb, başlarına ağ fəs qoydular. Nadir hallarda üzə çıxıb gözə görünən restoran direktoru mətbəxdən keçib, son dəbdə olan qalstukunu düzəldə-düzəldə onun qarşısında lütfkarlıqla baş əydi və:

- Fedik Dadaşoviç, ümumi zalda oturmağı məsləhət görmürəm, - dedi. - İstədiyiniz kabinələrin birinə...

Fedik Fərəcullayev bütün bu gördüklərinə və eşitdiklərinə əhəmiyyət vermirmiş kimi, əynindəki cins şalvarı yuxarı dartıb, üzərində ağ dəmirlər olan enli kəmərini bərkitdi.

- Dənizə tərəf olsun, - dedi.

Düzdür, Füzulidə nə dəniz var, nə də ki, dərya. Ancaq Fedik Fərəcullayev "Çənlibel" restoranının baxarındakı Köndələn gölünə çox vaxt dəniz deyir. Hətta bir neçə qədəhdən sonra bu göl Fedikin gözündə intəhasız bir okeana çevrilir.

Direktorun sərəncamı ilə pəncərəsi gölə açılan xudmani otaqların biri, daha doğrusu, ən xoşagəlimlisi tez-tələsik hazırlandı. Fedik Dadaşoviç ona dikilən heyrətli baxışların müşayiəti ilə dib otağa keçdi. Xidmətçilər də onun arxasınca daxil olub müntəzir dayandılar. Fedik ötkəm bir əda ilə:

- Vurmağa nə var?! - soruşdu.

- Fedik Dadaşoviç, sizin üçün hər şey. Beşulduz, Göygöl, ceyran südü, quş iliyi...

Fedik sifətini turşudub, əli ilə qalın saçını qarışdıra-qarışdıra:

- Yox, - dedi. - Konyakdan sonra pivə yaxşı getmir, təmizcə araq.

- O da baş üstə, - deyib, xidmətçilər sifarişin ardını qeyd etdilər.

- Pervi lazım deyil, borşdan, supdan zəhləm gedir. Qabırğa kababı, cücə çığırtması, bir az da soyutma pis olmaz.

- Bəs sonra?

- Sonrasına da baxarıq, - deyib Fedik Fərəcullayev vəcdlə irişdi.

Əgər desək ki, Fedik Fərəcullayevə göstərilən bütün bu izzət-ehtiramlar onun böyük vəzifəsinə, dərin ağlına, geniş biliyinə görədir, onda qəbahət olar və bizi qınayarlar. Fedik Fərəcullayev müdirdi. Özü də böyük yox, kiçik müdir. Məsələn, bir az da dəqiq desək, Dövlətkarlı kənd rabitə şöbəsinin müdiridi. Bəs onda, Fedik Dadaşoviçin bu cür təşvişlə və təntənə ilə qarşılanmasına səbəb nədir?

Üç hərfdən ibarət olan qısa bir kəlmə. Yəni "pul". Qaragöz yüzlüklər, qırmızı onluqlar. Onu qazanmaqda nadir adamlar Fedikə çata bilər. Hətta bu barədə qəribə-qəribə əfsanələr gəzir. Deyirlər ki, hər oxuyan Molla Pənah, hər qatırçı Murad, hər müdir də Fedik olmaz. İnsafən, qazanan oğlandır, xərcləməkdə də tayı-bərabəri yoxdur.

Danışırlar ki, qonşuları Pirqulunun evində hər gün mərəkə qopur. Arvadı Naznaz xanım işdən yorğun-arğın qayıdan ərinin gününü göy əsgiyə döyüb deyir ki, kişi Fedik kimi olar. Əli də gətirir, ayağı da. Pula pul demir. Hanı mənim brilyant üzüklərim?! Hanı mənim qaş-daşlarım?! Sən də başına papaq qoyub özünü kişi hesab edirsən?! Mənə ər olmadın, dərd oldun! Bu evə qədəm basdığım günə daş yağaydı. Filankəslərin arvadları şəhərlərin, bazarların, dükanların bu başından girib o başından çıxır, alverçilərə gündə yüz cürə modnı paltar zakaz verirlər. Sən də ayın başını güdürsən ki, görüm, haçan maaşa qol çəkəcəyəm.

Naznaz xanım pomada vurulmuş qırmızı dodaqlarını əyib, ərinə kinayə ilə:

- Halal maaş, halal maaş! Guya düzlük bizə qalıb? Düz, elə düzdə qalar! Qonşularına bax, gözlərinə su ver, - deyib, əlinə keçən boşqabları, qapı dalındakı köhnə çəkmələri, döşəməsilən ağacı onun başında oynadır.

Naznaz xanımın anası pullu Xeyransa neçə dəfə qızına üzrxahlıq edərək:

- Günah məndədir ki, səni bir yağlı yerə calamadım, lütün birinə ərə verdim, - deyib. - Nə olsun ki, ağlı-savadı, mədəniyyəti aşıb-daşır.

Bir gün də müəllim dərs dediyi aşağı sinif şagirdlərinə belə bir sual verir:

- Ən nəcib arzunuz nədir?

Şagirdlərin biri barmağını qaldırıb belə cavab verir:

- Fedik əmi kimi müdir olmaq.

Bəziləri Fedik Fərəcullayevə bəxtəvərlik verib deyirlər: "Adamın yüz gün kotanı işləyincə, bircəcə gün bəxti işləyə. Bəxt paylananda hamıdan qabağa düşüb". Fediki bəd nəzərlərdən qorumaq üçün dindar qohumları onun işlədiyi kabinetin, yatdığı otağın pəncərələrindən dəstə-dəstə üzərlik asırlar.

Amma elə ki, rayon mərkəzinə iclasa çağırırlar, onda Fedik tamamilə başqa məxluq olur. Üç gün, üç gecə üzünə ülgüc vurdurmur, paltarın nimdaşını geyir, özünü abırlı, yazıq, sakit bir işçi kimi göstərir. Rayon rabitə qovşağının rəisi Qara Qasımbəyli də həmişə oturub-durub deyir ki, Fedik Fərəcullayevdən olmaz. Bir onun əynindəki paltara baxın! Görün necə sadə geyinir. Bax, təmiz adam belə olar. Çox başıaşağı, fağır adamdır. İdarəmizin fəxridir.

Xülasə, Fedik Fərəcullayevi restoranda tək-tənha qoyub, əsl mətləbdən uzaqlaşmayaq. Boş butulkaların sayı artmışdı. Xidmətçilər artıq risk edib, birdən-birə içəri daxil ola bilmirdilər. Onlar hərdən qapını ehtiyatla açır, başlarını içəri salır, boğazlarını irəli uzadır və çəkinə-çəkinə soruşurdular:

- Nə la...a...zımdı...r?!

Fedik Fərəcullayev isə halı özündə olmadığı üçün, başının hərəkəti ilə butulkalara işarə edirdi. Bununla da "araq" demək istəyirdi.

Artıq qaranlıq çökmüşdü. Qarşı tərəfdəki kənd "dənizin" aynasında aydınca əks olunurdu. Evlərin biri lap prokurorluğun binasına oxşayırdı. Fedik çeçəyib xəyallandı. Etdikləri, edəcəkləri və dövlət ittihamçıları gəlib durdu onun qızarıb xumarlanmış gözlərinin önündə... Prokuror və milis müstəntiqi qarşılarındakı sənəd­ləri vərəqləyir, şahidləri dindirir, Fedik Fərəcul­la­yevi və mütəzərirləri sorğu-suala tuturlar. Sədaqət Kazımov ayağa qalxır:

- Qazaxıstanın Aktübinsk vilayətində fəhlə işlə­yirəm. Gecə-gündüz tər töküb, aldığım əmək haqqını qəpik-qəpik toplayıb atama min manat pul göndər­mişəm. Ancaq pul atama çatmayıb. Atam da neçə dəfə mənə giley məktubu yazıb. Yazıb ki, qoyduğum ada xi­laf çıxıb, sədaqətsiz olmusan. Qoca atanı birdəfəlik unutmusan, naxələf oğulsan... Ancaq yoldaş prokuror, naxələf mən yox, bax, göndərdiyim həmin pulları həzm-rabedən keçirən bu vicdansız Fedik Dadaşoviçdir.

Bu dəfə Sadıqqulunun dərdi təzələndi:

- Daş karxanasında fəhlə işləyirəm, - dedi. - Hər gün dağlarla üz-üz oluram. Əlimdən çıxan ağ mişar daşla­rından neçə-neçə binalar ucaldılır. Zəhmətimin müqa­bilində mənə göndərilən pullar bu Fedikin poçtunda tilsimə düşür. Yazmadığım idarə, şikayət etmədiyim təşkilat, açmadığım qapı qalmayıb...

- Başına dönüm, prokuror, mən də bu Qasımlı kən­din­dənəm. Özümlə babamın adı Hatəmdir. Hə, elə iki­miz də Hatəmik. Bir yaxşıca inəyim vardı. Özgəsi deyil­sən, səndən nə gizlədim, inək deyildi, qızıl idi. Qarşında utanmazlıq edirəm, arvad gündə iki sərnic süd sağırdı. Bir gün öldü. Dedim, neynək, ölən inək olsun. Təki adam­lara zaval gəlməsin. Amma ağıllı tərpənib vaxtında sığortalatmışdım. Di gəl ki, neçə aydır, get-gələ düş­müşəm. Sığorta pulunu ala bilmirəm ki, bilmirəm. Əşşi, inəyi ölən mən, sərnici boş qalan mən, sığorta pullarını da udan bax, Dadaşın bu dələduz oğlu.

Hatəm sözünü qurtaran kimi Şəmistanın dərdi açıldı:

- Gözümün ağı-qarası bir oğlum var. Özü də dünyanın qurtaracağındakı Xabarovskda işləyir. Yaxşı da ad-san qazanıb. Gədə mənə beş yüz manat pul göndərib. Həmin pul neçə şəhərdən, dağdan, dərədən, çaydan keçib, ancaq bizim bu Ayıbasanlı poçtunda tilsimə düşüb. Di gəl ki, bu tilsimləri qıran yoxdur. Yoxlamaya gələnlərin özləri də Fedikin tilsimlərinə düşür...

Xalq hakimi qarşısındakı sənədləri vərəqləyərək:

- Müttəhim Fedik Fərəcullayev, Leninqradda Anatoli adlı adam tanıyırsanmı? - soruşdu.

Fedik müttəhim kürsüsündən ayağa qalxaraq:

- Xeyr, belə adam yoxdur, - dedi.

- Aşqabadda Çərkəz Kazımovu necə?

- Möhtərəm hakimlər, belə adam yoxdur.

- Bəs necə olub ki, Anatolinin adına min, Çərkəzin adına iki min manat pul yazıb, saxta yolla mənim­səmisən?

Prokuror:

- Təkzibolunmaz faktlar sübut edir ki, dövlətə və ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurmusunuz, cinayətkarsınız, - deyib zəngin düyməsini basdı. İki nə­fər milis işçisi içəri daxil olub, rəsmi qaydada təzim etdi və sonra da Fedik Dadaşoviçin qollarından bərk-bərk yapışıb ayağa qaldırdı.

Milis işçilərinin zəhmi onu səksəndirib bir balaca ayılt­dı. Ancaq gözlərini açanda sevindi. Çünki onun qollarından yapışanlar xəyal dünyasında təsəvvür etdiyi prokuror, xalq hakimi və ya milis işçiləri yox, "Çənlibel" restoranının xidmətçiləri idi.

Bir gün məşhur ingilis dramaturqu Bernard Şouya dostu deyir:

- Mən həmişə axmaq bir iş görəndə, hamıdan qabaq özümü gülmək tutur.

Bernard Şou deyir:

- Bəxtəvər başına, bütün ömrün xoş keçəcək.

Fedik Fərəcullayevin etdiyi hərəkətlərə özünün gülüb-gülmədiyini və günlərinin xoş keçib-keçməyəcəyini deyə bilmərik. Ancaq onu bilirik ki, Fedikin bayaqkı sevinci onu izləyən qarmaqarışıq fikirlərə qərq oldu. Çünki içkinin təsiri azaldıqca başa düşürdü ki, onun əsl sorğu-sualı gec-tez başlanacaq. Kiçik müdir, böyük təqsirlərinə cavab verməli olacaq...

 

1981-ci il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com