www.aliildirimoglu.az

FELYETONLAR

BUTULKA KAZIM

Butulka ayamasıdır, Kazım adı. Odur ki, hamı ona belə deyir:

- Butulka Kazım.

Ancaq burada bir balaca uyğunsuzluq vardır. Belə ki, dünyaya gəldiyi qırxıncı gün onun adı qoyuldu: Kazım! Amma qırx il keçəndən sonra, yəni butulka azarkeşi olandan bəri ayama qazanıb: "Butulka". Yəni demək istəyirik ki, adı ayamasından qabaqdır. Özü də qırxca il. Buna baxmayaraq ayaması adından qabağa düşüb:

- Butulka Kazım.

Odur ki, biz də olduğu kimi deyirik:

- Butulka Kazım.

Başqa cür yaza da bilmərik. Məsələn, götürüb yazsaq ki; Xiyar Kazım, Badımcan Kazım, Motor Kazım və yaxud, Domkrat Kazım, onda oxucular çaşbaş qalardı. Çünki onu hamı belə tanıyır:

- Butulka Kazım.

Əgər tarixi faktı əsas götürüb, Kazım sözünün qulağından yapışıb butulkadan qabağa keçirsək, onda da olacaq: Kazım Butulka.

Bu da düz çıxmır. Onda özümüzü dağa-daşa sal­mayaq. Atalar demişkən, palaza bürün, elnən sürün. El arasında necə deyirlərsə, biz də heylə yazaq: Butulka Kazım.

Bəli, Butulka Kazım idarəyə gələn kimi telefonun dəstəyini götürüb yerə qoydu ki, zəng vuran olmasın. İşçilərinə də tapşırdı ki, onu soruşan olsa, desinlər ki, burada yoxdur. Vacib iş üçün rayona gedib. Butulka Ka­zım qapını bağlayıb sakit olduqdan sonra, dəmir kas­sasını açdı, gizli saxladığı köhnə qovluğu çıxarıb qoydu qabağına və gəlirini, çıxarını, alacağını, verəcəyini hesablamağa başladı:

- İnişilki təftişindən on altı min manat, bildirki təftişindən iyirmi min manat...

Butulka Kazım çənəsini iki ovcunun arasına alıb, mənimsədiyi otuz altı min manat haqqında fikirləşməyə başladı. Bu zaman dəmiryol vağzalına çatmaqda olan parovozun fısıltısı Kazımı fikrindən ayırdı. Bir neçə dəqiqədən sonra butulka vaqonlarının gəldiyini xəbər verdilər. Butulka Kazım sayğacın dənələrini şaqqıltı ilə geri itələyib, cəld ayağa qalxdı və:

- Vaqonları boşaltmaq lazımdır! - deyə amiranə göstəriş verdi.

Boş butulkalarla dolu olan taxta yeşiklər dərhal vaqonlardan daşınıb anbarlara yığıldı. Butulka Kazım gözünün ucu ilə boş butulkalara dolu bir nəzər salıb irişdi:

- A butulkalar, sizi yeyəcəyəm! Bir də ki, nə tutul­maqbazlıqdır. Bir vaxt rayon prokurorluğu məni məsuliyyətə cəlb etmişdi. Hətta haqqımda qərar yazıb, cinayətkar kimi vəzifəmdən azad etmək fikrinə də düşmüşdü. Məni çox get-gələ saldı... Axırda prokurorluq əlimə kağız verdi ki, Butulka Kazım aydan arı, sudan durudur. Qayıtdım özcə yerimə. Bunların hamısı ötüşər. Bu şərtlə ki, qazancım çox; cibim dolu olsun...

Butulka Kazım çox götür-qoy etdikdən sonra daxili qərarını qəbul etdi. Tük basmış ətli sinəsini köhnə stola söykəyib, belə bir akt yazdı:

"Biz, aşağıda imza edənlər, yəni mədən suları zavodunun baza müdiri Kazım Kalanov, bazanın işçilərindən Qaraş və Qaçay Qardaşxanovlar həmin aktı tərtib etdik ona görə ki, keçən həftənin şənbə günündə "Krasnoye exo" zavodundan göndərilmiş on beş vaqon boş butulkanı qəbul edəndə məlum oldu ki, beş yüz min butulkadan yüz əlli mini sınıqdır. Həmin sınıqlar 00-01 nömrəli avtomaşınla daşınıb, kənar bir yerə töküldü...".

Bəli, tərtib edilmiş sənədlər mədən suyu zavodunun mühasibliyinə təqdim olundu. "Sınıq" çıxan yüz əlli min butulka Kazım Kalanovun hesabından silindi. Həmin boş butulkalar əyri-üyrü, dolayı yollarla müxtəlif ticarət təşkilatlarına verildi. Boş butulkalar həmin təşkilatlara axdıqca, onların gəliri dövr edib gəlib doldu Butulka Kazımın ciblərinə. Müəyyən faizi də boş butulkanı xırıd eliyənlərə çatdı. Əlbəttə, "əl əli yuyar, əl də üzü" deyiblər.

Bu əhvalatdan bir neçə gün keçəndən sonra bazaya komissiya gəldi. Sayğaclar işə düşdü. Zavodun baş mühəndisi Şəkəralının sədrliyi ilə üç gün, üç gecə yoxlama getdi. Şəkəralı acı dilini işə salıb nəticə aktında göstərdi ki, ötən həftənin şənbə günündə "Krasnoye exo" zavodundan göndərilmiş on beş vaqon butulkanın birinin də burnu siyrilməmişdir... Yüz əlli min butulkanın sındığına dair yazılan akt tamamilə saxtadır.

Bu aktı yeddi nəfər komissiya üzvü, o cümlədən Butulka Kazımın özcüyəzi dəst-xəti ilə imza etdi.

Ertəsi günü Butulka Kazımı mədən suyu zavoduna çağırdılar. Zavodun direktoru Peysər Harınov Butulka Kazımı komissiya üzvləri ilə birlikdə qəbul etdi. O, təftiş sənədlərini bir-bir vərəqləyib nəzərdən keçir­dikdən sonra ağzını açıb gözünü yumub, Butulka Kazıma dişinin dibindən qopanı deyib onu yamanladı. Harınov əsəbi halda yumruğunu stola vurub qışqırdı:

- Səni elə tutduraram ki, işıqlı dünyanın üzünə həsrət qalarsan! Ya-ra-maz! Əli-əyri! Ta-mah-kar! Vic-dan-sız! E-ti-bar-sız! Şə-rəf-siz!..

Harınov telefonun dəstəyini götürdü ki, prokurora zəng etsin. Lakin... prokurorluqdan cavab verən olmadı. "İş prokurorluğa verilsin", - deyəndə Butulka Kazım tülkünün qarğanı uca bir qayadan suya tullaması əhvalatını xatırlayıb ağlamsındı. Ancaq o, daxilən gülürdü. Direktorun hirsi soyuduqdan sonra komissiya üzvləri ilə belə bir qərara gəldi ki, Butulka Kazım vəzifəsindən azad edilsin və işi prokurorluğa verilsin. Komissiya üzvləri də razı olub, direktorun otağından çıxdılar.

Otaqda direktorla baza müdiri qaldı. Peysər Harınov əlini əlinə vurub bərkdən güldü və üzünü Butulka Kazıma tutub soruşdu:

- Mən ölüm, qorxmadın ki?

- Sən öləsən yox, bilirəm ki, üzdə mənimlə elə rəftar etməsən, həriflər şübhələnərlər.

- Afərin, lap arif adamsan! Qoy bilməsinlər ki, biz əlbirik, - deyib, Peysər Harınov stolun yeşiyindən respublikanın baş idarələrindən gəlmiş məktubu çıxartdı. Məktubda deyilirdi ki, sizin zavodun bazası əliəyri adamlara tapşırılmışdır. Təklif edirik ki, bu barədə təcili və qəti tədbir görəsiz...

Peysər Harınov məktubu oxuduqdan sonra, Butulka Kazımın kürəyinə vurub, ona ürək-dirək verdi:

- Belə şeylərə bənd olma! Nə qədər ki, mən mənəm, sən də sənsən, Butulka Kazım!

 1960-cı il

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com