www.aliildirimoglu.az

FELYETONLAR

ÖKÜZ KABABI

Milis işçilərindən Baloğlan Qəniyevlə Orucqulu Qorxmazov aldıqları operativ tapşırıqları icra edib, kefi duru, damağı çağ geri qayıdanda gecə yarıdan keçmişdi. Rayon mərkəzinə çatar-çatmaz onlar yoldan xeyli aralı bir qaraltı gördülər. Milis işçilərini şübhə götürdü. Onlar bir-birlərinə qısılaraq həmin səmtə tərəf bir neçə addım irəliləyib dayandılar. Cib fənərlərinin güclü işığı qaraltıya doğru süzüldü. Nə göründü? Üzərində "Səyyar məişət xidməti" sözləri yazılmış avtomaşın. Milis serjantı Baloğlan Qəniyev ciddi görkəm alıb Orucquluya əmrlə:

- Maşını dəqiq yoxla! - dedi və nəticəsini...

Orucqulu Qorxmazov palçığa batmış uzunboğaz çəkmələrini cütləyib, onun qarşısında şax dayandı və rəsmi qaydada təzim etdi:

- Oldu, yoldaş serjant!

Orucqulu ehtiyatlı addımlarla avtomaşına yanaşdı. Kabinə boş, sükan sahibsiz idi. O, yan tərəfə keçib kiçik pəncərədən içəri boylandı və nə gördüsə, hövlnak geri qayıtdı. Qorxmazov Baloğlan Qəniyevin hüzurunda rəsmi qaydada təzim edib məlumat verdi:

- Yoldaş serjant! Maşında adam yoxdur! La...kin!..

Qorxmazov sözünün dalını gətirə bilmədi və boğazında tikə qalıbmış kimi çeçəyib öskürdü. Sonra özünü ələ alıb:

- Bəli, bəli! - dedi, - maşında adam yox, qaramal buynuzları və öküz qulaqları müşahidə olunur!

Qəniyevə elə gəldi ki, milis nəfərini gecənin qa­ran­lığında qara basdığından o sayıqlayır. Buna görə də pıqqıldayıb gülmək istədi. Ancaq Oruc­qu­lu­nun cə­sa­rətinə yaxşı bələd olduğundan özünü sax­layıb, təmkinini pozmadı. Avtomaşını birlikdə nə­zərdən keçirməli ol­dular. Orucqulu pıçıltı ilə Baloğlana dedi:

- Mən öz gözlərimə inana bilmirəm. Məişət xidməti maşınında da qaramal olar?! Yəqin, üzünü-başını tük basmış müştərilərdir. Növbə çatmadığı üçün yatıb qalıblar maşında.

- Yaxşı, tutaq ki, o tüklü görünən müştərilərin üz-başıdır. Bəs buynuzlara sözün nə?

Bəli, buynuz məsələsi onları çaş saldı.

Milis işçiləri maşının yaxınlığında dayanıb çox götür-qoy etdikdən sonra gizli söhbətdən, xəfif pıçıl­daşmalardan açıq əməliyyata keçdilər. Əvvəlcə maşının siqnalını basdılar, dillənən olmadı. Yumruqlarını düyün­ləyib səyyar məişət xidməti maşınının kabinəsini döyəc­lədilər, səs-səmir gəlmədi. Arxa tərəfə keçib qapını açanda müştəri yox, bir öküz fınxırıb başını uzatdı.

Əməliyyatçılar xoflanıb bir addım geri çəkildilər. Sonra silahlarını çıxarıb, atəşə hazır vəziyyətdə ehmal addımlarla irəliləməyə başladılar...

Bəli, üç baş öküz və küncə qısılmış üç bığıburma oğlan. Avtomaşın rayon milis şöbəsinə gətirildi. Baş müstəntiq Muradəliyev şübhəli şəxsləri bir-bir dindirməyə başladı.

Xuduş Xudiyev:

- Çiçəkli rayon məişət xidməti kombinatının şoferiyəm. Səyyar məişət xidməti maşınını idarə edirəm. Hələ maşınım bir dəfə də olsun qəzaya uğramayıb.

Nayıb Nadanov:

- Dəlləyəm. Mənim ülgücümü heç kəs işlədə bilməz. Qırxdığım üzə bir ay tük gəlmir.

Məhyəddin Məmişov:

- Çəkməçiyəm, ayaqqabı təmir edirəm. Vurduğum yamaq hələ qopmayıb.

Sual:

- Bəs gecənin bu vaxtı, Tərtərçayın kimsəsiz sahilində nə gəzirsiniz?

- Yuxarı kəndlərdə havalar quraq keçdiyindən çox adamın üzü, başı tüklənmir. Çəkmə təmirinə də ehtiyac yoxdur. Odur ki, özümüzü Qarabağa verib, kəndbəkənd müştəri axtarırıq.

- Bəs bu öküzlər burada nə gəzir?

- Öküzlər də yol azuqəmizdir. Bizim kənddə toyuq, cücə qəhət olub, qoyun-quzu da qışlaqlardadır. Odur ki, əlacsız qalıb kabab üçün hərəmiz bir baş öküz götür­müşük. Öküz kababı da ki, bilirsiniz də, məcundur. Hələ onun soyutmasını demirik, Qatıq-sarımsaqla yeyəndə doymaq olmur.

Verilən cavablar inandırıcı olmadığı üçün, müstəntiq təəccüb və təəssüf mənasında başını buladı. O, məsələni dəqiqləşdirmək üçün bu barədə Çiçəkli rayonuna sorğu verdi.

Çiçəkli rayon milis şöbəsinin rəisi izah etdi ki, düzdür, Xuduş Xudiyev həmin səyyar məişət xidməti maşınının şoferidir, amma məişət xidməti kom­bi­natında Nayıb Nadanov adlı dəllək, Məhyəddin Məmişov adlı çəkməçi yoxdur. Bu adda, familiyada adamlar heç bir ictimai-faydalı əməklə məşğul olmurlar və mal-qara oğrusu kimi Kürdüstanda, Qarabağda ad çıxarıblar. Həmin öküzlər də qonşu rayondan oğurlanmışdır.

Kombinatın direktoru Baxış Bəhmənlinin isə bu barədə fikri həm qəribə, həm də gülməlidir. Direktor deyir ki, biz dağ rayonunda yaşayırıq və kəndimizdə məişət xidmətinə o qədər də ehtiyac yoxdur. Buna görə də maşını aldığımız gündən içərisindəki dəllək, çəkmə təmiri avadanlığını söküb yığmışıq anbara. Kombinatın mühasibi də müdirinə haqq verib sənəd təqdim edir ki, həmin maşınla hər il yüz tonlarla daş, sement, qənd, un, şifer, gübrə daşınır. Baxış Bəhmənli də mühasibin sözünü təsdiq edib deyir:

- Xidmət xidmətdir, istər məişət xidməti olsun, istərsə də nəqliyyat xidməti, ticarət xidməti, nə fərqi Məhyəddin Məmişov yanıma gəlib xahiş etdi ki, mənə bir günlüyə maşın ver, lazımi iş üçün Bərdəyə getməliyəm. İstəyənin bir üzü qara, verməyənin iki üzü. Mən də üzüağlıq edib, ondan otuz manat yol kirayəsi alıb mədaxil etdirdim kassaya. Maşını da verdim Məhyəd­dinin ixtiyarına. Məgər pis iş görmüşəm? Xeyr, əslinə baxsan biz bir güllə ilə iki dovşan vurmuşuq. Əvvəla, idarəmiz otuz manat qazanıb, ikinci də Məhyəddin Məmişovla Naib Nardanova xidmət göstərib, yaxşılıq etmişik.

Burada Molla Nəsrəddinin bir lətifəsi yada düşür:

"Bir gün Teymurləng Molladan soruşur:

- Molla, "üzr bədtər əz günah" nə deməkdir:

Molla cavab verir:

- Qibleyi-aləm sağ olsun. Bu fars sözüdür. Mənası budur ki, üzrü günahından pis.

Teymur deyir:

- Başa düşmürəm, necə yəni, üzrü günahından pis?

Molla deyir:

- Yəni adam bir pis iş görür, sonra üzr istəyir. Ancaq elə üzr istəyir ki, gördüyü işdən də pis olur.

Teymur yenə də başa düşmür. Molla nə qədər əlləşirsə, Teymuru başa sala bilmir. Axırda Teymur hirslənib deyir:

- A kişi, sən nə yaman axmaq adam imişsən. Bir söz nədir ki, sən onu mənə başa sala bilmirsən. Bax, sənə yüzü sayınca möhlət verirəm. Başa saldın, saldın, salmadın, boynunu vurduracağam.

Molla heç bir söz deməyib Teymura yaxınlaşır, onun böyründən möhkəm bir çimdik götürür. Teymurun bağırtısı göyə qalxır. Hirslə acıqlanır:

- Dəli olmamısan ki? Nə qayırırsan?

Molla baş əyib deyir:

- Üzr istəyirəm, qibleyi-aləm sağ olsun, elə bildim ki, evimizdəyəm, sən də bizim arvadsan.

Teymur qışqırır ki, nə danışırsan?

Molla deyir:

- Hirslənmə, qibleyi-aləm, "üzr bədtər əz günah" bax, budur".

Kombinat direktorunun etdiyi "xidmət" də Molla Nəs­rəddinin üzr istəməsinə bənzəyir. Ancaq Baxış Bəhmənlini də qınamaq olmaz. Çünki o, vəzifəsini ancaq belə başa düşür. Ona görə də əhaliyə məişət xidməti ilə oğrulara nəqliyyat xidmətinin arasında fərq görmür. Onda sual olunur:

- Baxış Bəhmənli kimilərinə belə incə məsələləri başa salmaq lazımdırmı?

- Bəli, lazımdır, həm də bu çox vacibdir. Özü də tək onu yox, öküz ətindən kabab yemək iştahasında olanları da...

 

 1967-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com