www.aliildirimoglu.az

FELYETONLAR

BÜNÖVRƏSİ ƏYRİ...

Kənd təsərrüfatı texnikumunun müəllimi Müs­təcəb Novruzlunun dərs dediyi tələ­bə­lər arasında ən çox öz həmkəndlisi Namiq Na­ğızadəyə ərki çatırdı. Müəllim hərdən məktəbin həyə­tində var-gəl etdikcə Namiqin yanında ayaq sax­la­yır, əlini onun çiyninə qoyaraq istehza ilə deyirdi:

- Diribaş oğlansan, xoşum gəlir səndən, oxumağına da söz yoxdur. Təəssüf ki, gözüaçıq deyilsən, uzağı görmürsən.

Namiq isə müəlliminin nə demək istədiyini başa düş­mürdü. O, qızarıb başını aşağı dikir və pərtliyini bü­ruzə vermirdi. Fikirləşirdi ki, müəllimi yəqin onun barəsində xoşa gəlməyən bir söz-söhbət eşidib. Elə ona görə də Namiqə belə tənə vurur.

Bir dəfə müəllim tələbəsini evinə çağıranda, ona əyləşmək üçün yer göstərməmişdən eyni sözləri yenə də təkrar etdi... Namiq müti halda boynunu yana əyib, xəcalətindən əllərini ovuşdura-ovuşdura:

- Müəllim, - dedi, - düzdür, hərdən sizin dərsinizdə mürgü vururam. Ona görə mənə, gözü açıq deyilsən, deyirsiniz. Bu barədə qarşınızda təqsirkaram və sizdən dönə-dönə üzr istəyirəm. Dədəmin madar canı üçün, bundan sonra dərsinizdə heç gözümü də qırpmaram. Am­ma uzağı görməyimə nahaq yerə şəkk-şübhə edir­siniz. Tay-tuşlarım binoklu Cıdır düzündən dərənin o tayına tuşlayanda heç qara qarğa ilə göyərçini bir-birindən ayırd edə bilmirlər. Mən isə o uzaqlıqdakı sarıköynək bülbülləri boz torağaylardan binoklsuz seçi­rəm. Məni bu barədə az danlayın.

Müstəcəb müəllim təəssüflə başını bulayıb, tələ­bəsinin bu cür sadəlövh cavabına qəşş etdi və kinayə ilə soruşdu:

- Doğrudan gözüaçıq, uzaqgörənsən?

Namiq dillənmədi. Müstəcəb əlavə etdi:

- Rayonumuzdakı əhvalatlardan xəbərin var?!

Namiqin gözləri parladı və sevinclə:

- Bəli, müəllim! - dedi. - Son vaxtlar rayonumuzda ti­kin­ti-abadlıq, təsərrüfat işləri lap göylə gedir. Mədə­niyyət evi, mehmanxana, kolxoz bazarı... halal olsun...

Müstəcəb müəllimin qanı qaraldı. O, əlindəki qələmi qəzəblə stolun üstünə çırpıb ayağa qalxdı və şagirdinə tərs-tərs baxıb:

- Mumla! Mumla! - dedi. - Mənim dərs dediyim tələbəyə bax! Saqqal tərpədib, söz danışdı. Sən nəinki uzağı, heç burnunun qabağını da görmürsən! Öyrətdiyim bilik, verdiyim öyüd-nəsihətlər gözündən gəlsin! Heyf mənim zəhmətimə! Çox heyf!

Şagird müəlliminin qırımını görüb özünü itirdi. Müstəcəb bir papiros tüstülədib, hirsini soyutduqdan sonra onunla qabaq-qənşər əyləşdi. Müəllim gördü ki, şagirdini sarı simdə qandıra bilmir, başladı ona "açıq dərs" keçməyə.

Əlbəttə, dərsdənkənar vaxtlarda müəllimlərin şa­girdlər üçün məşğələ təyin etməsi və onların təlim-tərbiyəsi ilə əlavə məşğul olması yaxşı haldır. Ancaq Müstəcəb müəllim tələbəsinin ixtisasına uyğun olaraq, ona zoobaytar elminin incəliklərini yox, anonim məktublarla adamlara qara yaxmağın, ev yıxmağın, qisas almağın yol-yolağasını öyrədirdi. Xaçmazda, Qubada, Abşeronda, Ağdamda, Astarada bəzi adamların anonim yazmaqla necə "ad" qazandıqlarından misallar gətirirdi.

Namiq başını qaldırıb Müstəcəbin üzünə ikrah hissi ilə baxıb, titrək bir səslə dedi:

- Müəllim, axı bunlar nəyə gərəkdir?!

Müstəcəb hirsləndi:

- Ə, mərifətin olsun! Mən bunları öz xeyrimiz üçün deyirəm!

Namiq məktəblinin ədəb qaydalarını əzbər bilir. Bilir ki, şagirdin müəllimin üzünə ağ olması ədəb-ərkana sığ­mır. Odur ki, daha dillənmədi, susdu. Müstəcəb müəl­lim bu dəfə tələbəsi ilə açıq-saçıq danışmağa başladı:

- Bu gün-sabah məktəbi bitirib diplom alacaqsan. Sənə yağlı-karlı bir vəzifə lazımdır, ya yox?! Niyə başa düşmürsən? Bilirsən ki, mənim də qan təzyiqim var, yük­sək dağ havasını götürmürəm. Həkimlərin məs­ləhətinə görə öz doğma aran yerimizdə yaşasam canım sağlam, ömrüm uzun olar. Dağlıq Qarabağın havası da ki... De görüm bu fani dünyada biz də ağıllı-başlı bir gün görüb, kef çəkməliyik, ya yox?!

Namiq nə "hə" dedi, nə də "yox". O, lal-dinməz mü­əl­liminə qulaq asırdı. Müstəcəb Novruzlu tələbəsinə izah etdi ki, bəri başdan bala-bala yazıb özümüzə yol açmalıyıq. Kəndimizdəki kolxozun başçılarını əvvəl-əvvəl necə ki lazımdır, silkələyib laxlatmalıyıq. Sonra da kökündən birdəfəlik aşırmalıyıq. Bil-din?!

Şagird "bildim" demək mənasında sakitcə başını tərpətdi.

Müəllim əlavə etdi:

- Mən olaram sədr, səni də qoyaram ya müavin, ya da ki, baş zootexnik. Necədir, ürəyinə yatırmı, eloğlu?!

Tələbə sevinib vəcdlə özünü işarə edərək:

- Xoşdur bu Namiq üçün, müəllim! - dedi.

Müəllim tələbəsi ilə baş-başa verib, dönə-dönə ona izah edib dedi:

- Əvvəla, atalar demişkən, ehtiyat igidin yaraşığıdır. Odur ki, nə dil bilsin, nə də dodaq. Çünki indi anonim məktub yazanlara, ara qarışdırıb baş qatanlara, böh­tançılara qarşı ciddi cəza tədbirləri görürlər. Elə tərpən ki, ilişməyək. Saqqal dalınca getdiyimiz yerdə, bığı da əldən verərik! Məktublara mütləq imza qoymalıyıq. Çünki imzasız məktublara o qədər də əhəmiyyət veril­mir. Ancaq necə imza?! Birinci məktubun altından iki nəfər hörmətli müəllimin adını yazırsan. Bilirsən də, xalq müəllimlərinin nə qədər hörməti var. Onların ərizə və şikayətlərinə hər yerdə diqqətlə yanaşırlar. Kənd Soveti deputatlarının, əliqabarlı kolxozçuların, köhnə kom­munistlərin, əmək və müharibə veteranlarının imzası ilə yazılan məktublar lap daşdan keçir. Bil-din?!

- Bəli, müəllim, bil-dim! Ancaq bircə şey qaranlıq qaldı. Axı kəndimizdəki kolxozun başçısı Lətif müəllim vaxtilə hər ikimizə dərs deyib. O həm də cəmi bir neçə aydır ki, sədr işləyir. Adamın üzü gəlmir...

Müstəcəb Novruzlu hövsələdən çıxdı və tələbəsini qınayaraq məzəmmət etdi:

- Bu müəllim-tələbə humanizmini, köhnəlmiş ədəb-ərkanı, xətiri, hörməti qatla qoy qoca nənən toxuyan qəzil palazın altına. İndi "papaq altında kişilər" var ki, pul, vəzifə, şan-şöhrət üçün yaxın dostunu, istəkli qohu­munu, doğma qardaşını güdaza verir. Bayaqdan bəri sənə bir kitablıq söz demişəm, yenə də əvvam-əvvam baş­lamısan ki, Lətif bizə dərs deyib, müəllimimiz olub... Ay-hay! - deyə lağ-loğazla əlini yellətdi.

Şagird müəllimi ilə razılaşdı. Müəllim məmnun hal­da soruşdu:

- Namiq!

- Bəli, müəllim.

- Mən sədr, sən də ki, zootexnik! Taxılın, pambığın gəlir-çıxarı öz əlimizdə olacaq. Ayda əllicə erkək sat­dırsaq, başımızdan girib ayağımızdan çıxar. Qırxı mə­nim, onu sənin.

Namiq mısmırığını salladı. Müstəcəb hiss etdi ki, bu bölgü "baş zootexniki" açmadı. Hırıldayıb əlini onun çiy­ninə qoydu:

- Ə, səni sınayırdım, - dedi, - mən dostluqda düz ada­mam. İkicə erkəyə "qurd yedi" aktı yazsan, biri sənindir, biri də mənim. Əlimizə düşəni qardaş malı kimi bölməliyik.

Namiqin kefi duruldu...

Bəli, bu minvalla vilayət mərkəzindəki texnikumdan respublikanın müxtəlif təşkilatlarına ardı-arası kəsil­mədən anonim məktublar qanad açdı. Ancaq birbaşa yox. Məktublar Müstəcəb Novruzlunun evində qələmə alınır, Qarabağda zərfə qoyulur, Şirvanda ünvanı yazılır, Mildə poçt qutusuna salınırdı. Çoxusu da eyni məz­munda: "Arazqırağı rayonundakı "Günəşli" kolxozunda tamamilə başlı-başınalıqdır. İctimai əmlak talan olur. Lətif Səfərli uzun müddət məktəb direktoru işləyib. Küllü miqdarda rüşvət verib sədr seçilib. Evində tapança saxlayır. Qohumlarını başına yığıb dostbazlıq edir. Fer­ma müdiri ilə əlbir-dilbir olub, min başdan artıq erkəyi satdırıb. Pulunu da özcə cibinə qoyub. Altı qadına sa­taşıb. Maşın alverçisidir və s.".

Alçalı kəndinə varid olan yoxlama komissiyaları ardı-arası kəsilmədən bir-birini əvəz edirdi. Təsərrüfat baş­çıları vəlvələyə düşmüşdülər. Sahələrdə traktorlar dayan­dırılır, mexanizatorlar sorğu-suala çəkilirdi. Bri­qa­dirlərdən izahatlar alınırdı. Ferma işçiləri yazılanlara cavab vermək üçün bir-bir komissiya üzvlərinin hüzu­runa dəvət olunurdular... Anonim məktubun altında im­zaları olan kəndin abırlı, hörmətli, sayılan adamları xəcalətlərindən başlarını aşağı dikir və and-aman edirdilər ki, bu işdən xəbərimiz yoxdur! Mərdimazara lə­nət! El içində bizi rüsvay eləyirlər!..

Müstəcəb Novruzlu yumşaq divanda arxası üstə uzanıb ləzzət alırdı. O, şirin xəyala dalmışdı. Arzusuna ça­tıb sədr olacağı xoş anları təsəvvür edirdi. O düşünürdü: Lətifi sədrlikdən götürürlər. Bəs sədr kim olsun. Daşımız da var, divarımız da. Müstəcəb Novruzlu kən­dimizdə doğulub boya-başa çatıb, ali təhsilli mütə­xəssisdir. Onun vilayət mərkəzində nə işi var?! Müəl­limlik etdiyi bəsdir, qayıtsın el-obasına. Kolxozumuza sahib dursun... Hamı əl çalır. Bu təklif kolxozçuların ürəyindən olur. Müstəcəbin arxasınca Alçalı kəndindən vilayət mərkəzinə minnətçilər gəlir. Müstəcəb əvvəlcə özünü naza qoyub: "Bu cür saf ab-havası olan kurort şəhərini tərk edib tozlu-torpaqlı kəndə gedə bilmərəm, - deyir. - Mənim üçün bura sərfəlidir". Minnətçilər: "Əlimizi ətəyindən üzmə", - deyib ona yalvarıb-yaxa­rırlar. Müstəcəb müəllim birtəhər yumşalıb yola gəlir. Təntənə ilə onu "Günəşli" kolxozuna sədr seçirlər. Hamı onu təbrik edir. Qarşısında baş əyirlər. İdarənin möhürünü, ştampını təhvil alır. Seyfin açarını cibinə qoyur. Təmkinlə stolun arxasına keçir. Təzə kabinetə yax­şı-yaxşı göz gəzdirir. Şəhadət barmağını elektrik düyməsinə toxundurur. Gözləmə otağındakı zəngin cingiltisi eşidilir. Katibə tez içəri daxil olur. Müstəcəb başı­nı yuxarı qaldırmadan özünəməxsus əda ilə: "Şofer təcili maşını hazırlasın! Sahələrə çıxmalıyam, fermalara baş çəkməliyəm", - deyir...

"Təzə sədr" öz fikir dünyasında "Volqa"nın qapısını şəstlə açıb əyləşmək istədiyi məqamda, telefonun səsi onu səksəndirib daldığı şirin xəyaldan ayırdı. Müstəcəb divandan hövlnak qalxıb dəstəyi qulağına sıxdı:

- Eşidirəm.

- Müstəcəb müəllim, Arazqırağı rayonundan gəl­mişik, Alçalı kəndindən. Əziyyət olmasa, həyətə çı­xın, bir işimiz...

- Baş üstə!

Müstəcəb Novruzlu sevincək dəstəyi yerinə qoydu. Tez-tələsik təzə kostyumunu geyib, qalstukunu bağladı. Dodaqaltı zümzümə edə-edə aynanın qabağında dayanıb görkəmini diqqətlə nəzərdən keçirdi. Evdəkilərlə xudahafizləşmədən yeyin addımlarla həyətə endi.

...Əyləşdiyi maşın vilayət mərkəzindən çıxıb dağın dolaylarında şütüyəndə Müstəcəb yanındakıların qırı­mından və onların bəzi müəmmalı söz-söhbətlərindən ayılıb başa düşdü ki, məsələ özgə təhərdi. Rəsmi dai­rə­lərdə tələbəsini sorğu-suala tutanda Namiq müəllimin verdiyi "dərsi" əzbər danışıb. Hiss etdi ki, onu sədr stolu yox, prokuror sorğu-sualı, müttəhim kürsüsü gözləyir...

Alnında puçurlanan soyuq təri silmək istəyəndə şairin sözləri qulaqlarında səsləndi:

 

Bünövrəsi əyri qoyulan evin,

Bir gün dörd divarı uçacaq, yəqin!

 

1984-cü il



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com