www.aliildirimoglu.az

FELYETONLAR

ARVADIN ŞÜBHƏSİ, ƏRİN HİYLƏSİ 

Zəlzələ hadisələrini öyrənən stansiyanın müdiri Gəniş Göyüşov çox düşündü, fikirləşdi və nəhayət ar­vadı Lətafət xanıma dedi:

- Eh, arvad, bu idarə deyil, bir quyruqdur düşüb əlimizə, yeyirik. Mən müdir, sən də ki, mənim müa­vi­nim. Amma qorxuram axırda baş laborant başımıza bəla olub, aşımıza su calaya. Gələn komissiyalar onun işin­dən yaman razılıq edir. Hamı deyir, alitəhsilli oğlandır, öz işini yaxşı bilir, gələcəyi var...

Arvadın qanı qaraldı, Göyüşovu məzəmmət etməyə başladı:

- Ay kişi, yüz kərə sənə demişəm ki, əl-ayaq elə, Arifi bu idarədən ək getsin. Baş idarədən gələnlərin başı batsın. Onlar yoxlama aktını çox pis yazıblar. Yazıblar ki, idarədə iş getmir. Çünki müdirin bu işə dair ixtisası yoxdur. Gəniş Göyüşov təsadüfən bu vəzifəyə düşüb. Mən şübhələnmişəm, əgər sən əlli tərpənib laborantı işdən çıxartmasan, bir gün gözünü açıb görəcəksən ki, onu oturdublar sənin stulunda, sən də qalmısan gözlərini döyə-döyə.

İnsafən, Gəniş Göyüşov arvadının bir sözünü iki edən adam deyil. Hətta, əyninə kostyum geyəndə də arvada gə­nəşir. İdarə işlərində arvadının dediyi qəti və qanunidir. Odur ki, müdir:

- Oldu, - deyib tez ayağa qalxdı və beş dəqiqədən sonra eynəyi gözünə taxıb belə bir əmr yazdı: "Əmr nömrə 99. Arif Yesirov baş laborant işlədiyi altı ay müddətində heç bir nailiyyət əldə edə bilməmişdir. O, əmək intizamı qaydalarını müntəzəm olaraq pozur. İşə vaxtlı-vaxtında gəlmir. Mənim əmr və göstərişlərimi yerinə yetirmir. O, tutduğu vəzifəyə yaramır. Məzuniy­yətə gedəndə vaxtında qayıtmır. Bütün bunları nəzərə alaraq, Arif Yesirovu vəzifəsindən azad edirəm. İmza: Zəlzələ hadisələrini öyrənən stansiyanın müdiri Gəniş Göyüşov".

Arif Yesirova əvvəl elə gəldi ki, müdir onunla zarafat edir. Buna görə o gülə-gülə:

- Gəniş müəllim, zarafatı boşlayın, - dedi.

Müdir qaşlarını çatıb ciddi bir görkəm aldı:

- Əvvəla, müdirlə laborantın zarafatı ola bilməz. İkincisi də, ə, mənim tayım-tuşumsan ki, səninlə zarafat edəm? - deyə Yesirova tərs nəzər saldı. - Mən on ildi bu idarədə külüng vururam, sən hələ dünən yumurtadan çıxmısan.

Arif Yesirov çox yalvardı. Gəniş Göyüşov az eşitdi. Arif Yesirov arvadın şübhəsini, ərin hiyləsini çoxdan başa düşmüşdü. Ancaq arxasız adam olduğundan üstünü vurmurdu. Bilirdi ki, vursa da bir şey çıxmayacaq. Odur ki, yalvarmağa başladı. Ancaq bir nəticə vermədi. Nə qədər and içdi, aman etdi ki, müdir olmaq arzusunda deyil, Gəniş Göyüşov inanmadı ki, inanmadı. Gəniş görkəminə ciddi bir ifadə verib təkidlə:

- Bu gündən sonra idarədə ya sən qalacaqsan, ya da mən, vəssalam! - dedi.

Qeylü qal uzandı. Müdirlə baş laborantın mübahisəsi gedib çıxdı yuxarılara. Rayon başçıları məsələdən hali olduqdan sonra dedilər:

- Arif Yesirovun barəsində haqsızlıq edilmişdir. O, öz yerinə qaytarılmalıdır.

Gəniş Göyüşov Yesirovun haqqında qanunsuz əmr verdiyini və ədalətsizlik etdiyini səmimiyyətlə boynuna aldı və onu yerinə qaytaracağına söz verdi.

Müdir evə qayıdıb məsələni arvada danışanda Lə­tafət yumruğunu havada silkələyərək:

- Mən raykom, ispolkom tanımıram. Bu evin ray­komu da mənəm, ispolkomu da. Əgər Yesirovu yerinə qaytarsan, burada ya sən, ya da mən, - deyib Göyüşovu yamanlamağa başladı.

Gəniş Göyüşov arvadın qırımını necə gördüsə, büzüşüb qınına girdi. Bu dəfə Zəlzələ hadisələrini öy­rənən baş idarəyə belə bir teleqram vurdu:

 "Arif Yesirov işi pozur, idarənin normal işləməsinə mane olur. Buna görə də mən onu baş laborant vəzi­fəsindən azad etmişəm. Lakin yerli təşkilatlar əl-ayağıma dolaşır və mənə mane olur. Təcili kömək etməyinizi xahiş edirəm".

Bir neçə gündən sonra, müdir vurduğu teleqrama belə cavab aldı: "Arif Yesirovun işdən çıxarılması üçün heç bir əsas yoxdur və o, təcili olaraq öz yerinə bərpa olunmalıdır".

Bu xəbər Göyüşovun ürəyindən olmadı. Müdir başqa cür fənd işlətdi. Fikirləşdi ki, eybi yoxdur, indi əmrlə cəzalandırıb onu əvvəlcə yenidən laxladaram, sonra çıxarmaq asan olar. Odur ki, müdir əmri dəyişdirib, Arifə şiddətli töhmət verdi və yanına çağırıb dedi:

- Buyurun, əmrin arxasına yazın ki, mənə verilən şiddətli töhmət tamamilə obyektivdir və mən ona layiqəm.

- Yoldaş müdir, axı bu cəza hansı təqsirimə görədir?!

- Hələ bir, işə qaytarıldığına sevinmirsən, sual da verirsən? Atalar demişkən, yetim dirildiyi bəs deyil, hələ bir miras davası da eləyir?

- Yaxşı, cəza vermək öz işinizdir. Ancaq mən bu cəzada həqiqət görmədiyimdən, bura imza da edə bilmərəm.

- Mən də səni cəzasız işə qaytara bilmərəm.

Xülasə, müdirlə laborantın ulduzları barışmadı ki, barışmadı...

Arvad isə əvvəlki sözünü yenə təkrar etdi:

- Arif çıxmasa, bu evdə ya sən, ya da mən.

Müdir əmri dəyişdirməli oldu: "Əmr nömrə 101. Arif Yesirov, onun haqqında verdiyim şiddətli töhmətə qol çəkməsə, işə gəlmədiyi haqda izahat verməsə, vəzifəsindən kənar ediləcəkdir. İmza: Gəniş Göyüşov".

Arif Yesirov müdirin yanına gedib çox yalvardı. Lakin müdir yumşalmadı ki, yumşalmadı. Yesirov dedi həmdən-həmə, Göyüşov dedi dəmdən-dəmə. Nəhayət, müdir dördüncü əmri yazmalı oldu. Yazdı ki, Arif Yesirov nə baş idarənin göstərişlərinə tabe olur, nə mənim əmrlərimə. Buna görə də Yesirov vəzifəsindən azad edilsin.

Müdir əlavə bir məktub da yazdı. Əmrin surətini çıxarıb, içinə qoydu və baş idarənin başçılarına göndərdi. Bu dəfə baş idarənin rəisindən belə bir cavab gəldi: "Qoy bu məsələyə yerli xalq məhkəməsində baxılsın, kimin haqlı və ya haqsız olduğu məhkəmədə həll edilsin".

Bəli, məsələ daha da qəlizləşdi. İş düşdü məhkəməyə. Xalq hakimi Ədalət Həqiqətzadənin sədr­liyi ilə məhkəmə iclasında işə baxıldı. Şahidlər din­dirildi, ifadələr alındı, sənədlər nəzərdən keçirildi. Pro­kuror çıxış edərək Yesirovun öz yerinə qaytarılmasını tələb etdi. Məhkəmədə Arif Yesirovun öz vəzifəsinə bərpa olunması, işsiz gəzdiyi günlərin əmək haqqının ödənilməsi barədə qərar qəbul olundu.

Müdir məhkəmənin qərarını eşitcək, möhürü çıxardıb hakimin qabağına qoydu və dedi:

- Möhtərəm hakimlər, iki qoçun başı bir qazanda qaynamaz. Bizim bir yerdə işləməyimiz tutmayacaqdır. Ya o, ya da ki, mən!

- Qətnamə qətidir. Etirazınız varsa, beş günün müddətində şikayət edə bilərsiniz, - deyə hakim cavab verdi.

Müdir məhkəmənin qərarından əvvəlcə arvada şika­yət verdi. Arvad dedi ki, bu xarabanın məhkəməsi də mə­nəm, prokuroru da. Başqa məhkəmə, prokuror tanı­mıram. Yesirov yerinə qayıtsa, bu evdə ya sən, ya da mən.

Gəniş Göyüşov arvadın qəzəbini görüb, qatara əyləşdi və Bakıya yollandı...

Bir neçə gündən sonra respublika Ali Məhkəməsinin kollegiyasında Gəniş Göyüşovun bürokrat və hiyləgər hərəkətlərinə bəraət qazandıran belə bir qərar qəbul olundu:

"Xalq məhkəməsinin həmin qətnaməsi ləğv edilsin və gələcək icrasına xitam verilsin. Gəniş Göyüşovun şikayəti təmin edilsin".

 Bəli, beləliklə, Yesirovun işi biryolluq bitdi... Atalarda məsəl var, deyirlər ki, nahaq iş ayaq tutar, ancaq yeriməz. Göyüşovun yalanı isə hələlik ayaq tutub elə yeriyir ki, arxasından güllə də sıxsan, onun yerişinə çatmaz... İndi oğul lazımdır, ayaq tutub yeriyən yalanın qıçını elə qırsın ki, o bir daha yerindən qımıldana bilməsin...

 

1958-ci il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com