www.aliildirimoglu.az

FELYETONLAR

FAKT VƏ MÖHÜRLÜ AKT

Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə mühən­dislərin adını bir balaca dürüstləşdirək. Məsələn, Cantaraq deyəndə, təbii olaraq, düşünə bilərlər ki, bu cantaraq oğlanın adı nədir? Əslində onun elə bir dolu bədəni, ağır çəkisi, boyu-buxunu, pəhləvan cüssəsi yoxdur. Bir dəridir, bir sümük. Burnunu tutsan, canı çıxar. Mühəndislik də ki, kişini lap üzüb. Bir sözlə, adı ilə görkəmi əsla uyğun gəlmir. Bir də ki, onun nə təqsiri, günah ad qoyandadır. Yəqin ona Cantaraq adı qoyublar ki, yekələndə bazburudlu, enli kürəkli, şir ürəkli bir oğlan olsun. Ancaq bu xoş niyyət baş tutmayıb. Adı Cantaraq olsa da, özü çəlimsizdir. Cantarağın canbir qəlb dostu Saqqal Savalana gəldikdə, izahata ehtiyacı yoxdur. Əsl adı Savalandır. Erkən yaşından özünə saqqal qoydurduğu üçün onu Saqqal Savalan çağırırlar.

Cantaraqla Saqqal Savalan xidmət etdikləri idarədə nə buyruq oldu, birlikdə yerinə yetirirlər. Bütün xeyir-şərləri, sirləri-sözləri də birdir. Necə deyərlər, taylı taylını tapmasa, günü ah-zarla keçər. Bu barədə onların bəxti gətirib. Xasiyyətləri bir-birinə tən gəlir. Harda da aşdır, Cantaraqla Saqqal Savalan orda başdır. Həmişə də bir yerdə yeyib-içirlər, bir oturub, bir dururlar. Xoşbəxtlikdən ixtisasları da eynidir, yəni hər ikisi tikinti mühəndisidir.

Onlar kabinetin qapısını açıb içəri daxil olanda, əvvəlcə Cantaraq dillənmək istədi. Lakin Saqqal Savalan ona mane olub, ətəyini bir balaca çəkdi. Hər ikisinin imzaladığı tikinti aktı fəxrlə müdirin qarşısına qoyuldu. Rayon İcraiyyə Komitəsi tikinti və memarlıq şöbəsinin müdiri Malçı Madaroviç akta gözucu nəzər salıb soruşdu:

- Əvvəlcə deyin görək, bu fərdi mənzil tikintilərində işlər necə gedir? Bunun üstündə yuxarılar bizi lap dəng eləyib! Gündə, günaşırı hərə bir cür məlumat istəyir.

Şöbənin mühəndisləri bir-birinə macal vermədən:

- Malçı Madaroviç, əla, əla! - dedilər. - Elə indi sizə təqdim etdiyimiz akt Qamışlı kəndində vətəndaş Fərə­məz Fərhadovun ev tikintisi barədədir. Hər ikimiz kənddə olmuşuq! Tikintini zərgər dəqiqliyi ilə yoxla­mışıq. Sonra da qabağımıza şotka qoyub görülən işin həcmini, keyfiyyətini, dəyərini dönə-dönə hesablamışıq. Vətəndaş Fərəməz Fərhadov əmanət bankından aldığı pulu qəpiyinədək tikintiyə xərcləyib. Binanın ikinci mərtəbəsi qurtarıb, üstü də örtülüb. Hamısını da aktda bircə-bircə göstərmişik...

Müdir mühəndislərin sözünü kəsib:

- Fərdi mənzil tikdirmək üçün bu vətəndaşa nə qədər uzunmüddətli borc pul ayrılıb?

Mühəndislərin hər ikisi bir ağızdan:

- Rayon İcraiyyə Komitəsi tərəfindən vətəndaşa iyirmi min manat uzunmüddətli borc pul ayrılıb. Vətəndaş Fərəməz Fərhadov həmin pulun yarısını alıb, inşaat işlərinə sərf eləyib. Bu barədə sübutalnı-dokumentalnı akt tərtib eləmişik, - deyib indicə müdirin qarşısına qoyduqları sənədə barmaqları ilə işarə etdilər. - İnşaatın kəm-kəsiri də qurtarıb. İşi tamam-kamal başa çatdırmaq üçün vətəndaş pulun ikinci yarısını da günü sabahdan ala bilər.

Malçı Madaroviç mühəndislərin məlumatından məmnun qaldı. Stolun üstündəki avtomat qələmi şəstlə götürüb, qarşısındakı tikinti aktını nəzərdən keçirməyə başladı və öz-özünə:

- Hımmm..., - mızıldandı. - Qapıları, pəncərələri salınıb...

Cantarağın çöhrəsi duruldu və qalın qaşlarını yuxarı dartaraq:

- Pəncərələri deyə bilmərəm, ancaq iki göz lazımdır ki, qapılara tamaşa eləsin. Dülgəri də Dərbənddəndir. Kişinin əlləri qızıldır. Qapıların qönçəsinə elə qədimi naxışlar vurub ki, gəl görəsən!

Saqqal Savalan etirazını bildirib, onun sözünə düzəliş verdi:

- Cantaraq! Əə, insafın olsun, heç pəncərələr də qapılardan geri qalmır. Geniş, işıqlı, çərçivələri o qədər səliqəli düzəldilib ki, elə bil heç üstündə əl gəzməyib, qeybdən yaranıb...

Söhbətin şirin yerində daxili telefon zəng çaldı. Müdir dəstəyi götürdü və dərhal:

- Eşidirəm, yoldaş Alimov! - deyib qeyri-iradi ayağa qalxdı. Danışan icraiyyə komitəsinin sədri Biləndər Alimov idi. Sədrin ilk sualı bu oldu:

- Malçı Madaroviç, bu fərdi mənzil tikintilərində vəziyyət necədir?!

- Əla! Əla! Yoldaş Alimov! Hər şey qaydasındadır!

Biləndər Alimovun danışığından hiss olunurdu ki, tikinti və memarlıqla məşğul olan şöbə müdirinin bu cür nikbin və inamlı cavabı ona ləzzət verir. Alimov vəcdlə sözünə davam etdi:

- Bilirsiniz də, indiyə qədər fərdi ev tikdirənlərə iki milyon manatdan artıq uzunmüddətli borc pul buraxmışıq. Bu pullar necə xərclənir? Fərdi tikintilərin gedişində nə kimi əngəllər var?..

Sədr fikrini tamamlamamış Malçı Madaroviç:

- Yoldaş Alimov, bu barədə yüz, bağışlayın, beş yüz faiz arxayın ola bilərsiniz, - dedi. - Şöbənin mühəndisləri də yanımdadır, bizim danışığımızı da eşidirlər. Evlərin layihəsini vaxtlı-vaxtında tərtib edirik! Tikintinin gedişinə gündəlik göz qoyuruq! Vətəndaşlar onlar üçün ayrılmış borc pulun birinci yarısının müqabilində inşaat işlərini görüb qurtaran kimi, dərhal yerindəcə yoxlama aparıb, vəsaitin ikinci yarısını...

Biləndər Alimov:

- Çox gözəl... Çox gözəl... - deyib əlavə etdi. - Afərin! Sizə beş!!! Fərdi mənzil tikintiləri ilə bax belə canı-dildən məşğul olmaq lazımdır! Xoşum gəldi sizdən!

Telefon danışığı qurtardı. Şöbə müdiri vətəndaş Fərəməz Fərhadovun tikdirdiyi fərdi evin sənədləri ilə əlaqədar söhbətinə davam etdi:

- Bəs təsərrüfat binaları? - soruşdu. - Məsələn, daxal, tövlə...

Cantaraq çəlimsiz bədənini irəli əyərək, arxayın gülümsündü:

- Malçı Madaroviç, - dedi, - bilirsiniz bu yardımçı binaların üstündə ev sahibi ilə nə qədər çənə-boğaz eləmişik. Müasir arxitektura baxımından bu cür binalar gərək elə yerbəyerində tikilsin ki, kənardan baxanda yaşayış binasının, həyət-bacanın gözəllik ansamblına xələl gətirməsin. Di gəl ki...

Telefon yenə cingildədi. Bu dəfə onu rayon partiya komitəsindən narahat edirdilər:

- Malçı Madaroviç!

Malçı Madaroviç telefonun dəstəyini qulağına bərk-bərk sıxaraq:

- Bəli! Bəli! Eşidirəm sizi!

- Bakıya təcili məlumat verməliyik! Fərdi ev tikintilərində vəziyyət...

- İşimizi-gücümüzü atıb elə həmin məsələ ilə məşğuluq. Lap əldən düşmüşük! Bayaqdan bəri Qamışlıda tikilən bir evin arxitekturasını müzakirə edirik. Əladır! Əla! Şəhər evlərindən geri qalmır. Qapısı, pəncərələri lap nağıllarda deyilən kimidir. Tikdirənə də, tikənlərə də halal olsun!..

- Sizə də halal olsun!! Fərdi ev tikintisinə ki, o cür yaxından fikir verirsiniz, əsl vətənpərvərsiniz! Millət fədaisi sizin kimi olar! Bunu rayon partiya komitəsinin adından deyirəm sizə.

- Borcumuzdur...

Fərdi evlərin tikintisi ilə əlaqədar rayon partiya komitəsinin nümayəndəsi ilə tikinti və memarlıq şöbəsinin müdiri arasındakı xoş söhbət də bitdi. Malçı Madaroviç dəstəyi yerinə qoymamış, yaşıl telefon zəng çaldı. Rayon Xalq Nəzarəti Komitəsinin sədri İgidov idi. Fərdi mənzil tikintisinin gedişi barədə məlumat istəyirdi. Malçı Madaroviç komitə sədrinin sorğu-sualına da ürəkaçan cavab verdi. Bəli, nəzarət komitəsi də fərdi mənzil tikintisi sahəsindəki şərəfli vəzifəsini bu cür canla-başla yerinə yetirdi.

Malçı Madaroviç yaşıl telefonun dəstəyini yerə qoymamış, qırmızı telefon haray-həşir saldı. Şöbə müdiri dəstəyi qaldırdı:

- Eşidirəm sizi!

- Danışan rayon qəzetinin redaktoru Nərkişiyevdir.

- Buyurun, yoldaş Nakişiyev!

- Qanacağın olsun! Mən Nakişiyev deyiləm, Nərkişiyevəm!

- Bağışlayın, yoldaş Nakişiyev. Bağışlayın siz Allah, yenə çaşdım, yoldaş Nərkişiyev. Vallah, bu telefonlara cavab verməkdən öz adım da yadımdan çıxıb.

- Qəzetimizin növbəti nömrəsində sənə göstərərəm! Onda ağlın gələr başına!

- Axı mən nə dedim ki, yoldaş Nakişiyev?!

- Nakişiyev özünsən, qanacaqsız!

- Bağışlayın, sizdən min kərə üzr istəyirəm, yoldaş Nakişiyev. Yox, yox, Nərkişiyev, Nərkişiyev!

- Nu, ladno! De görüm, fərdi mənzil tikintilərində vəziyyət necədir? - deyə redaktor soruşdu.

- Sizdən qabaq ispolkom, raykom, xalq nəzarəti zəng eləmişdi. Onlara sözümü demişəm. Maraqlanırsınızsa, sizə də məlumat verim. Ancaq yazılı lazımdır, yoxsa şifahi?!

- Elə telefonla. Baş məqalə üçün fakt lazımdır.

- Baş üstə, yoldaş Nakişiyev! Eh! Yenə çaşdım, yoldaş Nərkişiyev!

Malçı Madaroviç rayon qəzetinin redaktoru Nərkişiyevdən yaxasını birtəhər qurtarıb, dəstəyi yerinə qoydu. Nəfəsini dərməmiş telefon yenə cingildədi. Şöbə müdiri dəstəyi götürəndə necə çaşdısa, əzbərlədiyi sözü özündən asılı olmayaraq bir neçə dəfə təkrar etdi:

- Yoldaş Nakişiyev! İşlər əladır! Əla! Yüz faiz, bağışlayın, beş yüz faiz, arxayın!..

Ancaq bu dəfə zəng çalan rəsmi dairələrdən deyildi və ondan da məlumat-zad istəmirdilər. Danışan həmişə oturub-durduğu zarafatcıl dostlarından biri idi. O, ərkyana salam-kalamdan sonra:

- Elə indicə Sumqayıtdan gəlirəm, - dedi. - Şəhər İcraiyyə Komitəsinin gözü qabağında, günün-günortaçağı, mənzil-istismar sahəsinin rəisi pasportiska ilə əlbir-dilbir olub, nələr eləməyiblər?! Eşidəndə ayağımın altından yer qaçdı! Saxta yolla mənzil qeydiyyatına götürülən kim?! Qanunsuz ev alan kim?! Bu minvalla ağlı seyrək adamlardan səksən min manatdan çox pul çırpışdırıblar! Öz aralarında ata malı kimi bölüşdürüblər. Malçı Madaroviç, mənim əzizim, bunu deyirəm ki, ayıq-sayıq olasan. Son vaxtlar bu mənzil məsələlərinə yaman fikir verirlər!..

Malçı Madaroviç ötkəm görkəm alıb qürrələndi və dostuna:

- Ağlın Sumqayıta getməsin, - dedi. - Bura Xaçmazdı. Bir tərəfimiz meşə, bir tərəfimiz dəniz! Sirrimiz uzağa getmir. Təsəvvür elə ki, yaşayış məntəqələrimizin əksəriyyətində məişət xidməti obyekti, klub, kitabxana yoxdur. Bir kəsdən şikayət, umu-küsü eşitmisən?! Bir də, qardaş, mədəni-məişət obyektlərinin tikintisinə fikir verməməyimizə baxma, mənzil tikintisində işlərimiz göylə gedir.

Mühəndislər başlarının hərəkətləri ilə şöbə müdirinin sözlərini təsdiq etdilər. Malçı Madaroviç dəstəyi yerinə qoyub özündən razı halda əlindəki avtomat qələmlə qarşısındakı fərdi ev tikintilərinə dair sənədlərin altına öz dəsti-xətti ilə imza qoydu və üstündən də var gücü ilə möhür basdı:

- Xoşbəxt yaşasınlar! - dedi.

Ancaq yeni tikilən fərdi evlərin hələlik birinin də qapısı açılmayıb. Çünki fərdi ev tikdirmək adı ilə əmanət bankından alınan ətək-ətək uzunmüddətli borc pullar yüngül qazanc aşiqlərinin tamah səmasında qanad çalır. Yerə düşən qəpik-quruşdan Cantaraqla Saqqal Savalan ağıllı-başlı feyzyab olurlar. Malçı Madaroviçin də ki, payı öz yerində.

Qamışlı kəndinə güzar salıb, yuxarıda haqqında söhbət gedən təmtəraqlı, həyət-bacalı, yar-yaraşıqlı binaya baxmaq istəyənlər mat-məəttəl qalırlar. Çünki fərdi mənzilin bünövrəsi indi-indi qazılır.

Əlqərəz, fərdi mənzil tikintisi məsələləri dərindən qurdalansa, təkcə Xaçmazda və Sumqayıtda yox, Quba, Qusar, Dəvəçi, Mil, Muğan, Şirvan, Qarabağda da neçə-neçə bu cür ucu güləbətinli faktlar, möhürlü və möhürsüz aktlar üzə çıxar.

 

 1988-ci il

 

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com