www.aliildirimoglu.az

FELYETONLAR

İYİRMİ BİR CİB

Fəttah əvvəlcə tarix elminin dərinliklərinə baş vurdu. Ali məktəb diplomu alıb, kənddə müəl­limlik fəaliy­yətinə başladı. Ancaq bu peşə onu açmadı. Aldığı maaş heç araq-çaxırını görmürdü. Tamahı onu yolundan azdırıb dərə-təpəyə saldı. Fəttah başladı ondan-bundan borc adı ilə pul qopartmağa. Borç aldıqları adamların hamısına da eyni sözü deyirdi:

- Həftənin axırınacan möhlət ver. Gecikdirsəm, kişi deyiləm, biqeyrətəm.

Həftələr ötdü, aylar tamam oldu. Bir gün yuxudan qal­xan­da gördü ki, borc sahibləri əllərində dəhrə, yaba, xəncər-bı­çaq sübh tezdən kəsdiriblər qapısını. Fəttah fikirləşdi ki, bu xına o xınadan deyil. Borcluları onu xirtdəkləyib. O, tövlə tərəfdən özünü bağa salıb aradan çıxdı...

Çox keçmədi ki, dünən uşaqlara ədəb dərsi keçən Fəttah Fəndgirovu qulaqlayıb, əyləşdirdilər müttəhim kürsüsünə.

...Fəttah həbs cəzasını çəkib qurtarandan sonra yenidən doğulub boya-başa çatdığı Dovşanlıya qayıtdı. Saqqalını sinəsinə qədər uzatdı. Göy parçadan belinə qurşaq bağladı. Başına əmmamə qoydu. Ancaq ona seyid deyən olmadı. Çünki Dovşanlıda onu yaxşı tanıyırdılar, - övliyə yox, fırıldaqçı kimi. Odur ki, Fəttah özünü Ördəkli rayonuna verdi. Çox gəzib-dolaşdıqdan sonra burada Bəyim adlı bir qadını gözaltı elədi. Xəlvəti döngələrin birində Fəttah Bəyimin qabağını kəsdi. Bəyim onu rədd etmək istədi. Ancaq Fəttah Bəyimin qabağında müti bir görkəm alıb, yağlı dilini işə saldı. Haqq aşiqi kimi şeirlə söz açdı:

 

Dolandım dünyanı, gəzdim baş-başa,

Sənin kimi gözəl görmədim, haşa...

Qərq oldum dəryaya, düşdüm ataşa,

Od alıb əndamım yandı, sevgilim!

 

Bəyim şaşqın nəzərlərlə Fəttahı süzdü və öz-özünə: "Bu kişi dəli olub, nədi?! - deyə düşündü. - Əgər dəryaya qərq olubsa, niyə bəs boğulmayıb? Bunun əndamı niyə od alsın? Bəlkə demək istəyir ki, ocaq qaladığım yerdə əmmaməm od alıb yanırdı, söndürmək üçün özümü dəryaya atdım?! Bir də, Ördəkli hara, dərya hara?!"

Fəttah mollasayağı bir neçə anlaşılmaz sözü boğazında qaynatdıqdan sonra, Bəyimin qarşısında qəddini əydi:

- Ay gəlin, mən Mirfəttaham, imam övladıyam, - dedi. - Qurban olduqlarım yuxuda səni mənə qismət ediblər. Qırx gündür ki, kəndləri, şəhərləri dolaşıb səni axtarıram.

İmam övladı kəlməsini eşidəndə Bəyimin qəlbi yumşaldı. O, xəyalən o dünyanı, cənnəti, cəhənnəmi, qır qazanının yanında onu sorğu-suala tutacaq mələkləri gözünün qabağına gətirdi...

Onlar evləndilər. Daha doğrusu, şəriətin qanunu ilə siğə olundular. Çünki Mir Fəttahın təbirincə, seyid üçün rəsmi kəbin haramdır. Onlar bir müddət ömür sürdülər. Seyid Fəttah Bəyimi başa saldı ki, o, bəzən qeyb olur. Bir neçə ay və hətta illərlə gözə görünmür. Belə olduğu təqdirdə gərək Bəyim səbir eləsin, bu məsələni açıb-ağartmasın. Əks-təqdirdə günaha batacaq.

Bəli, bir gün Seyid Fəttah Ördəklidən "qeybə" çəkildi. Gəlib Pambıqlı rayonunda peyda oldu. Burada da Nazlı adlı bir qadınla rastlaşdı. Ona bir könüldən min könülə aşiq oldu. Bir gün fürsət tapıb Nazlını yanladı. Yenə də fikrini şeirlə ifadə etdi:

 

Bəyənmişəm xasiyyətini, halını,

Yaradan bol verib huş-kamalını,

Sən Allah, gizlətmə meh camalını,

Şöləsinə qoy bu seyid dolansın.

 

Nazlı "seyid" kəlməsini eşidəndə nitqi tutuldu. Seyid Fəttah şeirdən nəsrə keçib izah etdi ki, Nazlıya ürəkdən vurulub. Mir Fəttah Nazlını inandırdı ki, bu sevgi Allah-taalanın buyruğudur.

Bəli, Mir Fəttah Pambıqlı rayonunda da Nazlını toruna saldı. Bir müddət də Nazlının hesabına dolandı. Lakin bir səhər Nazlı gözünü açıb gördü ki, Mir Fəttah yerində yoxdur. Necə deyərlər, lələ köçüb, yurdu qalıb. Amma Nazlı narahat olmadı. Seyidin qeyb ola biləcəyini Fəttah vaxtilə ona agah etmişdi.

Mir Fəttah Pambıqlı rayonundakı İşıqlı qəbiris­tanlığında peyda oldu. Burda Pirqulu adlı bir nəfərin dəfn edildiyi qədim məqbərini ziyarətgah elan etdi. İmişli, Masallı, Sabirabad, Cəlilabad, Lənkəran rayonlarından axın-axın adamlar Mir Fəttahın ziyarətgahına pənah gətirməyə başladılar. Dişi ağrıyan, qızdırması olan, soyuq dəyən, dalağı şişən, bəxti gətirməyən... Nəzir-niyaz da ki, öz yerində.

Bu xəbəri eşidən cavan-cavan qız-gəlin, çoxunun da cibində ali təhsil diplomu, Mir Fəttahı ümid yeri bilib, ona ürəklərini açırdılar:

- Ağa, cəddinə qurban olum, ərim axşamlar evə gec gəlir. Bir çarə!

- Mir Fəttah, ağrın ürəyimə, qaynatamla qaynanamı görəndə başıma ağrı sıçrayır. Neyniyim ki, ərim ata-anasından birdəfəlik üz döndərsin. Məndən başqa heç kəsə mehr-məhəbbət salmasın.

- Ağa, ayağının altında ölüm, bir nəfəs sal, filan oğlanda maa meyl oyansın.

- Ağa, başına dönüm, bir dualı su düzəlt, qonşumuzun krovatına səpim. İşləri düz gətirməsin. Ər-arvad arasında nifaq düşsün...

Fəttah da onlardan aldığı şax pulları qatlayıb cibinə qoyur və hərəsinə də bir qara zurna verib, yola salırdı.

Mir Fəttah bu bölgədə ad-san çıxarmışdı. İndi də o, deputat seçilmək həvəsinə düşmüşdü. Xoruz döyüş­dü­rənlər, it boğuşduranlar, ayı oynadanlar, günü çayxanada keçənlər "ağanın" başına toplaşıb, onu deputat seç­məkdən ötrü dəridən-dırnaqdan çıxırdılar...

Bir gün axşam qaranlığı çökəndə məqbərənin qarşısında üç nəfər peyda oldu. Milis formasında. Mir Fəttahın fırıldaqları araşdırıldı... Akt tərtib olundu. Həmin aktda belə bir cümlə yazılmışdı:

"Onun iyirmi bir cibi müəyyən edildi. Bu ciblərdən on yeddi min manat pul çıxdı".

Aşıq Ələsgər vaxtilə belə möminlər haqqında necə də yerində demişdir:

 

Yoxsulun malını halal bilərsiz,

Şeytani-ləindən mətləb dilərsiz,

Əskik danışarsız, artıq gülərsiz,

Namus, qeyrətiniz, arınız olmaz.

 

Dədə Ələsgərin sözünə qüvvət:

 

Elin inam yeridir, övliyalar, ağalar,

Dinə ləkə gətirir Fəttah kimi dığalar.

 

1965-ci il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com