www.aliildirimoglu.az

FELYETONLAR

... NƏ  İŞİM  VAR?!  

Tikintisi başçatmayan və həyətində bir nəfər zavallının sarı köpəyi ilə keşik çəkidiyi çoxmər­təbəli binanın yönü, şəhərin göbəyindəki Cıdır meydanına tərəf baxır. Köhlən atlar səhər-axşam boyunlarını şax tutub, quyruqlarını qaldırıb burada tozhatozla dövrə vururlar. Onlar ya məşq eləyir, ya da ki, hansı yarışlarasa hazırlaşırlar. Vəbəzən də həvəsdən dü­şüb yerlərindən tərpənmək istəmirlər, yəni  nə irəli gedir­lər, nə də geri. Məşqçilər də belə hallarda şallağını havada oynadıb hərəsinin ombuzuna bir-ikisini çəkir. Həmin məqamda aclıqdan  qabırğaları sananan qaşqa yabı məzlum-məz­lum sahibinin üzünə baxır. Yəni demək istəyir ki, ay başımızın ağası, müdir olanda noolaar, heç sizdə insaf-mürvət deyiləşey yoxdur?! Bizə doyunca arpa-saman vermirsiniz, çox vaxt  quru küləşin  ümidinə qalırıq. Gözü­müzü pılçıq, yal-quyru­ğu­muzu pıtraq basıb. Acın­dan qıçımız-qıçımıza dola­şır, ortamız ortamızdan keçir. Qulaqlarımız yana sallanır. Tövləmizi yağı görsə, qan ağlayar. Gəzib-dolanmağa da çölümüz yox, çəmənimiz yox. Eniynən boyu beş-altı yüz arşından artıq olmayan bir qaçış meydançamız var, onu da bizə çox görürsünüz. Qaçış-məşq meydançamızın daş hasarını hərraca qoyub yerini qaraj dəllallarına satmısınız. Necə satmısınız, neçəyə satmısınız, aldığınız dollarları kiminlə, necə bölüşdürüb həzmrabidən keçirmisiniz, bunu bir nazirləriniz bilir, bir özünüz bilirsiniz, bir də ki, göydəki Allahınız! Ona görə də cinsimiz korlanıb. Dillərdə dastan olan Qarabağın, Tovuzun, Qazağın köhlənləri kolxoz yabılarının kökünə düşüb. Dünya yarışlarına çıxmağa nə təpərimiz qalıb, nə də taqətimiz. Üzü qara olsun hesabımıza kefə baxıb, bizi xəcalət eləyənlərin. Ərz-halımızı,gündirriyimizi nazir­­liyə çatdırmaq üçün hərdən  məcbur olub kiş­nəmək istəyirik, ona da imkan vermirsiniz. Noxta­mızı dartıb, cilovumuzu yığıb, yançaqla­rımıza da bir-ikişallaq ilişdirib oturdursunuz yerimizdə. Bir də ki, ay pir olmuş, kişnəməyə baxan kimdir?! Əgər nazirlikdəkilər çağırıb soruşsalar ki, bu atlar niyə belə bərkdən  kişnəyir, ona da yüz bəhanə tapıb  bütün günahları yoğurub-yapıb bizim boynumuza atacaqsınız. Çünki neçə ildir bizi minib çapırsınız və xasiyyətinizə də yaxşıca bələdik, işdə olmasa da, dildən pərgarsınız. And-aman eləyib nazirimizi inandıracaq­sınız ki, bizim atlar ona görə kişnəyir ki, son vaxtlar arpa-samanları artıq düşüb. Nazir də məsələnin dərinliyinə getmədən o dəqiqə sizin yağlı və yalan dilinizə aldanıb hövsələdən çıxacaq, hirs vuracaq təpəsinin tən ortasına. Əlini stola çırpıb hökm edəcək ki, sabahdan atların arpa-samanını azaltmaq lazımdır! Bu dəfə bizi əvvəlkindən də betər cirəyə salacaqsınız. Kişnərtimiz özcə başımızda çatlayacaq. Ona görə də  ixtiyar sahibisiniz! Bizi istədiyiniz qədər minib-çapın! İndən sonra  kişnəyib səsimizi qaldırsaq, at yox, uzunqulaq olarıq. Ancaq bu şərtlə ki, bizi yarışlara göndərməyin. Göndərsəniz də, özünüzdən küsün. Siz də aləmdə biabır olacaqsınız, biz də. Axı, bizim Qarabağ, Diliboz kimi ad-sanımız var. Bir vaxt rus padşahı ingilis padşahını heyrətləndirmək üçün ona Qarabağ atı bağışlayırdı. Bəli, bəli, gün doğandan gün batana neçə-neçə respublikanın içində Qarabağ atını ingilislərə ər­məğan edirdilər. İndi  adımız qalsa da, sanımız-sanbalımız qalmayıb. Mehtərbaşı  atın dilini əməlli­başlı bilirdi. Ona görə də qaşqa yabının  giley-güzarını qulaqardına vursa da, dediklərini aydınca başa düşür­dü. Və qaşqa yabının cavabı bir-iki dəyənək oldu. Çünki atın giley-güzarı ona sərf eləmirdi. İstəmirdi ki, qaşqa yabı mehtərbaşının və onun baş idarəsinin başında duranlarının paxırını açıb töksün. Çünki - yerin də qulağı var – deyiblər. Qaşqa yabının gileyi, haqq-ədalət  axtaranların qulağına çatsa, onda gərək dəsmal götürüb ağı deyə-deyə mehtərbaşının halını ağlaya­san. Qaşqa yabı ona dəyən dəyənəkləri vecinə alma­dan, sahi­binə arxa çevirdi və istədi qoşaşıllağa qalxıb belinə həftələrlə qaşov çəkməyən mehtərinə bir-ikisini ilişdirsin. Lakin etmədi. Axı, necə olsa, adı atdı. Düşündü ki, yaman günün ömrü az olar. Dünya xali deyil. Yəqin ki, tez-gec halımıza candan yanan, təəssübkeş, attəpərli, bir başıpapaqlı, cibi möhürlü-ştamplı kişi tapılar. Və mizan-tərəzi qurub hər kəsin  təqsiri, cəzası nədir, qoyar qabağına.

* * *      

Tikintisi başa çatmayan binanın qabağında yor­ğun-yorğun gəzib-dolaşan gözətçi isə öz aləmində idi. Nə isə fikirləşir, dayanıb ətrafa boylanır, yenə də yoluna davam edirdi. Sarı köpək də arxasınca. Heç birinin cınqırı çıxmırdı. Sarı köpək hərdən yad adam, bir də ki, ala-qara, boz pişik görəndə mırıldanır, bir-iki dəfə - ham-ham – eləyib hürürdü. Gözətçi geri dö­nüb ona tərs-tərs baxıb sarı köpəyin üstünə çəmkirən kimi it səsini kəsib quyruğunu bulayırdı. Bununla da sahibinə anlatmaq istəyirdi ki, səhv etdim, bağışla məni, bir də qələt eləyib yerli-yersiz hürmərəm. Ancaq bircə pişikdən keçən deyi­ləm.  Külli-aləm bilir ki, dövri-qədimdən itlə-pişiyinki tut­­mur. Və indən sonra da, qiyam-qiyamət qopana qə­dər onlarınkı tutan deyil. Ancaq sarı köpək həddini aş­mır­dı. Vəzifəsi hürmək olsa da, lazımsız yerə mırıl­dayıb ha­ray-həşir salmırdı. Məsələn, saatda 100-150 ilə şütüyüb keçən avtomaşınlar kimi. Elə ki,  axşam düşdü, lap günün-günorta çağı, bu şoğərib avtomaşınlar heç kəsi veclərinə almırlar. Xüsusilə də arxasına sıfırlar düzülmüş “Leksus”lar, “Nissan”lar, “Merse­des”lər, “BMV”lər, mar­şrut  avtobusları, balaca-balaca “Mosk­viç”lər, “Jiqu­li”lər lap ağını çıxar­dıblar. Biri asqırır, biri öskürür, biri böyürür, biri anqırır, biri xoruz kimi banlayır, biri uzun burnu ilə bataq­lıqların altını üstünə çevirən çöl donuzları kimi xoruldayır. Düzdür,  zərurət yarananda, yəni maşın və ya içindəki başın təhlükə ilə üzləşdiyi məqamda vəziyyətdən çıxmaq üçün sürücü zilə qalxıb, bəmə enib, siqnalı işə sala bilər. Bəli, bəli, ancaq siqnalı. Tay əcaib-əcaib bağırtıları, şəhəri başına götürən, arxası sıfır və ya sıfırsız, xaricdən peyda olan bəzi-bəzi qara eynəkli maşınlar kimi yox. Əslinə qalsa onlar qayda-qanun anlamasalar da, gərək gözətçinin sarı köpəyindən nümunə götürsünlər.  Sarı köpək hərdən bir yad qaraltı görəndə, hər ehtimala qarşı bir-iki dəfə ağzını açıb könülsüz-könülsüz hürür, vəssalam! Bəzən sarı köpəyin  gün­lərlə səsi eşidilmir. Çünki it olsa da, havayı yerə hürməyi özünə rəva bilmir. Ancaq di gəl ki, bu ağlı-qaralı, arxası sıfırla dolu olan qara şüşəli maşınlar nə qanır, nə qandırır, nə də ki, onlara qulaqburması verib başa salan var. İşdişayət, bu barədə söz-söhbət yaransa, yəni məsələ gedib Baksovetə və ya Baş idarələrin başında oturanlara çatsa,  orda da xəstə, yaşlı, əsəbi və qüsuru olanlara məsləhət verəcəklər ki, vəziyyətdən çıxmağın ən asan və başlıca yolu bircə odur ki, qulağınıza bir balaca pambıq tıxayasınız. Allaha şükür, apteklərdə də nə çoxdu ağappaq, yumşaq pambıq. Bir az səbrli olsanız, heç aptekdən pambıq almazsınız, payıza dönən kimi Mil-Muğan çöllərində pambıq  aşıb-daşacaq. Onda özünüzü verin kənd­lərə, qulağınızı istədiyiniz qədər pambıqla doldurun. Özü də pulsuz-parasız. Əkin-biçin adamları da ki, mərd olur, iki qulaqlıq pambıq üçün heç vaxt sizdən pul ummazlar. Ondan sonra qoy avtomaşınlar gecə-gündüz asqırsınlar, öskürsünlər, xoruldasınlar, xırıldasınlar, anqırsınlar, cöngə kimi böyürsünlər! Qətiy­yən vecinizə almayın! Bu, tibbi nöqteyi-nəzərdən də olduqca sərfəlidir. Çünki  həkimlərin deməsinə görə, tükürpəşdirici səslər insan səhhəti üçün olduqca zərərlidir. Guya  sağlamlığa zərbə vurur, ömrü də azaldır. Bunun qarşısını almaq üçün pambıq! pambıq! yenə də pambıq! Qulaq! qulaq! yenə də qulaq! İndiki vaxtda bu iki canlı və cansız cisim birləşəndə, maşınların böyürtüsündən, xırıltısından, zırıltısından, nəril­ti­sin­dən canınız qurtarar.

O ki, qaldı şəhər itlərinin hürüş­mə­sinə, onun bir o  qədər də zərəri yoxdur. Bir də ki, onlar yersiz yerə hürmürlər. Elə götürək sarı köpəyi. Səsini sutkada bir dəfə eşitmək olmur. Əgər bu ağ-qara, pələng kimi dərisi zolaq-zolaq boz pişiklər olmasa, sarı köpək cınqırını çəkməz. Bu saat yeganə problem məsələ maşınların cürbəcür əcaib səslər çıxartmasıdır. Son vaxtlar dəbdə olan bədheybət maşın səsləri bütün şəhəri silkələyib titrədir. Ancaq deyilənə görə  arxitektorlar çox əlləşib-vuruşub, tər töküb, baş sındı­ran­dan sonra buna əncam tapıblar. İnşaat mütəxəssisləri  təklif irəli sürüblər ki,  indən son­ra tikiləcək şəhər evlərinə qapı-pəncərə qoyulma­sın. Bununla vətəndaşların canı maşınların səs-küyün­dən biryolluq qurtar­sın. Şəhər camaatı bu xoş xəbəri   eşidəndə xeyli sevindi. Ancaq bu sevinc çox sürmədi. Çünki bu təklif keçməyib. Ona görə ki, indiki qapqara maşınların bağırtıları, çığırtıları elə bir gücə-qüvvəyə malikdir ki, Qaradağ daşından, nə bilim, bişmiş və bişməmiş kərpıclərdən hörülən divarlar ona tab gətirmir. Deyilənə görə, tikinti mütəxəssislərinin bir qrupu bu dəfə xarici ölkələrə ezam olunublar ki, öyrənib görsünlər ki, binaların divarlarını, qapı-pəncərələrini necə düzəltmək lazımdır ki, qara pərdəyə bürünən “Lek­sus”ların, “Nis­san”ların, “Mer­se­des”lərin, “Jiquli”lərin... çıxartdığı həm müasir, həm də eybəcər səsləri keçirməsin. Ona görə də hələlik tələsib pambığı qulaqlarımızdan çıxarmayaq. Səbr eləyək, görək, inşaat mütəxəssisləri xarici ölkə­lər­dən  nə xəbərlə qayıdırlar. Hələ ki, sükanın arxasında qol­tuğu dəftər-kitablı sürücülər, gündə bir cins şalvar geyi­nən nişanlı-nişansız qızlar, ərli-ərsiz arvadlar  əyləşib, təzə-təzə, bahalı-bahalı Yapon, Al­man, Koreya, Rusiya maşınları ilə şəhərin küçə­lərində gecə-gündüz zurna-balaban çala-çala tüğyan eləyirlər. İşdi-şayət, yol polisləri də cəsarət eləyib özündən müştəbeh, başıboş, cibi dolu, ar­xası bağlı cahıl-cuhul  gəda­ların, şalvarlı-şalvarsız qa­dın­la­rın  birinə yaxınlaşıb desələr ki, “Vətəndaş, əmoğlu,  da­yoğlu, xalaqızı, atam balası, özünüzü təqdim edin, görüm siz kimsiniz, nəçisiniz və qoyul­muş qayda-qanunu niyə pozursunuz?!” O dəqiqə qalmaqal başlanacaq. Cib telefonları işə düşəcək. Dol­lar­za­dələr, manatovlar, qəpik-quruşovlar işə qarışacaqlar... Yol  polisləri dediklərinə peşman olub, ikiqat əyiləcək, sürücülərdən dönə-dönə üzr istəyəcəklər. Sonra da yol hərəkəti qaydasını pozanın qarşısında müqəvva kimi dayanıb, ayaqlarını cütləyəcək, əlini qulaqlarının dibinə aparıb - Sizə yaxşı yol, - deyə­cək­lər. İddiası yerə-göyə sığmayan,  atalarının ötkəm balaları saçlarını podmalçişka vurduran madonnaların da ədalı baxışlarla yol polislərinə anladıb başa salacaqlar ki, bax, adamın anasını belə ağladarlar. İndən sonra başın girməyən yerə ulduzlu-paqonlu çiyin­­­lərinizi soxmayın!!!

Xaricdən axın-axın gələn maşın­ların sayı çoxaldıqca, “Leksus”ların, “Nis­san”ların, “Mersedes”lərın, “Toyo­ta”ların... iddiası daha da artıb və indi də başqa hoqqalara əl atmağa başlayıblar. Şir kimi nərildəyən qapqara pərdəli maşınlar  deyir ki, artıq bizə  qaraj lazım deyil. Bizə elə ağ-qara, gümüşü rənglər vururlar ki, aylarla açıq havada, yağışın, qarın altında  qalsaq, halımıza tə­fa­vüt eləmir. Odur ki, qaraj nəyimizə lazımdır? Biz gündə iki, üç, lazım gəlsə, dörd dəfə  yuyulub-təmizlənməliyik ki, dərimiz par-par parıl­dasın və kənardan baxanlar hayıl-mayıl olsunlar. Bunun üçün qarajdansa, hamam, yəni yuyucu məntəqələri lazımdır. Əks-təqdirdə etiraz nümayişinə çıxmalıyıq. Etiraz nümayişi deyəndə də, icra aparat­la­rı­nın, bələ­diyyə­lə­rin, kommunal işinə baxan məmur­la­rın kürkünə birə düşür. Qorxurlar ki, maşınların nara­zılığı gedib Avro­pa Şurasına, Amerikadakı demok­ratiya təəssüb­keşlərinin qulağına çatar. Ordan da aləmə car çəkib deyəcəklər ki, bəzi-bəzi yerlərdə demokratik qayda-qanunlara əməl olunmur. Sürü­cü­lər qapqara pər­dəli, zurna-balabanlı təmiz maşınlarda gəzmək istəyirlər. Lakin iqtidardakılar bu haqlı tələbin yerinə yetirilməsinə mane olur­lar. Ondan sonra  gəl ölünü qoy, dirini ağla. Gö­rüm Amerikadakı həqiqət carçılarının və Avropa Şura­sının qabağında  necə duruş gətirirsən.  Ona görə də gərək bəri başdan bu qalmaqalın qarşısını vaxtında alasan.  İnsafən, bu sahədə  irəliyə doğru xeyli “uğur­lu” ad­dım­lar atılıb. Şəhərdə qarajlar bir ucdan ləğv edilib, ma­şın hamam­la­rına çevrilir. Qarajların qabağından ke­çən­də fışhafışdan qulaq tutulur. İri maşınlar xırda qa­rajların eninə-boyuna uyğun gəlmə­yən­də, yuma əməliyyatı  hamamların qabağında, asfalt küçələrdə aparılır.  Bu cür mütərəqqi üsuldan ən çox müzür-həşəratlar bəh­rə­lənir. Ağcaqa­nad­lar hən­dəsi yolla törəyib  səbəbkarların ömrünə dönə-dönə dua oxuyur. Mişovullar, əqrəblər, balaca-balaca kər­­tən­kələlər toy-bayram içindədir və gecə-gündüz ekologiya məmurlarına, təbiət təəssüb­keşləri­nə, sanitariya işinə baxan təbiblərə uzun ömür, can­sağ­lığı diləyirlər. Düzdür, məmurlar bu həngamənin şahidi olan­da əvvəlcə asıb-kəsir, özlərindən çıxır, hədə-qorxu gəlir, qələm-kağız   götürüb,  akt tərtib etmək, həyəcan təbili çalmaq  istəyirlər. Ancaq...  Ancaq   yuyucular əyilib onların qulağına nə pıçıldayırlarsa,  hirs-hikkə ilə gə­lən­lər, gülə-gülə qayıdıb gedir və hətta maşın yuyucula­rı­nın işinə  nəzakətlə xeyir-dua verirdilər. Ondan sonra yu­yu­cu aparatların fışıltısı, fısqırığı daha da güclənir. Və onun səsindən yaxınlıqdakı binaların sakinləri təmiz hava almaq üçün qapı-pəncərələrini açmağa peşman  olurlar. Belə məqamda bir ətək xərc çəkib, meşok-meşok pambıq alıb qulağa tıxamağın heç bir əhəmiyyəti yoxdur. Çünki nəinki süni, hətta təbii pambıq da fışfışı keçirir. Amma na­haq yerə  fış-fış məsələsini ortaya atdıq. Fış-fış hələ  tam tikilib başa çatmayan binanın qabağında var-gəl edən gözətçinin  ən yaralı yeridir. Gözətçi elə ki, fış-fış səsini eşitdi, cin vurur təpəsinə. Çünki yaşadığı evə su cirə ilə verilir. Bir səhər, bir də qaş qaralanda. Vəssəlam! Nə özü, nə də ki, balaları istədikləri vaxt üzlərinə su vura bilmirlər. Əl-ayaq eləyib, tələm-tələsik qab-qacaqı yuyunca mən­zil­lər­­dən suyun fışıltısı qeybə çəkilir. Gözətçi bəzən  həf­tə­lərlə hamam üzü­nə həsrət qalır. Di gəl ki, sübhün şəfəqləri sökü­ləndən qaranlıq çökənə qədər qarajları fəth edən fışfışlardan sel kimi su axır. Əgər belə getsə, Şolların, Cey­ran­batanın, Kürün, şirin suları bu fışfışlara çətin ki, tab gətirsin. Ona görə də fışfışların xatirinə gərək bütün şəhər  evlərinə su növbə ilə verilə. 5-10 dəqiqə səhər, 5-10 dəqiqə axşam. Çünki maşınların çimməsi insanlardan fərzdir. Ən azı ona görə ki, bahalı-ucuzlu, təzəli-köhnəli qara çadralı maşınlar tez-tez hamamlanmasalar, əcaib-əcaib səslər çıxarıb asqıra, öskürə, böyürə, xoruldaya... bilməzlər. İnsan isə şüurlu məxluqdur, hər cür çətinliyə dözə  bilər. Nəinki ildə, iki ildə bir yuyunub hamamlansalar bəs elə­yər.  Əlqərəz, fışfış barədə söhbəti uzadıb tikinti gözət­çisi­nin ovqatına soğan doğramağa dəyməz. Onun da qanı qara­landa hirsni sarı köpəyin üstünə tökür. Zavallı köpəyi salır kötəyin altına. Belə yerdə deyiblər, eşşəyə gücü çatmır, palanını dö­yəcləyir.  Sarı köpək də bir-iki dəfə  yazıq-yazıq zingildəyib, sonra  quyruğunu qısıb bir küncə çəkilir. Sarı köpək döyüləndə də, söyüləndə də öz səsini çıxardır, yəni ya hürür, ya mırıldayır, ya da zingildəyir. Eşidəndə də bilinir ki, bu, it səsidir. Amma maşınların aramsız səsindən baş açmaq olmur. Donuz kimi xoruldayanda, dana kimi böyü­rəndə, keçi kimi mələyəndə  bilmirsən, bu, “Nis­san”dır, “Mersedes”dir, “Toyota”dır, “BMV”dir, “Jiqu­li”dir...

Yaxşısı odur ki, belə-belə əcaib işləri  nə görə­sən, nə də  könlün bulansın. Ona görə gərək özünü verəsən allı-güllü parklara, bağlara. Bəzi-bəzi parklarda da kababxanalar, çayxanalar, nə bilim nəxanalar... yaşıllıqlara, gül-çiçəklərə qənim kəsilib. Çayxana­ların, kababxanaların hisindən, tüstüsündən zinhara gəlirsən. Və baxırsan ki, “park­xa­nalar” dönüb olub pavilyonxanalar, kababxanalar, xaşxa­nalar, çayxanalar... Gedəndə də kor-peşman geri qayıtmalı olursan.

 * * *          

Tikintisi başa çatmamış  binanın  gözətçisi səhərdən-axşamacan obaş-bubaşa ayaq  döydüyün­dən, yorulub gecə­nin yarısı yorğun-yorğun balaca budkasına keçib ar­xası yox stuluna əyləşib, mürgü­lədiyi anda, orda-burda top­ların gurultusu şəhəri təlatümə gətirir. Gözətçi dik­sinib gözlərini ova-ova budkasından çıxır. “Bismillah”-deyib əlini üzünə çəkir, salavat çevirir və kəlmeyi-şəhadətini oxuyur. Sarı köpək də vahiməyə düşüb, bir-iki dəfə hü­rür. Yaxın həyətlərin ovçarkaları da sarı köpəyin səsi­nə səs verirlər. Gözətçi mızıldana-mızıldana - yəqin Qara­­­­bağda müharibə başladı ki, toplar bu cür nəril­dəyir. Yoxsa yenə 20 yanvar hadisələri təkrar olu­nur?! Sovet topları şəhəri mərmi atəşinə tutub?! Cəb­həçilər ondakı kimi zavallı insanları rus tanklarının, toplarının qabağına itələyib özləri dalda-bucaqda gizlənməsələr yaxşıdır! İlahi, hifz et bizi bu xəta-bəlalardan! Ancaq məlum olur ki, xoşbəxtlikdən  nə Qara­bağ­da müharibə başlayıb, nə də ki, sovet tankları  şəhə­rə daxil olub. Toplar  şadlıq saray­larında guppuldayır. Külli-pul və imkan sahib­lə­ri­nin topu daha bərk gurultu salır və bütün şəhəri necə sil­kə­ləyirsə, beşiyində təzəcə uyuyan körpələr belə qışqırıb oyanırlar. Deyilənə görə, oğul evləndirib, qız köçürməyə hazırlaşan, iddialı imkanlılar toyun daha təntənəli keç­məsi üçün nüvə dövlətlərinə üz tutub, qitələrarası raket­lər sifariş vermək niyyətinə düşüblər. Əlbəttə, bir var kiçik kalibrli top, bir var raket. Ad-sanını gözləyən məş­hur, mötəbər şəxslər üçün qitələrarası raket ola-ola, top atdırmaq azı ayıbdır.

Belə-belə əhvalatları eşi­dib, görüb biləndə ahıl jurnalistlərin cavanlıqda yazıb-pozduqları yada düşür. İndi istəyirsən, ələ qələm alıb, bəzi-bəzi xoşagəlməz məqamları açıb-ağardasan. Ancaq yuxarı baxırsan bığdır, aşağı baxırsan saqqal... Onda  qələmi ehmalca qoyursan qırağa. Düşünürsən ki, ey dili-qafil, palaza bürün, elnən sürün. Bir halda ki, elin deputatları, əli qələmtutan yazıçılar, jurnalistlər bütün bunları görə-görə, bilə-bilə dillənmirlər, özünü yuyulmamış qaşıq kimi ortalığa atma. Girdin bazara, gördün hamının gözü qıpıqdır, sən də ol gözü qıpıq. İstəyir, dünya od tutub yansın. El üçün ağlayanın gözü kor olar. Ona görə də çox ölçüb-biçdikdən sonra belə qərara gəlirsən ki, qələm-kağızı burub-büküb qoyasan bir qırağa. Və ya  qoca nənənin toxuduğu qəzil palazın altına. Rəhmətlik Sabirin kəlamını yada salasan:

 - ... Nə işim var?!..

 2007-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com