www.aliildirimoglu.az

“Qarlı gecələr”in işığında...

TALE YAZIÇISI

Hörmətli Əli müəllim!

Sizin “Qarlı gecələr” romanınızı övladlarımla birlikdə birnəfəsə oxuduq. Bir müəllim kimi deyərdim ki, bu, müəllimlərin həyatını çox dəqiqliklə təsvir edən bir kitabdır. Kitabı oxuyarkən həyat eşqi ilə döyünən bir ürəyin, halal zəhmətin, kişiliyin, mərdliyin, ən ümdəsi abır-həyanın şahidi olursan.

Əsərin baş qəhrəmanı gənc bir müəllimdir. Ağıllı, işgüzar, səbirli, savadlı və bacarıqlı bu gənc işlədiyi az müddətdə həm müəllim, həm də şagird kollektivinin sevimlisinə çevrilib. Bu gənc о qədər intizamlı və tərbiyəlidir ki, hətta ona vaxtı ilə dərs demiş ilk müəllimini də nizam-intizama dəvət edir. Boş vaxtını səmərəli keçirən müəllim yaratdığı rəsm əsərlərini əyani vəsait kimi fənn kabinələrinə toplayır. Mən və övladlarım bu kitabdan özümüz üçün çox mətləblər əxz etdik. Ali təhsilli tarix müəlliməsiyəm, lakin Əli müəllimin kitabında tarixə baxışda belə xeyli özünəməx-susluq hiss etdim. Gözəl Azərbaycanın nə qədər el-obasının, kəndlərinin adı çəkilir, füsunkarlığı təsvir olunur bu romanda, Yasəmənli, Xıdırlı və s. Bu yurd yerlərinin nisgili gənclərimizi vətənpərvərlik ruhunda tərbiyələndirir. Vaxtilə biz müəllimlər Makarenkonu mütaliə edərdik. Məncə, “Qarlı gecələr” kitabını oxumaq daha səciyyəvidir. Talenin keşməkeşli yollarında bəxti gətirməyən о kitabxanaçı qadınla romanı oxuyarkən tanış olursan. Kitabxanaçı qadın öz dərdlərini Əli müəllimə etibar edib danışır, ondan kömək istəyir. Əli müəllim onun bu qaranlıq taleyinə işıq tutur, onu zülmətdən çıxarır.

Qarlı şaxtalı qış gecəsində halallıq dalınca rayon mərkəzinə gedən Əli müəllim öz şagirdi ilə çətinliklərlə üzləşir. Xalqın halallıq, düzlük kimi gücü ilə silahlanan Əli müəllimin tüfəngi mərdlik idi. Siz şagirdlərinizlə milis şöbəsinə aparılanda, oxucu narahatlıq keçirir. Amma Allah da təmiz, saf adamı qoruyur.

Dünyada bayraqlar çoxdur: biri ulduzlu, biri yarpaqlı, biri də üç rəngli. Amma dünyada bir bayraq da var – Halallıq bayrağı. Bu bayrağın rəmzi ədalət və haqdır. Bu kitabı oxuyarkən başın üzərində rəngi bilinməyən, amma çox böyük bir halallıq bayrağı dalğalanır və bütün insanları haqq-ədalətə, halallığa çağırır. Mənə “son zamanlar hansı kitabları oxumusan” mövzusunda inşa yazmaq tapşırılsaydı, tərəddüd etmədən “Qarlı gecələr” barədə yazardım.

Əli müəllim, sizə can sağlığı, uzun və çox mənalı bir ömür arzu edirik. Arzu edirik ki, tez-tez bizləri yeni maraqlı kitablarla zənginləşdirəsiz.

Sona Abbasova, tarix müəllimi
“525-ci qəzet”, 17 noyabr 2004-cü il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com