www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

YARIM ƏSR VƏ BÜTÖV BİR ÖMÜR

“Qubadlı mənim üçün yuvadı, isti bir yuva... Mən Azərbaycanımızın çox yerində olmuşam. Rusiya şəhərlərinə də güzarım az düşməyib. Amma gəz-diyim-gördüyüm yerlərdən heç biri Qubadlını əvəz edə bilməyib mənimçün. Qubadlının mamırlı qayaları, tikanlı kolları qədər əziz və doğma görünməyib mənə...

İnsan laylası çalınan beşiyin, ata-anasının məzarı uyuyan torpağın əvəzini heç yerdə tapa bilmir, heç zaman! Əvəzi tapılsa, bir insanın bir yox, min bir vətəni olardı...

Ermənilər sevinməsinlər ki, Azərbaycan torpağının iyirmi faizini işğal ediblər. Və azərbaycanlılar da yaslanmasınlar ki, torpaqlarının iyirmi faizi ermənilərdədi. Ermənilərin sevinci, azərbaycanlıların da yası müvəqqətidi...” Bu sətirlər məşhur yazıçı-jurnalist Əli İldırımoğlunun dilindəndir. Azərbay-can mətbuat tarixinin ağsaqqallarından biri, eloğlumuz Əli İldırımoğlunun dilindən.

Əli müəllim Qubadlının Əliquluuşağı kəndində doğulub. Əliquluuşağı kəndi Ermənistanla həmsərhəddir. Camaatı mərd, döyüşkən, sözündən dön-məyən, cəngavər camaatdır. Ancaq xain və satqın əli ilə zamanın çərxi elə fırlandı ki, əliquluuşaqlılar da 1993-cü ilin avqust günlərində tərk etməli oldu-lar doğma yurd-yuvalarını.

Mən Əliquluuşağı deyəndə, əvvəl atam Şahmarın süd qardaşı Balaca bəyi xatırlayıram. Bu kənddə dünyaya göz açmışdı Balaca. İgidliyinin, qoçaqlığı-nın səsi-sorağı isə uzaqlara yayılmışdı. Bir zaman Arazboyu qaçaq hərəkatına başçılıq etmiş Qaçaq Süleymanın dəstəsində zülmə, ədalətsizliyə və mənfur dığalara qarşı döyüşlərdə ad-san çıxartmış, qana-qan demişdi. Deyirlər, elə ömrünün son saatınacan belə də yaşadı.

Sonralar onun döyüş və səngər yolunu kağız-qələmlə davam etdirən bir oğul dünyaya gəldi bu kənddə. Əli İldırımoğlu! O, XX əsrin ikinci yarısında Azərbaycan jurnalistikasının parlaq nümayəndəsi kimi ad-san çıxardı, əyriliyə, dələduzluğa, yaltaqlığa, riyakarlığa qarşı şimşək kimi çaxdı, işıqlı və od-alovu heç vaxt sönməyən əbədi bir ildırım oldu. Müqəddəs bir şəxsin – imamımızın adını daşıyan İldırımoğlu qələmi şərlə vuruşda, özü də üzbəsurət vuruşda “zülfüqar”a çevrildi.

İstəyirəm saç-saqqalı mübarizələrdə ağarmış, dizində ağ tük bitmiş Əli müəllimin ömür yolunu birlikdə vərəqləyək: Əli 1927-ci ildə bir parça ruzisini torpaqdan çıxaran İldırım kişinin halal ocağında dünyaya göz açıb, yeniyetməlik və ilk gənclik illərini doğma kəndində keçib (ilk təhsilini də burada alıb, pedaqoji fəaliyyətə də bu kənddə başlayıb). Öz sözüylə söyləsək, halallığı, düzlüyü, çalışqanlığı rəncbər atasından öyrənib. (“Atama olan hörmət və məhəbbətim mənim bütün səhvlərimin sərhədi olub”.) Səkkizinci sinfi qurtaran Əli Şuşada müəllim hazırlayan kursu bitirib doğma kəndinə qayıdıb, on beş yaşında Məlikəhmədli kənd ibtidai məktəbində müəllimlik fəaliyyətinə başlayıb. Xıdırlı, Novlu, Gürcülü, Teymurmüskanlı, doğma Əliquluuşağı, Xəndək, Dondarlı, Muradxanlı – Əlinin müəllim işlədiyi kəndlər... Axı onun uşaqlıq illəri müharibə illərinə təsadüf edib. Sonralar Laçın Pedaqoji Texnikumunda təhsil almış, Müəllimlər İnstitutunu bitirmiş və yenidən öz kəndində müəllim olmuşdur. Bir xoş təsadüf olmasaydı, öm-rünün sonunacan bəlkə də müəllim işləyəcəkdi. Necə olursa, 50-ci illərin əvvəlində Rayon Partiya Komitəsinin birinci katibi Əli müəllimin dərsində iştirak edir və onun natiqlik bacarığı, pedaqoji məharəti, sözlə möcüzə yarat-ma qabiliyyəti rayon başçısının diqqətini çəkir. Elə o gündən də maarif şöbə-sinə inspektor, sonra rayonda çıxan “Avanqard” qəzetinə zorla məsul katib göndərilir. Az müddət keçir, həmin qəzetin redaktorluğuna irəli çəkilir. Əli müəllim tərcümeyi-halını böyük maraqla oxunan “Zorən jurnalist” romanın-da parlaq boyalarla oxucu yaddaşına yazıb. Bu əsər müəllif kimi mənim üçün də çox əzizdir. Özü də iki baxımdan – birinci, qeyri-peşəkar adam öz zəhmət və istedadı hesabına neçə milyonların sevimlisi olur, ad-san, hörmət qazanır. İkincisi isə doğma yurdun hər qarışının ətri, rayihəsi gəlir bu romandan.

Sonralar (1955-ci ildə) “Kommunist” qəzetində fəaliyyətə başlayır və bu-rada qırx ilə yaxın mübarizələrlə dolu mənalı bir yol keçir. Çox az-az adamlara nəsib olan bir yoldu bu. O, qəzetin müxtəlif bölgələr üzrə müxbiri olur. Əvvəl Naxçıvan, daha sonra Ağcabədi, Ağdam, Füzuli, Mirbəşir, Cəb-rayıl, Bərdə, Beyləqan, Zəngilan, Quba və xanimanı Qubadlı üzrə fəaliyyət göstərəndə dönə-dönə o yerlərdə olur, günlərlə, aylarla, illərlə həmin yerlərdə yaşayır, işləyir və camaatla qaynayıb-qarışır. Adam Əli müəllimin heyrətamiz iradəsinə valeh olur. Özünün dediyi kimi, ilk yazısını heç öz redaktoruna da (“Avanqard”ın redaktoruna) bəyəndirə bilməyən gənc müəllim inadlı axtarışlar, yuxusuz gecələr və sonsuz oxuyub-öyrənmək qətiyyətilə aradan az keçmiş respublika mətbuatına yol açır, bayaq dediyim kimi, bu yol da onu böyük mətbuata gətirib çıxarır. Beləcə, rayon müxbiri, jurnalist, keçmiş müəllim düz qırx il nəinki qələmini külüngə çevirib sözün Bisütun qayala-rından özünə heykəl yonur, həm də yüzlərlə cavan həmkarının – bu yolun yolçusu olmaq istəyən gənc jurnalistlərin müəllimi olur. Nə öyrədir onlara Əli müəllim? İlk növbədə vətəndaşlıq yanğısı, insan sevgisi, düzlük, doğru-luq, obyektivlik və cəsarət! Əgər bunlar olmasaydı, heç özü də bu gün xalqı-nın sevimlisinə dönə, respublikamızın əməkdar jurnalisti adını daşıya, “Qızıl qələm”, “Əbdürrəhim bəy Haqverdiyev” və “Araz” ali ədəbi mükafatlarını ala, nəhayət, “Mayaklar”, “Yazım-yazmayım”, “Çinarlı”, “Həmin adam”, “Telepat”, “Dərd” və “Zorən jurnalist” kitablarıyla geniş şöhrət qazana bil-məzdi. Bu xətir-hörməti isə Əli müəllim çox saf, amma son dərəcə əzablı yolla qazanıb – nə özünü haqdan, həqiqətdən başqa bir kimsəyə baş əyməyə qoyub, nə də çörəyi daşdan çıxan İldırımoğlu qələmini? Nədənsə Əli müəl-limi görəndə, ilk növbədə yadıma Qubadlı, bir də dayım oğlu İnqilab Əliyev düşür. Bizi ilk dəfə rəhmətlik İnqilab tanış etmişdi, özü də “Kommunist” qəzetinin redaksiyasında. O vaxt İnqilab qayıdıb belə bir söz demişdi: “Siz ata-babadan dost olmusunuz, Şahmar əmimlə (mənim atamla – E.Ş.) İldırım əmi bir-birinin arxa-dayağı olublar. Həmişə bir-birlərinin evlərini öz evləri biliblər. Hər dəfə Əli müəllimlə görüşəndə (ara-sıra da olsa) İnqilabı xatırla-yır, dünyadan erkən köç etməsinə yanıb-yaxılır, – İnqilab sağ olsa, bu günü-müzü yazardı yəqin, bu günümüzün dərd-sərini yazardı, – deyirik. Bir təsəllim var ki, indi onun yaza bilmədiyi bu günlərimizdən, dərd-sərimizdən, torpaq itkimizdən ağsaqqalımız Əli müəllim yazır. Allah qələmini daha da ovxarlı etsin. Mən bir də ona sevinir, onunla təsəlli tapıb ovunuram ki, əzizimiz Əli müəllimin hər bir yeni kitabı yeni sənət uğurudur. Və xasiyyətcə sadə, təvazökar olan İldırımoğlu bu uğurlarına baxıb göylə getmir. Əksinə həmişə yerdə – bizim yanımızdadır və yerdəki ağac kimi bar-bəhrəsi artdıqca başını daha çox torpağa əyir, – onu bu ərsəyə yetirən Azərbaycanımıza min-nətdarlığını beləcə bildirir. Axı o, xalqdan söz yolu başlayan və sinəsindəki xəzinəni xalqına, millətinə bəxş edən sənətkardır. Yəqin elə buna görədir ki, nə yazıbsa, ürəklə yazıb. Yazdıqları da həmişə yüksək qiymətləndirilib. Elə əsərləri barədə söz deyən ədiblərin sadəcə adını çəkmək bəsdir – Mirzə İbrahimov, Əhəd Muxtar, Gəray Fəzli, Əliheydər Haşımov, Qulu Xəlilov, Qasım Qasımzadə, Ramiz Rövşən, Bayram Bayramov, Süleyman Ələsgərov, Vahid Əziz... Və neçə-neçə sayseçmə yazıçı, şair, tənqidçi... Bəs Əli müəlli-min el-oba məhəbbəti qazanmasının və onun bu yaşınacan toxunulmaz saxlanılmasının sirri nədir? Ədalət. O, özünün bu dəyişməz meyarına söykə-nib xalqın qanını zəli kimi soranları satirik bir dildə qamçılayır, işıqlı nə varsa, onun müdafiəsinə qalxır, sadə zəhmət adamlarına qahmar çıxır. “Zəiflərin tərəfində dayananda güclü oluram”. Bu, Əlinin öz sözüdür. Bu da onun nəcib xasiyyətindən, mənəvi dünyasından yol gələn, 70 il onu mübari-zədə tək qoymayan böyük insanlıqdır! Belə bir hekayəsi var: – “Ah, bu rəislər, rəislər!” Elə bu hekayənin çox sadə, fəqət uğurlu adının özü bütöv bir sənət əsəridir. Hekayə belə başlayır: “Fikir məni götürmüşdü. Bilmirdim nədən yazım və necə yazım. Əlbəttə, gərək dövrün nəbzini tutasan, qələmə aldığın mövzu günün tələbləri ilə səsləşsin...” Bəli, Əli İldırımoğlu yaradıcı-lığının şah damarı (venası) günün nəbzidir. Və o, bu məsələdə bizim çoxu-muza klassik nümunədir. Məncə, onu sevə-sevə oxumağımız da buradan irəli gəlir. Bir sirr də var İldırımoğlu yaradıcılığında – təbiətlə, adamlarla daimi təmas! O, bunsuz indi tanıdığımız İldırımoğlu ola, elin dərdini və sevincini dağ vüqarlı çiyinlərində mətanətlə daşıya bilməzdi. 70 il bu cür yaşamaq, bu amalla yaşamaq sizə zarafat gəlməsin. Hər qələm sahibinə nəsib olan xoş-bəxtlik deyil bu. Bu mənada özünün kəndli xasiyyətini heç vaxt dəyişməyib. Dəyişməz olmaq isə xalislik, dönməz olmaq deməkdir, yəni yazıçı-publisist Əli İldırımoğlu deməkdir.

Əli müəllim bütün yaradıcılığı boyu özünün pedaqoji xarakterini, tədqiqatçı müşahidəsini qoruyub saxlayıb. Yəqin elə buna görədir ki, cəsarəti sıyrılmış qılınc kimi həmişə əlində olsa da, heç vaxt yıxılana balta çalmağıyla öyünən yol tutmayıb, özündən müştəbehlərə isə sərt olub həmişə. Yəqin elə onun bu xasiyyətidir ki, övladlarına da keçib: kiçik qardaş bildiyi böyük oğlu Yusif və Rasim atalarının qələmiylə keşiyində dayandığı haqq-ədaləti seçdikləri hüquqşünas peşələrilə qoruyurlar. Rasim polis əməkdaşıdır, Yusif isə rayon prokurorudur. Hüquq elmləri namizədi, bir neçə kitab müəllifi, öz sadə, xeyirxah şəcərəsiylə fəxr edən oğuldur.

Ən böyük oğul isə, şübhəsiz, 70 yaşlı ata – bu yurdun, millətin yazıçı oğlu, jurnalist oğlu Əli İldırımoğlu özüdür.

Elbrus Şahmar, yazıçı-jurnalist

1997-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com