www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

KİŞİ ÖMRÜ

Deyirlər ki, bu dünya bir nənnidi, insanlar isə onun içində yırğalanan körpələr. Bu nənnini tərpədən Allah hərdən əlini atıb, göydən bir ovuc ulduz götürür, atır nənniyə. Üstünə ulduz düşənlər dünyanın ən xoşbəxt insanlarıdır. Onların ömür yolu daim nurlu olur, bu ulduzun şölələrindən.

Əli İldırımoğlu da ömür yolunda ulduzlar sayrışan adamlardandır. Qələmi ilə bu peşədə bir yol açıb – Əli İldırımoğlu yolu. Bu yolun yolçusu olmaq üçün onun kimi cəsarətli, təmənnasız, prinsipial, haqqı, ədaləti müdafiə edən jurnalist olasan gərək. Əli müəllim kimi yaşayasan, Əli müəllim kimi yaradasan, Əli müəllim kimi işləyəsən.

Adi müxbir olanda da, əyalət qəzetinə başçılıq edəndə də, mərkəzi qəzetin zona müxbiri işləyəndə də bu prinsipləri özü üçün kredo seçdi Əli İldırımoğlu. Harda işləməsindən asılı olmayaraq, onu tanıyanların hörmətini, hüsn-rəğbətini qazandı. Qapısını döyənləri gülər üzlə qarşıladı, diləyə gələni əliboş qaytarmadı. Qubada da, Ağdamda da, Naxçıvanda da özünü adamlar-dan seçmədi, xeyir-şərdən qalmadı.

Yazdığı məqalələr, oçerklər, reportajlar, esselər hamı tərəfindən sevilə-sevilə oxundu, çünki onlar həyatla həmahəng mövzuları işıqlandırır, çox qaranlıq mətləblərin üzərinə nur çiləyirdi. Onun qələmi od-alov püskürüb, xalqın mənafeyini güdərək ətrafdakı nöqsanları alışdırıb-yandırdı. Qələmin-dən açılan güllələr xalqın düşmənlərinin sinəsini teylədi. Kimliyindən asılı olmayaraq, haqqı tapdananı müdafiə etdi, nahaqqın məğlub olması üçün bacardığını etdi. Qələmini sarsıdıcı sözlərlə doldurub, el malına göz dikənlərə tuşladı, onların layiqli cəzalarına çatmaları üçün gecəsi-gündüzü olmadı. Həmişə də haqq işinin müdafiəsi uğrunda apardığı mübarizədən qalib çıxdı. Beləcə vətəninin daşı olan bu vicdanlı vətəndaş tutduğu yoldan dönmədi.

Yenicə müstəqillik qazanmış Azərbaycanda jurnalistlik peşəsinin haqqı müdafiə etmək əvəzinə, qərəzçilik, tərəfkeşlik, yerlibazlıq, əllaməçilik xəstə-liyinə tutulduğunu görüb, bu sahədən uzaqlaşsa da, bu gün qələmi yenə də öz gücü ilə işləyir Əli İldırımoğlunun. Yüzlərlə oçerk, felyeton, məqaləsi oxuculara tanış olan Əli müəllimin son bir neçə il ərzində yeddi kitabı işıq üzü görüb. Əsasən, yaşadığı 75 ilin xatirələrindən bəhs edən bu əsərlər hər bir jurnalist üçün təcrübə məktəbi, hər kəs üçün həyat akademiyası ola bilər.

Sonuncu – “Mənim rəncbər atam” kitabı bu günlərdə çapdan çıxan Əli İldırımoğlunun bu ay 75 yaşı tamam oldu. Şərəflə yaşadığı ömrünün 75-ci ilində ona uzun ömür, cansağlığı, yeni-yeni uğurlar diləyirik! Odlu-alovlu, yaradıcı jurnalisti doğum günü münasibətilə təbrik edir, Ulu Tanrıdan onu tezliklə doğma yerlərə – Qubadlının Çayzəmisinə, Həkəri sahillərinə, Əliqu-luuşağı kəndinə, uca dağların qoynuna qovuşdurmasını diləyirik! Ömrünüz uzun, qələminiz işlək olsun, Ustad!

S.Şamiloğlu
“Qarabağ” qəzeti, 27 dekabr 2002-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com