www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

SÖZÜN İŞIĞI QƏLBLƏRİ FƏTH EDİR

Deyilənə görə, qartal yeddi ildən bir bala verir. Ancaq... azca pərvazlanan kimi balasını dimdiyinə alıb, yuvadan aşağı tullayır. Qayalara çırpılaraq öl-məmək üçün bala qartal qanad açmağa məhkum olur. Balasının uçduğunu gö-rən qartal qələbə çalan sərkərdə kimi qıy vurub özünü ona çatdıraraq kömək edir.

Yazıçı-publisist Əli İldırımoğlu çağdaş Azərbaycan jurnalistikasının qartalı kimi zaman-zaman qələmə aldığı əsərlərini bizlərə ərməğan edir. Dağlar oğlu Əli İldırımoğlu yaradıcılığının araşdırıcısı olmaq üçün heç ol-masa dağa qismən yaxın təpə olmaq gərəkdir...

Əli İldırımoğlu dəqiqliyi həyat həqiqətinə, faktların gerçəkliyinə söykənir. Müəllifin “Həmin adam” romanını oxuyarkən sanki hər bir qələm sahibi öz taleyini mütaliə edir. Yeri gəlmişkən qeyd edim ki, elə bu sətirlərin müəllifi də neçə-neçə “Həmin adam”ları yola salıb.

“Dərd”

“Gənclik” nəşriyyatının 1993-cü ildə nəşr etdiyi “Dərd” kitabını təkrar əlimə alıb vərəqləyirəm. Doğrudan da, Əli müəllim cəmiyyətdə rast gəldiyi haqsızlıqları ürəyinə salıb, özünə dərd edir. Yüksək ədəbi təhlilə layiq əsər çağdaş jurnalistikaya bəxşeyiş əsərdir.

Yazıçı sanki bulanıq çayın dənizə tökülməsini də özünə dərd edir. O, əli əsalı (əlində qələm) çayın sahili ilə çay yuxarı qalxır. Çayın lillənməsi, təbiətin fauna və florasının məhv olması daxilən onu narahat edir. Və bu dərdin dərmanını axtarır... Müəllif çayın başlanğıc nöqtəsi olan bulağa çatır.

“Zorən jurnalist”

Əsərin adından bəlli olduğu kimi müəllif jurnalistikaya zorla göndərilir. Kitabın ilk səhifəsində müəllifin dediyi kəlamlar göz yaddaşımızda nəqşlənir: “Müqəddəs ruhu qarşısında baş əydiyim və yoxluğuna sığındığım rəncbər atamın halallıq ehramını ucaltmaq arzusu ilə böyük oğlum Yusifə ithaf edirəm”.

Əli İldırımoğlu “Zorən jurnalist” romanını Vilyam Şekspirin dörd misralıq şeiri ilə başlayır.

Saxtakarlıq hökm edir qəlbə, ağla, kamala,
Bəkarət təhqir olub düşür dərdə, zavala.
Qüdrət qüdrətsizliyə əsirdir, səcdə qılır,
Düzlük, mərdlik, doğruluq bir axmaqlıq sayılır.

...Allahverən kişinin demisini sakit-sakit tüstülətməsi, Nazimin elm dalınca getməsini düşünməsi az qala problemlər içində boğulmağa məhkum olan bəndənizin içini neştərləyib keçir. Demidən burula-burula çıxan tüstü neştərin deşib yol açdığı yerdən içərimə dolur. Tüstü yaramın damcılayan qanına qarışıb tac damarımı genəldir... Bax, bu mənəm... Ölümə istiqamət-lənən, ancaq ölümə baş əyməyən bəndənizəm. Müəllif keçmişi xatırlatmaqla özünəməxsus şəkildə “SOS!!!” siqnalı verir, bizi hər an ehtiyatlı olmağa haraylayır:

“...Allahverənin erməni-müsəlman davasında həlak olmuş böyük qardaşı Əmralının arvadı Fatmanın bu çağacan bir sözü iki olmamışdı”.

Əli İldırımoğlu qələmindən boy verən Vətən sevgisi, yurd məhəbbəti kitabı oxuyanı el-obaya bağlayır. “Son zamanlar axmaq bir dəb düşüb, ayağı yer tutan şəhərə qaçır. Ancaq nahaq yerə! Günümə bir qızıl versələr, şəhərdə qalmaram. Demirəm ey, şəhər pisdir! Daş düşdüyü yerdə ağır olar...”

“Torpaq anaların ayaqları altındadır”

Qadın cəmiyyətin inkişafında katalizator rolu oynayır. Qadının ən böyük vəzifəsi ana olmağındadır. Əli İldırımoğlu paklıq nümunəsi olan qadın haqqında düşüncələrini belə izhar edir: “...qadın ədəbini artırırsa, ailəsini düşünür, bəzəyini artırırsa başqasını... Tanrının verdiyinə qane olmaq ədəbin gözəlliyidir... Bəzən gözəllik namusa qənim kəsilir və onu çirkab bataqlığına sürükləyir...”

Əli İldırımoğlunun gənclərə nəsihəti

“Zorən jurnalist” əsərində müəllif əsərin qəhrəmanı Nazim İlhamın dili ilə deyir: “Razı olmaram ki, arzularım Rəziyyənin bədbəxtliyi üzərində çiçəklənsin...” Əli İldırımoğlunun “Zorən jurnalist”ini oxuduqca sətirlər arasında amiranə addımlarla addımlayan hərb qiyafəli, general çinli bayraq-dar görürəm. O, öndə gedir. Görüntüsü ilə onun arxasınca yürüyən bizlərə mayak kimi yol göstərir. Sözün gücünü sel edib yolumuzu daş-kəsəkdən təmizləməyə cəhd göstərir. Bizi haqqa çağırır. Ədalət carçısı Əli İldırımoğlu sözün gücünə qüdrətdən can verir. Rəziyyənin dili ilə: “...Xarakterində əyilməzlik, dəyanət, qürur təsdiq etsin. Elə bir ər ki, hənirtisi gələndə ayağa qalxım, həddimi bilim. Onun qətiyyəti qarşısında hədyan danışmağa cürətim çatmasın”.

Qanun

Qeysərzadə surəti üzərində çox dayanmaq olar. Və hətta deyərdim ki, bu zəruridir. Çünki qanunu bilməyən bəzi qanun keşikçiləri utanmadan-qızarmadan, “qanunun üzərindən kor-koranə addımlayıb keçərək, pambıqla baş kəsirlər. ...Biri var yazılı qanun, biri də var heç yerdə yazılmamış qanun-lar! Həyatda o kəslər uğur qazanır ki, onlar yazılmamış qanunları daha gözəl bilirlər. Yazılan qanunların ucundan tutub gedənləri isə həyat sıxır, əzişdirir, zəlil eləyir... Hi...hi... Kommunistin siyasəti olmalıdır! ...Qoy nizamnamənin yazılmamış qanunlarından az-çox baş çıxartsın...”

Müəllif öz qəhrəmanı Nazim İlhamın düçar olduğu durumu belə təsvir edir. “...Nazim İlham öz ləyaqət dünyasında üfunətli bir çirkabla üzləşir, bütün varlığı ilə dəhşətə gəlirdi” – deyərək ürək ağrısı keçirir.

Hərbi vətənpərvərlik xətti

Yazıçı-publisist Əli İldırımoğlu “Zorən jurnalist” romanında qələmini süngüyə çevirib əsgərlərimizin yanında görünür. O, əsgəri xidmətdən dolayısı ilə boyun qaçıran üzdəniraqları əsl əsgərlərlə müqayisə edir.

Fatma nənənin dili ilə: “...Ağlınızı başınıza top eləyin haa! Özünüzü qə-məndirlərin, əsgərlərin yanında elə aparın ki, sizə bəh-bəh! desinlər. Görənlər desin ki, belə oğul əkib-doğan ata-analara halal olsun. Babalı deyənlərin boynu-na. Kənddə söz gedir ki, uzun Həsənin oğlu əsgərlikdə sabun yeyib. Kərəmalı-nın oğlu da tütün suyu içib özlərini qəsdən xəstələndiriblər ki, həkimlər onları “neqodnı” eləyib buraxsınlar. Bir söz də danışırlar ki, bizim qapıbir qonşu-muzun oğlu müharibədə özü öz əlini gülləynən vurub. Qospitalda da onun üç barmağını kəsib, müharibədən qaytarıblar. İndi adı “invalid” olsa da, kənddə hamı ona şübhəynən baxır. Bax, oğul, heylə işlərə qol qoysanız, südüm sizə haram olsun. Dədəniz Əmralıdan artıq deyilsiniz ha! Adam öləndə də mərd ölər. Elə iş tutun ki, Əmralının adına layiq olsun, dədazın adını batırmayın...”

Kişi gərək Vətən qarşısında borcunu kişi kimi verə. Yoxsa məmurun hiyləsinə uyub əsgəri xidmətdən yayınmaya. Bir vaxtlar əsgəri borcunu verməyənə qız da verməyiblər. Hazırda biz müharibə şəraitində yaşayırıq.

Təamlarından dadıb, üzərində ev tikib yaşadığımız ulu Vətən torpaqları hər birimizdən kömək gözləyir.

Dərs

Qarı düşmənlərimizin dırnaqarası “qəhrəmanı” olan Andranikin Net Ələk-bərin oğlu fağır Qüdrətin əlində yumağa dönməsi epizodu xüsusilə acı gülüş doğurur: “...Andranik bir az şirnikib, ona əl atmaq istədi. Qüdrət geri çəkildi və:

– Yaxşı deyiblər ki, it qursağı yağ götürməz. Bilirəm tütün məntəqəsi sizi qudurdub. ...Andranikə elə gəldi ki, Qüdrət qorxub onun qabağından qaçır. Ona görə də Andranik bir az da şirnikdi. Arxadan Qüdrətə çatıb, sol əli ilə boynundan yapışdı, sağ əlində tutduğu bıçaqla onun üzərinə qıcandı. Qüdrət üzünü ona çevirəndə bıçağın ucu qaşının üstünə toxundu və bir balaca qan çıxdı. Həmişə sakit, lal-dinməz görünən Qüdrətin gözlərində qəzəb alovlandı. O, çantasını kənara atıb, qızmış nər kimi Andranikin üstünə cumdu. Andranik bıçağı işə salmaq istədi. Qüdrət onun sağ biləyini burub, bıçağı əlindən aldı. Qüdrətin hədəqədən çıxmış gözlərinə heç nə görünmürdü... Haraya gələnlər Andraniki Qüdrətin əlindən ala bilmirdilər. Kənarda dayanan yaşlı bir qadın bükülü əlini yaşmaqlı ağzına tutaraq təəccüblə:

– ... Net Ələkbərin oğlunu fiğara bilirdim. Gör o dığanı nə kökə salıb e!” Andranikin məğlubiyyəti epizodu çox maraqlı, həm də ibrətamiz məna daşıyır. Andranikin kəkələyə-kəkələyə Qüdrətə “Sən türksən!” deməsi də
nəyəsə işarədir.

Erməni müəllimin dərsdə şagirdləri ilə sual-cavabı qarı düşmənin təbliğa-tının qisasçılığa yönəldiyini diqtə edir. Hələ o vaxt müəllif “...belə müəllim-lərdən öyüd alan nəsil çətin ki, tarixi faciələrə düçar olmaqdan yaxa qurtarsın. Həyatda rahatlıq, dinclik tapa bilsin” – deyir. “...Bizim millət isə fil qulağında yatıb. Yağlı tikəmizi ermənilərə yedizdiririk. Bakıda ən yaxşı evlər, vəzifələr ermənilərin əlindədir. Onların aldığı dərs isə... Bunun axırı hara gedib çıxar?!” – söyləyərək Nazim İlhamın dili ilə təzadlı, dumanlı fikirlər içəri-sində dolaşır. Əslində bu əzablar Nazim İlhamın deyil, elə müəllifin özünün ürək yanğılarıdır. “...Andranikin türkə olan qəzəbini, erməni məktəbində gənclərə verilən qisasçılıq, vəhşilik tərbiyəsini ürəyinə salıb özünə dərd eləməsini getdikcə unutmağa çalışsa da bunu bacarmırdı. Onu təhdid edən nifrət hisləri Nazimi rahat buraxmırdı”.

Müəllif postsovet dövründə vəzifəyə biznes, qazanc mənbəyi kimi ba-xanları da tənqid edir. “...Elə adamlar var ki, üzünə tüpürməyə razı olar, lakin vəzifəsini əldən verməyə yox”, – deyir. Üç şeyi bildinmi qurtardı getdi, bütün qapılar üzünə açıqdır. “Almaq, vermək, bir də ki, artist kimi dondan-dona girməyi bacarmaq”.

Dilçilik

Dilimizin leksikologiyası, dil tarixi romanda xüsusi peşəkarlıqla incələnir. Atalar sözləri, xalq deyimləri, təbabət, Azərbaycanın coğrafiyası və ən ümdə hər bir vətəndaşın gündəlik qarşılaşdığı hüquqi mədəniyyət...

Əli İldırımoğlu yaradıcılığı çoxşaxəli olduğu qədər oxunaqlı və dərin fəlsəfi anlama malikdir. Buradakı epizodlar etik normalarla cilalanır, vəhdət daşıyır. Belə ki, dünya sərkərdələrinin həyatından bəhs edən əsərləri oxu-mayan kəs heç vaxt onların kəlamlarından istifadə eləyə bilməz. “...Napoleonun belə bir kəlamı var. Ən böyük əxlaqsızlıq bacarmadığın işdən yapışmaqdır”.

Yazıçı Əli İldırımoğlu qələmə aldığı əsərlərində bəzən şair olur. Qəhrəmanının dili ilə şeir qoşur.

Çalış, dostlarınla kəsmə təması, Yaman olur dostun düşmən olması.

Yüksək intellektə, çevik siyasi məfkurəyə xas olan müəllif “Tez-gec bu sovet hökumətinin tifağının dağılacağını proqnozlaşdırır”. Hamımız yaxşı bilirik ki, Sovetin Dövlət Təhlükəsizlik Komitəsinin asıb-kəsən vaxtı bu ifa-dələri nəinki yazmaq, heç dilə də gətirmək olmazdı! “...Dayağı mazarrat Nə-sirin oğlu olan hökumət əvvəl-axır dağılmalıdır! Düz demirəmsə, atama lənət!”

Dostluq

Dostluq çox incə duyğudur. Müəllif, demək olar ki, hər bir əsərində dostluq haqqında yazır: “Şərin baltası nə qədər iti olsa da, xeyirin budağını kəsə bilməz...” Dar macalda əsl dostlar dostunu darda qoymur. İmkanından uca işlər görür. Dara düşən dostuna, onun ailəsinə kömək edir. “Hadisələrə məkr və hiylədən uzaq olan pak qəlbli gənclərin gözü ilə...” baxır.

Əli İldırımoğlu yaradıcılığına hörmət və ehtiram, “Aqibət” romanını oxu-maq arzusu ilə.

Zəhra
“Zəfər qalası” qəzeti, 23 noyabr 2005-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com