www.aliildirimoglu.az

Nəsr ustasının epik poetikası

Tərcüməçinin qeydləri
Rövşən Qafarov

12.03.13
525.az

Milli söz sənətimizin ustadlarından biri olan Əli İldırımoğlunun “Aqibət” romanının tərcüməsini öhdəmə götürüb əsəri mütaliə etməyə başlayanda, açıq desəm, bir az məyus oldum. Məni pərt edən, hər şeydən öncə, yerinə yetirəcəyim işin çətinliyi idi, çünki xalq dili stixiyasının sadəcə dekorativ bir ibarəpərdazlıq deyil, əsərin birbaşa mahiyyətini təşkil etdiyi bu qədər təkmil mətnin tərcüməsi ilə ilk dəfəydi ki, rastlaşırdım. Mətnin formal quruluşu da işimi bir yandan məhdudlaşdırırdı. Müəyyən standart düşüncəyə malik bir adam kimi, mən romandakı hərəkətin “kitab” sistemi ilə təşkilinə vərdiş etmişəm – “hissə”, “fəsil” və sair və ilaxır. Kifayət qədər mürəkkəb məzmunlu və elə bir onca da böyük həcmə malik “Aqibət” romanından belə bir bölgünü gözləməkdə haqlı idim. “Aqibət”in strukturu isə fərqli ölçülərdə olan, ulduzlarla ayrılmış başlıqların sadə zəncirindən ibarət idi. Yalnız mətnlə dərindən tanış olduqdan sonra başa düşdüm ki, müəllif “xətası”, Qorkinin təbiri ilə desək, “müəllif etinasızlığı” ilə bağlı əvvəlcədən gəldiyim qənaət, əslində, əsərin orijinal üslubi priyomu imiş. Ona görə də, “Aqibət”in ruscaya tərcüməsi (“Vozdayanie”) işıq üzü gördükdən sonra Əli müəllim özünün digər romanının – “Zorən jurnalist”in şərhini mənə etibar edəndə, qeyd etdiyim məsələ ilə bağlı heç bir şübhəyə yol vermədən işə başladım.

Fikirlərin sərbəst uçuşuna imkan vermək – Əli müəllimin bədii metodunun əsasında bu dayanır. Buna görə, əgər ciddi desək, ustadın roman mətnlərinin hətta ən sadə sistemləşdirilməsini belə qaydaya uzaqbaşı könülsüz güzəşt kimi qiymətləndirmək lazım gəlir. Əgər belə demək mümkünsə, o, hər hansı əsərini bircə abzasa “yerləşdirə” bilər. Amma yazıçı özünün bu hipotetik, xəyali abzasını müəyyən hissələrə bölməklə müəllifi cəlb edən “marafon məsafəsinə” çatmaqda oxucuya, elə bil ki, nəfəsdərmə imkanı verir. Roman nəsrinə məxsus bu özəlliyi Əli İldırımoğlunu Ceyms Coys və Tomas Vulfa yaxınlaşdırır və bu, şübhəsiz ki, Azərbaycan yazıçısının sözügedən yazıçıların roman dərslərini mənimsəməsi və həyata keçirməsini göstərir.

Bununla bağlı, hər iki romanda yardımçı epizodlara yer verilməsi də özünü doğruldur. “Zorən jurnalist” romanını təhlil edən professor Əliheydər Haşımov haqlı olaraq yazır ki, əsərin təsviri baxımdan çox mürəkkəb süjet xətti çoxsaylı qollara ayrılır və yalnız baş qəhrəmana bağlılıq hesabına bir araya gəlir. Bizcə isə təkcə “Zorən jurnalist” yox, “Aqibət”in də məzmununu formalaşdıran başlanğıc amil kimi ritmin rolunu xüsusi vurğulasaq, tamamilə haqlı olarıq. Buna görə, professorun Ə. İldırımoğluna məxsus roman nəsrini məcrasından çıxmadan baş alıb gedən çaya bənzətməsi ilə razılaşmaq çətindir. Bu nəsrin ritmi mənə dəyişkən ürək döyüntülərini daha çox xatırladır – gah sakit, gah sürətli, gözlənilmədən dayanan ürək döyüntülərini...

Yardımçı epizodlar barədə sözümüzə davam edərək, Əli müəllimin müəllif üslubunun daha bir özəlliyini də qeyd etmək istərdik. Onun əsərlərində şərti olaraq “hekayə içində hekayə” adlanan bir üsuldan kifayət qədər tez-tez istifadə olunur. Buna örnək olaraq, Nazim İlhamın dumanlı xatirələrində əksini tapan Qaçaq Mürsəlin ömür hekayətini (“Zorən jurnalist”), Kərbəlayi Mirzəxanın borana düşməsinin rabitəçi Səfalət Savalanovun taleyi ilə bağlı hekayətə daxil edilməsini (yenə həmin romanda) və başqa epizodları göstərmək olar. Beləliklə, Ə.İldırımoğlunun belletristikasında XVIII –XIX əsr Avropa romantizmi, konkret desək, Çarlz Metyurin (“Sərgərdan Melmot”) və Yan Pototski (“Saraqosda tapılan əlyazmalar”), necə deyərlər, “mücrü romanı” korifeylərinin ənənələri aydın görünür.

Ə.İldırımoğlunun bədii üslubunu ilkin romantiklərə bağlayan – fantastik və ifşaedici, satirik məqamların qatı realist təhkiyəyə daxil edilməsi kimi daha bir cəhət də var ki, buna da Pototski və Metyurinin ardıcılı olan Ernest Hofmanın təsiri kimi baxmaq olar. Əli müəllimin romanlarında müntəzəm olaraq qarabasma və kabuslar zahir olur (Zabıxlının əcdadlarının səsi, Mir Rahib və Qənirənin ruhları – “Aqibət”, Qanun və Pulun şəxsləndirilməsi – “Zorən jurnalist”), eləcə də bilərəkdən şarj edilmiş obrazlar meydana çıxır, kəskin satira çox tez-tez açıq qrotesk həddinə çatır (vilayət komitəsi katibinin geniş iclası, Kərimlinin saxta qatilləri üzərində məhkəmə – “Zorən jurnalist”).

“Aqibət” romanının rusca nəşrinin üzə çıxması münasibətilə qələmə aldığı “Əjdahaya qarşı qələmlə” adlı məqaləsində tərcüməçi-ədəbiyyatşünas Nadir Ağasiyev yazır: “Yazıçının (Əli İldırımoğlunun. – R.Qafarov) növbəti əsərinin də cümlələri arxasında şəffaf bir nəhrin dibindəki kimi və yenə də əvvəlki dəyişməzliklə çılğın, həssas bir gənci görürük, artıq səksəni adlamış bir ustadın ikinci, bəlkə də, əsas təcəssümü olan bir gənci”. Son üç ildə Əli müəllimin əsərləri ilə yaxından tanış olan bir şəxs kimi həmkarımın yuxarıdakı sözlərinin həqiqiliyini qəti surətdə təsdiq edirəm. “Qızıl qələm” mükafatı laureatı, keçmiş dövrlərə məxsus ağsaqqalların klassik tipi kimi azdanışan, bir az quru və adamayovuşmaz bir insan olmaqla yanaşı, Ə.İldırımoğlu, əsil “islaholunmaz romantik” kimi gənclik çılğınlığını da xoşbəxtcəsinə qoruyub saxlaya bilib. Bu mənə hələ “Aqibət”in ilk səhifəsini oxumağa başlayanda aydın olmuşdu, “Zorən jurnalist” üzərindəki tərcümə təcrübəsi isə onun haqqındakı bu qənaətimi qəti surətdə təsdiq etdi.

Əli müəllimin dünyaduyumunda təkcə canlılar yox, hətta cansız təbiət də insaniləşdirilir. Onun nəsrində balasını canavar parçalamış madyan dərin kədərə düşür və “canı çıxır”, insanların halına dözə bilməyən eşşək gəbərir, kəsilmiş palıdı görən meşə quşları dərdə-qəmə düçar olur, təpələr qəhrəmanın acı qismətindən yasa batır, atadanqalma iş aləti unutqan oğulu səssizcə məzəmmət edir və sair və ilaxır.

Mənim tərəfimdən edilmiş daha bir müşahidə. Ə. İldırımoğlunun əsərlərində mürəkkəb simvolikaya malik, hərtərəfli bir Quş obrazı var. Məhbəsdə olan Sücəddin uçan quşları görüb fikrən ata ocağına gedir (“Aqibət”), bunun tam əksinə, bəzgəklərin səsi gənc Nazim İlhamın iztirablarına son qoyur. Qənirənin ölümü ərəfəsində ölüm xəbərçisi olan quş (alabaxta) onun qarşısında zahir olur (“Aqibət”), birinci katib Şirxan İsmayılzadənin diri-diri yanacağı talada peyda olan qarğa da eyni işi yerinə yetirir (“Zorən jurnalist”).

Tərcüməşünas Heydər Orucov özünün “Ağsaçlı ozanın yeni nəğməsi” adlı məqaləsində “Aqibət”in milli dastan ənənələrinə gedib çıxan nağılvariliyini həssaslıqla qeyd edir. Mən bu məsələ ilə bağlı öz tərəfimdən bunu əlavə edə bilərəm. Vladimir Nabokov bir vaxt Qoqolun “Ölü canlar”ını açılmış metafora fenomeni adlandırmışdı. Məncə, Ə.İldırımoğlunun adıkeçən romanı da eyni təyinata uyğun gəlir. “Aqibət”in həlledici metaforik komponentləri bir-biri ilə qarşılıqlı ziddiyyətdə olan Dəlmə arxı və Dəvəbatan bataqlığıdır. Bu iki kəsişən simvolun etimologiyası diqqətəlayiqdir: həyatın qurumuş mənbəyi və məhsuldar ölüm yuvası. Məkan baxımından bunlar vertikal və horizontaldır, yəni bədii baxımdan formal antipodlardır. Bununla belə, hər iki simvol əzəldən eyniyyətə malikdir – istər mütləq kəmiyyətlərinə (ölüm və ölüm), istərsə də keyfiyyət göstəricilərinə görə (hər ikisi, “minus” işarəlidir: ölüm). Yalnız bərpa olunandan sonra arx burulğanın real antipoduna çevrilir və müsbət anlam kəsb edir (həyat). Dəvəbatanla isə belə metamorfoza prinsipcə mümkünsüzdür, o əzəldən “minus”la (aşağıya doğru) işarələnib: ölüm.

“Zorən jurnalist”də biz simvolların belə incə oyunu ilə üzləşmirik, bununla belə, əsərin diqqətli oxunuşu zamanı onun “Aqibət”lə səsləşən başlıca fikir doğurucu motivini də görməmək mümkün deyil. “Zorən jurnalist”in əsas qəhrəmanının mühakimlərindəki yuxarıdakı obrazlara “bağlılığa” da bir allüziya kimi baxmaq lazım gəlir:

“Nazim İlham prokurordan ayrıldıqdan sonra adəti üzrə əlini belinə vurub tək-tənha şəhərdən xeyli aralandı. Qızlarquşunun və göy qarğaların dəlmə-deşik etdikləri yarğanların dibindən axan çayın sahilinə endi. Onsuz da həmişə bulanıq axan çay, yazqabağı olduğundan indi çamır gəlirdi. Quzey tərəfdəki daşların arasından pıqqıldayıb çıxan bulağın dumduru suyu çaya qarışanda öz şəffaflığını itirirdi. Nazim bu qovuşan suların təzadını öz romantik aləmində başqa cür yozurdu. Bulaq sanki sahilə yayılan ləpələri durultmaq istəyir, lakin məcrasına sığmayan çayın girdabında burularaq, saflığını itirib özü də çirkablaşırdı. Neçə-neçə büllur çeşmə qızmış nər kimi ağzı köpüklənə-köpüklənə aşıb-daşan bu xırsız selin burulğanında necə də bulanıb çirkab olurdu...”

Allüziya haqqında söhbətə bir əlavə də etmək yerinə düşərdi. “Aqibət” və “Zorən jurnalist”dəki obraz və hadisələr ya birbaşa, ya da dolayısı ilə Fərhad haqqındakı arxaik əfsanə ilə səsləşir. Cahangir və onun oğlu Sücəddin (“Aqibət”) öz ölkəsini susuzluqdan xilas edən daşçapan bahadırın qəhrəmanlığını təkrar edirlər. Nazim İlham da (“Zorən jurnalist”) öz növbəsində birbaşa Fərhadla eyniləşdirilir. O tələbə olarkən əfsanəvi qəhrəman haqda yazılar yazır və ona öz bildiyi cizgiləri şamil edir ki, bu da simvolların diliylə öz taleyini müəyyən etmək anlamı verir. Və doğrudan da, hadisələrin gedişi zamanı Nazim İlham fərhadsayağı qəhrəmanlıqlar göstərir, amma sadəcə tişə yox, kağız-qələmlə silahlanır.

Daha bir anologiya. “Aqibət” və “Zorən jurnalist”in ümumi leytmotivi Cəza və Qismət mövzusunun ardıcıl inkişafıdır. Bu əsərlərin ən mənfur obrazları sonucda sadəcə həyati uğursuzluğa düçar olmur, məsələn, tutaq ki, Çayqovuşanın birinci katibi Nadir Nəsrullayev kimi qətl törətmək üstündə sadəcə həbs olunmur, həm də vaxtsız fiziki sonlarına çatırlar – Qalaçı kolxozunun sədri Lovğa Səftər kimi qorxudan ölür, Qızyetər və Minayə kimi güllələnir, dəyirmançı Şahnəzər kimi ölümcül zərbədən canını tapşırır (“Aqibət”), qəddar Ziyad Kərimli kimi bıçaqlanır, vilayət komitəsinin başçısı Şirxan İsmayılzadə kimi diri-diri odda yanır, DTK-çı Nifaq Behbudov kimi ürək tutmasından keçinir (“Zorən jurnalist”). Görmək çətin deyil ki, göylərin qarğışı onları bu romanların ən xeyirxah, ən təmiz qəhrəmanları – məsum Qənirənin, ləyaqətli Kar Bağırın, namusu ləkələnmiş Nəcibənin həyatını məhv etdikləri üçün tutur.

Təəssüf ki, bu oçerkin həcmi bizə öz araşdırma predmetimizin yalnız ən ümumi cizgilərindən danışmağa imkan verdi. Beləliklə, biz “Aqibət” və “Zorən jurnalist”in idiomatik və digər üslubi özəlliklərini açıqlamaqdan – ayrıca, geniş söhbətin mövzusu ola biləcək məsələdən özümüz də istəmədən imtina etməli olduq. Eləcə də, Ə.İldırımoğlunun roman poetikasına məxsus bir sıra digər cəhətlərdən də danışmaqdan eyni dərəcədə vaz keçmək zorunda qaldıq. Biz bu kəsirləri “Qızıl qələm” ustasının belletristikasına məxsus ən səciyyəvi özəllikləri özündə bir küll halında əks etdirən xüsusi bir essedə aradan qaldırmaq niyyətindəyik.


 


















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com