www.aliildirimoglu.az

HEKAYƏLƏR

XALİS BAL

Tıq, tıq. Darvaza döyüldü. Məzahir Əşrəfzadə tələsmədən saçına daraq çəkib pencəyini çiyninə saldı. Gözlükdən bayıra baxıb qapını döyənin kimliyini biləndən sonra cəftəni açdı. Qonşusu dəmirçi Xıdır şad xəbər gətiribmiş kimi onun üzünə irişdi və yaxın gəl demək mənasında şəhadət barmağını geri qatlayıb Əşrəfzadəyə işarə vurdu. Əşrəfzadə maraq dolu nəzərlərini ondan ayırmadan səkiyə çıxdı. Dəmirçi Xıdır çəp gözünü qırpa-qırpa Əşrəfzadənin çənəsinin altına yeridi və dərin bir sirr açırmış kimi xısın-xısın:

- Qonşu, - dedi. - Keçən axşam bacanağım gəlmişdi bizə. Xeyli vaxtdır ki, görüşmürdük. Sinəmiz yaman dolmuşdu. Ordan-burdan xeyli söhbət saldıq.

Əşrəfzadə Xıdırın nəfəsində xoşagəlməz ağırlıq hiss etdiyi üçün bir addım geri çəkildi. Dəmirçi Xıdır da iki addım irəli yeriyib ağzını lap onun sinəsinə dayadı.

- Hə, sözümüzün arasında balan dursun, - dedi.-Bacanaq dedi ki, Qurdlar məhəlləsində Çopur Həsənin arıları bu il yaman bal gətirib. Özü də nə bal! - Xıdır sözünün təsirini artırmaq üçün üst dodağını dişləyib gözünü səyirtdi.

Bal sözünü eşidəndə Əşrəfzadənin marağı daha da artdı. Və bu dəfə özü qonşusuna tərəf irəlilədi. Ancaq nə Qurdlar məhəlləsini tanıyırdı, nə də ki çopur Həsəni.

Odur ki, duruxub söhbətin sonrasına qulaq asdı. Dəmirçi Xıdır təəccüblə:

- Qurdlar məhləsini tanımırsan?

Məzahir Əşrəfzadə fikrə getdi və başını bulayaraq: - Xeyr, - dedi. - Elə bir bələdçiliyim yoxdur.

- Çopur Həsəni necə, onu da?!

Əşrəfzadə yenə də yox demək mənasında ağır-ağır başını buladı. Dəmirçi Xıdır istehzalı gülüşü, əl-qolunun bayağı hərəkətləri ilə Əşrəfzadəyə eyhamla baxdı. Tam çılpaqlığı ilə deməsə də, Məzahirə anlatmaq istədi ki, onun kimi mötəbər bir adamın Qurdlar məhəlləsini, xüsusilə çopur Həsən kimi məşhur balsatanı tanımaması qəbahətdir. Və deməli, Əşrəfzadə elm və vəzifə sahibi olmasına, yaşının əllidən ötməsinə baxmayaraq, bu fani dünyada çox şeydən bixəbərdir. Daha dəqiq desək, adi bir dəmirçinin və ya onun bacanağının bil­dik­lərinin çoxunu Əşrəfzadə bilmir.

Dəmirçi Xıdır bu barədəki üstünlüyünü büruzə ve­rə­rək ötkəm əda ilə öskürüb içini arıtladı və:

- Qonşu, yox,- dedi. - Əvvəla, bu rayonda Qurdlar məh­ləsini pəpə deyəndən məmə yeyənə hamı tanıyır. Dünyada nə axtarsan, orada taparsan. Lap quş iliyi, ceyran südü də. Moskvadan, Leninqraddan, Sibirdən belə alıb gətirirlər. Hamısı da defisitni. Çox da baha satmırlar. Suyu qiymətinə. Çopur Həsənin də ki, balına söz yoxdur. Bacanaq deyir ki, adam dilinə vuranda qantəpər, baldırğan, sarıçiçək qoxusu gəlir.

Dəmirçi Xıdır sinəsini geri verib baş barmağını şeşirdərək:

- Bax, belə baldır! - dedi. - Bacanaq deyir ki, istəsən şan, istəsən süzməsini. Alanın özündən asılıdır. Kimin xətri necə istəsə...

Məzahir Əşrəfzadə uzun müddət uzaq dağ kənd­lə­rində işləyib, müəllim olub. O vaxt bir də görürdün, kitab-dəftər qoltuğunda məktəbə getdiyi yerdə naxırçı İzzət çəkinə-çəkinə kəsdi qabağını:

- Məzahir müəllim, ayağını bir az yavaşıt, sa-a deməli sözüm var.

- Buyurun.

- Müəllim, dünən naxırı quzeyə vermişdim. Gördüm üst tərəfdəki qayanın döşündə arı qaynaşır. Müəllim, arı, nə arı! Yəqin qismət imiş, dayna. Sağlığına tez tüstü düzəltdim. Usdubcaca arını tutdum. Yaxşıca da bal yığ­mışdı, kəsdim. Bir kasa da sa-a saxlamışam. Dedim, öy­rə­nim görüm evə nə vaxt qayıdırsan?

Bir həftə keçməmiş axşam, çay-çörək vaxtı qapı dö­yül­dü. Bağ gözətçisi Məlik kişi əlində ağzı bağlı mis baydaça utana-utana içəri daxil oldu:

- Məzahir müəllim, bağışla, gecə vaxtı narahat elə­dim. Bu gün fikirləşdim ki, gandalaş qaralıb. Arpaya da çin çəkilir, arıları yoxlayım. Gördüm, səbətlərin hamısı ağzınacan dolub. Bu yaz yaxşı gəlib, arının əsl ilidir. Elə iki şan da sa-a gətirdim. Az da olsa, nübardır...

Məzahir Əşrəfzadə rayon mərkəzinə böyük vəzi­fə­yə gələndən sonra ürcahına daha o cür xalis bal çıx­mır­dı. Yeri gələndə həsədlə deyirdi ki, ağzının dadı elə kənd­də qalıb.

Düzdür, əli əvvəlkindən də uzundur. Ordan-burdan tapdırır. İdarə müdirlərindən pay gətirənlər də olur. Ancaq necə bal?! Yarısı qənd, pesok. Əsla bal dadmır. Məzahir Əşrəfzadənin ümumiyyətlə, şirin şeydən xoşu gəlir. Xüsusilə, baldan. Son vaxtlar da həkimlər ona deyiblər ki, çoxlu bal yesin. Ürəyin birinci dərmanıdır. Zehni də artırır. Odur ki, hasar qonşusu dəmirçi Xıdırın bu bal söhbəti Əşrəfzadə üçün göydəndüşmə oldu.

Dəmirçi Xıdır zindana çəkic endirmək istəyirmiş kimi geri dartılıb görkəminə ciddi ifadə verdi:

- Amma qonşu, bundan beləsi öz işindir, - dedi. - Alsan da, almasan da, özün bilərsən. Daha mən qarışan deyiləm.

Bacanağın sözündən belə çıxdı ki, çopur Həsən bir az çətin adamdır. Hələm-hələm ipə-sapa yatan deyil. Qəliz xasiyyəti var. Bir az kəmhövsələdir. Amma tay özün bilərsən, qonşu. Məndən demək.

Məzahir Əşrəfzadə fikirləşdi ki, pulumu verib bal alıram. Xasiyyət almıram ki. Xasiyyəti pis oldu, yaxşı oldu, bunun mətləbə nə dəxli. Uzaqbaşı, malını ya baha deyəcək, ya da satmayacaq. Burada nə itirirəm?

Əşrəfzadə nə qədər balpərəst olsa da, bir belə kü­çə­ni basa-basa gedib Qurdlar məhəlləsinə çıxmağı, öm­rün­də üzünü görmədiyi bir adamı axtarmağı qüruruna sığış­dırmadı. Amma etibar etdiyi tanış-bilişdən bir neçə dəfə sifariş göndərib onu evə çağırtdırdı. Nəhayət, bir gün...

Tıq, tıq. Darvaza döyüldü. Məzahir Əşrəfzadə aya­ğı­nın ucuna bir cüt nimdaş çust keçirib həyətə endi. Adə­ti üzrə əvvəlcə çölə boylandı və sonra qapını eh­ti­yat­­la açdı. Ortaboylu, başında uzundimdik boz kepka olan qırmızısifət bir adam səksəkə ilə boğazını içəri uza­dıb gözlərini Əşrəfzadəyə zillədi. O, xəfifcə qımışaraq:

- Ola-ar?

Məzahir Əşrəfzadə onu tanımasa da, ani olaraq düşündü ki, qapıya gələni qaytarmazlar və yarıkönül: - Buyurun, gəlin, - dedi.

Qonaq həyət-bacaya oğrun-oğrun yad nəzər salıb abrına qısılırmış kimi:

- Vallah, iş-gücün yaman pis vaxtıdır, - dedi. -Başımı qaşımağa macal tapmıram. Sifarişin elə dünən çatıb. De­dim, getmərəm, kişi inciyər. Gəldim görüm, xeyir­dimi?!

Məzahir Əşrəfzadənin tərəddüdlü görünən sifəti açıldı:

- Balsatan?! Həsən sizsiniz?!

Çopur Həsən qızartı çökmüş çöhrəsinə itaətkar ifadə verərək:

- Bəli, Həsən mənəm, - dedi və boynunu çiyninə tərəf əyərək əlavə etdi: - Ancaq müəllim, səni səhv başa salıblar. Mən balsatan adam deyiləm.

Əşrəfzadə pərt oldu. Öz-özünə: "Necə yəni balsatan deyiləm? Bu boyda da yalan olar? Bacanağını deyə bilmərəm, dəmirçi Xıdır heç vaxt dilinə yalan gətirən, dor-dolaşıq adam deyil. Neçə ilin qapıbir qonşusuyuq. Hələ bir kərə qəlp iş tutduğunu, kimə isə fırıldaq gəldiyini eşidib görməmişəm. Rəhmətlik atası Bəşir kişi də halal adam idi".

Əşrəfzadə öz-özünə: - hər halda məsələni araşdırmaq lazımdır, - dedi. - Görünür, burada nə isə bir himə var. O, qonağa: - Buyurun, əyləşin, - deyib  yer gös­tər­di.  Çopur Həsən tərəddüd içərisində stulların birinə əy­ləşdi. Əşrəfzadə də onunla qabaq-qənşər oturdu. Hava o qədər də isti deyildi. Amma Çopur Həsənin si­fəti pörtmüşdü. O, alnındakı təri silmək üçün dəsmal çıxartdı. Qonağın bu hərəkətləri Məzahirin diqqətin­dən yayınmırdı. Və həm də çox xoşhal olurdu. Düşü­nür­dü ki, abırlı kişiyə oxşayır. Adamın qarşısında qızarıb tər tökür. Utandığından dili də söz tutmur. Beləsindən heç vaxt xata gəlməz. İnsanlığın elə birinci nişanəsi də abır-həyadır.

Əşrəfzadə geri qanrılıb, mətbəxə göz gəzdirdi. Həyat yoldaşı Abhəyat xanıma işarə vurdu ki, çay gətirsin. Çopur Həsən ona göstərilən bu hörmət-izzətin müqabilində özünü daha da itirdi, başını aşağı dikib barmağının ucu ilə stolun üstünə salınmış süfrənin iri mavi gülünü sığallaya-sığallaya:

- Müəllim, arıdan yaxşı başım çıxır, - dedi. - Sər­ra­fı­yam. Ata-babamız da köhnədən arıçı olub. İndinin özün­də də az-çox balım olur. Bal yaxşı şeydir.

Çopur Həsən axırıncı kəlməsini xüsusi intonasiya ilə dedi və yerində qurcalana-qurcalana sözünə davam etdi:

- Özünü öymək olmasın, bizim bu Qarabağ mahalında heç kəs arının dilini mənim kimi biləmməz.

Məzahir Əşrəfzadə qəndqabındakı konfetlərin içində bir nanəcövhərlisini seçib Çopur Həsənin qabağına qoydu:

- Çayını soyutma, iç, - dedi və qırmızı nəlbəkili stəkanı ona tərəf sürüşdürdü.

Həsən başını yuxarı qaldırıb Əşrəfzadənin üzünə heyrətlə baxdı:

- Yaxşı bal mədə-bağırsaq, qaraciyər, öd yolu, böy­rək, ürək, əsəb xəstəliklərinin birinci dərmanıdır, - dedi.

O, əl dəsmalını tərləmiş alnına çəkib, boğazını Əş­rəf­­zadəyə tərəf uzatdı və bu sahənin dərin bilicisi ol­du­ğunu nümayiş etdirirmiş kimi qaşlarını dartıb gözlərini geniş açdı:

- Amma hər bal yox, - dedi. - Mən hər bala bal de­mə­rəm. Arı gərək kəklikotudan, qantəpərdən, qara­ti­kan çiçəyindən, meşələrdən, güldən şirə çəksin. Kim hə­min çiçəklərin balından tapıb ildə bir kilo, para kilo yesə, ömründə azar-bezar tapmaz. Həmişə gümrah qalar. Balın bir xüsusiyyəti də var ki, heç vaxt xarab olmaz. İstəyir on il, lap yüz il saxla, fərqi yoxdur. Elə ona görə deyiblər, - əsil azmaz, bal qoxumaz. Ötən həf­tə qonşumuzun məktəbli uşağının baldırını it yığışdırmışdı. Dedilər, quduz dəymişin üç dişi batıb. Gəldilər, bir nəlbəki bal verdim. Balı yaranın üstünə tökən kimi elə oradaca qaldı. Bir neçə gündən sonra uşağın yarası qaysaqlanıb sağaldı. Əgər yaranın üstünə mənim balımdan tökməsəydilər, körpənin qıçı çoxdan sim atmışdı. Hə, əsl balın qiyməti yoxdur. Min dərdin dərmanıdır. Amma yenə deyirəm. Gərək, bal bal olsun! Tay şirə-mirə yox.

Əşrəfzadə bir dəqiqəliyə üzr istəyib, onun sözünü kəsdi və ayağa qalxıb içəri keçdi. Abhəyat xanıma ehmalca pıçıldadı ki, çaya salmaq üçün limon doğrasın. Və əlavə etdi: - Zalım oğlu, bal sərrafıdır, - dedi. - Görək sonrası...

Məzahir qayıdıb stulunda əyləşən kimi Həsən alnında puçurlanan təri silib sözünə davam etdi:

- Arı da cürbəcürdü. Məsələn, boz-qara, Qafqaz, sarı-İran, Qabaqtəpə. Hər arı pətəyi mövsüm ərzində yüz əlli kiloqrama qədər bal tutur.

Çopur Həsən stulunun arxasına söykənib sifətini turşutdu.

- Amma mənim yeşiklərimin hər birində otuz-qırx kiloqramdan artıq olmur. Çünki arıları aran çiçəyindən şirə çəkməyə qoymuram. Yalnız dağ çiçəyi. Dağ! Hə, dağ çiçəyinin balı hələm-hələm ələ düşməz.

Əşrəfzadə Çopur Həsənin söhbətindən heyrətlənmişdi. O, içəri keçib yenə də Abhəyat xanımı yanladı:- Əsl mən axtaran adamdır, - dedi. - Bunun balından olmaz. Stola yaxşı mürəbbə də gətir. Yüngülvarı da xörək hazırla. Süfrəni də dəyiş. Keçən dəfə Moskvadan alıb gətirdiyim saçaqlı süfrəni açarsan.

Çopur Həsən bal və arı haqdakı söhbətinə fasilə verib dizinin üstünə qoyduğu sol əlindəki dəsmalı qulağının ardında, ətli peysərində gəzdirdi. Sonra könülsüz-könülsüz bir qurtum çay içib stəkan-nəlbəkini geri elədi. Əllərini ovuşdura-ovuşdura:

- Müəllim, bayaq sözümün əvvəlində dedim ki, mən balsatan deyiləm. Birdən elə başa düşərsən ki, balsatanam haa. Əttövbə! Məsələn, durum bazara gedim, Çəki-tərəzi qurum, kilo-kilo bal satım, ömrümdə belə işə qol qoymamışam. Qoymaram da! Əvvəla, köpük-quruş dalında yatan adam deyiləm. İkincisi də ki, mənim balım hələ bazar üzü görməyib. Əgər görən olubsa, desin!

Söhbətin bu yeri Məzahir Əşrəfzadəni açmadı. O, daxilən dilxor olsa da, bunu hiss etdirmədi. Təəccüblə Abhəyat xanımın üzünə baxdı. Abhəyat xanım da əri­nə:- Elə mən də sənin kimi çaş qalmışam, - demək mə­na­sında qaş-gözünü oynatdı. Əşrəfzadə düşündü ki, yə­qin bu adamın iki-üç yeşik arısı var. O da ailəsinin eh­ti­yacını ancaq ödəyir. Çopur Həsən doğrudan da balsatan deyil. Ona görə də dəmirçi Xıdırın felinə uyub bir ne­çə dəfə sifariş göndərməyimə, onu bura çağırtdırma­ğı­na, bir belə uzun-uzadı söhbət etməyinə dəyməzmiş. Nahaq yerə həm Çopur Həsənə zəhmət vermişəm, həm də özüm bir belə vaxt itirmişəm. Məzahir Əş­rəf­­zadə məsələni dürüstləşdirməkdən ötrü mülayim tonda yoxlayıcı suallar verməyə başladı:

- Həsən kişi, neçə yeşik arın var?

Çopur Həsən qarşısındakı mötəbər adamla bu haq­da kəlmə kəsməyə utanıb xəcalət çəkirmiş kimi üzünün tə­rini silərək:

- Müəllim, - dedi. - Bizlərdə ata-baba adətinə görə arı­nın sayını deməzlər. Çünki düşər-düşməzi olar. An­caq sağlığına bir qırxacan var.

- Ailə üzvləriniz neçə nəfərdir?

- Külfətimdi, özüməm, bir də ki, iki nökərin. Cəmi dörd baş.

- Bəs, bir o qədər balı, dörd adam necə...

Çopur Həsən alicənab görkəm alıb gülümsündü və ani olaraq susduqdan sonra utana-utana:

- Müəllim, - dedi. - Düz buyurursan. Düz sözə nə de­mək olar? Bizim ailəyə bircə yeşik də bəsdir. Qalanını sa­tıram. Ancaq bazarda yox. Sən də beş adamın biri­sən. Yaxından olmasa da, kənardan eşitmişəm. İnsaf­çünə, haqqında da yaxşı sözlər deyiblər. Tanıyıb bilənlər danışır ki, Əşrəfzadə camaat adamıdır. Arılarım da sa-a peşkəşdi, ev-eşiyim də. Ma-a da birdən-ikiyə ağız açıb söz deməmisən. Sənnən bal müzəyiq eləmərəm. Ancaq müəllim, satanı dəyiləm.

Əşrəfzadə lap çaş qalmışdı. O, ayağa qalxıb mətbəxə keçdi və Abhəyat xanımı tələsdirərək: - Bir az əlli tərpən, - dedi. - Xörəyi tez gətir, o üçulduz konyakdan da...

 Çopur Həsən yenə də üzündə muncuqlanan xəcalət tərini silə-silə:

- Qəlbində qaraltı qalmasın, müəllim, - dedi.- Mənim xüsusi adamlarım var. Biri Moskvada  məşhur cərrahdır. Deyirlər, çox yüngül də əli var. Amma düşmənim də onun bıçağının altına düşməsin. Adı da Viktordu, nədi, Vitya da deyirlər. Qəliz də familiyası var, qalıb evdəki dəftərçəmdə. Biri də-ə-ə Daşkənddə işləyir. Avtomaşınları yoxlayanların böyüyüdür. Müəl­lim, sənnən yaxşı olmasın, canlara dəyən oğlandı. Çox da mülayim xasiyyəti var. Adı da elə dilimin ucundadı... Özü də gərək ki, Kazan tatarıdır. Biri-i Bakıda gəmi sürür. Dənizdə neft daşıyır. Əsli də bizim bu qonşu kənddəndir. Biri də Sumqayıtda yekə bir zavodun direktor müavinidir. Neçə dəfə də direktor qoymaq istəyiblər, özü razı olmayıb. Yaxşı başı var. Çox bilikli adamdır. Hərdənbir də teleqram vurub bayramımı təbrik eliyir. Arvadı da, anam-bacım olsun, canlara dəyən gəlindir. Biri də-ə Bakıda zərgərdir. Qara da "Volqa"sı var. Adı yadımdan çıxıb. Amma onu bilirəm ki, əmisi oğlu nöyütçü komandasında futbolçudur. Zalım oğlu, topun dalınca yaman yüyürür. Amma onun da bəxti gətirmir. Belə ki, vurduğu top qapıdan keçmir. Ya yan dirəyə dəyir, ya da yuxarıdan ötür. Amma zalım oğlunun yüyürməyinə söz yoxdur.  Qaçarağına tazı da çatmaz. Müəllim, nə başını ağrıdım, mənim bir neçə o cür adlı-sanlı müştərilərim var. Müştəri də deyəndə ki, hamısı da dönüb olublar tanış. Tanışlıq da çoxdan dostluğa çevrilib. Hər payıza dönəndə ya özləri gəlir, ya da adam göndərirlər. Dərman üçün hərəsinə artıq yox, bir kilo, iki kilo, lap yuxarısı üç kilo bal verirəm. Yemək üçün yox e, dərman kimi. Çünki xalis baldır. Məndən də yerdən-göyəcən razıdırlar. Məyər indi dünyada etibarlı adam qalıb?! Dilləri ağızlarına sığmır. Deyirlər ki, Həsən, neçə məmləkət ayaq­la­mı­şıq, lap xarici ölkələrdə də olmuşuq, hələ sənin balın ki­mi xalis bal görməmişik. Ode, bazarda da satırlar. Qa­pı-qapı da gəzdirirlər. Çopur Həsən burnunu qırış­dı­rıb, sifətini turşudub, ətli cəngini yana dartdı:

- O baldır?! O cür balım olsa, adam üzünə çıxartmaram. Mən ölüm, Məzahir müəllim, özün de. Yaxşı balı da heç bazara çıxardarlar?! Qapı-qapı gəzdirib müş­təri axtararlar?! Yox, mən o cür çörək yeməmişəm. Ye­mərəm də! Durum kəndbəkənd düşüm, nədi-nədi bal satıram. Ay-hay! Çopur Həsən ölmüşdü. - O, əlini havada oynatdı.

Abhəyat xanım süfrəyə xörək gətirdi. Ortalığa ani sükut çökdü. Əşrəfzadə qonağa: - Buyurun, bir loxma...

Çopur Həsən təndir lavaşının qırağından kəsə-kəsə: - Müəllim, saa neçə kilo lazımdı?

Məzahir Əşrəfzadəyə cəmi on kiloqram bal lazım idi. Bu söhbətdən sonra qərarını dəyişdirmişdi. Fikir­lə­şir­di ki, belə girəvə həmişə ələ düşməz. Elə iyirmi kilo de­yim. Nə ziyanı var? Xarab olmur, iylənmir. Bəlkə son­ra yaxşısı tapılmadı. Bu da bir fürsətdir düşüb. Ha­lal olsun dəmirçi Xıdıra. Atalar yerində deyib ki, yaxın qonşu uzaq qohumdan fərzdi. Adi dəmirçi olsa da, ki­şinin oğlu kara gələn adamdır.

Məzahir deyəcəyi sözün necə təsir bağışlayacağı barədə fikirləşə-fikirləşə çəngəli salat qabındakı təzə xiyara batıraraq:

- Həsən kişi, bizim ailə böyükdür, - dedi. - Həm də qonaq-qaramız çox olur. İşdən-gücdən baş açıb başqa yerə getmək mümkün olmur.

Çopur Həsən onun sözünü kəsib: - Getsən də, xeyri yoxdur, - dedi. - İndi dünyada nə etibar eləməli adam qalıb, nə də ki, xalis bal.

Məzahir Əşrəfzadə başı ilə onun sözünu təsdiq edib: - Doğrudur, - dedi və əlavə etdi. - İyirmicə kilo düzəltsəydin, pis olmazdı. Haqqı haqq, minnəti də...

Çopur Həsən ağzına uzatmaq istədiyi dolu qaşığı qaytarıb boşqaba qoydu və geri çəkildi. O, kinayə ilə gülümsünərək:

- Müəllim, nə danışırsan! - dedi. - İyirmi kilo bal on adamın payıdır. Bu gün-sabah təyyarəynən, qatarnan, avtomaşınlarnan neçə gün, neçə gecə yol qət edib qapıma töküləcəklər. Hamısı da məni deyib gəlir. Yox, müəllim, onları əliboş geri qaytara bilmərəm. Sənin hesabına gərək on dost itirəm. Yox, incimə, müəllim. O qədər düzəldə bilmərəm.

Əşrəfzadə dediyinə peşman olub, sözünə düzəliş verməyə çalışdı:

- Həsən kişi, geri çəkilmə, - dedi. - Çörəyini ye. Eybi yoxdur. Nə qədər mümkün bilsən, o qədər də verərsən. Verməsən də, sağ ol.

Çopur Həsən qayışının altını bərkitdikdən sonra işıldayan yağlaçov dodağını ədəb-ərkanla silib:

- Müəllim, iyirmi yo-o-ox, bir halda ki, üz vurursan, çalışıb on kilo düzəldərəm. O da sənin xatirinə ha-aa!

Həsən dərindən köks ötürərək:

- Gərək onun-bunun payından yüz qram, iki yüz qram kəsəm. Eybi yoxdur. Deyərəm ki, bu ilin yazı qu­raq keçib. Arılar yaxşı gətirməyib. Yalan yarğan deyil ki, yıxılam, qol-qabırğam əzilə. Dağdan ağır kişisən, yolunda ölümə də gedərəm. El arasında belə bir məsəl var, xətir üçün xəstə yatmazlar. Amma mən sənin xətrin üçün...

Məzahir Əşrəfzadə məmnun olduğunu bildirdi və: - Sağ ol! - dedi. Sonra da əlavə etdi:- Siz verəni qənaətlə qonaq-qaraya işlədərik. Uşaqlar üçün də birtəhər bazardan-zaddan taparıq.

Çopur Həsən üstünə tökülən çörək qırıntılarını təmizləyib dil-ağız edə-edə ayağa qalxdı:

- Müəllim, Abhəyat bacıdan soruşun görək, evdə boş qabı varmı?

Abhəyat xanım içəridən hər biri on kiloqram tutan iki qab çıxartdı. Əşrəfzadə həyat yoldaşına tərs bir nə­zər salaraq: - Qabın birini qaytar, - dedi. - Lazım deyil.

Çopur Həsən mərd və ötkəm danışdı: 

- Müəllim, mən ölüm, Abhəyat xanımın xətrinə dəymə, - dedi. - Bir halda ki, iki qab çıxardıb, qoy versin. On kilo da bacının xətrinə düzəldərəm. Düzdür, məndən çox adam inciyib-küsəcək. Eybi yoxdur. Təki Abhəyat xanım narazı qalmasın.

Onun bu cür səxavətli tərpənməyi Əşrəfzadənin də, Abhəyat xanımın da xoşuna gəldi.

Əşrəfzadə tutduğu işi əvvəlcədən ölçüb-biçən adam­dı. Odur ki, məsələni dağ etmək məqsədiylə soruşdu:

- Həsən kişi, atalar deyir ki, bəxşiş var tümən-tümən, haqq-hesab var dinar-dinar. De görüm, balın kilosu neçəyə olacaq?

Bu söz sanki Çopur Həsənə çox ağır gəldi:

- Müəllim, ayıb şeydi, - dedi. - Əvvəla,  ərz etdim ki, mən balsatan deyiləm. İkincisi də, bizim aramızda pul nədi, qiymət nədi?! Bu az yaşımızda dünyanın çoxunu da görmüşük, azını da. Pul əl çirkidir. Həyatda insanlıq qa­lacaq. Mən heç vaxt var-dövlət dalınca qaçmamışam.

Məzahir Əşrəfzadə yenə də dolayı yollarla təkrar etdi: - Həsən kişi, çox sağ ol, - dedi. - İltifatın artıq ol­-sun. Amma yenə də qardaş olsa da, - kisəmiz ayrıdı. Hər halda sən alacağını, mən də verəcəyimi bilsək, yax­şı olar. Atalar: örtülü bazar, dostluğu pozar, - deyiblər.

Çopur Həsən lap təbdən çıxdı:

- Müəllim, xatirinə dəyməsin, bəlkə məni gədə-gü­də hesab edirsən! - O, əlini sinəsinə qoyaraq: - Mən də özümə görə bir kişiyəm, ya yox?! Bayaq dedim ki, mən qəpik-quruş dalında yatan oğullardan deyiləm. Bu balı elə-belə pay verirəm. Sonraa?! Buna nə sözün? Yəni sizlərdə gətirilən paya da qiymət qoyurlar?

Məzahir Əşrəfzadə söhbəti uzadıb yenə qiymət məsələsinin üstünə gəldi.

Çopur Həsən:

- Müəllim, görürəm, çox üz vurursan, onda gəl belə danışaq. Əvvəlcə baldan yeyərsən, sonra özün qiy­mə­tini qoyarsan, - dedi.

"Başına gələn başmaqçı olar", - deyiblər. Əşrəf­za­də­nin başına belə əhvalatlar çox gəlib. Ona görə də yenə qiymət söhbəti qaldı. Çopur Həsən özündən razı halda için-için gülərək:

- Müəllim, qorxma, - dedi. - Hər halda sənə ver­di­yim başqalarınkından ucuz çıxar.

Çopur Həsən qiymət məsələsini örtülü qoyub dar­va­zadan çıxdı. Qablar dəmir qapıya dəyib danqıldadı və tükürpərdici səs çıxartdı.

Məzahir Əşrəfzadə də, daha ucundan tutub ucuz­luğa getmək istəmədi. Götür-qoy edib fikirləşdi ki, at deyil, dəvə deyil, yaxşı süzmə balın kilosu üç manat, şanın kilosu da dörd manatdır. Qoy Çopur Həsən də yuxarısı dördə versin. Daha bundan ötrü...

Aradan bir neçə dəqiqə keçmədi ki, darvaza qapı­ları taybatay açıldı. Çopur Həsənin əvvəl uzundimdik kep­kası, sonra bədəni, bir də ki, əlindəki boş qablar göründü:

- Müəllim, bayaq bir məsələni unutdum. Bal bir neçə gün gec olacaq. Çünki indi havalar nəmişlikdir. Arı çiçəyə getmir. Belə vaxtlarda əvvəla, yeşiklərə yaxın düşmək olmur. İkincisi də, dəbərtsən, arılar bir-birini qırıb məhv edər.

Çopur Həsən qaşlarını dartıb boynunu şax tutdu və əl-qolunu ölçə-ölçə: - Əşşi, bu, sən görən arılardan deyil e. Başqa cinsdir. Xortumu bax, bu uzunluqdadır. - O, çeçələ barmağının buğumundan yuxarı hissəsini gös­tər­di: - Hansı çiçəyin üstünə qondu, xortumunu salıb şi­rə­sini axıracan çəkir. Bu, ayrı arıdır. Mən hər arını yeşiyimə qoymaram.

Məzahirin Çopur Həsənə qarşı heyrəti daha da artdı və onun dedikləri ilə razılaşdığını bildirdi. Çopur Həsən boş qablar bir-birinə dəyib dınqıldamasın deyə, hərəsini bir əlinə alıb darvazadan çıxdı və irəlidəki döngədən burulub yeyin addımlarla gözdən itdi.

Abhəyat xanım ölçüb-biçib fikirləşdi ki, Çopur Həsənin gətirəcəyi o cür xalis baldan sonra evdəkini saxlamağa dəyməz. Belə yerdə deyiblər ki, - təzə gəldi bazardan, köhnə düşdü nəzərdən. Abhəyat xanım dib evdəki balın bir hissəsini uzaq-yaxın qohumlara pay tutdu. Qazanın dibində olub-qalan şirəni də siyirib uşaqlara yağ yaxmacı elədi. Amma özü dilinə vurmadı. Çünki Çopur Həsənin o cür söhbətini eşidəndən bəri evdəki bal gözündən düşmüşdü.

Həftə ötdü, ay tamam oldu. Məzahir Əşrəfzadənin özünün də, uşaqların da intizarlı gözləri Çopur Həsənin yolunda qalmışdı. Son günlər lap səbirləri tükənmişdi.

İstirahət günüydü. Tıt-tıq... Darvaza döyüldü. Əşrəfzadənin altıncı sinifdə oxuyan ortancıl oğlu qapının gözlüyündən çölə baxıb sevincək geri döndü: - Darvazanın dalında cavan bir oğlan dayanıb, - dedi. - Əlində də anamın bir ay bundan qabaq balsatana verdiyi qablar.

Məzahir Əşrəfzadə cəld ayağa qalxdı. Onun ardınca Abhəyat xanım. Darvazanı açdılar. On üç-on dörd yaşlı bir oğlan uşağı əlində də həmin qablar ərklə həyətə daxil oldu: - Həsənin oğluyam, - dedi. - Vacib qona­ğımız olduğu üçün, atam gələ bilmədi, məni göndərdi. Balı gətirmişəm.

Bal dolu qabları tez onun əlindən aldılar. Məzahir Əşrəfzadə ona stul göstərmək, - buyur, əyləş, - demək istəyirdi ki, Çopur Həsənin oğlu aman vermədi. O, buradakı böyük-kiçiyi saya salmadan Əşrəfzadənin sözünü ağzında qoydu. Sırtıq və tələbkar bir tonda:

- Dədəm dedi ki, sizə kilosu on manatdır. Cəmisi iki yüz manat eləyir. Pulunu verin, lazımdır, - dedi. - Tələ­sirəm. Dədəm dikdə gözləyir.

Elə bil Məzahir Əşrəfzadənin kürəyindən elektrik cərə­yanı keçdi. Bədənində isti bir gizilti hiss etdi. Am­ma bütün bunları büruzə vermədən sakitcə əlini cibinə saldı. İyirmi dənə qırmızı onluq sayıb təmkinlə Çopur Həsənin oğluna uzatdı.

Aynabənddə bal qablarını dövrəyə aldı1ar. Ab­hə­yat xanım qabın qapağını götürəndə sifətini turşutdu. Baldan bir barmaq götürüb əvvəlcə dilinə vurdu, sonra işığa tutdu. Abhəyat xanım ağzını tamsıda-tamsıda:

- Başıma xeyir, ay Məzahir! Vallah-billah bundan bal tamı gəlmir. Xalq doşab alır bal çıxır, bizim kişinin də aldığı bal doşab dadı verir!

Məzahir Əşrəfzadə elə bil yerə mıxlandı. Onların hər ikisinin təəccüb və mütəəssir baxışları bal dolu qablarda, uşaqların pak nəzərləri isə valideynlərinin kor-peşman görkəmlərində donub qalmışdı...

 

1979-cu il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com