www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

İSTEDAD, ÜSTƏGƏL ZƏHMƏT TƏRİ

Müasir insanın həyatını, məişətini dövri mətbuatsız təsəvvür etmək çətindir. Bir gün qəzet oxumayanda özümüzə yer tapmırıq. Ələlxüsus da respublikamızın baş qəzeti “Kommunist”i. Bu qəzetin səhifələrində isə oxucuların izlədikləri, məhəbbətlə qəbul etdikləri imzalar arasında bir imza da var: Əli İldırımoğlu. Oxucular qırx ilə yaxındır ki, bu imza ilə dərc olunan ictimai mətləbli oçerk və felyetonlarla tanış olur, lirik süjetli etüdləri, reportajları maraqla oxuyurlar. Əli müəllim jurnalistikamızın istedadlı ağsaqqal nümayəndələrindəndir. Elə buna görə də onunla söhbətimizi jur-nalistikadan saldıq:

– Əli müəllim, jurnalist məsuliyyəti, jurnalist əməyi barədə fikriniz?

– Jurnalist olmaq üçün təkcə diplom kifayət deyil. Jurnalistin, ilk növbədə yüksək məsuliyyət hissi olmalıdır. Məni, bəlkə də, jurnalist eləyən həmin hiss olub. Çalışmışam, yuxusuz gecələr, narahat gündüzlər yaşamışam, necə deyərlər, oxumun daşa dəydiyi vaxtlar da olub, ümidsizliyə düçar olduğum anlar da. Amma ruhdan düşməmişəm, öz üzərimdə işləmişəm. Yaxşı yadım-dadır, Qubadlı rayon qəzetində işə götürülmüşdüm. İlk məqaləmi redaktor geri qaytardı və dedi ki, xalq dilində yazılmalıdır, məqalənin dili sadə olmalıdır. Qapını örtüb bərk ağladım ki, bu nə işdir düşdüm? Fikirləşdim ki, mənim dostlarım var, onlar məyus olacaq, atama bu, dərd gətirəcək. Odur ki, can-dildən çalışırdım, axtarırdım ki, necə jurnalist olmaq olar? Mən bunu heç bir ədəbiyyatda tapmadım. Bizdə jurnalistika ədəbiyyatı yoxdur. Olanlar da nəzəriyyədən o yana ötmür. Həyat çatmır bu kitablarda.

Mən çoxlu qəzet oxuyur, məqalənin yazılma texnikasını öyrənirdim. Yavaş-yavaş çap olunmağa başladım. Tez-tez redaksiyaya zəng vurub mənə irad tuturdular. Redaktor isə bir ucdan danlayırdı. Bu da məni çox narahat edirdi. Lakin mən öz üzərimdə çalışır, yorulmaq nə olduğunu bilmirdim. Zirvənin cığırı dərədən başlayır. Gərək dibdən gələsən – həyatın dibindən. Mən zənglə müxbir olmamışam. Onda raykomun birinci katibi kəndimizə gələrkən dərsimdə oturmuşdu. Görünür, dərsin gedişindən razı qalmışdı. Az sonra onun tapşırığı ilə məni rayon qəzetinə işə götürdülər. İndi raykom katibləri kəndə yalnız təsərrüfata baxmağa gedirlər.

– Yaxşı jurnalist olmaq üçün nə lazımdır?

– Yaxşı jurnalist olmaq istəyirsənsə, gərək bir damcı istedada doxsan doq-quz faiz zəhmət təri qatasan. Çətini oturana qədərdir. Zəhmətlə hər şeyə nail ola bilərsən. Yazı-pozu əzablı işdir. Bu əzaba qatlaşmaq, dözmək, kişi kimi sinə gərmək lazımdır. Bəziləri deyir ki, jurnalistlik azad peşədir. Əksinə, bu elə peşədir ki, insan heç vaxt azad olmur. Toyda, düyündə, küçədə, avtobusda da, dostların, yoldaşların arasında da, hətta ailədə də jurnalist daim nə yaza-cağı, necə yazacağı barədə düşünür. Jurnalistin redaktoru ən əvvəl onun öz vicdanıdır. Mən hər an öz işimə bu vicdanın ölçüləriylə yanaşıram. Evdə yaxşı bilirlər ki, mən işləyəndə bərk əsəbi oluram. Hətta ən çox istədiyim nəvəm Ərol da böyür-başıma üzükə bilmir. Çünki acılayıram. Elə ki məqalə hazır oldu, üz-gözümdən buludlar dağılır. Mən işimdən narazı olanda redak-toru gözləmirəm, özüm özümü danlayıram, özüm özümü cəzalandırıram. Su-xomlinski demişkən, insan gərək özünü özgələrin gözüylə görsün. Jurnalistə gərək “yaz” deməsinlər. Təəssüf ki, bizim gənc jurnalistlər bunu unudur, bu peşəyə məsuliyyətlə yanaşmır, harda olur-olsun işləməyi özlərinə rəva bilirlər. Məsələn, bəziləri universitetin jurnalistika fakültəsini qurtardıqdan sonra müxtəlif idarələrdə hesablayıcı işləyir, hətta kargüzarlıq da eləyirlər. Tələbə jurnalistlərin praktikasından da narazıyam. Bu gənclər gərək uzun müddət kənddə-kəsəkdə, zavodda, camaat arasında olsun, xalqı, onun həya-tını öyrənsinlər. Əsl jurnalist bu zaman yetişir, formalaşır.

– Jurnalistin ictimai mövqeyi barədə nə deyə bilərsiniz?

– Qırx ilə yaxındır ki, “Kommunist” qəzetində işləyirəm. Ən çox tənqidi material yazanlardan biri də mənəm. Lakin bunların heç biri mübahisə do-ğurmayıb. Ola bilsin bəzi xasiyyətlərinə görə kimdənsə xoşum gəlməsin, amma yaxşı işçi kimi ondan oçerk yazmışam. Mən heç vaxt sifarişlə, məq-sədlə yazı yazmamışam. Mənim sifarişim vicdanım və ictimaiyyətin rəyidir. Heç vaxt qərəzlə yazmamışam, oçerklərimdə yüksək rütbəliləri tərifləməmişəm. Mənim oçerklərimin qəhrəmanı poçtalyon, suçu, dəmirçi, çilingərdir. Yüzdən yuxarı oçerk və felyeton yazmışam – hamısında bu prinsipi əsas götürmüşəm.

Oçerk və felyeton hər hansı hadisə, obyekt və adam haqqında öz-özlüyündə müəyyən bir qərardır. Bu, ictimai fikirdir, rəydir. Belə yerdə ehtiyatlı olmalı, yüz ölçüb, bir biçməlisən.

– Söz sözü çəkdi. Oçerk yazmaq çətin deyil ki?

– Çox çətindir. Nəinki oçerk, adi bir informasiya yazmaq da çətindir. Oçerk yazmağın məsuliyyəti isə daha çoxdur. Əvvəla, müraciət elədiyin mövzu son dərəcə xarakterik olmalıdır. İkincisi, oçerk bitkin sənət əsəridir. Üçüncüsü isə budur ki, oçerkdə ritorika, yalançı pafosa uymaq imkanları da boldur. Təəssüf ki, bizim müasir oçerklərimizdə bu hal üslubi keyfiyyətə çevrilib. Gərək bundan qorunasan. Bir dəfə Ağcabədi rayonunda böyük yazıçımız Süleyman Rəhimovla görüşdüm. O, mənə pambıqçılığa aid yazdığı bir məqaləni verib dedi ki, buna bir bax. Sonra əlavə etdi ki, balam, məqalə yazmaq nə çətin şeymiş? Hekayə yazmağa nə var ki?..

– Bəs felyeton necə?..

– Düzü, hər dəfə felyeton yazanda ürəyim ağrıyır ki, kiminsə qəlbinə dəyə-cəyəm. Lakin mənə təsəlli verən odur ki, bir-iki nəfərin incikliyi hesabına minlərlə adamın ictimai mənafeyinə xidmət etmiş oluram. Çalışmışam ki, felyetonlarımda xırda, şəxsi, məişət məsələlərindən daha çox ictimai problemlərə toxunum. Məsələn, “Qar və qarğıdalı” felyetonunda respub-likaya milyon manatlarla başa gələn texnikanın acınacaqlı taleyindən söz açılır. “Qapı açıldı” felyeton-novellanın qısa süjeti belədir: rayon XDS İcraiyyə Komitəsinin işçiləri idarəyə səhər girir, bir də axşamdan keçmiş çıxırlar. Hamı elə bilir ki, onlar ciddi işlə məşğuldurlar. Bir gün də qapı açılır və görürlər ki, sədrin müaviniylə katibi yeyib-içirlər...

– Sizin jurnalistlik fəaliyyətiniz bütünlüklə xüsusi müxbirliklə bağlıdır. “Kommunist”in veteran müxbirlərindənsiniz. Söhbətlərinizdən hər dəfə belə başa düşürük ki, xüsusi müxbir üçün iki cəhəti əsas sayırsınız: qələm və şəxsiyyət...

– Şəksiz belədir. İstedadla şəxsiyyət birləşməsə, əsl fenomen jurnalist yaranmır. Bəziləri deyirlər ki, yerlərdə raykom katibləri ilə xüsusi müxbirlər yola getmirlər. Əslində, katiblə müxbir əl-ələ verib işləməlidir. Öz yerində olan katiblə öz yerində olan müxbir arasında anlaşılmazlıq yarana bilməz. Belə məsələ, belə narazılıq, quru, lüzumsuz çəkişmə varsa, görünür, onlardan hansısa öz yerində deyil. “Kommunist” qəzeti Mərkəzi Komitənin orqanıdır, katib də MK-nın yerdə nümayəndəsidir. Əslində, katib də, müxbir də eyni işi görürlər. Odur ki, müxbirin yazdıqları obyektiv olmalı, ictimai məna daşımalı, xalqın arzu və istəyinə xidmət etməlidir. Belə yazılar həm müəllifə, həm də kollektivə hörmət gətirər.

– Buna aid bir misal deyə bilərsinizmi?

– Bəli, deyə bilərəm. Bir gün yolum Qubanın Xınalıq kəndinə düşmüşdü. Bu kənd çox qədim tarixə, ənənəyə malikdir. Amma adamlar kəndi tərk edirdi. Mənə elə gəldi ki, elin bu etibarsızlığından dağlar da kövrəlib. Dərdli dağlar sanki nisgilini danışıb, adamı köməyə çağırırdı. Mən buradan müsbət yazı hazırlamağa gəlmişdim. Fikrim dəyişdi və qayıdanda “Dağ dərdi” adlı felyeton yazdım. O yazı respublika rəhbərliyinin diqqətini cəlb etdi. Azər - baycan SSR Nazirlər Soveti Xınalıq kəndinin sosial-iqtisadi inkişafını sürətləndirmək haqqında xüsusi sərəncam qəbul etdi. İndi orada böyük işlər gedir, tikintilər aparılır. Xınalığa Qudyalçay boyunca yeni yol çəkilir. Mən yazını yazıb kənarda durmamışam. Yolçəkənlərlə tez-tez görüşürəm. Və o yalçın qayaların arasında daşqınlarla döşləşən mərd adamlar haqqında “El yolu” oçerkini yazmışam. İş geri qalanda onun səbəblərini üzə çıxarıb, qəzetdə ciddi siqnal vermişəm. İndinin özündə də həmin yolçəkənlərlə tez-tez görüşür və onlara hər cür kömək göstərirəm. Yerli təşkilatları ayağa qal-dırır, respublika idarələrini, nazirləri “narahat edirəm”. Belə olduqda yerli partiya-sovet orqanları müxbirdən nə üçün narazı qalsınlar?

– Sizi həm də yazıçı kimi tanıyırıq. Bu mənada jurnalist müşahidəsi-nin yazıçı yaradıcılığına təsirinə necə baxırsınız?

– Qəlbim arzularla doludur. Onlardan bəzilərini bədii əsərlərimdə əbədi-ləşdirmək istəyirəm və bunu mənəvi borcum kimi başa düşürəm. Lev Tolstoy deyir ki, sizi narahat eləyən hislər varsa, povest və hekayələr yazın. Yoxdursa, heç nə yazmayın. Əlbəttə, yazmadan da yaşamaq olar. Mən məşhur yazıçı olmasam da, bir şeyi dərindən dərk eləmişəm ki, asanlıqla yazılan kitab çətinliklə oxunur.

Kitab ərköyün uşaq kimi bir şeydir. Layiqincə boya-başa çatdırmaq üçün gərək onun nazını çəkəsən. Dörd kitabın müəllifiyəm. “Zorən jurnalist” ro-manı üzərində işləyirəm – jurnalistlərin həyatındandır. “Qara tut” povestim ata-oğul münasibətlərinə həsr olunacaqdır. “Həmin adam” romanımın qəhrə-manı həyatdan gəlib. Mən bir neçə redaktorla işləmişəm. Bəzən görürsən jur-nalist səriştəsi olmayan bir adamı gətirib redaktor qoyurlar. Bu, reseptdən başı çıxmayan adamı səhiyyə şöbəsinə müdir qoymağa bənzəyir. Əslində isə “Həmin adam” romanı daha geniş mənada yerində olmayan adamlar haqqın- dadır... Vəzifə səlahiyyət verir, amma ağıl, kamal, bacarıq vermir.

– Qırx ilə yaxındır ki, Siz, necə deyərlər, sözlə işləyirsiniz. Yəni cəmiyyətdə öz mövqeyinizi, sosial-iqtisadi və mənəvi həyata münasibə-tinizi sözlə ifadə edir, aşkarlığa, yenidənqurmaya aid müxtəlif yazılarla çıxış edirsiniz. Bu mənada həm də ideoloji sahədə fəalsınız və Sizə siyasi təşviqatçı deyə müraciət etsək, heç də yanılmarıq. Elə isə bu ictimai vəzifəyə münasibətiniz?

– Dostoyevskinin bir sözü var. Deyir ki, biz hamımız xalqıq və gördü-yümüz bütün işlər xalq işidir. Bu mənada biz ideoloji işçilər dövlətin qərar və göstərişlərini icra edir, beləliklə də, təbliğat və siyasi təşviqat işi görürük. Sizin jurnala münasibətimə gəldikdə isə deyə bilərəm ki, son vaxtlar yerli mühitə, yerli qayğılara daha çox yaxınlaşırsınız. Kabinetdə oturmaq ayrı, yerlərlə əlaqə saxlamaq ayrı. Adamların içində olmalı, mövzunu da, problem-ləri də burada axtarmaq lazımdır. Son vaxtlar ziyalıların arzu və fikirlərini yaxşı əks etdirirsiniz. Siyasi təşviqat işi isə əslində, budur: yaxşını göstər, təbliğ elə, pisi tənqid.

– Məlum olduğu kimi, Siz Ermənistanla həmsərhəd rayonda boya-başa çatmısınız. Bugünkü hadisələr fonunda könül dəftərinizdəki xatirə-lər yada düşürmü?

– “Dünyada insanlar arasında ünsiyyət tellərindən qiymətli heç nə yox-dur”. Bunu fransız yazıçısı Ekzüperi deyib. Son hadisələr isə həmin telləri qırıb. Şərə xidmət eləyən heç nə ilə barışmaq olmaz. Bir-birinin musiqisini sevən, bir-birinin yolundan keçən, bazarı bir olan, dərd-səri, sevinci, qəmi bir olan iki xalqın bugünkü münasibətləri məni məyus edir. Hadisələrə hərə bir cür qiymət verir. Amma məsələnin kökünü, səbəbini, mənbəyini heç kim dərindən şərh eləmir.

– Eşitdiyimə görə “Əməkdar jurnalist” adı almağınız doğum günü-nüzə təsadüf edib. Belədirsə, təsadüflərə inanırsınızmı?

– Belə olmağına belədir. Və əgər bunu təsadüf hesab eləmək mümkün-dürsə, demək, təsadüflərə inanmaq olar. Amma bunun özü də zərurətdən doğan təsadüfdür. Deyəsən, bir az təvazökarlıqdan uzaq olduq...

– Maraqlı söhbət üçün çox sağ olun.

R.Abdullazadə
“Təşviqatçı” jurnalı, yanvar 1989-cu il, №1


















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com