www.aliildirimoglu.az

OÇERKLƏR

AYGÜNLÜNÜN ÇİÇƏKLƏRİ

Aygünlü kəndinin girəcəyində yaraşıqlı bir bina ucalır. İkimərtəbəli, geniş aynabəndli, dörd tərəfi bağ-bostan, həyətində "Moskviç" maşın. Baxanlar həsəd aparır. Lakin heç kəs təəccüblənmir. Dodaqlardan - bu gün-güzəran, firavan həyat nəyin hesabınadır? - pıçıltıları qopmur. Sahibi fəhlədir. Əlağa Balayev. Qırx ildən çoxdur inşaat təşkilat­la­rında çalışır. Önlük bağlayır, iri fəhlə əlcəyi taxır. İnşaatçı qiyafəsində səhərdən-axşamacan daş qaldırır, divar hörür, palçıq qarışdırır… Onun mərd çöhrə­sin-dən süzülən tər damcıları neçə-neçə binanın bünöv­rəsinə hopub. Ucaltdığı binalar onu da ucaldıb,əbədi abidəsinə çevrilib. Elə indinin özündə də peşəsini at­mır, unutmur. Mexanikləşdirilmiş səyyar dəstənin qabaqcılıdır. Yenidənqurmanın öncülüdür.

Onun işdən nə vaxt qayıtdığını Səmayə hamıdan səreh bilir. Qırx illik ömür-gün yoldaşı. Özü də saatına baxmadan. Dəhlizə çıxıb əlini yanqılıncı gözünün üstünə tutur, qüruba əyilən günəşə, bir də ki, dağların zirvəsindəki buludların qızartısına nəzər salır. Sonra da öz-özünə: - Əlağa indicə gələr, - deyir. Dəhlizdən həyətə enir, samovara od salır. Kəndin o başından Əlağanın hənirtisi gələndə Səmayənin çöhrəsi cilvələnir. Tez həyət darvazasına tərəf yönəlir, cəftəni geri çəkir, qapıları taybatay açır. Əlağa əyləşdiyi "Moskviç"in sürətini azaldıb sükanı sakitcə sağa burur, həyətinə daxil olur. Ərlə arvadın mehriban baxışları rastlaşır. Elə bil neçə ilin həsrəti qovuşur. Sanki bahar çiçəklərinə qərq olan bağ-bağça da təbəssümlənir. Elə həyət-baca da onların bir-birinə olan istəyi, səmimiyyəti ilə yar-yaraşığa düşüb. Yaxşı deyiblər: "İki kötük baş-başa verməsə, tüstüsü gur çıxmaz".

Yarım əsrə yaxındır Əlağa ilə Səmayə beləcə, bu bağlı-bağatlı abad evdə, isti yuvada baş-başa veriblər. Neçə-neçə uğurlar tapıblar. Baba kimi, nənə kimi, kəndin zəhmətkeşi, xeyirxahı kimi.

Həyətə daxil olanda müsahibim, kəndin təsərrüfat sədri Əlisahib Musayev ərklə:

- Qonaq qəbul eləmirsiniz? - soruşdu. Əlağa xoşhal oldu:

- Qonaq tanımayan qapını heç Allah da tanımaz - ev sahibi cavab verdi. - Buyurun gəlin. Bu ev-eşiyim sizə peşkəşdi.

Əlağanın gözü Əlisahibdə qalmışdı. Fikirləşirdi ki, elə-belə gəlməz, yəqin həyətyanı təsərrüfatında yenə bir irad tutacaq. Deyəcək - suvarmanı gecikdirmisən, bostan-tərəvəzi alağa vermisən… - Ancaq Əlisahib başqa şey soruşdu. Sovxoz gübrəni, peyini vaxtında gətiribmi? Aqronom gəlmişdimi? - Əlağa təsərrüfat sədrinin suallarına müsbət cavab verdi. Sovxozun köməyindən heç bir giley-güzarı olmadı. Həyətyanı təsərrüfatlara nəzarət və kömək məsələsi heç də təsadüfən ortaya çıxmayıb. Yay, yaz, payız, qış sübhün şəfəqləri sökülən kimi Dəvəçinin kəndlərindən rayon mərkəzinə, yaxın-uzaq şəhərlərə axın başlanırdı. Yağ, pendir, süd, qatıq, xiyar, pomidor, mer-meyvə, göy-görti axtarmağa. Neçə il idi ki, belə idi. Çoxu da o adamlar ki, geniş həyətyanı torpaq sahəsi var, əkin suyu da başının üstündə. Kəndin çiçəkli örüşləri də öz yerində. Di gəl ki, çox adamı ətalət basmışdı. Öz istehsal imkanlarını qoyub şəhərə, bazara göz dikmişdilər. Bu qüsurlu hal rayonun başçılarını az düşündürmürdü…

Nəhayət, əməli addımlar atıldı. İmkanlar araşdırıldı, ehtiyatlar təhlil olundu: şəhər, qəsəbə və kəndlərdə ayrı-ayrı şəxslərin ixtiyarında iki min hektar torpaq sahəsi var. Ancaq bundan necə istifadə olunur?! Deməyə adamın dili də gəlmir.

Şəxsi təsərrüfatları toxumla təmin etmək üçün rayonda xüsusi mağaza açıldı. Camaatın yığıncağında həyətyanı təsərrüfat sədri seçildi. Sədrə kömək üçün beş nəfərdən ibarət mütəxəssis ayrıldı. Onlar sovxozun şəxsi təsərrüfatlara köməyini təmin edir, həyətyanı torpaq sahələrindən səmərəli istifadə olunmasına yaxından diqqət yetirirlər. Bir də Əlisahib Musayevdir, Aygünlü kəndinin təsərrüfat sədri. Əlisahib müəllim bu kənddə doğulub boya-başa çatıb. Onun tələbəliyi də, müəllimliyi də doğma kəndində keçib. Kimlə rastlaşırdı onun qarşısında ehtiramla baş əyir: - Salam! Sabahın xeyir, Əlisahib müəllim! - deyirdi. Əksəriyyəti öz yetirmələri, ədəb-ərkan öyrətdikləridir. Kənddə kim onun bir sözünü iki eliyə bilər?! Təqaüddə olsa da, kəndin hər işinə, gücünə yarayır. Xeyir-şərdən kənarda qalmır. El-obasının sayılanıdır. İndi də təsərrüfat sədri. Hamı çalışır həyət-bacası səliqə-sahmanlı, bağ-bağçası barlı-bəhrəli olsun. Torpaq xali qalmasın. Bir dən verəndə beş sünbül qaytaran torpaq. Onun sahibi də bir dəstə göy-göyərtidən ötrü dükana, bazara gedərmi?! Bu Əlisahib müəllimin sözüdür. Təsərrüfat sədrinin.

Əlağa bizi Sona xalanın ağ çiçəyə bürünmüş iri armud ağacının kölgəsindəki çay süfrəsinə dəvət etdi. Əli ilə əkib-becərdiyi ağacdan bir limon dərib doğradı. Ortalığa gilənar, armud, gilas, alça mürəbbələri gələndə Əlağa:

- Öz həyətimizdəndir - dedi. - Sona bişirib.

Əlağa gəlişimizin səbəbini biləndə:

- Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır - deyib, cəld ayağa qalxdı. Keçən axşam ovxarladığı dəh­rəsini götürdü, bağ qayçısını kəmərinə keçirdi - çal-çəpərə gərək əl gəzdirəm, - dedi. O qabağa düşdü, biz də arxasınca. Əlağa tərəvəz ləklərini göstərdi: - Bu il on min dəstədən çox olub - dedi və sonra xəyallandı. - Bazar-ları dolanıb satmağa vaxt hardadı?! - deyib narazı halda sözünə davam etdi: - Əlac ona qalır ki, bir yerdən verib qayıdaq. Bazar dəllalları elə göydə qapırlar. Bazara yaxınlaşmağa da qoymurlar.

O, istehza ilə gülümsünərək:

- Düzü alverçilər tədarükçülərdən qoçaq tərpənirlər - dedi. - Gəlib qapımızda alsalar, nə dərd idi. - Əlağa incə eyhamları ilə narazılığını büruzə verdi.

- Sarımsaq əkdiyi sahələrə nəzər salanda onun gözləri işıqlandı və:

- Bu il yaxşı gətirib - dedi. - Bir tondan çox olacaq. Bu gün-sabah yığmalıyıq. - Əlağa sarımsaq bitkilərinin arasındakı cücərtilərə işarə etdi: - O da şüyüt, keşniş, vəzəridir - dedi. - Sarımsağı yığandan sonra ikicə dəfə ki, suvardın, buraları alacaq ağzına. Yığıb-yığışdırmaq da olmur. Özümüz yeyəndən, qış üçün qurudandan sonra azı iyirmi min dəstəsini bazarlarda satacağam.

Əlağa əlavə dedi:

- Bərəkətli torpaqdır, yaxşı əkinçinin əlində olsa, ildə iki-üç dəfə məhsul verər. - O, dərin təəssüflə:

- Əşşi, bu cür torpağın sahibi də dükana, bazara möhtac olar?! Həyətdə hansı ağac yoxdur?! Əncir, gilas, armud, alça, zoğal, qarağat. Hamısı da yüksək məhsul verən sortlar.

Əlağa armud ağaclarını göstərdi:

- Tam bara düşəndə ildə altı-yeddi ton məhsul verəcək.

İri tut ağacının dibində dayandıq. İri qanadları xeyli yer tutur. - Axı Əlağa bağında belə ağac saxlamır - düşündük. Heç təsərrüfat sədri də bunu irad tutmurdu. Görəsən səbəb nədir? Əlağa elə bil bu sualı baxışlarımızdan oxudu. Tut ağacının qarıyıb pıtırlaşmış gövdəsinə nisgilli nəzər saldı. Dərindən ah çəkdi:

-Bu, ağac deyil, abidədi. - Onun fikri düz əlli il bundan qabağı dolandı. Qardaşı Əlini yada saldı… Onda qaçaq-quldurun qabağında durmaq olmurdu. Gündə bir pəstah çıxarırdılar. Onda qardaşım Əli bu kolxozun komsomol təşkilat katibi idi. Enlikürək, pəhləvan cüssəli. Bir yay gecəsi xırmanda qaldı ki, dərz taylarını yandırmasınlar, taxılı oğurlamasınlar. Elə həmin gecə də… Güllə səsi gəldi. Namərdlər onu vur­du. Toyuna hazırlaşırdıq. Nişanlısı gözü yaşlı qaldı.

Əlağa tut ağacını göstərdi:

- Bax bunu o salıb, - dedi, - Əli. Ona görə də bizim üçün müqəddəsdi, heç kəs toxunmur. Heç quruyan çırpısını da yandırmırıq. Əlinin bircə şəkli də qalmayıb. Təsəllimizi bu tut ağacından alırıq.

Əlağaya toxtaqlıq verdik və keçmişin acı xatirələrini unutmaq üçün söhbətin istiqamətini dəyişdik. Səmayə tez-tez dəhlizə çıxıb:

- Əlağa, qonaqları çox yorma, xörək soyudu - deyirdi.

Əlağa Balayevin şəxsi təsərrüfatı bir nağıldır. Ona baxmaqdan yorulmurduq. Başqa bir səmtdə mal-qara saxlanırdı. Əlağa quşçuluq təsərrüfatından danışdı- yüzə yaxın yumurtlayan toyuğumuz var, - dedi. - Gündə on iki manatlıq yumurta satırıq. İki baş da cins inəyim var. Ağartısı bizi bol-bol görür. Artığını satırıq. İldə də iki balasını böyüdüb ət tədarükünə verirəm. Bir həftə bundan qabaq ət hazırlığı idarəsindən üç min manat pul almışam. Aylıq əmək haqqım iki yüz manatdır. Bundan əlavə, ildə bu təsərrüfatdan üst-üstə iyirmi minə yaxın gəlirim olur.

Əlağa Əlisahibə xoş nəzər salaraq yarızarafat:

- Bu təsərrüfat sədri də peyda olandan bəri işimiz xeyli asanlaşıb - dedi. - Sağ olsunlar. Sovxoz gübrəsini verir, aqronom məsləhətini. Bir çətinliyə düşəndə də təsər­rüfat sədri dadımıza yetir. Su da ki, bol. - O, səsini qaldıraraq: - Tək mən yox ee, bütün bu Aygünlü kən-di­nin adamları elə bil qəflət yuxusundaymış. İndi ayılıblar. Dünənki alıcıların hamısı, satıcı olub. Dəvəçi bazarında meyvə-tərəvəz su qiymətinədir.

Kənddə yüzdən artıq həyətyanı əkin sahəsi vardır. Biz birinin - kəndin qoçağı Əlağa Balayevin təsərrüfatı barədə yazdıq. Ancaq bütün kənd ağlı-qırmızılı çiçəklərə qərq olur.

 

3 may 1988-ci il

"Kommunist" qəzeti

Dəvəçi



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com