OÇERKLƏR
ATA FƏRƏHLƏNİR
Söhbət bir az uzandı. Kolxozun anbardarı Vəli kişiyə yaxınlaşıb incikliyini bildirdi:
- Vəli əmi, - dedi, - sədrimiz neçə dəfə məni danlayıb. Axı, biz təzə məhsulu hara yığaq? Anbarda yer yoxdur. Çox adam keçən ildən qalan normasını aparmır. Elə biri də sən özün. Anbarları təmizləmək lazımdır, ya yox?
- Düz deyirsən, sözüm yoxdur. Ancaq bilmirəm, taxılı aparıb hara yığım? İyirmi kisə üyüdülmüşünü üst-üstə yığmışam. İki tonuna da hələ əl vurmamışam. Naşükürlük olmasın, ehtiyacımız yoxdur. Bir də ki, axı məni niyə qızardırsan?! Buğda mənim deyil? Götürmürəm, bağışlayıram kolxoza, buna nə deyirsən?
- Vəli əmi, mənim ixtiyarım yoxdur kolxozçunun taxılını anbarda saxlayım. Üzümə söz gəlir. Deyirlər anbarı boşaltmalısan! Vəssalam! - deyib anbardar yenə də Vəli kişiyə etirazını bildirdi.
Kolxozun veteranı, Əmək qəhrəmanı Turab kişi kəndin ağsaqqalı kimi söhbətə qarışaraq:
- Vəli kişi, neçə yaşın olar? - deyə soruşdu.
Vəli kişi gümüşü papağını bir balaca geri itələyib, xəfifcə gülümsədi:
- Nikolay taxtdan düşəndə, bığıburma oğlan idim, - dedi. - İndi yaşım səksəni ötüb. Yəni səksən çoxdur? Xeyr, Turab əmioğlu. Şair demişkən hər kəs yüz il yaşamasa, günah onun özündədir.
Turab güldü və:
- Yox e, Vəli, sözümün canı var, - dedi. - O mis mədəninə indi Qafan şəhəri deyirlər, ora kəl arabası ilə taxıl almağa getdiyin günlər yadına gəlir?
Vəlinin nikbin baxışları bir kədər ifadə etdi. Onun ağarmış qaşları düyünləndi. Sifətindəki dərin qırışlar sıxlaşdı. Dərindən bir ah çəkərək:
- Turab, o günlər getsin, gəlməsin! - dedi.
* * *
… Borc aldıqları undan çuvalın dibində bir ovuc qalmışdı. Çörəyi cirə ilə yeyirdilər. Uşaqlar qonşudan gələn ağartının, bir də pencərin ümidində idilər.Vəli xəcalətdən arvad-uşağın üzünə baxa bilmirdi, belə zəmanəni xaraba qalsın - deyirdi. - Arvad-uşağın da yanında xəcalətik.
Qaradağlı kəndində bir neçə kasıb-kusub toplaşıb kəl arabası tutdular. Arıqlayıb əldən düşmüş kəllər Laçın, Gorus, Qafan dağlarının dar yollarında yöndəmsiz arabanı güclə çəkib aparırdı. Köhnəçarxların zəhlətökən cırıltısı Vəli kişinin hüznlü zümzüməsinə qarışaraq dərin dərələrə hakim kəsilən ağır sükutu pozurdu. Onlar on iki gün, on iki gecə bu cür yol getdilər. Gözü yolda qalan uşaqlarına bir parça çörək tapmaq üçün. Mis mədəninə çatdılar. Qapı-qapı dolaşdılar. Atlarının palazını, cecimini arpaya, darıya verib geri döndülər. Laçının dolamalarına keçdilər. Qala dərəsindən qalxıb Qarabağa aşanda dörd nəfər yaraqlı-yasaqlı quldur onların qabağını kəsdi. Zülm ərşə dayandı… Tüfəngin qundağı ilə Vəli kişinin peysərindən necə vurdularsa, onun gözlərində od parladı. Kəllərlə birlikdə nələri var, aldılar. Sıldırım yamacla diyirlənən köhnə araba dərənin dibində daşa dəyib parça-parça oldu. Dərə xəlvət, tülkü bəy. Kim idi onların dərdinə qalan, şikayətlərinə baxan?!
Qaradağlı kəndinə bir xəbər yayıldı - bəd xəbər. Vəligili yolda soyublar. Nələri var alıblar. Hamısı lüt qayıdıb. Yazıq Vəli! Damın altında bir çətən ac-yalavac uşaq gözünü onun yoluna dikmişdi. O da belə oldu.
Vəli kişi uşaqlara toxtaqlıq verdi:
- Neynək, bala, görünür, qismət belə imiş, ağlamayın! Ağlamayın! Yaman günün ömrü az olar…
* * *
Turab, bax, həmin hadisəyə işarə vururdu. Vəli kişiyə demək istəyirdi ki, Nikolay vaxtı bir dağarcıq arpadan ötrü Laçını, Gorusu aşıb, mis mədəninə gedirdin. İndi yüz metrlikdən əmək haqqına düşən nar dənəsi kimi qırmızı buğdanı aparmırsan, anbardarla mübahisə edirsən.
Vəli kişi daxilən keçmişin acı xatirələrindən ayrılıb nikbin əhval-ruhiyyə ilə:
- Turab, yaman yerdən vurdun ha, - dedi. - Amma demə ki, Vəli naşükürdür. Bu günümüzə min bərəkət. Düzü, böldüyünü yığıb-yığışdırmaq olmur.
Onun:- yaman günün ömrü az olar - dediyi sözlər artıq öz yerini alıb. Təsərrüfatın bünövrə daşı qoyulan gündən Vəli kişinin səsi pambıq tarlalarından, taxıl zəmilərindən, üzüm bağlarından gəlir. Qaradağlı torpağı Vəlinin və onun yüzlərlə həmkarının əlinin əməyi ilə, alınlarının təri ilə barlı-bərəkətli olub. Əmək Qəhrəmanları - Sürəyya Kərimovanı, Turab Məmmədovu, Səkinə İmanovanı, Muxtar Məmmədovu şöhrətləndirən torpaq! Sinəsində sinələrə yüzlərlə orden və medal vuran torpaq!
İdarə heyətinin sədri bu əmək bahadırları ilə fəxr edir:
- Onlar idarə heyətinin ağıllı məsləhətçiləri, kəndin xeyirxahlarıdır, - deyir. - Belə dayaqların hesabına kolxozumuzun pul gəliri milyonları ötüb. Çoxmilyonlu olub. Dövlətə taxıl, yun, yumurta, ət, süd, barama satışına dair planlar da ki, ödənir. Özü də hər il artıqlamasınca. Vəli kişinin övladları bu vəzifələrin yerinə yetirilməsi uğrunda mübarizənin önündə addımlayırlar.
Vəlinin övladları barədə çox eşitmişdik. Görmək üçün Qaradağlı kəndinə getdik. Vəli kişi kənddə musiqi məktəbinin qarşısında dayanmışdı. İçəridən piano, tar, kaman səsi gəlirdi. O bu şən musiqi sədalarının təsiri altında sanki xəyala dalmışdı. Görüşüb tanış olduq. Vəli kişi musiqi məktəbi ilə üz-üzə dayanan mədəniyyət sarayının yaxınlığındakı inşaat meydanına maraq göstərdiyimizi hiss edib:
- Məktəbimiz var, - dedi. - İndi yenisini tikirik. Yarım milyon manat vəsait ayrılıb. Bu, orta məktəbdir. O tərəfdə səkkizillik məktəb binasını ucaldırıq. Yarım milyon da o məktəbin tikintisinə xərc qoyulub.
Bizim məqsədimiz başqa idi. Vəlinin işgüzar övladları ilə tanış olmaq. Fikrimizi bildirəndə Vəli kişi gülümsündü:
- Hansını soruşursunuz? Hürkütməsən sanamaq olmur. Amma çoxunu evləndirmişəm. Evdəki qızları deyirsiniz? Yəqin Fikrini soruşursunuz, ailənin başçısını.
Sahələrə çıxdıq. Maşınımız üzüm bağlarının arasından burulub kənarlarında tut ağacları cərgələnən geniş yola düzəldi. Vəli kişi aralıda traktora işarə edərək:
- Gürşaddır, - dedi. - Böyük oğlumdur, mexanizatordur. Evlənib, özünə həyat qurub. Ayrıca ev-eşiyi var. Kefi kökdür.
Bağlar arxada qaldı. Göz işlədikcə uzanan pambıq tarlalarında, taxıl zəmilərində əmək bulaq kimi qaynayırdı. Vəli kişi fəxrlə:
- Orada tərəvəz becərən Nabatdır. O kultivatorun yanındakı Səkinədir. Qızların çoxunu pərvazlandırıb uçurmuşam.
Sahənin ortasındakı tarla düşərgəsinə çatdıq. Maşından düşüb pambıqçılardan hal-əhval tutduq. Vəli kişi irəlidə çiyin-çiyinə çalışan qadınlara işarə edərək:
- Bəri tərəfdəki Fikridir, - dedi. - Bizim ailənin başçısı odur.
Vəli kişi onun axırıncı sözündən, daha doğrusu, "Fikridir, ailənin başçısı" - deməsindən təəccübləndiyimizi hiss edərək:
- Bəli, - dedi. - Kim əməkdə fərqlənir, hamıdan çox çalışır, qoçaqdır, ailədə onu başçı hesab edirik. Ailəmizin bütün üzvləri bir tərəfədir. Fikri bir tərəfə.
Fikri tarlanı dolaşır, becərmənin keyfiyyətini nəzərdən keçirir, bitkilərin barını yoxlayır, gözdən yayınıb qalan alaq otlarını çıxarıb atırdı. Qəddini düzəldəndə yaxasındakı Qırmızı Əmək Bayrağı ordeni iyul günəşinin şəfəqləri altında bərq vurdu. Fikri:
- Təkcə pambıqçılıqla məşğul olmuram, - dedi. - Briqadamız taxıl əkir, üzüm becərir. Bizim ailə ildə dövlətə yüz kiloqramdan çox barama təhvil verir. Biz təsərrüfatın bütün sahələrinə eyni dərəcədəqayğı göstəririk.
Vəli kişi tarlanın kənarına sancılan beli götürərək:
- Məni bağışlayın, pambığın suyunu bağlamalıyam, - deyib bizimlə xudahafizləşdi.
Onların mənalı söz-söhbətini dinləmək nə qədər xoşdur. Ancaq hiss edirdik ki, bir dəqiqə belə işdən ayrılıb, vaxt itirmək istəmirlər.
… Ailənin üzvləri ağ daşdan tikilmiş ikimərtəbəli binanın geniş aynabəndində Fikrinin açdığı süfrəni dövrəyə almışdılar. Vəli kişi başda əyləşmişdi. Fikri televizoru açdı. Pambıqçıların televiziya yığıncağının gedişi göstərilirdi. Ağdam rayonundakı Qaradağlı kəndinin fəxri Fikri Tağıyevanın işgüzarlığından, onun başçılıq etdiyi ailənin firavan həyatından da söhbət gedirdi. Televizor ekranında onların ünvanına deyilən xoş sözlər elə bil bu ailəyə bir dünya sevinc bəxş etdi. Fikri Vəli kişinin necə fərəhləndiyini hiss edib bacılarına baxır və ürəkdən gülürdü…
6 iyul 1979-cu il
"Kommunist" qəzeti
Ağdam
|