FELYETONLAR
"QOÇAQ OĞLANLAR"
Qatar fit verib ağır-ağır yerindən tərpəndi. Sərnişinlər yerbəyer oldular. Yumşaq kupelərin birində üç nəfər var idi. Onlardan biri yuxarı yerə qalxdı. Aşağıda lap diz-dizə oturmuş ikisi əl verib tanış oldular. Əvvəlcə saçları pırpızlaşmış, girdə sifətli sərnişin özünü təqdim etdi:
- Ələmdar.
- Müəllim.
Ələmdar Əlişov təəccüblənən kimi oldu və müsahibindən soruşdu:
- Bəs adınız?
Müəllim xəfifcə gülümsündü:
- Elə adım belədir, - dedi. - Müəllim. Peşəm də müəllimlikdir.
- Qəribədir, - deyib başını buladı və əlavə etdi: - Yaxşı peşədir.
Kupenin qapısı açıldı. Qatar bələdçisinin səsi eşidildi:
- Çay hazırdır!
- Gətir, gətir, - deyə sərnişinlərin hər ikisi dilləndi.
Ortalığa çay gələndə onların arasındakı ünsiyyət bir az da artdı. Kupedən spirt iyi gəlirdi. Ələmdarın kefi çox duru idi. Çayı çaya yetirmirdi. Hiss olunurdu ki, möhkəmcə vurub. Ələmdar Əlişov danışığından kefcil adama oxşayırdı. O gülmək, şənlənmək istəyirdi. Ələmdar zarafatyana:
- Müəllim, gəl vəzifəmizi dəyişək, - deyib hiyləgərcəsinə göz vurdu.
Müəllim soruşdu:
- Siz harada işləyirsiniz?
- "Azərenerjitikinti" İdarəsində fəhlə təchizatı şöbəsinin rəisiyəm. Bəli, rəis...
Müəllim dillənmədi. Rəis qürrələndi:
- Hə, - dedi, - belə vəzifələr həmişə ələ düşmür. Amma bu lələşin... Bir vaxt sovxoz direktoru işləyirdim. Onda kələfin ucunu itirdim. Xəşilimi çalmaq istədilər, ancaq bacarmadılar. Bir şiddətli partiya cəzası ilə canımı qurtardım.
Müəllim soruşdu:
- Cəzan götürülübmü?
Ələmdar Əlişov fısıltı ilə dərin bir ah çəkib, qısa cavab verdi:
- Xeyr! Bu günlərdə biri də üstə gəldi. Moskvadakı baş idarəmizin rəisi pis əməllərimə görə mənə yaxşı bir töhmət ilişdirib.
Qatar Əli Bayramlıya yaxınlaşdıqca rəisin qaşları çatılır, səsinin ahəngi yayı boşalan patefon valı kimi yavaş-yavaş aşağı düşürdü:
- Obyektlərimizin bir neçəsi də bu şəhərdə yerləşir. Bu yaxınlarda buradakı yeməkxanamızı yoxladılar. Bufetçilərdən İsanın hesabında on min manat, Musanın hesabında beş min manat çatışmazlıq müəyyən olundu. İkisi də canlara dəyən oğlandır. Belə oğlanların xatirinə dəymək olar?! Dedim, qoy bu fani dünyada mənim sağlığıma kef etsinlər. Ancaq mərdimazarlar dinc qoymurlar, üç aydan sonra bufet bir də yoxlanıldı. Bu dəfə gördülər ki, qazanc qudurub mayanı da yeyib. İsanın əskiyi beş dəfə, Musanın əskiyi dörd dəfə artıb.
Söhbətin bu yerində rəisin ürəyi kövrələn kimi oldu. Onun qızarmış iri gözlərindən iki damcı yaş süzülüb ətli yanaqlarında muncuqlandı. Rəis cib yaylığını çıxarıb gözlərini sildi və özünü birtəhər ələ alaraq:
- Qoçaq oğlanlardı, amma qoymurlar. Mərdimazara min lənət! - dedi. Sonra özünü ələ alaraq: - Eybi yoxdur. Dost yolunda boran olar, qar olar. Onların uğrunda bu canımı da verərəm, - deyib düyünlənmiş yumruğunu enli və tüklü sinəsinə döydü.
Qatar Əli Bayramlıdan aralaşdıqca rəisin kefi durulurdu. O, qabağındakı çaydan bir qurtum içib toxtadıqdan sonra, yenidən lovğalanmağa başladı:
- Rayon partiya komitəsinin katibi bizim trestə məktub yazdı ki, mənim barəmdə tədbir görülsün. Amma...
Gecə yarıdan keçmişdi. Qatardakı sakitliyi dəmir relslər üzərində diyirlənən təkərlərin tıqqıltısı, hərdənbir teplovozdan yüksələn fit səsi, bir də rəisin həyəcanlı danışığı pozurdu:
- Müəllim, keçən ilin söhbətidir. Qəzetə baxanda gözlərimə inanmadım. Qələmi sınmış bir müxbir haqqımda uzun-uzadı felyeton yazmışdı. Yazmışdı ki, "Yoldaş Əlişov, əliəyriləri sorğu-sualsız işə götürüb, qanadınızın altına alırsınız, qorxmursunuz?! Əgər bu fırıldaqlar açılıb ağardılsa, bəs sizi kim qanadının altına alacaq?" Öz-özümə dedim ki, ay dili-qafil müxbir, əlbəttə, məni də bir qanadının altına alan var. Özü də get, əlindən gələni iki qaba çək. Müəllim, tək felyeton olsa, dərd yarıdır. Felyetonun ortasında karikaturamı çəkmişdilər. Mənə uzun bir qanad qoymuşdular. Cinayətkarları da yığmışdılar qanadımın altına.
Rəis gözucu saatına baxıb sözünə davam etdi:
- Müəllim, bağışla, sizi də yuxusuz qoydum. Xülasə, başınızı nə ağrıdım. Qəzetin çıxışı ilə əlaqədar olaraq məsul işçilərdən ibarət "avtoritetni" bir komissiya yaradıldı. Felyetondakı faktları yoxlamağa başladılar. Müzakirə olunmaq üçün layihə hazırlandı. Layihədə göstərildi ki, felyetonda yazılanlar tamamilə doğru-dürüstdür. Ələmdar Əlişov əliəyri adamları qanadının altına yığıb, fəhlə və qulluqçular ticarət xidmətini başlı-başına buraxıb. Odur ki, Ələmdar Əlişovun vəzifədə qalıb-qalmaması məsələsi həll edilsin. Bu barədə müvafiq təşkilatlar qarşısında məsələ qaldırılsın.
Rəis sözünün bu yerində müsahibinə yenə də müəmmalı göz vurdu və işarə ilə bildirdi ki, həmin layihə bir ildən çoxdur ki, müzakirə olunmur. Oluna da bilməz...
- Müəllim, uşaqlara dərs deyəndə onları başa salın ki, əgər gələcəkdə müxbir olsalar, mənim kimi qoçaq oğlanlardan vaz keçsinlər. Yazsalar da faydası yoxdur. Hii..., hii... - Ələmdar Əlişov güldü və əlavə etdi: - Müəllim, dağdan soruşublar ki, nədən qorxursan? Deyib ki, pulludan. Müəllim, ağıllı adam gərək pulluya baş qoşmasın. Qoşsa da faydası yoxdu. Başa düşdün də, nə demək istəyirəm?!
Müəllim:
- Aydındı, - dedi.
Ələmdar Əlişov yuxusuzluqdan əsnəyib gərnəşdi və müsahibinə tərəf yönələrək:
- Bacıoğlu, - dedi, - Feyzi Feyziyev bir vaxt poçtalyonluq edirdi. Sonra poçtalyon çantasını yerə qoyub əlinə uzun bir biz aldı. Həmin bizlə düşdü cırıq-sökük ayaqqabıların canına, oldu pinəçi. Bir gün mən də onun əlindən tutub, gətirib qoydum kənd təsərrüfatı malları mağazasına müdir. Bir neçə aydan sonra Feyzi Feyziyev rayona səs yaydı ki, guya mağazanın pəncərəsi sındırılıb, dövlətin malı talan olub... - Ələmdar Əlişov bunu deyəndə şaqqıldayıb güldü və əlini üzünə şappıldadaraq sözünə davam etdi: - Müəllim, bu Ələmdarın canı üçün, mağazadan bir çöp də tərpənməyib. Söz burada qalsın, həmin oğurluq söhbətindən onca gün sonra Feyzinin toy ziyafəti olub. Dili dinc durmayanlar danışırlar ki, həmin pullar bax, bu ziyafətdə xərclənib. Amma iş rəsmiyyətə düşəndə, milis şöbəsi on və on beş yaşlı iki uşağın yaxasından yapışıb. Müəllim, bu mən ölüm, insafla danış. Qapıda gözətçi ola-ola, bu iki uşaq bir neçə dəqiqənin ərzində on altı paltaryuyan maşını, iyirmi tozsoranı, altı televizoru və sair yeddi min manatlıq malı apara bilərmi?!
Onların hər ikisi əllərini əllərinə vurub qəşş etdilər. Özlərinə gələndən sonra Ələmdar Əlişov əlini müsahibinin çiyninə qoydu:
- Bir ildən artıqdır, - dedi, - nə prokurorluq, nə də milis idarəsi bu adi suallara cavab axtarmır ki, axtarmır. Əgər milis şöbəsinin rəisi Feyzi Feyziyevin yeznəsi olmasaydı, kim bilir, başımıza nələr gəlmişdi? Bu məsələdə mən də fənd işlətdim. İşin izini itirmək üçün dərhal Feyzi Feyziyevi mağaza müdirliyindən azad edib, bir aylıq kursa göndərdim. Yerinə də Feyzinin yaxın qohumunu qoydum. Bir aydan sonra Feyzi Feyziyevi irəli çəkib fəhlə təchizatı şöbəsinin rayon bölməsinə rəis təyin etdim. Bəli, bütün bu həngamələrin qarşısında Feyzi kiçilmədi, daha da böyüdü. Çünki yeznəsi rəisdir. Bax, müəllim, ticarət işinin bu cür enişli-yoxuşlu, daşlı-kəsəkli, sıldırımlı yolları vardır. Gərək mahir kəndirbaz olasan ki, kəlləmayallaq aşmayasan. Bu yolda lələşin neçə dəfə büdrəyib, amma yıxılmayıb, yıxılmaram da! Mənə Ələmdar Əlişov deyərlər! Bir də ki, bacıoğlu, taylı tayını tapmasa, günü ah-zarla keçər. Ətrafıma toplaşanlar da özüm kimi dil bilən, söz anlayan qoçaq oğlanlardır. Elə götürək Mürsəl Məcidovu. İki nömrəli anbarda müdir işləyirdi. Bir gün gördüm ki, anbarda bir bataqlıq əmələ gəlib. Mürsəl Məcidov da içində boğulur. Tez çəkib çıxartdım. Ayağında beş min manata yaxın mal qalırdı. Bənd olmadım. Yuyub, arıdıb, tərtəmiz yola saldım. Onu iki nömrəli tikinti idarəsinə ekspeditor qoydular. Orada da iyirmi kubmetr taxtanı satdığı yerdə milis şöbəsi tərəfindən yaxalandı. Ancaq sağ olsun rayon prokurorluğunun işçiləri. Kişiyə qahmar durdular. Düzdür, hələlik məsələ bir az dumanlıdır. İnşallah, qurtaracaq. Çünki o da qoçaq oğlandır. Elə ona görə də Mürsəl Məcidovu bizim iki nömrəli anbardan azad edəndə, yerinə Mustafanı qoydum. Mustafa da yad adam deyil. Mürsəl Məcidovun qaynıdır, yəni arvadının qardaşıdır. Ancaq Mustafa lap canlara dəyən oğlandır. Özü də yıxılıb-durmuş, görüb-götürmüş, əyilib-qalxmış adamdır. Vaxtilə "Yeni yol" kolxozunda anbardar işləyirdi. Tamahı güc gəldiyi üçün dörd il həbs cəzasına məhkum edildi. Ancaq üç aydan sonra sivişib aradan çıxdı. Sonra inşaat briqadiri işlədi. Onda da artelin min manatlıq inşaat materialını uddu. Məhkəmə "insaflı" tərpəndi. Ona bir il icbari cəza verdilər. Bizim anbarda da çox yox, vur-tut beş min manata yaxın əyər-əskiyi əmələ gəldi. Odur ki, azad edildi. O, bu ütüdən də sağ-salamat çıxacaq. İndi onun yerinə qoyduğum da qoçaq işçidir. Adı Zərgərdi, familiyası Zöhrabov. Dəyirmanın boğazından ölü salsan, diri çıxar. Zərgər o Zərgərdi ki, inişil "Azərenerjitikinti" İdarəsinin bazasında müdir işləyərkən, dövlətin taxtasını əl altından satdığı yerdə yaxalandı. İki il şərti cəza ilə çulunu sudan çıxardı. Zərgərə yaxşı bələdəm. Bizim anbarı yox, bütün idarəmizi də udsa, qorxum yoxdur.
Artıq səhər açılırdı. Qatar fit verib, Yevlax dəmiryol stansiyasında dayandı. Sərnişinlər üçbir-beşbir düşməyə başladılar. Kupenin üst yerindəki sərnişin aşağı enəndə, Ələmdar Əlişov Müəllimdən soruşdu:
- Bu adam kimdir, tanımadın?
Müəllim çiyinlərini çəkib, "yox" demək mənasında başını buladı. Naməlum adam ayaqqabısını geymək üçün əyiləndə qoltuq cibindən şəxsi vəsiqəsi düşdü. Ələmdarın gözü vəsiqəyə sataşanda bu sözləri oxudu:
"...................... müxbiri".
1970-ci il
|