www.aliildirimoglu.az

ƏLİ İLDIRIMOĞLU ANASI HAQQINDA

Anamla bağlı bircə an xatirimdədir. Xəstələnmişdim, deyirdilər qızılca çıxardıb. Başımı dizinin üstünə qoymuşdu. Huşday-dım, özümü-sözümü bilmirdim. Hərdən sək-sənib, gözlərimi açıb anama güclə baxırdım. Onun yanaqlarından yaz leysanı kimi yaş süzülürdü. Vəssalam! Anamla əlaqədar daha heç nə xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, hələ altı yaşım tamam olmamış birdəfəlik qeybə çəkildi! İyirmi yeddi yaşında görün-məz oldu!

Gecə-gündüz ağlayıb kürlük eləyirdim.

Qohum-əqrəba məni ovutmaq üçün al dilə tutub deyirdilər ki, Firəngiz öl-məyib, rayona gedib, gələcək, “doxdura” aparıblar. Mən də inanıb elə hey onu gözləyirdim.

Neçə ay keçdi, anam “doxdurdan” gəlmədi ki, gəlmədi. Bu dəfə məni aldadıb başımı qatmaq üçün dedilər:

– Anan həmişə Tanrının dərgahına üz tutub yalvarırdı ki, kolxozluğu mənə göstərmə. Yad kişilərlə bir yerdə işləməkdənsə, ucuz ölüm yaxşıdı. Ona görə də Firəngiz quş olub kolxozun əlindən göylərə uçub. Ulduzların yanına. Bir gün enib gələcək.

Mən yenə də inandım. Bu dəfə gözüm göylərdə qaldı. Axşam düşən kimi damın üstünə çıxıb anamı ulduzların arasında axtarırdım. Axır ki, kəndə kolxoz gəldi. Ondan sonra anamdan birdəfəlik əlimi üzdüm. Daha dünya qopsa da anam gəlməz, – öz-özümə düşündüm.

Ağlım kəsəndən sonra nakam anamın aqibəti artıq mənə bəlli oldu... O vaxtdan günləri, ayları bir-birinə calayıb səksən ildən çoxdu enişli-yoxuşlu ömür yolu gedirəm. Ancaq yenə də anamdan uzaqlaşa bilmirəm.


Firəngiz Məşədi Paşa qızı Həsənova
(1907–1934)
















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com