www.aliildirimoglu.az

“Yazım, yazmayım” arasında

MÜASİRLİK RUHU İLƏ DOLU

Otuz ilə yaxındır ki, bu kitabın müəllifi mətbuat cəbhəsinin əli qələmli fədakar əsgəri kimi çalışmaqdadır. “Kommunist” qəzetinin xüsusi müxbiri Əli İldırımoğlu bu yaradıcı kollektivə Qubadlıda nəşr olunan yerli “Avan-qard” qəzetinin redaksiyasından gəlmişdi. Orada bir müddət məsul katib, sonra redaktor işləmişdi. İndi onun qarşısında tamam yeni və daha geniş bir aləm açılırdı. Neçə-neçə rayonun ictimai, iqtisadi və mədəni həyatı, burada çalışan, yaradan adamların fəaliyyəti onun gözləri qabağında inkişaf edirdi. Əvvəlcə o, Naxçıvan MSSR-də fəaliyyətə başladı. Muxtar respublikanın zəngin həyatı, fədakar adamları, təbii sərvətləri onun jurnalist aləmində yeni səhifələr açdı. Bir sıra sanballı materiallar yazıb çap etdirdi. Düz on il bu zonada çalışan Əli İldırımoğlu xeyli təcrübə topladı, həyati biliyi çoxaldı, müşahidəsi artdı, zənginləşdi, qələmi püxtələşdi. Çox çəkmədi ki, onun müxbirliyinin coğrafi ərazisi xeyli genişləndi: Ağdam, Ağcabədi, Mirbəşir, Füzuli, Bərdə, Cəbrayıl, Zəngilan, həmçinin müəllimlik etdiyi və işlədiyi doğma Qubadlı rayonu.
İstedadlı jurnalist bir-birinə bənzəməyən müxtəlif iqlimli, müxtəlif təbiətli bu rayonları dolaşdıqca qarşısında yeni-yeni zəngin aləmlər açılırdı. O, bir tərəfdən namuslu, təmiz, işgüzar adamların bütün sahələrdə – taxıl zəmilə-rində, pambıq tarlalarında, üzüm plantasiyalarında fədakarlıqlar göstərmələ-rindən ilhamlanıb məzmunlu oçerklər, publisist qeydlər yazır, digər tərəfdən tənbəlləri, işdən yayınanları, əliəyri və fırıldaqçıları iti bir qələmlə, cəsarətlə qamçılayırdı. Qəzetçilik-müxbirlik onun ömrünün, demək olar ki, bütün şüurlu hissəsini təşkil edir. Narahat gecələr, zəhmətli axtarışlar, çətinliklərdən qorxmamaq, əmək adamlarının işindən ilhamlanmaq, sevinmək və bütün bunları təzə-təzə, isti-isti mətbuat səhifələrində oxuculara çatdırmaq onun jurnalistlik fəaliyyətinin əsas qayəsi, məqsədidir. Buna görə o, ilk kitabının adını “Mayaklar” (1975) qoydu və burada cəmiyyətimizin aparıcı adam-larından, əmək cəbhəsinin hünərvər qəhrəmanlarından səxavət və məhəbbətlə söhbət açdı.
Lakin Əli İldırımoğlu hərəkatımıza mane olan antipodlara qarşı mü-barizəni də zəiflətmirdi. Anbarlara, bazarlara, tikintilərə, idarə və təşkilatlara, fabrik və zavodlara, fermalara, sovxozlara, hətta ailələrə soxulan, əyrilik, oğurluq edib, harınlayan, piylənənlərə qarşı mübarizədə biganə qalmaq olmazdı. Əli İldırımoğlu zəngin müşahidəyə malik bir jurnalist kimi qəzet və jurnal səhifələrində dərc olunmuş felyetonlarını “Yazım, yazmayım” adı altında toplayıb oxuculara təqdim edir.
Bu felyetonlarda hansı məziyyətlərlə qarşılaşırıq? Bunların hərəsi həyatın bir parçasıdır. Müəllif, elə bil ki, yaxından gördüyü, müşahidə etdiyi, hətta şahidi olduğu bir hadisə və əhvalatı səninlə qarşı-qarşıya oturub duzlu, şirin, sadə və rəvan bir təhkiyə ilə danışır, bürokratın, rüşvətxorun, süründürməçi-nin, fırıldaqçının üzündən örtüyünü qaldırır, onların necə rəzil, ikrah doğuran sifətlərə düşməsini nümayiş etdirir. Əli İldırımoğlu belələrini çox yaxşı tanıyır. Onları gülüşündən, ədasından, hərəkətlərindən, əməlindən, danışı-ğından tanıyır və dərhal öz süngüsünü onların ürəyinə, sinəsinə tuşlayır. Sənət baxımından bu felyetonların çoxu bitkin və tamdır. Bunlarda süjet də var, kompozisiya da; konflikt də var, xarakter də; satira da var, şirin yumor da; qəzəb də var, eyham da! Surətin – tipin psixologiyasını, mənəvi eybəcərli-yini açanda o, xəyalın, fantaziyanın ünsürlərindən də bəhrələnir və bütün bunları janrın vahid orqanizmində bacarıqla birləşdirir. Buna görə də felye-tonların çoxu konkret həyat faktları əsasında yazılsa da, jurnalistin qələmi onları satirik hekayə janrına yaxınlaşdırır. Finalda gözlənilməz sonluqlar, bəzən onlara novella səciyyəsi aşılayır.
Kimin ağlına gələr ki, boş butulkaları yığıb fırıldaq yolla ciblərini doldu-ranlar Əli İldırımoğlunun qələminə tuş olacaq və belələri “Butulka Kazım” adı ilə əbədi damğalanacaqdır? Kim güman edər ki, məişət xidməti maşının-dan bir qrup avara oğurluq mal üçün istifadə edəcək və bunlar da müəllifin “Öküz kababı” felyetonunda biabır olacaqdır? Vartazar kimi müdriklik libasına girib düzlükdən, təmizlikdən dəm vuran, amma minləri, milyonları, lum-lum udanlar azdırmı?! Belələri “Vartazarın cibi”ndə ifşa edilmişdir. İşini-peşəsini buraxıb ondan-bundan anonim məktublar yazan, müxtəlif adamların, təşkilatların başını qatan, amma heç bir səmərəli iş görməyənlər azdırmı? Harın, əyyaş, gündə bir cildə girən və ondan-bundan kəsə-kəsə varlanan qəssablara kim rast gəlməyib? Hər nə desən fikirləşmədən “Baş üstə!” deyib razılaşan prinsipsiz, məsləksiz, əqidəsiz adamlarla kim qarşılaşmayıb?! Tele-fon və möhürdən ötrü insani sifətlərini itirən, yaltaq və alçaq arzularla yaşayanlara kim rast gəlməyib? Gecə-gündüz özlərini tərifləyib “ağızlarına çullu dovşan” sığmayan, amma kənddə adi bir hamam tikdirməyən boşboğaz, gəvəzə idarə və təsərrüfat başçılarını da az görməmişik. Bu və buna bənzər tiplər, həmçinin “telefon və möhür” xəstələri vaqonlarla sementi, mişar daşını bir anda udanlar, bir oturuma on beş min manat pul aşıranlar, pul yığmaq məqsədilə toy edənlər və bu kimi müzür ünsürlər də müəllifin satirik qələmi ilə ifşa olunurlar. Ümumiyyətlə, Əli İldırımoğlunun hansı yazısını götürsək, orada müasirliklə bağlı ciddi bir məsələyə toxunulur. Bu da ondan irəli gəlir ki, o, hər bir felyetonunda bir jurnalist kimi aydın vətəndaş mövqeyini həmişə açıq bildirir. O, hər cür nöqsana qarşı barışmaz və prinsipialdır. “Molla Nəsrəddin” ənənələrindən və xalq yaradıcılığından bacarıqla bəhrələnir və bütün bunları felyetonların ümumi ahəngi ilə yaxşı bağlayır.

Ümumiyyətlə, işinə, vəzifəsinə xəyanət edənlər, məsuliyyətsiz rəislər, rayon və təsərrüfat başçıları, yaltaqlar, dələduzlar, riyakarlar, partiya və döv-ləti aldadıb fəci vəziyyətə düşənlər bu felyetonlarda öz surətlərini və portret-lərini aydın görəcəklər. Əli İldırımoğlunun bu yazıları belələri üçün ibrətli bir aynadır.

Qulu Xəlilov, filologiya elmləri doktoru, professor

1982-ci il


















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com