www.aliildirimoglu.az

“Közərən sətirlər”in istisi

ŞÜVƏLANDA KÖZƏRƏN SƏTİRLƏR

Oxuculara onu yalnız məhsuldar işləyən, yaxşı, yaxud pis – gördüklərinin heç birinə biganə qalmayan bir müxbir kimi deyil, həm də öz sözü, öz fikri olan, həyat həqiqətlərinə süni donlar biçməyən, onları gözaldadıcı “furni-tura”larla bəzəməyən, sadə, mənalı və obrazlı el dilinin şirinliyindən doy-mayan bir yazıçı kimi tanıtmış о “Kommunist” qəzeti də artıq yoxdur.

Redaksiya “letuçka”ları, mübahisələr, səfərlər, görüşlər... Hamısı arxada – zamanın döngə və dalanlarında qalıb indi. Məqalələrində, reportaj və oçerk-lərində təriflədiyi, felyetonları ilə isladıb cumculuq etdiyi adamlar da Allah bilir indi haradadır.

Düzünə qalsa, indi heç Qubadlı da yoxdur – mahiyyətcə Azərbaycan dilinin ruhuna tamamilə zidd olan “işğal edilmiş torpaqlar” termini var. Heç termin də deyil bu – qədim yurdun boynundan asılmış, kürəyinə vurulmuş bir damğadır.
Neçə-neçə dəvə karvanının çəkə bilmədiyi bir dərd var.

Və hərdən ona – yazıçı-publisist Əli İldırımoğluna elə gəlir ki, o, camaatın canını boğaza yığmış bu günün çəkişmə-didişmələrindən, ofis-çayxana qey-bətlərindən, ölkənin tələbəsindən, sürücüsündən, evdar qadınından, müğənni, aktyor və uğursuz alimindən tutmuş biznesmeninə və dövlət məmuruna qədər min-min adamı qoynuna alıb dərəaşağı aparan boz-bulanıq siyasət selindən, qəzetlərin səhifələrindəki “duellərdən” və saçyoldusundan uzaqda – yaşıl bir adadadır. Bu “uzaq yaşıl ada” “ömrün qürub çağı həyatın gözlənilməz, amansız tufanlarının tuş etdiyi Şüvəlan qəsəbəsindəki, yönü Xəzərə olan, sakit, səsdən-səmirdən uzaq, bağlı-bağatlı birmərtəbəli ev”dir. Özü belə yazır. Və bu evdə o, əldəqayırma taxtın üstündə xəyallara dalır, “ortasına örkən dolanmayan” tut ağacı ilə dərdləşir, bəzən oğul-uşağa da deyə bilmədiklərini özünə həmdəm və sirdaş sandığı bu ağaca deyir, sonra qayıdıb qələmi götürür, qəddini yazı masasının üstünə əyir və yetmiş illik ömür yolunun о başına dönüb, təzədən üzü bəri gəlməyə hazırlaşır...

Beləcə, daha bir yuxusuz gecə başlanır... Son illərdə bu yuxusuz gecələrin səhərləri bir-birinin ardınca nəşr edilmiş üç romanla açılıb.

Ümumiyyətlə, bu, qocaman ədibin yaradıcılığı üçün virtual və yaxşı mənada qibtə ediləcək bir dəyişiklikdir. Yəni onun ayrı-ayrı illərdə çapdan çıxmış “Mayaklar”, “Yazım, yazmayım”, “Çinarlı”, “Dərd”, “Telepat”, “Zo-rən jurnalist” və “Közərən sətirlər” romanları müəyyən şəraitdə gerçəkliyə çevrilmiş mümkünlükdür ki, bu mümkünlük də Əli İldırımoğlunun rişələri yaşı bilinməyən, о tut ağacının rişələritək doğma torpağın dərinliklərinə işləmiş yaradıcılıq potensialıdır. Və bu yaradıcılıq potensialı onun üçün mümkün olanları indi daha intensiv təzahür etdirir.

Mən Əli müəllimin əsərlərini, onun yaradıcılığına ayrı-ayrılıqda hər bir kitabına həsr edilmiş ədəbi-tənqidi yazıların, iri həcmli məqalələrin əksə-riyyətini oxumuşam. Özü də ona görə yox ki, ümumiyyətlə, ədəbi prosesi izləmişəm. Yox, sadəcə olaraq, bir vaxtlar jurnalistlər bir-birlərinin yaradıcılı-ğına daha çox maraq göstərir, özlərinin istedadlı və təcrübəli həmkarlarından öyrənməyə çalışırdılar. Xüsusilə də jurnalistikanın sərhədlərini aşan, bədii yaradıcılıq çayının coşqun sularını yarıb, onun yazıçılıq sahilinə çıxan həm-karlarından! Amma bu da əsas səbəb deyil: Əli müəllimin kitablarını oxuyan-dan Haldan, Məmərdən, Qəzyandan, Xanlıqdan, Dəmirçilərdən, Dondarlıdan, Qubadlının içindən keçib, Azərbaycan tarixində adı mərhum xalq yazıçısı Süleyman Rəhimovun adı ilə bir çəkilən Əyin kəndinədək çayaşağı-çayyu-xarı uzanıb gedən füsunkar yerlər xəyalımda yenidən canlanır, özümü Xo-cahan bazarında, Zəngilanın Vənətli dərəsində görüb, qarlı-çovğunlu bir qış günündə bu dərədə məni qarabaqara izləyən qaraqılçıq yalquzağın nəfəsini duyur, Həkərinin sularında çimdirdiyim qaşqa atın nallarının səsini eşidirəm...

Və Əli müəllimin “Közərən sətirlər” adlı son romanından bəhs edən son məqalələrdən birini oxuyanda özüm üçün maraqlı bir kəşf etdim: ədibin bu və əvvəlki kitabları haqqında söz deyəndə əsərlərin bədii, mənəvi, estetik və qeyri-məziyyətlərindən daha çox, müəllifin özündən, bir qələm əhli və vətəndaş kimi onun insani keyfiyyətlərindən söhbət açırlar. Və mənə aydın oldu ki, Əli müəllimin əsərləri elə bu “köhnə kişilərdən birinin” özünün saflığı, düşüncələrinin duruluğu, dövrə, həyat hadisələrinə və bir vaxtlar ünsiyyətdə olduğu insanlara verdiyi qiymətin dəqiqliyi səviyyəsindədir. Bu gün cəmiyyətdə ən çox işlənən sözlərdən biri, ola bilsin ki, birincisi “borc” sözüdür. Lakin əhalinin böyük əksəriyyətinin dilində bu söz çıxılmaz vəziy-yətin, ağır güzəranın kədərli əks-sədası kimi – maaşa qədər kimdənsə borc almaq, qonşuluqdakı dükandan çörəyi nisyə istəmək və s. işlənirsə, digər qismi gücü borcun mənəvi tərəfinə verirlər: vətən qarşısında borc, xalq qarşı-sında borc, el-oba qarşısında borc... Siyasi təbliğat və demaqogiya üçün bun-lar əvəzsiz sözlər olsa da, kifayət qədər geniş və ümumi məfhumlardır. Vətən və xalq qarşısında sən nə etmisən, özünü onlara borclu sayırsansa, bu borcu qaytarmaq üçün nə etmisən, hansı yetimə çörək, hansı evsizə ev vermisən, kimin qanadından tutub onu yıxılmağa qoymamısan? Həmin adamların bu suallara nə cavab verəcəklərini təsəvvür etmək çətindir. Əli İldırımoğlu üçünsə “borc” konkret məna kəsb edir, çünki xalq da konkret olaraq Rəhman kişilərdən və Xəncər Tavatlardan ibarətdir. “Közərən sətirlər”in əvvəlindən axırınadək işıqlı bir xətt kimi görünən bu fikir diqqəti əsərin zəngin obrazlar və hadisələr palitrasından keçən qəlb isidən leytmotivi kimi cəlb edir.

Lakin Əli İldırımoğlunun “Közərən sətirlər”ində konkretlikdən ümumiləş-dirmələrə aparan təhkiyə üslubu özünü yalnız şahidi və iştirakçısı olduğu hadisələrdə göstərmir. Əsər tut ağacı barəsində hekayətlə və müəllifin bu ağaca xitabən söylədikləri ilə açılır. “Kölgəsində neçə-neçə süfrələr açılıb, toy-düyünlər olub, qız-gəlin karxana tutub, tiyanlar dolub-boşalıb... İndi isə...

məşəqqətli günlərini yaşayır”. Bu sətirləri oxuyanda başa düşürsən ki, “Və-tən” məfhumu da Əli İldırımoğlu üçün hansısa coğrafi genişliyi nəzərdə tutan yayğın bir şey deyil, konkret olaraq gözü önündəki tut ağacıdır. Yarpaqları, budaqları ikibir, üçbir quruyub qopan tut ağacı – rayonları ikibir, üçbir işğal olunmuş, əhalisinin hər yeddi nəfərindən birinin qaçqına və məcburi köçkünə çevrildiyi Azərbaycandır. Və “Közərən sətirlər” ümumən Vətənə, onun na-muslu-qeyrətli övladlarının qəlbinə ünvanlanmış bir kitabdır. Yazıçı ilə birlikdə həmin namuslu insanlar da bu sözləri deyə, təkrar edə bilərlər: “Bir axşam qulağıma tükürpədici səs gəldi. Hövlənək yerimdən qalxıb həyətə çıxdım. Payızın sərt küləyinə tablaşmayan qarımış tut dibindən qopub yanı üstə əyilmişdi. Ancaq dərinliklərə işləyən kökləri torpaqdan üzülməmişdi. Bəs nə idi müdhiş səs... ağlıma gəldi ki, qarı tut onu əkib-becərəni, xeyrini-bəhrini görən sahibini imdada çağırır... tuta dayaq düzəltdim, qoymadım kökündən üzülsün”.

“Közərən sətirlər”də tut alleqoriya, yaxud təbiətin, bitkilər aləminin bir parçası, bir nümunəsi deyil, Vətənin özüdür, qəddini düzəldən, dirçəliş yol-larını saf-çürük edən Azərbaycandır.

Adını unutduğum şairlərdən birinin belə bir sözü var ki, əsrlər boyu insanların söylədikləri gözəl fikirlərin hamısını bir yerə toplamaq mümkün olsaydı, bəşəriyyət üçün qiymətli töhfə, əvəzedilməz bir sərvət olardı. Və mən əminəm ki, həqiqətən də, əgər о cür çoxcildli bir toplu nəşr etmək mümkün olsaydı, Əli müəllimin “Közərən sətirlər”indəki “dibi görünməyən quyuya daş atmazlar”, “uşaqla yoldaş olmayasan, sən yıxılanda gülür, özü yıxılanda ağlayır”, “bir tulanın hürməyindən deyiləm, səsinə yüz köpək oyanır” kimi fikirlər də orada layiqli yer tutardı. Onun fikir ağacından bir yarpaq: “Əgər insanlıq, nəzakət, abır-həya, namus-qeyrət... elmləri doktoru, alimlik dərəcəsi təsis olunsaydı, bu ada ilk növbədə hərfi belə tanımayan, Heygelin, Feyerbaxın, Marksın kim olduğunu bilməyən babam Məşədi Pa-şanı, qocam Gövhəri layiq görərdilər. İnsanla insan, ərlə arvad arasında qarşılıqlı ehtiram necə olmalıdır?! – sualımın cavabını onların qarşılıqlı münasibətlərində tapırdım. Onların bir-birinə həm də səmimi bacı-qardaş istəyi vardı. Babamla qocamın elə bir hərəkətini görməmişəm, elə bir yerli-yersiz söhbətini eşitməmişəm ki, azacıq da olsa, bir-birinin qəlbinə toxunsun, evdə qanqaraçılıq yaransın. Gəldiyim qənaətdən biri də odur ki, 90–100 illik ömür yolunu yükü ədəbdən, sarvanı qanacaqdan olan karvan qət edə bilər”.

“Közərən sətirlər”də bu cür gözəl fikirlər çoxdur və bu mənada o, həm də müdriklik kitabıdır. Əli İldırımoğlu kimi kişilərin canına, qanına hopmuş el-oba müdrikliyinin cəzbedici mənzərəsi, onun güclü əks-sədasıdır.

Şüvəlanda ömrünün 71-ci ilini yaşayan Əli İldırımoğlu həyətindəki о tut ağacının budaqları altında özünün yeni sətirlərini közərdir. О közün istisinə çox ürəklər qızınacaq, çox ürəklərdə о köz vətən sevgisini sönməz məşələ çevirəcək...

Ələkbər Şəhrili
“Şərq” qəzeti, 23 dekabr 1999-cu il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com