www.aliildirimoglu.az

“Mənim rəncbər atam”ın həqiqətləri

KƏHƏR ATIN BELİNDƏ, YAXUD “MƏNİM RƏNCBƏR ATAM” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR

Bəri başdan deyirəm: “Mənim rəncbər atam” kitabı haqqında resenziya yazmaq fikrim yoxdur. Bu, olsa-olsa romandan aldığım güclü təsiri bölüşmək istəyidir. Ya bəlkə bu, ümumiyyətlə, Əli İldırımoğlu yaradıcılığı, şəxsiyyəti, vacib və ibrətamiz bildiyim ayrı-ayrı məqamlar haqqında düşüncələrdir. Ona görə ki, “Mənim rəncbər atam” romanına, sadəcə, bədii əsər kontekstindən yanaşmaq düzgün olmazdı. Burda hər şey var: əhatəli, əlvan süjet xətti, döv-rün geniş, panoramlı təsviri, incə, həssas təbiət lövhələri, müxtəlif insan xarakterləri, bir qəzet müxbirinin gündəlik qayğıları və bütün bunların fo-nunda qırmızı bir xətt kimi keçən ata-oğul münasibətləri...

Ədəbiyyatımızda, bütövlükdə, dünya ədəbiyyatında bioqrafik əsərlərə az rast gəlməmişik. Və bir qayda olaraq belə əsərlər ədəbi tənqid və oxucular tərəfindən rəğbətlə qarşılanır – daha çox təsir gücünə və hadisələrin reallığına görə. Bəs “Mənim rəncbər atam” romanı necə? Bəlkə, Əli İldırımoğlu bir qədər gecikib? Gecikib. Və nə yaxşı ki, gecikib. Bilirsinizmi niyə?

Məlumdur ki, uşaqların, yeniyetmələrin, gənclərin öz valideynləri haq-qında düşünməsi, danışması, yazması, bəlkə də, adi haldır, demək olar ki, hər gün gördüyümüz, rastlaşdığımız haldır. Ancaq gəlin etiraf edək ki, yaşı 70-i adlamış ixtiyar bir “qoca”nın öz atası haqqında bu qədər hərarətli, isti, təsirli şəkildə danışması qeyri-adi olduğu qədər də ibrətamizdir. Görünür, doğrudan da, zaman heç də bütün yaraları sağalda bilmir. Müəllif bu səh-nələrdə о qədər təsirli, yanıqlı və həssasdır ki, oxucuda belə bir təsəvvür formalaşır ki, atasını itirən, həyatda heç bir köməyi-arxası qalmayan, hələ əli bir tərəfə çatmayan yeniyetmədir. Özü də itki, faciə lap bu yaxınlarda baş verib. Halbuki bu sətirlərin müəllifi yaşı 70-i ötən, 30 ilə yaxındır ki, atasını itirən, oğul-qız, nəvə-nəticə sahibi, həyatda öz sanballı yerini çoxdan tutan, görkəmli yazıçı, məşhur jurnalist, nüfuzlu ağsaqqal Əli İldırım-oğludur.

Oxucunu heyrətə salan da elə budur: kövrək, nəhayətsiz, bir qədər də nis-gilli ata məhəbbəti. Sətirlər bir-birini əvəz edir, səhifələr çevrilir və həssas oxucu soyumayan, səngiməyən bu məhəbbətin əsl səbəblərini dərk edir, anlayır və qiymətləndirir – İldırım kişi, doğrudan da, bu böyük və tükənməz ehtirama layiq ata olub.

Əli İldırımoğluna dərindən bələd olanlar yaxşı bilir: o, təbiətən son dərəcə kövrək adamdır. “Mənim rəncbər atam”da isə bu kövrəklik az qala bayatıya çevrilir, ağıya dönür. Əsər bütövlükdə ata itkisindən doğan hıçqırıqdır.

Yüzlərlə misal çəkə bilərəm. Məncə, biri də kifayətdir: telefonla xəbər ve-rirlər ki, kişini yola saldıq, qarşılayın. Oğulun, Əli İldırımoğlunun həyəcanı, həsrəti, iztirabı, sevinci yerə-göyə sığmır, nə evdə otura bilir, nə həyət-ba-cada qərar tutur, nə də şəhərdə tab gətirir. Nəhayət, maşın çağırır, atasını qar-şılamağa gedir. Ancaq əriş-arğac yollarda İldırım kişinin hansı maşında gəldiyini nədən bilsin? Belə yerdə təkcə gözlər bəs eləmir, həm də ürəyin gözü dada çatır, köməyə yetir. Bu minvalla oğul az qala yolun yarısını gedir. Şuşa dolayları arxada qalır. Nəhayət, İsa bulağına dönən yolda ata-oğul qu-caqlaşır... Mən inana bilmirəm ki, bu sətirləri oxuyan adam göz yaşlarını saxlaya bilsin və həm də gözlərimin qabağına onu da gətirirəm ki, yəqin, çox yəqin ki, maşındakılar əvvəlcə heç nə başa düşməyiblər, sonra hər şey aydınlaşıb, durulub. Hamı məsələdən hali olub və hələ də yolun içində, asfal-tın üstündə, maşının qabağında bir-birini duz kimi yalayan ata-oğula diqqətlə, təəccüblə, bir az da qibtə hissi ilə baxırlar. Əsl həyatın, bu qoca və bivəfa dün-yanın özündən mayalanan həqiqətin sənət möcüzəsi, sənət zirvəsi bax, budur.

“Mənim rəncbər atam” romanı çoxşaxəli əsərdir. Ümumiyyətlə, yeri gəlmişkən qeyd edək ki, bu, Əli İldırımoğlunun romanları üçün xarakterik cəhətdir. Ancaq orası da var ki, bu, əsərə qətiyyən ağırlıq gətirmir. Əksinə, təsvir olunan dövrü və adamları daha aydın görməyə və qiymətləndirməyə kömək edir. Zirvəsində qartallar oynayan dağlara sığınmış kənd... onun müx-təlif xarakterli, müxtəlif xasiyyətli adamları, gündəlik qayğıları, adət-ənə-nələri və bütün bunların mərkəzində dayanan səhər açılandan gün batanadək biçənəkdə, əkində, at üstündə, meşə qırağında əlləşib-çalışan İldırım kişi...

Bir də atasının dalınca çörək bağlaması aparan, həmişə, hər yerdə onun dizinin dibini kəsdirən, bəlkə də, yaşıdlarından daha çox iyini-mehrini atasına salan, necə deyərlər, bir tikəliyindən yoldaş, dost, sirdaş olan balaca Əli...

Romanın bu qədər koloritli, hadisələrin bu qədər təsirli alınmasının bir səbəbi də elə budur: müəllif təsvir olunan hadisələrin bilavasitə iştirakçısıdır. Aradan uzun illər keçməsinə baxmayaraq o, olub-keçənləri dəqiqliyinə qədər xatır-laya bilir, bu adamlar, bu hadisələr onun uşaq qəlbinə, uşaq yaddaşına elə həkk olunub ki, adam heyrət edir.

Yeri gəlmişkən, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, indi müasir kənd həyatından, demək olar ki, əsər yazılmır. Oxucu kəndin ətrini, havasını gəti-rən qollu-budaqlı, şaxəli əsərlər üçün sözün həqiqi mənasında darıxıb. Bu mənada, “Mənim rəncbər atam” romanı bu boşluğu layiqincə doldura bilir.

Tez-tez gileylənirik: zəmanə dəyişib, hər şey adiləşib, böyük-kiçik, xətir-hörmət, abır-həya itib gedir, oğul atanı, gəlin qayınananı bəyənmir. Sözün bu məqamında “Mənim rəncbər atam” kitabının yüksək əxlaqi keyfiyyətlərini xatırlamaq yerinə düşərdi: İldırım kişi bütün xasiyyəti, xarakteri, davranışı ilə “köhnə” kişidir. Tale elə gətirib ki, İldırım kişinin böyük qardaşı davadan qayıtmayıb. Həyat yoldaşı, qardaşının balaları da onlarla bir yerdə, bir evdə qalırlar. Bir tərəfdən də ana nəfəsindən, ana sığalından məhrum olan balaca Əli. İndiki prizmadan baxanda belə ailələrdə hökmən söz-söhbət olmalıdır. Ancaq İldırım kişinin ocağında hər şey yerli-yerindədir, möhkəm qayda-qanun var, hər kəs öz yerini, sözünü bilir.

Ədəbiyyatımızda Azərbaycan kişisinin milli xüsusiyyətlərini özündə cəmləşdirən parlaq obrazlar gözlərimiz önündən keçir... Cahandar ağa, Kərbalayı İsmayıl, Rüstəm kişi... Hərəsi də bir dövrün, bir epoxanın yetişdir-məsi. İldırım kişinin onlardan bir fərqi də var: nə müəyyən ixtiyar-vəzifə sahibidir, nə topu-tüfəngi var, nə də nökər-naibi. Əlinin halal zəhməti onun həyatının bəzəyidir. Kəndin, dağın-aranın elə bir çətin işi olmur ki, İldırım kişi sinəsini qabağa verməsin. Əliqabarlı, çiyni kərəntili, az danışan, ağır təbiətli bu kişi qoynunda yaşadığı dağlara çox oxşayır: uca, vüqarlı, təmiz...

Bu baxımdan roman ibrətamizdir, tərbiyəvi əhəmiyyət daşıyır: milli-mənəvi dəyərlərin, ulu və müqəddəs adət-ənənələrimizin sanki kasıblaşdığı indiki dövrümüzdə İldırım kişilər, onların halallıq və mərdliklə yoğrulmuş obrazı alışıb yanan ürəyimizə su səpir, bizə nəfəs genişliyi və təskinlik gətirir, qəlbimizi qürur hissi ilə doldurur. Müəllif sanki haray çəkir: İldırım kişinin qoyub getdiyi adət və ənənələri bir an da olsun unutmağa, onlardan uzaqlaş-mağa mənəvi haqqımız yoxdur.

Axırda Əli İldırımoğlu yaradıcılığını, xüsusilə son illər bir-birinin ardınca çap olunan romanlarını təhlil edərkən gəldiyim bir qənaəti də bölüşmək istəyirəm: çox təəssüflər olsun ki, Azərbaycan ədəbiyyatı vüsətli, çoxşaxəli, qollu-budaqlı, geniş nəfəsli bir yazıçını itirmişdir. Qəzetçilik, respublikanın ən nüfuzlu qəzetinin xüsusi müxbiri kimi çətin, məsuliyyətli və keşməkeşli fəaliyyəti onun, əgər belə demək mümkünsə, coşub-kükrəyən istedadını daim cilovda saxlamış, kəhərini geniş yaradıcılıq cığırında səyirtməyə imkan verməmişdir. Yoxsa indi bizim kitab rəflərimizi “Mənim rəncbər atam” kimi onlarla roman və povest bəzəyərdi. Bəlkə, Əli İldırımoğlu özü də bunun xif-fətini eləyir, qəlbinin dərinliklərində yazmadıqları, fəqət beynində, zehnin-də gəzdirdiyi yüzlərlə mövzunun, süjetin, ədəbi qəhrəmanın həsrətini çəkir? Bəlkə, son illər Əli İldırımoğlunun bir-birinin ardınca nəşr etdirdiyi irihəcmli romanlar həm də elə bu həsrətin, bu xiffətin məhsuludur. Kim bilir?..

Özü də bu sözləri deyərkən qətiyyən onu nəzərə almıram ki, Azərbaycan jurnalistikasını, xüsusilə 70–80-ci illər jurnalistikasını Əli İldırımoğlusuz təsəvvür etmək, sadəcə olaraq, mümkün deyil. Əli İldırımoğlu Azərbaycan jurnalistikasında xüsusi məktəb yaratmışdır, respublikanın əməkdar jurna-listidir, jurnalistika sahəsində təsis edilmiş bütün mükafatlara layiq görül-müşdür, oçerk və felyetonlarından ibarət xeyli kitabı çap olunub və s.

...Tərəzinin hansı gözü daha ağırdır? Bu sualın dəqiq cavabını hamıdan əvvəl, heç şübhəsiz, Əli İldırımoğlunun özü yaxşı bilir. Görünür, elə buna görədir ki, son illər yazı masasına daha çox bağlanıb, ötən illərə – qəzetçiliyə həsr etdiyi illərin heyifini indi qəribə bir qısqanclıq və inadkarlıqla çıxmağa çalışır.

Axı indi nə “Kommunist” qəzeti var, nə qaynar, əsəbi xüsusi müxbirlik fəaliyyəti, nə redaktorların, şöbə müdirlərinin həyəcanlı telefon tapşırıqları, nə də haqsız hücumlar, mübarizə, təqib...

İndi Şüvəlandakı rahat bağ evi var, yazı masası, Xəzərin göy ləpələri və bir də qollu-budaqlı, köklü-köməcli bütöv bir ömür, döngələr, dönüşlər, yoxuşlar, enişlər... bir sözlə, solmaz-silinməz xatirələr...

Beləcə, Əli İldırımoğlu... Qarşıda hələ qarlı aşırımlar, tufanlı gədiklər, sərt döngələr, selboğan dərələr var. Yəhərin qaşına yat, ayaqlarını üzəngiyə möhkəm sıx, kəhərin cilovunu burax...

Ziyəddin Sultanov, yazıçı-jurnalist

“Xalq qəzeti”, 30 mart 2003-cü il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com