www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

HƏR BİR ƏSƏRİNDƏ ÖZÜNÜ YAZAN ƏLİ MÜƏLLİM

Yəqin ki, oxucular maraqlanacaq kimdir bu Əli müəllim. Maraqlanmaqda da haqlıdırlar. Çünki soyadı göstərməmişəm. Əgər soyadı da yazmış olsaydım, onda nə suala, nə də təqdimata ehtiyac qalmayacaqdı. Ona görə ki, Əli İldırımoğlu imzası özü-özlüyündə bütün sualların cavabı və özü-özlüyündə də təqdimatdı...

Qarşımda bir neçə kitab var. Müxtəlif illərdə, müxtəlif zaman kəsiyində yazılıb və işıq üzü görmüş “Çinarlı”, “Zorən jurnalist”, “Həmin adam”, “Aqibət”, “Közərən sətirlər”... Bu kitabları müxtəlif illərdə oxumuşam, amma indi yenidən gözdən keçirirəm. Özü də bu kitabların heç birini mənə kimsə hədiyyə etməyib. Özüm, necə deyərlər, öz zövqümün marağı ilə bu kitabları kitab mağazalarından əldə etmişəm. Həm sovet dönəmində, həm də indi. Çünki “Közərən sətirlər” və “Aqibət” mənim kitab rəfimdə latın qrafikası ilə, digərləri isə kiril əlifbası ilə dərc olunmuş nüsxələrdi. Bundan başqa, mən Əli müəllimin 70 illik yubileyində, yəni Atatürk Mərkəzində düzənlənən tədbirdə də iştirakçı olmuşdum və burada “Qarlı gecələr”, “Mənim rəncbər atam” kitablarını əldə etmək fürsətini qazanmışam. Bütün bunlar öz yerində...

Zaman heç kimi və heç nəyi gözləmir. Öz axarında, öz işindədir. Və 70 illik yubileyindən keçən zaman da heç kimi və heç nəyi gözləmədi. Eləcə papağımızı fırladıb gördük ki, növbəti yubiley qapını döyür. Biz, о cümlədən də mən gördüm ki, yubileydən yubileyə olan bir zaman kəsiyində də Əli müəllimin qələmi yenə öz işini görüb. Bunun nümunəsi kimi “525-ci qə-zet”də oxucuların ixtiyarına verilmiş “Zorən jurnalist” adlı romanının ikinci hissəsini xatırlatmaq məncə kifayət edər...

Mən Əli müəllimi jurnalist kimi tanımışam. Özü də elə-belə jurnalist kimi yox. Sözün həqiqi mənasında qələmiylə, şəxsiyyətiylə tamamlanan, sözüy-nən, hətta jestləri ilə belə bütöv görünən köhnə, köklü bir kişi kimi, necə deyərlər, köhnə kişi, köhnə jurnalist kimi! Bu gün adamın içində məhz həmin о köhnə, köklü kişiyə, jurnalistə həm bir həsrət var, həm də bir həsəd. Bilirsiniz niyə? Ona görə ki, bu günün qəzet bolluğunda, bazar iqtisadiyyatı-nın bazar qəzetçiliyində “jurnalist sözü” bir az başqa cür səslənir, “müxbir sözü” az qala allergiya doğurur. Biz də bunların günahını özümüzə təsəlli üçün keçid dövründə axtarırıq. Hara, nəyə keçdiyimizdən xəbərsiz ola-ola büküb-bükələyib bütün günahları yıxırıq bu bədbəxt keçid dövrünün boy-nuna... Amma...

Mən hələ orta məktəbdə, özü də bir vaxtlar beynəlmiləlçi məktəb kimi tanınan, erməni və azərbaycanlı uşaqların bir dam altında oxuduğu Tuğ kənd orta məktəbində təhsil aldığım illərdə ailəmizin abunəçisi olduğu “Kommu-nist” qəzetini gözdən keçirirdim. Həmin qəzetdə Əli müəllimin istənilən yazısını oxuyurdum və öz-özümə düşünürdüm ki, eyni qəzetdə eyni məsələni jurnalistlər necə fərqli təqdim edirlər. Əli İldırımoğlunun hər bir yazısının dili bal kimi süzülürdü. Elə bilirdin ki, müəllif səninlə söhbət edir öz kəndin-də, öz evinin içində. Hətta tənqidi yazılarında da bir çılpaq səmimiyyət var idi, qərəz yox, ancaq səmimi xeyirxahlıq var idi. Nöqsanı üzə deməklə, əyər-əskiyin ortadan qaldırılması üçün kişiyana söz deməklə... Mənə elə gəlirdi ki, daha doğrusu, inanırdım ki, Əli müəllimin tənqid etdiyi məmurlar onun yazısında heç vaxt qərəz tapa bilmirdilər. Və ona görə də heç kim onun barəsində hansısa mənasız, əhəmiyyətsiz söz-söhbət edə bilmirdi...

Əli İldırımoğlunu ilk dəfə yaxından Füzulidə, о vaxtkı raykom binasının qarşısında görmüşəm. Elə həsrətlə baxmışdım ki, həqiqətən ürəyimdən keçmişdi ki, onu yaxından tanıyım. Açığı, özümü bir az onun yerində də təsəvvür etmişdim. Doğrudu, illər ötdü, mən Əli müəllimi kənardan-kənara da olsa, yaxından tanıdım, əsərlərini oxudum və gördüm ki, elə mən də Əli müəllim kimi bir rəncbər oğluyam. Kənddə doğulub quzu da otarmışam, meşəyə oduna da getmişəm, kolxozda çalışan əliqabarlı atamın, anamın necə yorğun-arğın işdən qayıdıb bizləri başına toplamasının şirinliyini də dadmı-şam, amma gecələr ağrıdan qolları sızıldayan, ağır işin öhdəsindən qan-tər bahasına gələn atamın ufultusunu da eşitmişəm...

Əli İldırımoğlunun ilk oxuduğum kitabı felyetonlarından ibarət idi. Və mən bu felyetonları oxuduqca oradakı Mirzə Cəlil ənənəsinə, “Molla Nəs-rəddin” məktəbinə olan sədaqəti və о öyrəndiklərindən özündən sonrakılara bir öyrənmə şansı verən imkanı da duymuşam. Aşkarca görmüşəm ki, Əli müəllimin felyetonları gənc jurnalistlər üçün universitetin auditoriyalarında öyrəndiklərini nəzəri cəhətdən daha dərindən mənimsəməyə şərait yaradır və özü-özlüyündə deyir ki, buyur oxu, öyrən! Sonra Əli müəllimin “Çinarlı” kitabı əlimə düşdü. Burdakı hekayələr yığcam süjeti ilə, dil koloriti ilə mənə öz kəndimizi, öz qohum-əqrəbamı xatırlatdı. Gördüm ki, bu hekayələrin bir çoxunun qəhrəmanlarını az qala tanıyıram, hər gün onlarla qarşılaşıram, rastlaşıram. Bu təəssürat məndə Əli müəllimin digər əsərlərinə də bir rəğbət yaratdı və bu imzanı axtarmağa başladım.

Mərhum xalq yazıçılarımızdan birinin Əli müəllim haqqında yazdığı bir fikir bu gün də mənim üçün həqiqətin əksi təsirini bağışlayır. Xalq yazıçımız Bayram Bayramov Əli müəllimin kitablarının birinə ön söz yazarkən qeyd edib ki, Əli İldırımoğlunun jurnalistliyi ilə yazıçılığı rəqabət aparır. Doğrudan da belədir. Bir oxucu kimi mən Əli İldırımoğlunun jurnalistikasında gördü-yüm həyat reallığı, fakt bolluğu və dəqiqliyi, eləcə də görmək, gördüyünü əks etdirmək məharəti onun yazıçılığında da birmənalı olaraq ortaya çıxır. Tutaq ki, “Qarlı gecələr” romanını oxuyanda mənə elə gəldi ki, müəllif kənd məktəbinə müəllim gəlmiş cavan bir oğlan haqqında reallığı təcəssüm etdirən sənədli bir film nümayiş etdirir və yaxud oçerk ortaya qoyubdur. Amma hadisələrin davamlı inkişafı, romanda təbiətdən tutmuş cəmiyyətə qədər bütün mühit və məkan hər xırda detallarına qədər müəllif qələminin təsdiqindən keçir və oxucu elə hiss edir ki, müəllif onun əlindən tutub öz yaşadığı, öz köynəyindən keçirdiyi bütün hisləri, bütün yaşamları oxucuya göstərməklə yanaşı, oxucuya həm də yaşadır. Təbii ki, bu da məhz jurnalist peşəkarlığının Əli İldırımoğlu yazıçılığına, mənim zənnimcə, ən böyük xidməti, töhfəsidir. Mən hətta bunu Allah vergisi kimi də görürəm.

İstedadla zəhmətin birləşməsi həmişə ortaya uğurlu nəticələr çıxarır. Bunu mən demirəm, bunu məndən öncə də deyiblər və mən bu fikri təkrarlamaqla Əli İldırımoğlunun yaradıcılığının bəhrələri olan əsərlərə söykənərək sizə xatırlatdığım fikrin nə qədər doğru olduğunun təsdiqini tapdığını diqqətə çatdırıram. Çünki istər “Zorən jurnalist”, istər “Qarlı gecələr”, istər “Aqibət”, istərsə də “Közərən sətirlər” romanının hər birində Əli İldırımoğlunun özünü yazdığını duymuşam. Doğrudur, “Közərən sətirlər” xatirə-roman kimi qələmə alınıb, amma əvvəldə qeyd etdiyim kimi digər romanlarında da mən Əli müəllimin obrazını görmüşəm. Bir oxucu marağı ilə Əli İldırımoğlunun tərcümeyi-halını da məhz həmin о romanlardan öyrənmişəm və onu da görmüşəm ki, xalqın dilində çoxşaxəli süjetlər qurmaqla oxucunu böyük ədalətə də inandırmaq mümkündür, riyakarlığa qarşı, haqsızlığa qarşı dözüm-süz olmağa da qaldırmaq mümkündür. Deməli, burada söhbət qələmin kimin əlində olmasından, qələmdən kimin istifadə etməsindən və nəhayət, qələmlə ürəyin eyni məqsədə xidmətindən gedir. Əli İldırımoğlu da məhz öz qələmiylə öz ürəyini bir yerdə görən, öz şəxsiyyəti ilə öz qələmini və ürəyini bütöv halında təqdim etməyi bacaran, bütün çətinliklərdən ürəyi, qələmi və şəxsiyyəti ilə bütöv çıxan köhnə kişilərdən biridir.

...Bu yazını mən Əli müəllimin yubileyi ərəfəsində yazarkən öncə istədim ki, onun kitablarından, qəhrəmanlarından söhbət açım. Sonra qərarımı dəyişdim. Çünki Əli müəllimin əsərlərini araşdırmaq üçün oxucu olmaq kifayət etmir. Həm də tənqidçi olmaq lazımdır. Mən də tənqidçilərin işinə qarışmadan Əli İldırımoğlu haqqında onun yaxşı oxucusu kimi könlümdən keçənləri necə bacardımsa, eləcə də kağıza köçürdüm. Hər halda kasıbın olanından...

Yubileyiniz mübarək, Əli müəllim! Jurnalistikanın və ədəbiyyatın köhnə kişisi, Qubadlıda görüşmək ümidiylə Sizə cansağlığı arzulayıram.

Əbülfət Mədətoğlu
“Ədalət” qəzeti, 16 noyabr 2007-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com