HEKAYƏLƏR
GENERAL XOLİNDƏN
ŞOFER QURBANA
Poçtalyon darvazaya yanaşıb zəngin düyməsini basdı. Qapı açıldı. Ev sahibi Qurbanovun sualedici nəzərləri poçtalyonun sifətində gəzdi. Poçtalyon çiynindən asılmış iri çantasından üzərində "Naxçıvan şəhəri. Lenin küçəsi, 4 nömrəli ev. Qurban Qurbanova" - sözləri yazılmış zərfi çıxarıb ona verdi.
General Xolindən! Veniamin Aleksandroviç Xolindən! Qurban gözlərinə inanmırmış kimi tez zərfi açdı. Bəli, məktub vaxtı ilə şoferi olduğu general Veniamin Aleksandroviç Xolindən idi. Qurban gözlərinin yaşını poçtalyondan gizlətməyə çalışaraq, başını yana çevirdi və geriyə döndü. O, darvaza qapısını örtüb məktuba yenidən diqqətlə baxdı. Qurbanın kirpiklərindən qopub muncuq kimi yanaqlarından diyirlənən yaş əlindəki məktubun sətirləri üzərinə düşərək illərdən bəri həsrətini çəkdiyi cəbhə dostunun qələmindən süzülən mürəkkəbə qarışdı.
Xəyal Qurbanı qanadına alıb 1942-ci ilin may günlərinə, Volqoqradın yaxınlıqlarına, sakit Donun məxmər sahillərinə apardı...
Don çayının sahilində alçaq təpənin ətəyi. Qarşıda isə düşmən qüvvələri. İki sıldırım yamac arasına sıxılan çay burada ensiz və dərindir. Çay çox yerdə kolluq içərisindən baş qaldıran cökə ağaclarının çiçəkləri, uca palıd, şam ağaclarının qol-budaqları arasında gözdən itir. Yalnız suyun zəif şırıltısı, bir də ki, qəflətən pırıldayan ördəklər çayın axınını büruzə verirdi. Burada düşmənin mövqeyi həm hücum, həm də müdafiə üçün daha münasib idi. Onlar sıx meşələrlə örtülmüş təpələrin arasında asanlıqla gizlənir və bizə doğru sərrast atəş aça bilirdilər.
Alman faşistlərinin hücumu gözlənilirdi. Ancaq onların hansı cinahdan irəliləyəcəklərini bilən yox idi. Kəşfiyyatçılardan da hələ bir xəbər gəlməmişdi. Odur ki, müşahidə nöqtəsi üçün əlverişli olan irəlidəki qalın meşəyə daxil olmaq lazımdı. Bu isə çox çətin idi. Düşərgə ilə meşə arasındakı yarım kilometrlik yer açıqlıqdı. Düşmənin snayperləri buradan keçməyə aman vermirdilər. Veniamin Aleksandroviç çox narahatdı. Nəhayət, o, qəti qərara gəldi. Həmin açıqlığa işarə ilə şofer Qurban Qurbanova dedi:
- Mütləq buradan keçməliyik, yoxsa...
- Mən hazır!
- Ancaq maşının hərəkəti düşmən gülləsindən sürətli olmasa...
- Buna əmin ola bilərsiniz, yoldaş komandir!
Qurban əlverişli bir istiqamət seçib cəld maşının sükanı arxasında oturdu və öz komandirini ani olaraq açıqlıqdan keçirdi. Xolin həyəcanla Qurbanın alnından öpdü. Onlar meşənin dərinliklərinə irəlilədilər. Düşmən güllələri ağacların budaqlarına dəyir, qayalıqlarda əks-səda verirdi. Düşmənin hücum istiqamətləri müəyyən edildi. Əks-zərbə üçün bütün tədbirlər görüldü...
Düşərgəyə zülmət çökən kimi düşmən mərmilərinin zəhmli uğultusu eşidildi. Cökə ağaclarının ətirsaçan çiçəkləri, yaşıl budaqlar, göy çəmənlər od tutub yanmağa başladı. Bu parlaq alovların işığında Dona tökülən quldur dəstələri aydın görünürdü. Düşmənin ordusu bizimkilərə cavab verə bilməyəcəyini hiss edib, mətanətini itirməyə başladı. Xolinin dəstəsi daha da coşğunlaşırdı. Faşistlər ruhdan düşmüşdülər. Veniamin Aleksandroviçin qalibanə səsi eşidildikcə təkcə Qurban deyil, düşmənə qarşı çiyin-çiyinə vuruşan rus, gürcü, erməni, özbək, azərbaycanlı döyüşçülər əvvəlki ümidsizliklərindən əl çəkirdilər. Quduzların özünü itirmiş qoşun hissələri artıq pərən-pərən salınmışdı.
...Yeraltı daldanacaqlarda bayaqdan bəri başı döyüş hazırlığına qarışdığından yemək vaxtı yaddan çıxmış Xolin bərk acmışdı. Ancaq o süfrədəki çörəyə, bir az da suda bişirilmiş kartof ilə kolbasaya əl uzatmır, Qurbanı gözləyirdi. Bilirdi ki, Qurban maşına əl gəzdirməsə, onun hissələrini bir-bir yoxlayıb yerbəyer eləməsə, sahmana salmasa, geri qayıdan deyil. Xolin isə heç vaxt Qurbansız çörək yeməz. Axı o, Qurbanla olmağa adət etmişdir. Nəhayət, torpaq "evciyin" darısqal və yöndəmsiz qapısı açıldı. Qurban içəri daxil oldu. Xolin bir ata nəvazişi ilə əlini onun çiyninə qoyub yanında əyləşdirdi və sonra da sözarası soruşdu:
- Qurban, təzə məktub almısanmı? Naxçıvandan nə yazırlar, uşaqlar necədir?
- Bir nigarançılıq yoxdur, uşaqların hamısının sizə salamı vardır, ancaq ağlamaqdan anamın gözləri... Bir də ki, bu barədə anamı qınamıram. Axı, onun yeganə oğluyam.
Xolin:
- Bəs mən sənə qardaş deyiləm? - deyə ona etiraz etdi:
- Siz mənə qardaşdan da artıqsınız, hamı bilir ki, siz olmasaydınız, indi görən mən harada...
Keşikçi əsgərin səsi eşidildi. Səyyar sahə poçtalyonu Xolin və Qurban üçün bağlama gətirmişdi. Hər iki bağlama açıldı. Moskvadan Xolinin arvadı Antonina Qriqoryevnanın göndərdiyi bağlamada Qurbanın payı ayrıca qoyulmuşdu. Naxçıvandan gələn bağlamada bir cüt əl dəsmalı vardı. Hər iki dəsmalın bir küncündə Xolin, o biri küncündə isə Qurban sözləri yazılmışdı. İçərisində bir cüt corab, qoz ləpəsi və alana olan ağ torbanın üzərində Qurbanın anası - Xanım xalanın dilindən qopan bu sözlər yazılmışdı: "Naxçıvandan oğlum Xolinə ana sovqatı".
...Gecədir, hamı şirin yuxuya getmişdir. Qurban isə maşının sükanı arxasında mürgüləyirdi. Onun üzünə əl fənərinin işığı düşür. Xolinin mehriban və qayğıkeş səsi eşidilir:
- Qurban, yatmısan? Yerin soyuq deyil ki?
- Narahat olmayın, hər şey öz qaydasındadır.
Xolin onun üşüdüyünü hiss edib sırıqlısını Qurbanın üstünə saldı. Qurban isə:
- Axı, yoldaş Xolin, bir belə xəcalətlik olmaz, - deyə ona nəzakətlə etirazını bildirdi.
- Axı xəstələnə bilərsən, onda Xanım anaya nə cavab verə bilərəm.
...1943-cü ilin baharı. Kalinin vilayətində, Volqa sahilində səhərə yaxın havanın soyuğu güclənirdi. Ətraf dağların qarlı zirvələri günəşin ilk şüaları ilə qızarmağa başlamışdı, lakin dərin zülmətlərə qərq olmuş yaxınlıqdakı kənd düşmənin yandırdığı ağ və qırmızı taxtapuşlu binalardan qalxan alovla işıqlanırdı. Atışma sakitləşmirdi. Xolin də, Qurban da bərk yaralanmış, yorulub taqətdən düşmüşdülər. Qəlpələrin zədələdiyi maşın isə daha kara gəlmirdi. Qurbanın başında sayıqlama zamanı olduğu kimi fikirlər bir-birinə qarışırdı. "Veniamin Aleksandroviç, ölümdən çox düşmənin əlinə keçə biləcəyimizdən qorxuram" - deyə Qurban Xolinə qısıldı. Xolin Qurbana ürək-dirək verib, yavaş-yavaş sürünür, Qurbanı da sürüyüb aparırdı. Lakin qabaq bataqlıq idi. Buradan keçmək üçün onlar çox əlləşdilər, taqətdən düşüb huşlarını itirdilər. Onları kiçik leytenant Pyotr İzmestiyev və starşina Hüseyn Bağırov xilas edib, tibb məntəqəsinə gətirdilər.
* * *
Yaman günün ömrü az, dostluğu isə əbədi və sarsılmaz olur. Budur, həmin dəhşətli günlərdən otuz il keçir. Müharibə qurtarmışdır. Moskvalı general Veniamin Aleksandroviç Xolinlə naxçıvanlı avtomobil nəqliyyatı idarəsinin şoferi Qurban Qurbanovun dostluğu getdikcə möhkəmlənir. Onların bir-birlərinə göndərdikləri teleqramların, məktubların, bağlamaların ardı-arası kəsilmir.
...Budur, general Xolin növbəti məzuniyyətə çıxmışdır, həkimlər Xolinə kurort müalicəsinə getməyi məsləhət görürlər. O isə başqa fikrə düşmüşdür. Xolin arvadı Antonina Qriqoryevnaya deyir:
- Naxçıvana getsəm, Qurbanla görüşsəm, məzuniyyətimi onunla ailə üzvləri arasında keçirsəm, kurortdan da, müalicədən də yaxşı olar.
- Ağıllı fikirdir, - deyə Antonina ərinin sözünə haqq verir.
Qatar Naxçıvan dəmiryol vağzalına yan alır. Perronda general Xolinlə şofer Qurbanın baxışları rastlaşır:
- Yoldaş general, sizi öpmək olarmı?!
Xolin cavab vermək əvəzinə Qurbanı bağrına basır. Dostların qolları bir-birinin boynuna sarılır. Generalla şoferin görüşü buraya toplaşanların hamısını heyrətə gətirir, yüzlərlə sərnişin onları dövrəyə alır. Qurban yaxınlıqdakı təzə "Volqa"ya işarə edərək:
- Veniamin Aleksandroviç, əyləşin, gedək, - deyir.
- Bəs, siz avtobusda işləmirsiniz?
- Bəli, avtobusda işləyirəm.
- Avtobusun buradadırmı?
- Bəli, burdadır, ancaq bir az köhnə...
- Sizin sürdüyünüz avtobusda yol getmək, mənə "Volqa"da oturmaqdan daha xoşdur.
Avtobus adamla doludur. Qurban vağzalla şəhər arasındakı avtobus dayanacaqlarına çatdıqca maşını saxlayır. Lakin heç kəs bu mehriban dostların qeyri-adi söhbətlərindən ayrılıb avtobusdan düşmək istəmir. Nəhayət, onlar evə çatırlar. Abdulla kişi çoxdan bəslədiyi erkəyi yolunu gözlədiyi ikinci oğlunun qabağında yerə vurur. Xolin əvvəlcə təəccüblənir, Abdulla kişi onu qucaqlayaraq:
- Oğlum, bu bizdə dədə-baba adətidir, əziz qonağın qabağında qurban kəsirlər.
Qurbanın uşaqları çoxdan bəri adını eşidib, üzünü görmədikləri əmilərini dövrəyə alırlar.
Xolin çamadanı açaraq:
- Görün, Antonina xalanız sizə nə göndərmişdir? - deyə hədiyyələri bir-bir onlara verir. Bu məktəbli çantası ilə içindəki yun şal Cəlalətindir, bu ipək parça Minayə üçündür. Səmayə, bu paltarı gey görək, sənə necə yaraşır? Yarımpaltoların biri Fəxrəddinin, biri də Aydınındır. İsgəndərlə Abdullanın hərəsinə bir məktəbli kostyumu...
Dostların görüşü bayram şənliyinə, toy təntənəsinə çevrilmişdi. Qonşular da, küçədə oynaşan uşaqlar da iftixarla "Qurbanın cəbhə dostu general Xolin gəlib" - deyə şənlik edirdilər. Məhəbbət, etibar, sədaqət, minnətdarlıq kimi ən incə hisslər Xolinlə Qurbanın ürəyində birləşib onların hər ikisinin simasına gözəl bir ifadə vermişdi. Lakin Xolinin parlayan gözləri nə isə yenə də onunla görüşməyə gələnlərin arasında intizarla gəzirdi. Qurban xasiyyətinə yaxşı bələd olduğu dostunda daxili bir nigarançılıq hiss edib narahat olur və bunun səbəbini soruşur:
- Veniamin Aleksandroviç, darıxan kimi görünürsünüz? Olmaya Moskva yadınıza düşdü?
Xolin gülümsündü və sonra da ciddi bir vəziyyət aldı:
- Qurban, xatirindədirmi, Kalinin vilayətində hər ikimiz yaralanarkən səni Pyotr İzmestiyev, məni isə Hüseyn Bağırov çiyninə alıb bataqlıqdan keçirdi və həkim məntəqəsinə çatdırdılar. Onda mənə demişdin ki, Hüseyn Bağırov naxçıvanlıdır. Gözüm onu gəzir.
- Bəli, Hüseyn Bağırov Şahbuz baytar məntəqəsində feldşer işləyir.
- Ona, uşaqlarına baş çəkmək pis olmaz, - deyə generalın bayaqkı nigarançılığı ikinci bir sevinclə əvəz edildi.
General Xolin Hüseynlə görüşüb qayıdır. Ancaq yenə də onu rahat buraxmırlar. Qurban general Xolini onu qonaq dəvət etməyə gələnlərlə bir-bir tanış edir:
- Bu, xalam Səkinədir, o, yaxın dostum Əlidir. Culfadan səni deyib gəlib, bu, yeznəmiz Hüseynquludur... Getməsən, bir parça çörəklərini kəsməsən, bir stəkan çaylarını içməsən, inciyərlər.
Xolin isə:
- Qurban, indi sən generalsan, mən də saldat, hara desən...
Xolin başda əyləşmişdi. Süfrənin başında. Hüseynqulu ilə qayınanası Səkinə xalanın sevinci yerə-göyə sığmırdı. Səkinə xala demişkən, qonaq ev sahibinin gülüdür. Qonaq olanda elə bil evin divarları da gülür. Xolin özünü bu qonaqsevər adamların arasında necə də şən, necə də nikbin aparırdı. O, hərdənbir zarafatyana:
- Antonina İvanovna razı olsaydı, elə buradaca qalardım, Naxçıvanda, - deyirdi.
Mehriban insanlar, unudulmaz və şirin xatirələr... Gecəyarıdan xeyli keçmişdi. Xolin Səkinə xalaya, onun yeznəsi Hüseynquluya minnətdarlığını bildirdi. Qurban qohumlarına dil-ağız elədi. Onlar ev sahibləri ilə xudahafizləşdilər.
Bədirlənmiş ayın parlaq ziyası küçə boyu cərgələnən İliç lampalarının şəfəqlərinə qarışaraq dörd bir tərəfi gündüzlər olduğu kimi işıqlandırırdı. Şəhər sakit Arazın şirin laylasında yuxuya dalmışdı. Üz-üzə dayanan Ordubad və Ararat dağlarının qarlı zirvələri aydın görünürdü. Edilağa gölünün bəyaz suları işıldayırdı. Yaşıllıqlarla haşiyələnən geniş küçənin sakitliyini yalnız onların şən söz-söhbəti pozurdu. Birdən Veniamin Aleksandroviç ayaq saxlayıb Qurbana tərəf yönəldi:
- Həyat yoldaşının qoluna gir, - dedi. - Mən də arxanızca gəlirəm.
Qurban bunu adicə bir zarafat hesab edib yüngülcə gülümsündü. Veniamin Aleksandroviç isə ona təkid etdi.
Qurban şoferi olduğu keçmiş komandirinə hörmət və nəzakət mənasında Veniamin Aleksandroviçə etirazını bildirdi. General Xolin ciddi bir görkəm alaraq:
- İndi sənə əmr edirəm! - dedi.
Hamı çaşbaş qalmışdı. Qurban əsgəri borcunu yerinə yetirirmiş kimi həyat yoldaşının qolundan yapışdı. Ər-arvad bir neçə metr irəli çıxdılar. Veniamin Aleksandroviç nəyi isə xatırlayırmış kimi onların arxasınca heyranlıqla baxır və sanki bundan həzz alırdı. Bir qədər getdikdən sonra Xolin addımlarını yeyinlədib Qurbana çatdı və əlini mehribanlıqla onun çiyninə qoydu. Veniamin Aleksandroviç qəlbində saxladığı bu nisgili Qurbana ilk dəfə buradaca açdı:
- Yadındadırmı, Qurban, - dedi. - Ağır müharibə illərində səninlə bir neçə günlüyə Moskvaya qayıtmışdım. Axşam gəzməyə çıxmışdıq. Mən Antonina İvanovnanın qoluna girmişdim. Sən arxamızca tək-tənha gəlirdin. Söz yox ki, bizə həsrətlə baxırdın. Öz həyat yoldaşını düşünürdün. O vaxt bu, ürəyimdə bir nisgil oldu. Düşünürdüm: "Qurbanla həyat yoldaşının bir gün qol-qola girib getdiklərini görsəydim..." Bax, həmin gün gəlib çatıb. İndi əsl məqam idi. Əhdim yerini aldı.
Hamı gülüşdü. Hamı kədərləndi. Xanım xala sevincindən qəhərləndi...
Görüşlərin, səmimi söhbətlərin, mehriban baxışların ardı-arası kəsilmir. İki səmimi dost, dar günün qardaşları bir-birindən doymaq bilmirlər. Nəhayət, ayrılıq günü gəlib çatır. Bu, Qurban və onun ailəsi üçün ağır olsa da, general yola düşməyə hazırlaşır.
Yenə də dəmiryol stansiyası. Keçmiş cəbhə dostları, yeni tanışlar öz əziz qonaqlarını yola salmaq üçün stansiyaya toplaşmışdılar. Xolin Qurbanı bağrına basıb:
- Gedirəm, ancaq ürəyim, qəlbim sizin ailədə, Abdulla əminin, Xanım xalanın yanında qalır, - deyir.
Qatar tərpənir. Dostlar qatar gözdən itənədək bir-birlərindən nəzərlərini çəkmirlər.
...Gunlər keçir. Budur, qoltuğunda bağlama, çantasında məktub və teleqram olan poçtalyon Lenin küçəsindəki 4 nömrəli evə doğru irəliləyir və rast gəldiyi qonşulara fərəhlə:
- General Xolindəndir, - deyir. - Şofer Qurbana...
1983-cü il
|