www.aliildirimoglu.az

SƏNƏDLİ HEKAYƏLƏR VƏ OÇERKLƏR

YARPAQLAR SARALANDA 

Valideynlərimiz vaxtilə yaxın olub, dəqiq desək, atası Nəzər, əmim Əmrah yüzbaşının mirzəsi ol­maq­la bərabər, həm də sadiq dostuydu. Nəzər Heydə­ro­vun "Zəngəzur dağlarında" kitabında bu barədə ətraflı gös­tərilib. Əmrah-Nəzər etibarı! Haqqında danışdığım Arif Heydərovla ünsiyyətimiz bax belə bir zəmində ya­ran­mışdı.

General qiyafəsi ona necə də yaraşırdı. Pəhləvan cüs­səli, sakit danışıqlı, ağayana tərpənişli, alimanə söz-söh­bət­li general Arif Heydərov.

Söhbətlərimizin birində yarızarafat:

- Bizə niyə gəlmirsiniz? - deyə ona söz atdım.

- Haçan qonaq çağırdınız, gəlmədim, - generalın aydın baxışları təbəssümləndi.

- Sizi qonaq çağıra bilmərəm.

- Nə üçün? - deyə gülümsündü.

- Adi bölgə müxbirinin nazir səviyyəsində qonaqlıq düzəltməsi…

- Görünür, məni bəzi nazirlərlə dəyişik salırsınız? - dedi. - Dost süfrəsinin bir tikə şor-çörəyi ziyafətlərdəki naz-nemətlərdən min dəfə fərzdi…

Əlbəttə, bunlar qarşılıqlı ərk və səmimiyyətdən irəli gələn incə zarafat idi.

Bir payız səhəri, yarpaqlar saralanda Ağdamdakı bağ­lı-bağatlı həyətimin darvazası açıldı. Arif içəri daxil oldu. Mühafizəçisiz, filansız. Salamlaşarkən əlimi buraxmadan:

- Çox gileylənirdin ki, gəlmirsən, bu da mən…

Səhərisi gün birlikdə Bərdəyə getməli olduq. Ağdam şəhərindən çıxanda qabaqda və arxada bizi müşayiət edən və üstündə mavi işıqlar bərq vuran yol polisi maşınlarının həyəcan siqnalları eşidildi. Nazir dilxor oldu və onun sadəlik, ağayanalıq ifadə edən çöhrəsi tutuldu. Əyləşdiyi maşının sürücüsünə tərəf yönəlib özünəməxsus təmkinlə:

- Onları başa sal ki, bizi müşayiət etməyə ehtiyac yoxdur. Daha vacib işləri ilə məşğul olsunlar, - deyib başını buladı…

Çox görmüşəm ki, respublikada rəhbər vəzifədə işlə­yən bəzi mötəbər şəxslər doğulub boya-başa çatdığı rayo­na güzarı düşəndə qohum-əqrəbalarını qoyub raykomun xü­susi qonaq otağında qalırdılar. Arif Nəzəroğlu Ağdamda olduğu günlər yalnız burada əmisi, bibisi oğlanlarının evində gecələyirdi.

…Arxalı yerdən olan rayon milis idarəsinin rəisi na­zir­lə ayrılıqda görüşüb ümumi  vəziyyət barədə ona bəzi məlumatlar verdikdən sonra ötkəm əda ilə:

- Arif Nəzəroviç, - dedi, - bir məsələdən ötrü sizdən xa­hiş etmək istəyirəm.

- Buyurun, - nazir sakitcə cavab verdi.

- Bizim bu cinayət axtarışı şöbəsinin rəisi barədə na­zir­­liyə bir neçə dəfə məktub yazmışam, ancaq cavab ala bilməmişəm. Nədənsə yoldaşlar süründürürlər. Onu təcili buradan dəyişmək lazımdır.

- Nə üçün onunla işləmək istəmirsiniz?!

Rəis əllərini ovuşdura-ovuşdura:

- Bilirsiniz, yoldaş nazir, - dedi, - raykomdan da bir-iki dəfə deyiblər. Birinci katib də bu barədə Sekaya zəng vurmaq istəyirdi, razı olmadım, dedim yaxşı düşməz, nazirlə özüm danışıb həll edərəm. İspalkomun sədri də cinayət axtarışı şöbəsinin rəisindən narazıdır…

- Bizə göndərdiyiniz məktublardan xəbərim var. Yazdıqlarınız onun dəyişilməsinə əsas vermir. Hamısı ümu­mi sözlərdi, konkret fakt yoxdur. İndi deyin görüm, onu niyə istəmirsiniz?!

- Belədi də… özünü yaxşı aparmır, bir az dikbaşlığı da var… Rayon rəhbərliyi də ondan narazıdır…

- Bu dediklərinizlə yanaşı, gərək ki, onun iş gös­tə­ri­ci­ləri pis olmasın…

- Hə, o cəhətdən yaxşıdı… ancaq dəyişilməyi məs­lə­hət­di, - deyə milis idarəsinin rəisi təkid et.

Nazirin qaşları çatıldı və:

- Onun neçə uşağı var? - soruşdu.

- Dörd.

- Yoldaşı hansı sahədə işləyir?

- Ali təhsilli müəllimədi, dərs deyir.

Nazir ani fikrə getdi və sonra soruşdu.

- Yoldaş rəis, işçini bir rayondan digərinə dəyişmək bilirsiniz nə deməkdi?!

Nazirin bu sualı cavabsız qaldı. O, sözünü davam etdi:

- O adam bura gələndə yəqin ki, həyat yoldaşının tə­yi­nat yerini dəyişdirmək, uşaqlarını yeni məktəbə düzəlt­mək üçün xeyli əziyyət çəkib. Yaşadığı evi səliqə-sah­ma­na salıb. Həyət-bacasına əl gəzdirib, bir əl-üzyuyan alıb… İşçinin yerini dəyişmək müəyyən mənada onun yuvasını dağıtmaq deməkdir. Əlbəttə, bütün bunlara baxmayaraq, əsaslı bir səbəb varsa, buna etirazım yoxdur. Ancaq kimin­sə xoşuna gəlmirsə… onun barəsində ədalətsiz əmr ver­sək, sözsüz ki, bizə etirazını  bildirməsə də, ailəsində nara­zılıq yaranacaq. Valideynə qarşı haqsızlıq məktəbli övlad­larda bizə qarşı nifrət oyadacaq… Həyatda baş verən bir çox xoşagəlməz hadisələr ehtiyac və nifrətdən yaranır və deyərdim ki, cinayətkarlığa qarşı uğurlu mübarizənin başlıca bir şərti də ədalətli olmaqdır… Bax, yoldaş rəis, görünür, siz məsələyə birtərəfli yanaşırsınız…

…Yox, yoldaş general, mən o cür demədim, vicdan üçün yaxşı işçidir. Şəxsən mən onun xatirini istəyirəm… An­caq raykom, ispalkom… onları da özüm birtəhər başa salaram…

Nazirin təmkinli baxışlarında acı bir təbəssüm dolaşdı, rəis isə düşdüyü çıxılmaz vəziyyətdən xilas olmaq üçün don­dan-dona girirdi.

- Sabiq müavininiz neçə aydı təqaüdə çıxıb? - nazirin sualı söhbətin istiqamətini dəyişdi.

- Beş aydan çoxdu.

- Bu müddətdə ondan hal-əhval tutmusunuzmu?

Rəis udquna-udquna:

- Yox…  Vallah, bu pambıq o qədər başımızı qatıb ki… Heç vaxt tapırıq?…

- Unutmayın ki, axtarmasan, axtarmazlar. Gələcəkdə başçılıq etdiyniz kollektiv də sizi o cür yad edəcək. İdarə başçısının nüfuzu və deyərdim ki, onun sözünün kəsəri tabeçiliyindəki əməkdaşlara qarşı diqqət və  qayğıdan başlanır…

- Çox doğru deyirsiniz, yoldaş nazir, indən sonra…

- Çalışın bu geçikmiş etiraf daha çox  əməli fəaliyyətinizdə nəzərə çarpsın…

Arif Heydərovun ibrətamiz sözlərinin təsiri altında rayon milis idarəsinin rəisi sanki indi-indi ayılır və qiya­fə­sindəki zolaqların qırmızısı onun dolu çöhrəsinə yayılırdı…

Arif alicənablığının, bax, beləcə, doğurduğu heyranlıq məni əsla tərk etmir…

 1996-cı il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com