 |
SƏNƏDLİ HEKAYƏLƏR
VƏ OÇERKLƏR
ERMƏNİ XİSLƏTİ
Neçə il bundan əvvəlin söhbətidir. Onda Qarabağ zonasında xidmət edirdim. Bir payız çağı yaxın qonşum olan Suvarma Sistemləri İdarəsinin rəisi ilə onun maşınında Şuşaya gedirdik. Fermalar dağdan arana qayıdır, köç əlindən tərpənmək olmurdu. Şuşanın dolaylarında yenə qoyun sürüləri ilə rastlaşdıq. Aşağı sürətlə gedən maşınımız sürünü yarıb irəliləmək üçün aramsız siqnal verirdi. Qarakərə qoyun gözlənilmədən dazıyıb özünü maşının qabaq fənərlərinə çırpdı, yıxıldı və tez qalxıb sürüyə qarışdı. Əlbəttə, bu, bir təsadüf olsa da, peşmançılıq hissi keçirdik. Tez maşını saxladıq, baxdıq. Qarakərə qoyunun ola bilsin ki, harasısa əzilsin, bir balaca zədələnsin, ancaq əsaslı bir zədə almamışdı. Arxayın düşüb yolumuza davam etmək istəyəndə sürünün arxasından üz-gözünü tük basmış, hündürboylu, cantaraq bir çoban çıxıb, əlində dəyənək kəsdi qabağımızı və qışqıra-qışqıra:
- Ara, permanın qoyununa vurub hara qaçırsınız e, getməyə qoymuyacağam! Asma, getsəniz də, maşının nömrəsini bilirəm…
Rəis maşından enib ona yaxınlaşdı, ədəb-ərkanla salam verdi və soruşdu:
- Bağışlayın, a kirvə, adınız nədir?
Erməni rəisin salam-kalamını vecinə almadan, təkəbbürlə:
- Ara, adamı neynirsən e, - dedi. - Bu yolun içində mənə angetimə dolduracaqsan?! Aşotam ha! Aşot Manukyan! Demağına sözün nədi! Qoymuyacağam tərpənməyə, qoynuma şikəstə eləmisən, cavabını ver! Artığına, əysiyinə söz deməyə faydasına yoxdu!
Rəis xoş dillə:
- Aşot kirvə, əvvəla qoyuna bir şey olmayıb, - dedi. - İkinci də, əgər şübhələnirsənsə ki, sonradan qoyun şikəst ola bilər və ya ölər, onda tut gətir bura, cəriməsini çəkərik. Neçəyə deyirsən, pulunu verək, qoyun qalsın bizə.
Erməni rəisin yumşaq danışığını, bizim də susdu-ğu-muzu görüb özünü qaldırıb qoydu dağın kəlləsinə və səsini bir azda qaldırdı:
- Ara, mənim başıma xarabdı, burada xata çıxarda-cağam! Ay müsəlman, bura bazardı, dükandı ki, sizə qoyun satım? Bu, permanın heyvanıdı!
Rəis çıxılmaz vəziyyətdə qaldı və yenə də Aşot Manukyanı sakitləşdirib, razı salmaqdan ötrü dil tökməyə başladı:
- A kirvə, yaxşı, - dedi, - onda gəl belə danışaq, heyvanın qiyməti neçəyədi, de, pulunu verək, qoyunu da istə-mirik, qalsın özünə.
- Ara, yox e, görürəm vəzifəniz də var, mən heç kimə qorxmuram! Permanın qoynuna vurmusunuz! Sizə qoy-maram, bir addıma da gedəsiniz. Bu saat maşına da azacağam. Siz qoynuma vurmusunuz, mən də maşınına sındıracağam.
Rəis dedi:
- Aşot kirvə, onda imkan ver, arxadan gələn fermalardan sənin ürəyinə yatan saz bir qoyun alaq verək. Əl çək, ayıbdı, gəlib-gedən bizə baxır. Vurulan qoyunu da özün kəsib yeyərsən, halalın olsun. - Rəis ermənini sakitləş-dirib, yola gətirməyə çalışdı.
- Ara, ayıba sizə olsun ki, qoynuma vurmusunuz! Mənə aldatmağına bacarmayacaqsınız. Dağdan sağ-salamatına gətirdiyim qoyuna qıçına qırmısınız, ha yalvarın, xeyrinə yoxdur. Mənə də Hadrutlu Aşot deyərlər. Qabağıma tərpənə bilməyəcaqsınız…
Rəis nə qədər çalışdı ki, erməni başa düşsün, mümkün olmadı. Aşot qan-qan deyib durmuşdu. Öz-özlüyümdə fikirləşirdim ki, belə bir adamın səviyyəsinə enib ona baş qoşmağa dəyməz. Bir də ki, axı, onun erməni toxunulmazlığı var. Bir balaca o yan-bu yan olsa, bir ucu gedib çıxacaq Moskvaya. "Yan"ların başbilənləri gözlərini yumub, ağızlarını açıb, aləmə car çəkəcəklər ki, bax, erməniləri yola vermirlər, onları gözümçıxdıya salırlar. Zavallı çoban dinməz-söyləməz qoyun otardığı yerdə, gör onun başına nə müsibət açıblar. Onda da gəl cavab ver! Kimi başa salasan ki…
Sürücü Rəşid də bizdən keçib məsələyə müdaxilə eləmirdi. Onun xasiyyəti də başqaydı. İyirmi-iyirmi beş yaşı olan bu adamla iki gün yol get, dindirsən danışacaq, dindirməsən, kəlmə kəsən deyil. Necə deyərlər, qızdan-gəlindən həyalı adamdı. O da sükanın arxasında mat-məəttəl quruyub qalmışdı. Ancaq hiss edirdim ki, Rəşidin içərisində dişi bağırsağını kəsir.
Üç nəfər adam, bir maşın Aşotun çəngindən qurtara bilmirdik. Bəs nə edək, - öz-özümə düşündüm. Aşot Manukyan ipə-sapa yatmırdı. O, qovduqca, rəis qaçırdı, biz də dinmirdik.
Axır ki, sürücü özünü saxlaya bilmədi. Rəşid sükanın arxasından çıxıb maşının açarını rəisin üstünə ataraq:
- Yoldaş Məmmədov, - dedi. - Bu gündən sizin işçi deyiləm, əmrimi verin, çıxarın! Əşi, ölmək ölməkdir, xırıldamaq nə deməkdir?! Bayaqdan qalmısınız bu sırtıq, həyasız erməninin əlində! Siz bəlkə vəzifənizdən qorxursunuz, mənim itirəcəyim bir şey yoxdu!..
Rəşid hücum çəkdi erməninin üstünə:
- Ə, vicdansız oğlu, vicdansız, - dedi. Bayaqdan bu kişilər abrına qısılıb, sənə baş qoşmaq istəmirlər, sən də həyasızlığına salıb, bizi girinc eləmisən, qoymursan sakitcə yolumuzla gedək. Əvvəla, qoyununa heç nə olmayıb, olubsa da, ya pulunu al, ya da əvəzinə qoyun veririk. Ta bu nə həyasızlıqdı eləyirsən?!
Rəis sürücüyə təpindi ki, çoban adamdı, onnan işin olmasın. Həmişə özündən böyüyün qarşısında "bəli,baş üstə"dən başqa kəlmə kəsməyən sürücü bu dəfə rəisi eşitmədi. Əlində maşından götürdüyü yarım metrlik dəmirlə Aşotu yaxalamaq istəyəndə, erməni arada heç bir şey olmayıbmış kimi, şaqqanaq çəkib güldü və yüz ilin dostu, qardaşı kimi sürücünün boynuna sarıldı:
- Va! Ara! Bu dalıdı - nadı! Ara, məssəb haqqı, zarapat eləyirəm eli! Ara, nə danışırsan?! Sizi kimi kepinə kök adamlara bir qoyun nədi ki?! Mənim sürümün hamısı sizə qurbandı. A kibrə, mən burda nə dedim ki, kepinizə dəydi ki, mənim bir səpim olub, onda gərək günahıma bağışlayasınız…
Sürücünün əl-qolu yanına düşdü. O, xarakterinə xas olmayan hərəkət etdiyinə görə xəcalət çəkə-çəkə geri dönüb sükanın arxasına keçdi və bayaqdan bəri qan-qan deyib qarşımızda meydan sulayan Aşot Manukyanın arsız, yaltaq baxışlarının müşayiətilə yolumuza davam etdik…
1997-ci il
|
 |