|
Arğalısı itən dağlar
Ahıllıq zirvəmdən arxaya baxdım. Ömrün səksən beş baharında, səksən beş qəhərində keçdiyim dolayları, döngələri, enişləri, yoxuşları göz önünə gətirdim. Qələm əhli kimi elləri, obaları, şəhərləri, kəndləri, üzləşdiyim mərdləri, namərdləri, xoş və bəd əməlləri xatırladım. Kağız-vicdan deyilən mətbuat cığırımın sonuna nöqtə qoyduğum, səfalı, vəfalı Qubanın və dünya binnət olandan ona gecə-gündüz keşik çəkən dağların saf ab-havasında dinclik, rahatlıq tapdım. Gah bulanan, gah durulan Qudyalçayın sahillərini seyr etdim, həzin nəğməsini dinlədim...
Iyirmi il olar ağlı-qırmızılı almaları sazda-sözdə gəzən o dilbər guşəyə güzarım düşmür. Düşünürəm ki, getsəm, gəncliyin üz döndərdiyi, qolun qüvvədən, dizin taqətdən, gözlərin nurdan düşdüyü, dolu-duru sifətin avazıdığı bu çağımda Şah dağı məni tanımaz. Sərraf qiyafəli naşıların anıb-anladığı kimi barmağımda yonulub cilalanan söz inciləri ucuz tutular.
Ancaq səksən beşimin astanasında sehrinə düşdüyüm bədbinliyin, bədgümanlığın tilsimini qırıb o yerlərə üz tutmalı oldum. Həm də düşündüm ki, dünyanın işini bilmək olmaz... Şair demişkən: – Nəğdi əlimizdə bir günümüz var, ona da şamadək yoxdu etibar.
Könül quşum dağlar, bağlar diyarına pərvazlandı. On illərlə ayaq döydüyüm əriş-arğac yollara hopan sevincim, kədərim, düşüncələrim, təsəvvürüm, təxəyyülüm cücərib, təzə salınmış qalın-qalın asfalt döşəmələrdən baş qaldırdı. O günlərin qatı açılan və açılmayan dəftəri vərəqləndi. Saralıb-solmaqda olan sətirlər dirçəlib, dilə gəldi...
Hər gün meşələrlə örtülmüş alçaq təpənin yaşıllığına sığınan mənzilimdən çıxıb bir verstlikdəki iş yerimə üz tutanda, şəhəri yarıya bölən el yolunun kənarındakı qənşər bir yerdə dayanıb, yönümü Şah dağına çevirirdim. Uzaqdan-uzağa olsa da, dağla üzbəüz olurdum. Əzəli əlifba kitabım olan təbiətin dilində söz açıb söhbət edirdik. Onun sərin, səfalı qoynunda bir yüngüllük, təsəlli, rahatlıq tapırdım. Daşlardan, qayalardan, dərələrdən süzülüb gələn, Qudyalçayın həzin səsində Şah dağın xeyir-duasını dinləyirdim. Bəzən aramıza qara buludlar çökürdü. Bir-birimizə görünməz olurduq. Həmin anda havanın qaşqabağı sallanır, göyün üzü damarlanır, aramsız ildırım çaxır, dərələr-təpələr lərzəyə gəlirdi. Tutqun səmadan yağış ələnirdi. Hirsli-hikkəli buludlar qəzəbini soyudub uzaqlara çəkiləndən sonra hava açılır, ayazıyırdı. Şah dağın bəyaz çöhrəsi təbəssümlənirdi. Və söhbətimiz yenə də davam edirdi. Ürəyimizi boşaldıb xudahafizləşirdik.
Bəzən dəymədüşərliyi, inciməyi, küsməyi də olurdu bu əzəmətli dağın. Bir axşam çağı işdən evə qayıdanda boz dumana büründü. Məndən üz döndərirmiş kimi görünməz oldu. Diqqətimi cəmləşdirib nə qədər vərəvurd elədim, qara hicabını qaldırıb mənnən kəlmə kəsmədi. Heç səbəbini də açıb-ağartmadı Şah dağı. Ovqatım korlandı. Məlul-müşkül mənzilimə tərəf yönəldim. Nə qədər götür-qoy etdim, fikrimin dolaşığa düşmüş kələfini çözələyib aça bilmədim. Qəlbimdə cürbəcür müəmmalı şübhələr şaxələndi. İşıqları yandırıb çətin məqamda karıma gələn və məni üzücü fikirlərin məngənəsindən xilas edən kağız-qələmə sarıldım... Xəyalımın intəhasız dünyasında, sətirlər karvanı sonu görünməyən, bilinməyən yollara çıxdı...
Gecədən xeyli keçmiş telefonum cingildədi. Qəddimi düzəldib dəstəyi qaldırdım.
– Yatmamısan?! – Yaxın münasibətimiz olan və mənə ərki çatan iqtidar sahiblərindən birinin nikbin səsini eşitdim.- Bivədə olsa da, sürücümü göndərirəm. Adını demirəm, sizə əntiqə bir hədiyyə gətirir. – Şən əhval-ruhiyyə ilə əlavə etdi.
Gecə saat on bir... Əntiqə hədiyyə... Bir neçə dəqiqədən sonra mənzilimin qapısı açıldı. Sürücü qolları arasına aldığı, ipək örtüklü bağlamanı ehtiyatla yerə qoyub nəfəsini dərdi. Və öz-özünə gülümsünüb sakitcə geri döndü.
Bağlamanın səliqə ilə bükülmüş örtüyünü qaldıranda təəccüb məni götürdü. İri buynuzları yana burulan arğalının boğazdan yuxarı müqəvvasını görəndə mütəəssir oldum. Təbiət incisinin ölgün gözlərinə çökmüş kədər mənə də sirayət etdi. Namərd ovçunun gülləsinə tuş olan dağ qoçunun boyun-boğazı, buynuzları, məyus-məsum baxışları mahir sənətkar tərəfindən elə işlənmişdi ki, Şah dağının zirvəsindən boylanırmış kimi canlı görünürdü. Ona baxanda ətraf meşələrin qərq olduğu zülmət gecənin dərinliklərindən qulağıma vahiməli səslər gəldi. Bəlkə də bu, bayaq məndən üz döndərən Şah dağının ərşə qalxan naləsiydi?!
– Ey yer üzünün ali məxluqu sayılan bəndələr! Gecə-gündüz mənnən həmdərd, həmsöhbət olan, qarlı zirvələrimdə, sıldırım yamaclarımda, quşqonmaz qayalarımda məskən salan, nəsil artıran doğmalarıma niyə qənim kəsilmisiniz?! Məgər bütün canlıları Allah-taala yaratmayıb?! Çöllərin, çəmənlərin yaraşığına necə qıyırsınız? Qarlı-çovğunlu günlərdə sinəmdə bəsləyib, zavallardan qoruduğum məzlum övladlarıma niyə yağı kəsilmisiniz? Min bir gül-çiçəklə bəzənən yaşıl-yaşıl libasımı al qana boyamaqdan usanmırsınız?!
Gecənin bu vədəsində dağlardan qopub gələn bu səs-səda məni sarsıtdı.
Hansı namərdsə Şah dağının sinəsinə ağır dağ çəkmişdi. Şah dağının, Baba dağının ətir saçan ətəklərinə, gül-çiçəklərlə bəzənmiş yal-yamacına mənhus barıt qoxusu çökmüşdü. Arğalının lal-dinməz baxışlarında insanlara qarşı amansız ittihamlar hiss edirdim.
Cansız arğalı birdən-birə sanki dil açdı. Onun lal harayı, çox da geniş olmayan iki otaqlı mənzilimə çökən kədəri daha da ağırlaşdırırdı. İniltili bir səslə başına gələnləri nəql etdi:
– Biz arğalıların dünyada yeganə məskəni Qafqaz dağlarıdır, – deyib hələ də təravətdən düşməyən gözlərindən yaş axıtdı. – Üzüyuxarı dağlarda böyük bir sürüyə başçılıq edirdim. – Əlavə etdi. – Hündür qayanın başında ayıq-sayıq dayanıb ətrafa göz gəzdirir, örüşlərdə sakit-sakit otlayan dəstəmə keşik çəkirdim. Həməyir ovçuların, ac canavarların, yırtıcı vaşaqların qaraltısını alıb, hənirtisini hiss edən kimi dərhal sürünü xəbərdar edib, bir göz qırpımında qaçıb canımızı qurtarırdıq. Bu dəfə taleyim bəd gətirdi. Özümü unutdum, nainsaf ovçunun qəfil gülləsinə tuş oldum. Həmişə başda gedib, başçılıq etdiyim dəstə başsız qaldı, pərən-pərən düşdü. Həmin vaxtdan onlar dağları dolana-dolana mələşib, dəli bir həsrətlə məni axtarır. Yoxluğum arğalılarıma dağ boyda dərd olub. Ağlamalı günlərə qalsam da, yenə də balalarımı, körpə-körpə quzularımı, doğmalarımı düşünür, onların halına yanıb göz yaşı tökürəm...
Başı bədənindən üzülmüş dağlar gözəlinin qeybdən gələn naləsini dinlədikcə başımın tükləri qabarırdı. İncə qəlbim arğalının yalvarıcı baxışlarına tab gətirmədi. Ona atılan güllənin tətiyini, qələmə öyrəşmiş barmaqlarım çəkibmiş kimi başsız arğalının qarşısında mükəddər, mütəəssər görkəm almışdım. Dəstəsindən didərgin düşən bu zavallının dərdinə tab gətirib, onunla bir mənzildə gecələmək mənim üçün çətindən çətin idi.
Dostumun məni feyziyab etmək niyyəti ilə göndərdiyi qiymətli “hədiyyə” mənzilimi sevincə yox, mənhus sükuta qərq etmişdi. Gecənin sıxıntısından xilas olmaq üçün telefonun dəstəyini qaldırıb dostuma zəng vurdum. Nəzakət xatirinə, göstərdiyi səxavətə görə təşəkkürümü bildirdim. Və incikliyimi-iradımı büruzə vermədən:
– Gec də olsa, sürücünüzü bura göndərin, – dedim.
Söhbəti uzadıb məsələnin təfsilatına varmadan telefonun dəstəyini yerə qoydum. Bir neçə dəqiqədən sonra sürücü şəstlə qapını açıb içəri daxil oldu. Sürücünün burada qəbahəti olmasa da belə, o da mənə miskin göründü. Odur ki, sifətimi turşudub arğalının müqəvvasını ona işarə etdim və:
– Əziyyətinizə görə sağ olun, – dedim. – Ancaq bunu saxlamaq üçün evdə münasib şərait yoxdur. Hələlik aparın, sonra bu barədə fikrimi deyərəm.
Sürücü qırımımı hiss edib cəld “hədiyyə”ni götürüb, geri döndü.
Çiynimdən ağır yük götürüldü. Xeyli yüngülləşdim. Özümdə bir rahatlıq hiss etdim. Ancaq həmin axşam yuxum ərşə çəkildi. Göz qapaqlarım yumulan kimi dağlara qoşulub yoxa çıxmış buynuzlu qoçu axtarırdım... Arğalı dirilib, ona güllə atan ovçunu yaxalayıb iri, iti buynuzlarına keçirmişdi. Düşmənindən amansız qisas alırdı. Bəzən də görürdüm ki, saysız-hesabsız arğalı şəhəri dolaşır, küçəbəküçə gəzib başçılarına qəsd edib, onları başsız qoyan qəvi düşmənlərinə qarğış eləyib, lənətlər yağdırırdı...
Sübhün şəfəqləri məni qarmaqarışıq yuxulardan xilas etdi. Çarpayımdan qalxıb geyindim. Bir stəkan çay içib idarəyə yollandım. Eyni yerdə ayaq saxladım. Çəkinə-çəkinə dağlara tərəf boylandım. Şah dağının qaşqabağı hələ də açılmamışdı. Yolların-yamacların, çayların-çeşmələrin yar-yaraşığına qənim kəsilən namərd məxluqu görmək və onlara görünmək istəmirdi. Dağlar sevincli günlərində olduğu kimi, günəşin al rəngə boyandığı buludlardan əlvan kəlağayı bağlamamışdı. Övladını itirmiş dərdli analar kimi qara hicaba bürünmüşdü. Bir qədər də hüznlü görünürdü. Buynuzlarının şaqqıltısı qayalarda əks-səda doğuran igid, itkin qoçuna yas tutmuşdu Şah dağı...
Bir neçə gündən sonra dağlara yollandım. Ancaq barıt qoxusu saçan odlu silahla yox, şəhidin qanına bərabər tutulan qələm dolu mürəkkəblə. Qan yatırmağa gedirdim. Gedirdim ki, Şah dağının sınıq konlünü alım. O yerlərin axar çaylarını, buz bulaqlarını, ilmələri lalədən, nərgizdən güllərdən, çiçəklərdən olan yaşıl-yaşıl xalılarını, çəmənlərini tərənnüm edim. Qoynunda məskunlaşan kəndlərin, kəndlilərin, çoban-çoluğun əzvayışından hali olum. Arğalısı itkin düşən dağlara üzrxahlıq eləyəm. Şah dağının könlünü alım ki, qan düşmənlərini əfv edib, məğrurluğuna, ucalığına bağışlaya, bir nadanın, naxələfin qəbahəti ucbatından cəmi məxluqatdan inciyib üz döndərməyə.
Xınalığın sərt yoxuşlarına qalxanda çiskinli duman namərdcəsinə yolumuzu kəsdi, irəliləməyə aman vermədi. Bəlkə də üzü bəri baxan dağlar bizi qoruq-qadağa bilməyən, qanunları vecinə almayan, gecə-gündüz silaha sarılıb şikara çıxan əliqanlı ovçulara bənzətmişdi. Qabağımızı kəsmişdi ki, bu əsrarəngiz diyarda pərvazlanan ceyran-cüyürləri, arğalı sürülərini hürküdüb yurd-yuvasından didərgin salmayaq. Əyləşdiyimiz maşının bütün fənərləri işə düşsə də, on addım irəlini görmək olmurdu. Altımızdakı maşın inildəyir, zarıyır, nalə çəkirdi. Və sanki canlı məxluq kimi dağlardan imdad diləyib, yol istəyirdi.
Axır ki, çətinlikləri bir təhər dəf edib, bir göz qırpımlıq yoxuşu, bir neçə saata qət edə bildik. İrəlidəki aşırıma qalxanda yolumuza çökən qara duman arxada qaldı. Yamaclardan dolaylanıb evləri bir-birinə söykək olan Xınalıq kəndinə döndüm. Camaatın inam, ibadət yeri olan Svayıl babanın ocağına ehtiramla baş çəkdim.... Bu diyarda təkcə arğalıların pərən-pərən düşməsi yox, gözdən uzaq, könüldən qıraq olan və getdikcə növrağı pozulan kəndləri də dağlara dərd olmuşdu. Yol dərdi, işıq dərdi... Dor-dolanışıq dərdi... Məyus oldum. Məqsədim, məramım dəyişdi... Qələm-kağızla, dağların cah-cəlalını yox, dərd-sərini car çəkmək qərarına gəldim... Şah dağı xeyli sevindi. Sevindi ki, dünya xali deyilmiş. İtirib-axtaranları, dar gündə dadına yetənləri də var...
Aradan iki onillik keçsə də, indi o məkana həvəslə, xoş əhval-ruhiyyə ilə gedirdim. Yollara yazılmış bu hekayəti üzümə tutub gedirdim. Arğalısı itən Şah dağı ilə həmişəki kimi üzbəüz dayanıb həmdərd, həmsöhbət olmağa gedirdim. Onun haqq-sayını unutmadığımı, unutmayacağımı bəyan etməyə gedirdim. Özü də əliboş yox, ahıllıq dünyamın qocalmış, qədir-qiyməti bilinməyən sətirlərinin hələ ki, sönməyən işığından sovqat tutub gedirdim...
Əli İldırımoğlu
yazıçı
10.11.12
525.az
|
|