www.aliildirimoglu.az

HEKAYƏLƏR

SAF ADAM

Yaxşı deyənləri də var, adı gələndə üzünü əks tərəfə çevirib dəyməmiş alça yeyibmiş kimi ağız-burnunu tur­şu­danlar da. Vallah nə deyim?! Qaranlıq yerə daş atmazlar, imanım Allah əmanəti, axı yaxından bələd ol­ma­dı­ğım, birdən-ikiyə oturub-durmadığım, gediş-gəliş elə­mədiyim adam barəsində necə bədgüman olum və ya şəkk-şübhəyə düşüm. Canpolad Çobanoviçi deyi­rəm, hərdən rastlaşanda mənnən ikiəlli görüşür, qolunu boynuma salıb o üzümdən, bu üzümdən... Və ya da ki, bir iş üçün telefonla zəng vuranda da:

- Hay can! Eşidirəm! - deyir. - Səni çox istəyirəm, qa­­dası necəsən?! İncimişəm səndən, hii... hiii... Niyə bircə dəfə yolunu bizim tərəfə salmırsan? Haçan deyir­sən, təzəcə də "Volqa" veriblər, göndərim, uşaqları da yığışdır götür gəl. Yaxşı görməli, gəzməli, səfalı yerlə­ri­miz var. Səni aparım yuxarı meşədəki Durna bulağının üstünə. Buz kimi suyu var. Bircə stəkan içmək olmur, adamın dişini göynədir...

Nainsafın kəli qaçar. Beləsinə necə pis deyəsən. Axı, o dünyamız, var. Yeri düşəndə tanış-bilişə danı­şı­ram ki, Canpolad istiqanlı, sadə, yapışıqlı adamdı, ha­lal olsun ona! Elə o cür xasiyyətin sahibidir ki, böyük bir rayonda iki adamdan biridi. Dövran eləsinindir. Kimin ki, bir balaca şirin dili, xoş xasiyyəti var, dünya onun­du. Amma necə olsa, insan tayfasıyıq, hərdən Can­­po­­lada paxıllığım da tuturdu. Onun oturuşuna-du­ru­şuna, mehriban danışığına qibtə edirdim. Cahıl-cuhul içində ədəb-ərkandan söhbət gedəndə Canpoladı mi­sal gətirib: - Baax, o cür olmaq lazımdı, - deyirdim. - On­da, həmişə işiniz düz gətirər, başınız da salamat olar...

Dənizkənarı bulvarda skamyaların birində əyləşib, dirsəyimi dizimin kasasına dayayıb, ovcumu da çənəmə söykək eləyib dərin-dərin fikrə getmişdim. Dağı arana daşıyırdım, aranı dağa. Gəlib-gedənlərə də gözümün quyruğuynan altdan-altdan ötəri nəzər salırdım. Səliqə ilə geyinib-kecinmiş, əynində açıq mavi rəngli "privaznoy" kostyum, boynunda göy zolaqlı italyan qalstuku, ayağında son vaxtlar dəbə düşən yastıdaban Yuqoslaviya ayaqqabısı olan iri addımlı və bir qədər də iti yerişli adam yanımdan ötəndə, birdən nə isə istiqamətini dəyişib mənə tərəf yönəldi. Və gü­lüm­səyə-gülümsəyə düz üstümə gəldi. Fikir məni götürmüşdü. Onu görəndə elə bil huşdan ayıldım. Canpolad Çobanoviç idi. Yenə həmişəki kimi, eyni sə­mi­miyyətlə iki əlli salam verib, boynumu qucaqladı... Sonra əlimi buraxmadan bir addım geri çəkilib, simasına qayğılı ifadə verdi və məni riqqətlə başdan-ayağa süzərək:

- Niyə belə tək-tənha oturmusan?! - soruşdu və əlavə etdi: - Heç bilirsən səni necə çox istəyirəm! Hər yerdə də tərifləyirəm. Hii... hii... Canpolad güldü və birdən də çöhrəsi kölgələndi. Təəssüflə bədənini yırğalayaraq - indi insanlara etibar yoxdur, qardaş, - dedi.- Çoxu ikiüzlü, riyakar, saxtadı. Burda sənnən üzbəüz olanda bir cür danışır, o tərəfdə də başqa cür. Belələrinə nifrət eliyirəm. Rayondan dünən gəlmişəm. Təmiz hava üçün birtəhər vaxt tapıb dəniz kənarına çıxmışam. Özümə yönnü bir həmsöhbət tapa bilmirəm ki, dərdimi bölüşdürəm.

O, təəssüflə çiyinlərini qaldıraraq:

- Bilmirsən kimə inanasan?! - Öz-özündən soruşdu və:- Hə, - dedi, - nə yaxşı ki, burda sizinlə rastlaşdım. Can­polad birdən-birə tövrünü dəyişib şən əhval-ru­hiyyə ilə hi... hi... güldü. Yaxşı ki, dünyada sənin ki­mi­lər var, - dedi.

Müsahibim yenə təmkinli görkəm alıb, kədərli ah çəkdi:

- Sən yaxşı insansan, - dedi. - İndi saf adam çox az­dır. Biz qəribə zamanada yaşayırıq. Bir sözlü, bir sifətli adam tapmaq çətindir. Dosta-tanışa da etibar yoxdur. Hamısı saxtadı. Adamlar gündə min dona düşürlər. Mə­nə o cür çörək lazım deyil. Gərək həyatda axıracan kişi kimi yaşayıb, kişi kimi də mərd öləsən. Hələ öm­rüm­də ikibaşlı danışmamışam:

O, əlini çiynimə qoyaraq:

- Haqqınızda çox eşitmişəm, - dedi. - Yaxından oturub-durmasaq da, kənardan-bucaqdan xəbərim var. Bilirəm ki, sözübütöv adamsan. Elə ona görə də sənə ürək qızdırıb bu cür açıq-saçıq danışıram. Bilirəm ki, aramızda nə söz-söhbət olsa, burda qalar, kənara çıxmaz. İndiki adamların yanında ağız açıb danışmalı de­yil, birinin üstünə beşini də qoyub, orda-burda zır dü­dü­yündə çalırlar.

Hesabı içəri verib, başımın hərəkətilə müsahibimin sözünü təsdiq elədim. Bir nəfər bizə səmtiyib əlindəki siqareti işarə edərək:

- Bəlkə bunu yandırmağa bir şeyiniz ola? - bizə mü­ra­ciət etdi.

Canpolad üzü mənə tərəf dayanmışdı. O geri qanrılıb siqaretini yandırmaq istəyən orta yaşlı, hündür boy­lu və dolu bədənli adamı görən kimi, onu həyəcanla qucaqladı və:

- Mən kimi görürəm! Mən kimi görürəm! - dedi: - Əə, Fərzəli, nə vaar? Nə yoox? Balam, noolar nazir müavini keçəndə...

Canpolad mənə tərəf yönələrək:

- Tanışlığınız var?! - soruşdu və əlavə etdi: - Bizim Fərzəli Fərəcoviçdi də. Ali məktəbdə bir yerdə oxumu­şuq. Yatıb-duracağımız ayrı olub. Bir tikə çörək tapanda yarı bölmüşük. Xahiş edirəm tanış olun.

Fərzəli Fərəcoviçlə əl tutub tanış oldum. Canpolad ərklə:

- İnnən sonra bir-birinizi axtarın. İndi sizin kimi saf adamlar çox azdır. Dünyanın işini bilmək olmaz. Vaxt gələr biri-birinizə gərək olarsınız.

Canpolad Fərzəli Fərəcoviçə riqqətlə nəzər salaraq:

- Ey gidi dünya, gör neçə ildi görüşmürük, - dedi və ah çəkərək:

- Bu vəzifə başımızı o qədər qatıb ki, nəinki dost-tanışları, az qala özümüzü də unutmuşuq, - dedi. - Bir aya yaxındı yan dişim məni ərşə çəkir. Gecələr ağrısından yata bilmirəm. Bircə saat boş vaxtım olmur ki, onu çək­dirim, biryolluq canım qurtarsın. Eh, Fərzəli, Fər­zəli! Nə vaxtdandır üzünü görmürəm. Amma səndən öt­rü burnumun ucu göynüyür. Bu günümüzə də min şükür. Təki salamatçılıq olsun. Gec-gec görüşmə­yi­mi­zin eybi yoxdur. De görüm haçandan müavin işlə­yir­sən? - soruşdu.

- Bir ilə yaxındı, - Fərzəli Fərəcoviç cavab verdi. Canpolad təşəxxüslə özünü çəkdi:

- Amma məndən sənə əmanət, özünü o nazirdən gözlə haa, - dedi. - Onu bir az nadürüst adam söylüyürlər. Görmürsən, çoxbilmişdiyindən necə törə qalıb. Bax­ma ki altı aşıq boyu var, onun yarısı yerin altındadır. Gödək adamı da bilirsən dəə, gündə altı dəfə özündən Allahlıq umur. Ancaq qələt eliyir, yel də olsa, yanından ötə bilməz!

Canpolad pencəyinin düyməsini açıb baş barmağını şalvarının kəmərinə keçirdi və qürrələndi:

- Qardaşın ölmüyüb ki, Allah vurmuşdu onu, lazım gəlsə... Bizim də özümüzə görə adamlarımız var. Hii... hi... bir də ki, elə əslinə qalsa, nazir o törə gədə yox, sən olmalıydın.

Günahların hamısı yuxarıdakilərdi... Sən dünyanın işinə bax, gör kimi, kimə müavin qoyublar...

Fərzəli Fərəcoviç tutulan kimi oldu. O, daxili pərtliyini büruzə verərək:

- Xatirinizə dəyməsin, bu barədə səhviniz var, Can­polad Çobanoviç, - dedi. - Bəlkə bizim naziri kiminləsə dəyişik salırsan. Bu bir ilə yaxın müddətdə ondan hörmət-izzətdən başqa heç bir şey görməmişəm. Böyüknən böyükdü, kiçiklə də kiçik. Özü də çox tələbkar, iş bilən, tabeliyində olanlara qarşı nəzakətli adamdır, - deyib onun sözlərinə etirazını bildirdi.

Fərzəli Fərəcoviçin bu sərt cavabı Canpoladı açmadı. Canpolad acı istehza ilə gülümsünüb:

- Fərzəli, - dedi, - sən hələ təzəsən. O nazirə dərin­dən bələd deyilsən. Sizin nazir yiyəsini yıxmış atdır, çox­larının anasını ağlar qoyub. Bir az işlə, baxarıq! Onu bütün respublikada dəyyus kimi tanıyırlar. Mənim bu sözlərimi yaxşı-yaxşı yadında saxla. Əvvəl-axır dediklərimin üstünə gəlməsən, bu qulaqlarımın ikisini də dibindən sivirərəm.

Fərzəli Fərəcoviç mübahisəni dərinləşdirmək­dən vaz keçib daxili bir tərəddüdlə boynunu yana əydi və gözlərini geniş açıb qaşlarını yuxarı dartdı:

- Nə bilim vallah, o barədə bir söz, deyə bilmərəm, - deyib pencəyinin sol qolunu geri çəkdi. Saatına baxıb sonra da aralıda dayanan həmsöhbətlərini işarə edərək: - Məni bağışlayın. Yoldaşlar gözləyir...

Fərzəli Fərəcoviç aralaşanda müsahibim ikrahla:

- Bu Fərzəlini dərindən tanıyırsan?! - soruşdu.

- Xeyr, adını eşitmişəm, üzünü də burda gördüm. Yaxından tanımıram, - cavab verdim.

- Elə tanımasan yaxşıdı! Yekəxananın biridir. Görmürsən, nazir müavini keçdiyi bir il deyil, indidən bur­nunu dik tutur. Ay sənin özün öləsən. Hii... hi... Ona altı ay vaxt vermişəm. Xoruzunu qoltuğuna verib da­lından dəyməsələr, atamın oğlu olmaram. İşləyən zibil də deyil. Üzünə vurmadım, elə o vaxt məktəbdə də sü­rünə-sürünə oxuyurdu. İlin axırında güclə bir üç alırdı. İki dəfə istədilər kursda saxlasınlar, yığışıb qoymadıq. Müəllimlərə yalvar-yaxar eliyib birtəhər ara­dan çıxartdıq. İndi kişinin oğlu nazir müavini olub. O, dərindən köks ötürərək:

- Elə belələrinin dərdini çəkməkdən bu kökə düş­müşük dəə, - dedi. -Gör mənnən necə danışır?! Yekə-ye­kə qırıldatmağına bax!

Dillənmədim, Canpolad Çobanoviç baxışlarına sərt ifadə verib çənəsini Fərzəlinin getdiyi səmtə uza­daraq:

- Onun barəsində danışmağa dəyməz, - dedi. -Qoy cəhənnəm olsun! Elələrinin yüzünü çaya susuz aparıb -gətirərəm. Nə isə...

Canpolad mülayimləşərək:

- Gül kimi söhbət eləyirdik, mərdimazar bilmirəm hardan peyda oldu. Əlqərəz... hə, yaxşı yadıma düşdü, sizin o, Zirəddin neyniyir? Bir iş-zad görə bilir? Yoxsa elə belə birtəhər başın girləyir? - soruşdu və əlavə etdi: - Zirəddin Zeynallını deyirəm. O da özünü bu Fərzəli bəy kimi dartır?!

- Yox, yox nə danışırsınız! Onun rayonda böyük hörməti var, hamı da başına and içir, -cavab verdim.

- Hii... hii... Sən də söz danışdın, onun nə hörməti vaar?! Zirəddini mənə tanıdırsaan?! İki il bir idarədə işləmişik. Dabbaqda gönünə bələdəm.

Canpoladın əhvalı birdən-birə dəyişdi. Sanki çöhrəsinə qara bulud çökdü:

- O boynuma elə bir haqq qoyub ki, ölən günü­mə­cən unutmaram, - dedi və məndən soruşdu:

- Bir yerə tələsmirsiniz, bəlkə vaxtınızı alıram?

- Xeyr, xeyr, buyurun, - dedim. Canpolad baxışlarına hüznlü ifadə verib:

- Moskvada bir neçə aylığa kursdaydım, - dedi. - Qəfil teleqram gəldi ki, atan ölüb. - O kövrəldi və səsi kallaşdı: - Təyyarəyə bilet alıb elə həmin gün rayona qa­yıtdım. Gəldim ki, Zirəddin yas yerinə özünü məndən qabaq yetirib. Onda yönlü bir vəzifəm də yoxudu, əlim də çox aşağıydı. Sağ olsun, atamın üçünün də, yeddisinin də, qırxının da, ilinin də xərcini Zirəddin özü çəkdi. Kişinin başdaşını da o düzəldirib. İkimizin də vəzifəsi eyni olmasına baxmayarq indi də onu özümə böyük sayıram. Boynumda böyük haqqı var. Anası hər il mürəbbəmizi, düşəndə motalımızı göndərir. Hələ payımızı kəsdikləri olmuyub.

 Canpolad ötkəm görkəm alaraq, hii... hii... təkəbbürlə gülümsündü:

- Amma deyəsən, son vaxtlar yaman xarab olub. Onun barəsində qulağıma yaxşı səda gəlmir, - dedi. - Bilirsən dəə, bu tamah ki, vaar, çox pis şeydi. İnsanın da ki, tamahı güc gəldi, heç. Düzdü ee, mən də azdan-çox­dan dolanıram. Amma day o cür yox. Zirəddinin ta­mahı həzrət Əlinin qılıncından itidir. Deyilənlərə görə, adicə bir idarə müdirliyi üçün əlli mindən aşağı enmir.

Canpolad qıvrılaraq başını buladı və:

- Mən qələt eliyərəm, onun yerişini yeriyə bilmə­rəm, - dedi. - Nəyə deyirsiniz and içərəm ki, məni bu gün vəzifədən çıxartsalar, ailəmi onca gün dolandırma­ğa pul tapmaram. Gərək ondan-bundan borc alım.

Müsahibim gözünü qıyıb, alnını qırışdıraraq:

- Videomaqnitafondu, nədi ee, son vaxtlar çıxıb. Əziz başın üçün nə mən, nə də ki, uşaqlarım hələ indiyə kimi onun üzünü görməmişik. Ancaq babalı deyənlərin boynuna, Zirəddinin evində ikisi var. İnanıram da,olar!

Canpolad təəssübkeşliklə:

- Onu çox istəyirəm ee... Dedim də atam öləndə... Bir də ki, mən heç vaxt onun pisliyini istəmərəm. Axı, Zirəd­­din Vətənimin oğludur. Həm də bir torpaqdanıq. Ona ailəlikcə hörmətimiz var. Amma bəzi-bəzi şeyləri eşi­­dəndə dözə bilmirəm, ürəyim ağrıyır. Canpolad ya­xam­­dakı qələm adamlarına məxsus nişanı düzəldə-düzəldə:

- Bir də danışırlar ki...

O, nəyisə deməyə çətinlik çəkirmiş kimi xısın-xısın:

- Evində də gündə-günaşırı qalmaqaldı. Hə... Son vaxt­lar ayrı yollara gedir, - dedi. - Hə də, qadın məsə­lə­si­ni deyirəm. Bunu da arvadı duyub. Gündə evində vur­çatlasındır. Böyük oğlu da ki...

Canpolad dostunun dərdinə qalırmış kimi:

- Dilim də gəlmir deməyə, - dedi. - Onu eşidəndə ayağımın altından yer qaçdı. Vur-tut bir oğlu var, o da içkiyə qurşanıb. Neçə dəfə də nəşə çəkdiyinin üstün­də... Canpolad əlini silkələyə-silkələyə:

- Hamısı harınlıqdandı! Pul çox olandan sonra... Mənn...

O, əlini sinəsinə qoyub başını bulayaraq:

- Vallah heç vaxt onun yerişini yeriyə bilmərəm. Uşaqlara xırda-xuruş, qəpik-quruşdan başqa pul ver­diyim olmuyub. Zirəddinin arvadı, anam-bacım olsun yax­şı qadındı, gündə-günaşırı dükan-bazara dəyməsə, alverçilərə baş vurmasa, o gün evə qan salar. Aldıqları da baha-baha, qanı qiymətinə. Öz aramızdı indi de gö­rüm, əgər almırsa, bu pullar hardandı?!

- Canpolad Çobanoviç, inanın ki, bu sözləri birinci dəfədir sizdən eşidirəm, - cavab verdim. - Ayda azı iki dəfə Zirəddin Zeynallının işlədiyi rayonda oluram. Ki­şi gözü-könlü tox adamdı. Bir də ki, Zeynallının arvadı ağır bir seyidin qızı olduğu üçün hələ-hələ küçəyə-ba­ca­ya çıxan deyil. Evlərinə də içki qoymurlar. Neçə dəfə də məni qonaq dəvət eliyib. Oğlu nəinki içmir, adicə li­mo­nadı belə dilinə vurmur ki, günahdı. Siz nə danışırsınız!!

Canpoladın ovqatı təlx oldu. O, şəstlə geri dartınıb dodaqlarını yana əydi və narazı halda qaş-qabağını sallayaraq:

- Onda sənin dünyadan xəbərin yoxdur. Hii... hi... Mənim dediklərimi bütün respublikada danışırlar, sən hələ fil qulağında yatmısan, - deyib cavabıma qarşı incikliyini bildirdi və əlavə etdi:

- Yoox, sən düz danışmırsan, canım! Bir də ki, elə bilirsən mən Zirəddini səndən az istiyirəm? Ona qalsa, Zirəddin Zeynallının təəssübünü hamıdan çox mən çəkirəm. Ona mənim canım da qurbandır. Balamın başına gəlsə, müzayiq eləmərəm. Çünki dedim dəə, atamın üçünü də, yeddisini də, qırxını da... Boynumda böyük haqqı var. Bir də ki, axı o torpağımın oğludu... Bunu öz aramızda, bircə sənə deyirəm. Bilirəm ki, kişi adamsan, ağzından çıxmaz.

Canpolad tərəddüdlə:

- Bir şey də eşitmişəm ee, - dedi. - Guya o, Zirəddini deyirəm dəə. Rayonda oturub, Bakıda qohumunun adı­na yüz minə bağ evi alıb. Amma düzü, buna ina­nı­ram da, inanmıram da. Məncə elə düz olar. Çünki yanmasa, tüstüsü çıxmaz. Pah atonnan! Sən bir qudurğanlığın dərəcəsinə bax ee!

Bir nəfər çəkinə-çəkinə Canpolada yaxınlaşıb, ehtiyatla onun qulağına pıçıldadı:

- Uşaqlar maşında gözləyir. Videomaqnitofonların da biri hazırdı, o birisini usta gələn həftəyə söz verib.

Canpolad: - Əhə, əhə, - öskürüb suçlu-suçlu onu mə­nə isnad verdi: - Bizim sürücüdü, - dedi və özünü iti­rən kimi oldu. Sonra da dili topuq vura-vura üzrxahlıq etdi:

- Məni bağışla, indi tələsik oldu, ağıllı-başlı oturub söhbət eliyə bilmədik. Sağlıq olsun, haçansa bir vaxt taparıq. Məndən Zirəddinə çox-çox salam!! Elə danışmağıma baxma e, onu çox istəyirəm. Di xudahafiz, öpürəm səni!!

Bir neçə addım aralaşmışdılar. Sürücü ondan mə­nim kimliyimi soruşdu. Canpolad Çobanoviç ağzını yana əydi:

- Kim olacaq, əclafın biri!!!

1990-cı il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com