HEKAYƏLƏR
QARDAŞI GENERALDI
Bu üç metr parçanı bilirsən nə zillətlə tapmışdım?! Özü də od qiymətinə. Amma rənginə, keyfiyyətinə görə verdiyim pula, çəkdiyim zəhmətə dəyərdi. Zil qara, yüz faiz də xalis yun! Məgər əsl baston parça hələm-hələm tapılırdı?! Onu da dostluğnan-tanışlığnan birtəhər... İşığa tutanda əfil-əfil yanırdı. Di gəl ki, ha fikirləşirdim ağlıma babət dərzi gətirə bilmirdim ki, bu parçadan özümə layiqli bir kostyum tikdirim. Düzdür e, nə çoxdur tanış-biliş dərzi! Ancaq bu cür bahalı parçanı xam ustanın əlinə salmaq olmazdı. Özüm də geyim-kecim barədə bir az vasvasıyam. Düşünürdüm ki, xeyir-şər kostyumudur, bunu elə ustaya tikdirim ki, ürəyimə yatsın. Baxanlar da desin ki, bəh-bəh! Kişinin əməlli-başlı zövqü var.
Bir axşam məndən üç-dörd yaş böyük olan, yaxın dostum Ziyafəddinlə ordan-burdan söhbət salıb, çay içdiyimiz yerdə bu məsələni atdım ortalığa. Ziyafəddin qəddini irəli verib əlini qoydu sinəsinə və:
- Yaxşı dərzi məndə! - dedi və baş barmağını şeşərdərək: - Özü də belə oğlandır! - əlavə etdi. - Qardaşı da adlı-sanlı generaldı. Əlləri də qızıldır. Ancaq sənətkarın ad çıxarması da yaxşı şey deyil. O qədər müştərisi olur ki... Aylarla növbəsinə dayananlar var. Hər adamın da sifarişini qəbul etmir. Ona ancaq tanışlıqla yol tapmaq olar. Adı da Simyardır. Simyar Şabanov. Xatirimi dağlarcan istəyir. Sifariş göndərsəm, başını əsirgəməz. Qardaşı da ki, bayaq dediyim kimi məşhur adamdır. Sərxan Şabanov. Moskvada hansı nazirlikdəsə böyük vəzifədədir. Orduda bir az da qalıb xidmət eləsəymiş, indi çoxdan marşalımış...
Ziyafəddinin sözləri məni xeyli yüngülləşdirdi. Elə bil üstümdən ağır yük götürdülər. İşlərinin çox olmasına baxmayaraq birtəhər yola gətirib, boynuna qoydum ki, elə günü sabahdan parçanı da götürüb həmin dərzinin yanına gedək.
Düz səhər saat onda vədələşdiyimiz yerdə görüşdük. İstədim yanımızdan şütüyüb keçən maşınların birini saxlatdırıb əyləşək. Ziyafəddin razı olmadı. Dedi ki, atelye çox da uzaqda deyil. Piyada söhbət edə-edə gedək. Etiraz etmədim, razılaşdıq. Ancaq qulağım Ziyafəddində olsa da, fikrim-zikrim yenə də qoltuğumdakı parçanın yanındaydı. Fikirləşirdim ki, onu necə tikdirəcəyəm. Ziyafəddinin təriflədiyi dərzi məni yarıdacaqmı?! Odur ki, özümü saxlaya bilmədim, dostumdan sözarası soruşdum:
- Sən o usta Simyara yaxından bələdsən?!
- Nə danışırsan, qardaş kimiyik! Ötən bazar da bizə gəlmişdi. Yerin məlum, adama yüz qram da vurduq.
- Ona neçə dəfə paltar tikdirmisən? Ziyafəddinin alnındakı qırışlar sıxlaşdı və tərəddüdlə:
- Düzü, ona birdən-ikiyə paltar tikdirməmişəm - dedi. - Mən elə əzəldən hazır paltar geyməyi xoşlayıram, xasiyyətim belədi. Ancaq Simyarın barəsində çox eşitmişəm. Bilirəm ki, dərzilikdə tayı yoxdur.
Dinmədim, hesabı içəri verdim. Ziyafəddin üzünü mənə tutaraq:
- Bəlkə dediklərimə şəkk-şübhən var?! - İncikli baxışları ilə məni təqib elədi.
- Yox, yox, nə danışırsan - cavab verdim. -Yəni... Yaxından bələdçiliyin... Etika xatirinə, fikrimi tamamlayıb daxili tərəddüdümü açıqlamağa üzüm gəlmədi.
Ziyafəddin mənə istehza edərək:
- General Sərxan Şabanovu tanımayan yoxdur - dedi. - Bizim fəxrimizdir. Hamı onun başına and içir. Öz fərasəti ilə sıravi əsgərlikdən generallığacan yüksəlib. Heç bilirsən, müharibədə neçə təyyarə, tank vurub?! Sərraf da topçu olub. Simyar da onun atabir, anabir doğmaca qardaşıdı də!
İrəlidəki küçəni keçib sola burulanda Ziyafəddin köhnədən tikilmiş hündür binanın, birinci mərtəbəsindəki iri pəncərələri, təzəcə rənglənmiş qapıları olan atelyeni göstərərək:
- Həmin generalın qardaşı bax burda işləyir - deyib bir addım qabağa keçdi, mən də onun arxasınca.
Ziyafəddin atelyenin girəcəyində boynundan metr sallanan, əlində ağ tabaşir və uzun qayçı olan yaşlı dərzilərə başının hərəkəti ilə salam verdi. Sonra yuxarı keçib dib tərəfdəki tikiş maşınının yanında dayanan alçaq boylu, dolu bədənli, girdəsifət dərziyə ərklə:
- Privet, Simyar lələ, səni xoş gördük, - dedi. - Kefin, zadın?!
Simyar sol barmaqlarının arasında tüstülənən filtrli siqaretini damağına qoyub, sağ əlini şəstlə Ziyafəddinə uzatdı və:
- Pis deyiləm, gileylənməyə əsas yoxdur, - cavab verdi.
Ziyafəddin dərin maraqla:
- De görüm Sərxandan nə xəbər? - soruşdu və əlavə etdi. - Moskvadan bir yoldaş gəlmişdi, ondan yaman razılıq eləyirdi. Dedi ki, general fəxrimizdi. Boylu-buxunlu... Heç bir əlaqə-zad saxlayırsan?
Simyar qiymətli üzük taxdığı çeçələ barmağının ucu ilə alnındakı sızağı qurdalaya-qurdalaya:
- Yeni il qabağı getmişdim. Telefonla da hərdənbir danışırıq, - laqeyd cavab verdi, - xırda oğlu bir balaca nasazlamışdı, indi yaxşıdır, durub ayağa.
Başqa dərzilər general barədə gedən söhbətlərin onlara dəxli yoxmuş kimi başlarını aşağı salıb hərəsi öz işi ilə məşğul idi. Əslində elə mən özüm də general barədə yox, kostyumun necə çıxacağı barədə düşünürdüm. Ziyafəddin generalın qardaşı ilə yaxınlığını faş edib, ətrafdakıları təəccübləndirmək üçün onun Simyara verdiyi yerli-yersiz suallar məni lap bezikdirdi. Axır ki, mətləb üstünə gəldik. Ziyafəddin məni Simyara təqdim edərək:
- Uşaqlıq dostumdur, - dedi, - bir evli kimiyik. Bircə yatıb-duracağımız ayrıdır. Əla bir atrez alıb, xalis yundu. Tikdirmək üçün etibarlı usta axtarırdı, səni nişan verdim.
Başları dazlaşmış yaşlı dərzilər bu sözü eşidəndə eyhamla bir-birlərinə baxıb, oğrun-oğrun gülümsündülər və öz aralarında - Dəllək Simyar yaman moddadı, - kəlməsi də işlətdilər. Bu sözü eşidəndə bir balaca dalağım sancdı, ancaq onlara fikir vermədim, düşündüm ki, yəqin paxıllıqdandı.
Usta Simyar əvvəlcə dilini sürüdü:
- Vallah Ziyafəddin, o qədər sifariş götürmüşəm ki, işim başımdan aşır. Özün də xasiyyətimə bələdsən də, üzüm yumşaqdır, gələnlərə "yox" deyib, geri qaytara bilmirəm. Atkaz eləyəndə də inciyirlər.
Ziyafəddin əlini onun çiyninə qoyub ərklə:
- Usta, daha gəlmişik də... Bizim bu Mövlud da ki, canlara dəyən oğlandır, - dedi, - haqq itirən deyil. Bunun kostyumunu birtəhər araya sal.
Simyar çıxılmaz vəziyyətə düşürmüş kimi, boynunu yana əyib çiyinlərini qaldırdı və:
- Bir halda ki üz vurursan... Bəri ver görüm, - deyib qəzetə bükülü parçanı əlimdən aldı.
Pərdənin arxasındakı aynanın qabağına keçdik. Usta ölçünü götürəndən sonra fikirli-fikirli çənəsini ovuşdurub zəndlə üzümə baxdı və:
- Sizə haçana lazımdır? - soruşdu.
- Nə qədər tez olsa...
O başını bulayaraq:
- Yoox, əzizim... - dedi, - əgər istəyirsənsə, kostyum yaxşı çıxsın, onda gərək məni tələsdirməyəsən.
Ziyafəddin söhbətə qarışaraq ustanın dediyini təkrar etdi:
- Düz deyir, kişini tələsdirmək olmaz.
- Nə deyirəm, sözüm yoxdu, onda bəs nə vaxt?!
Usta gözünü qıyıb fikrə getdi, dodağının tərpənməyindən hiss olunurdu ki, öz-özünə nə isə hesablayır. Nəhayət, gözümün içinə baxdı:
- Hə, - dedi - çalışaram tez olsun. Bu gün ayın neçəsidir? - soruşdu.
Ziyafəddin məndən qabaq dilləndi:
- Ayın yeddisidir, - dedi:
Usta dolu sifətinə qayğılı ifadə verərək:
- Gərək, ayın başınacan məni dindirməyəsən. İşim başımdan aşır. İmkan ver əlimdəkiləri qurtarım. Müştərilərə yalan satmaqdan yorulmuşam. Gələn ayın dördündə, gərək ki bazara düşür. Gələrsən primerkasını eləyərik, sonrası asandır. Amma astarı ilə, düyməsini özün tapmalısan.
İstədim ağzımı açıb birdəfəlik qiymət məsələsini də dağ eləyim. Ziyafəddin ətəyimi çəkib, qulağıma pıçıldadı ki, ayıbdır, bu heylə sən görən dəllal-məllal ustalardan deyil. Qiymət söhbəti salsan, xətrinə dəyər. Ola bilsin ki, heç bizdən pul almasın. Aramızda dünyacan xətir-hörmətimiz var. Hələlik elə-belə beş yüz manat beh ver. Sonrasın mən özüm onnan ayrılıqda danışıb dil taparam.
Ziyafəddin "elə-belə beş yüz manat beh ver" deyəndə bədənimdən isti gizilti keçdi. Çünki o vaxt şəhərdə adlı-sanlı və ən bahacıl ustalar kostyumun birinə dörd yüz manatdan artıq almırdılar. Nə isə... Beş-on manatdan ötrü çürükçülük eləmək istəmədim. Əlimi cibimə salıb, nağd beş yüz manatı sayıb qoydum stolun üstünə. Zalım oğlu dilindən qıfıl götürüb mənə bircə kəlmə quruca "sağ ol" demədi. Mən isə özümü o yerə qoymadım. Fikirləşdim ki, yüyürən yıxılmağına baxmaz. Cəhənnəmə ki! Təki kostyum yaxşı çıxsın.
Usta ilə xudahafizləşib qapıdan çıxhaçıxda Ziyafəddin geri dönüb:
- Simyar, generalla danışanda mənim də salamımı çatdırarsan ha! - dedi. - Ona xüsusi balet eləyirəm!
Atelyedən beşcə addım aralaşmamışdıq ki, Ziyafəddin yenidən generalın şücaətindən danışmağa başladı:
- Müharibə vaxtı faşistlərə od qoyub! Döşündə orden-medaldan yer yoxdur. Bu günlərdə böyütməlidirlər. Düzdür, Simyar təvazökarlıq edir, boynuna almır, amma eşitdiyimə görə Sərxan Şabanovu harasa nazir müavini qoyurlar. Artıq söhbətdən-zaddan keçib. Bu gün-sabah ukazı verilməlidir. Düzdür ee, general çoxdur, ancaq Simyarın qardaşı onlardan deyil. Yuxarılarda Sərxan Şabanovun nüfuzu böyükdür. Qardaşı da ki, maşallah, göz dəyməsin şəhərdə bir nömrəli dərzidir. Belə adamlarla gərək həmişə münasibət saxlayasan. Gördün də, işi başından aşır, ancaq sağ olsun, bizə atkaz eləmədi. Tanımadığı adam olsaydı, sən öləsən heç yaxın da buraxmazdı.
Ziyafəddin söhbətinin axırında:
- Ona əlavə beş yüz manat da verərsən, qurtarıb gedər. Pul əl çirkidir, amma belə karlı dost tapmaq çətindir.
Kostyum mənə iki-üç qat baha başa gəlsə də, xırdaçılıq etmək istəmədim. Fikirləşdim ki, neçə deyir verərəm. Bundan ötrü Ziyafəddinlə söz güləşdirməyə dəyməz. Təki kostyum yaxşı çıxsın.
Neçə həftə gözlədim. Lap səbrim tükənmişdi. Simyarın vəd etdiyi gün gəlib çatanda özümü yetirdim həmin atelyeyə. Lakin onu yerində görməyəndə pəjmürdə oldum. Simyarın yerini soruşanda, əlindəki tabaşirlə parçanın üzərində müxtəlif xətlər çəkən yaşlı dərzi başını yuxarı qaldırmadan:
- Məzuniyyətə gedib, - dedi, - üç həftədən sonra gəlməlidir.
Bu sözü eşidəndə yerimdəcə quruyub qaldım. Əlac nədir, səbrimi basıb, üç həftədən sonra yenə atelyeyə getdim. Bu dəfə Simyarı iş başında görəndə keyfim duruldu. Ancaq Simyar elə bil həmin xoş xasiyyət adam deyildi. Hərəkətlərindən hiss olunurdu ki, möhkəmcə vurub. Özünü, sözünü bilmirdi. Ondan nə soruşdumsa, düz əməlli cavab ala bilmədim. Mənə axır sözü də bu oldu:
- Əşşi, sən də lap altıaylıqsanmış ki... Görürsən ki, vaxtım yoxdur! Get sonra gələrsən! İstəmirsən, parçanı da götür...
O biri ustalar bir-birinə baxıb hırıldadılar. Dişim bağırsağımı kəsirdi. Adi dərzi olsaydı, dərsini verərdim. Lakin generalın qardaşı olduğu üçün... Bir də ki, sərxoş adama baş qoşmağa dəyərdimi? Hirsimdən başım gicəlləndi. Kor-peşman atelyedən çıxıb, birtəhər özümü evə çatdırdım. Həyat yoldaşım mənə bir ürək dərmanı verdi...
Üç gündən sonra yenə üz qoydum atelyeyə. Simyarın yeri boş idi. Yoldaşları dedi ki, xaricə vizası varıydı. Dünən yola düşüb, on beş günə gəlməlidir. Yenə əhvalım pozuldu, qan təzyiqim qalxdı.
Ziyafəddini tapıb, nə giley-güzarım vardı hamısını bir-bir üzünə deyib, ürəyimi boşaltdım. Ziyafəddin isə yenə pişik kimi arxasını yerə vurmadı:
- Canım nə, danışırsan, elə şey olmaz! Yəni o boyda generalın qardaşı...
On beş gün də gəlib keçdi. Xoşbəxtlikdən bu dəfə Simyarı yerində ağlı başında tapdım. İnsafən mənə dil-ağız edib, hələ desən üzr də istədi. Üstəlik də maşının ağzındakı parçanın kəsiklərini göstərib:
- Sənin kostyumundur, - dedi - şalvarını sabah qurtarıram. Pencəyi də ki, Allah qoysa on günə...
Simyarın vəd etdiyi on gün, ay yarım oldu. Atelyeyə gedib-gəlməkdən qıçlarıma su enmişdi. Bu işi tezləşdirməkdən ötrü Ziyafəddin də bir-iki dəfə Simyara ağız açdı...
Çox get-gəldən sonra axır ki, bir gün usta Simyar tikdiyi kostyumu səliqə ilə büküb verdi qoltuğuma. Könlümdən keçdi deyəm ki, ay usta, qoy kostyumu geyim, birlikdə yoxlayaq, bəlkə əyər-əskiyi... Ancaq o, bu sözün üstünə gəlmədiyi üçün, mən də üzüyumşaqlıq edib dillənmədim... Düşündüm ki, yəqin usta özünə arxayındır.
Atelyedən çıxanda nə sirdirsə, o yaşlı dərzilər yenə bir-birinin üzünə baxıb bic-bic güldülər. Evə çatanda tez-tələsik yan otağa keçib güzgünün qabağında kostyumu geyindim. Nənəm təzə kostyuma xeyir-dua verəndən sonra zənlə kostyuma baxıb:
- Ay oğul, gözüm də nurdan düşüb, yaxşı görmürəm! Məni qınama, elə bil şalvarın sağ balağı, solundan enlidir axı?! - vaysındı.
- Həyat yoldaşım söhbətimizə müdaxilə edib nənəmin sözünü təsdiqlədi və sonra təəccüblə əlini üzünə ataraq:
- Bıy! Başıma xeyir, ay Mövlud! Pencəyin bir qolu, o birindən qısadır! Sən də şəhərin gözünü töküb dərzi tapmısan! Gör o bahalıqda parçanı nə günə salıb e...
Təkcə Ziyafəddin axşam bizə gələndə kostyumu təriflədi. Dedi ki, təzə olduğundan sizə elə gəlir. Bir neçə dəfə geyiləndən sonra yerinə oturacaq. Dərzinin işinə söz ola bilməz.
Məni toya çağırmışdılar. Fikirləşdim ki, təzə kostyumu da geyinim. Çal-çağırda onun əyər-əskiyinə fikir verən kimdir?!
Toybaşı əlimdən tutub oynamaq üçün məni zorla ortaya çəkdi. Oyun havası sümüyümə düşməsə də, qol götürüb həvəssiz ortada bir-iki dövrə vurdum. Onu gördüm ki, ovurdunu dombaldan gənc balabançının çəpəki gözləri kostyumuma dikilib. Ayaq üstə dayanan iki-uç nəfər cavan oğlan da mənə baxıb pıçıldaşırdı. Şübhəsiz ki, kostyumun qüsurları onların da diqqətindən yayınmamışdı. Pul kimi qızardım. Çırtma vursan, qanım çıxmazdı. Bir bəhanə ilə sivişib aradan çıxdım və arxama baxmadan üz qoydum evə. Bir özümü, bir də Ziyafəddini söyə-söyə kostyumu çıxarıb, murdar əski kimi atdım evin bir küncünə. Başqa dərzi olsaydı, onnan hesabı çoxdan çürütmüşdüm... Ancaq Simyarla üz-üzə gəlmək... fikirləşdim ki, hər necə olsa, qardaşı generaldı...
1992-ci il
|