www.aliildirimoglu.az

OÇERKLƏR

MƏRDLİK

Zavodlardan yüksələn fit səsi iş növbəsinin də­yiş­diyini xəbər verirdi. Bu ahəngdar səs fəh­lələrə onların adət etdiyi səfərbər çağırış təsiri bağışlayırdı. Ağaxan bayaqdan bəri qarşı-qarşıya dayandığı vəuğultusuna alışdığı nəhəng aqreqatı həm­ka­rına təhvil verib, zavodun həyətinə endi. Pəhləvan cüssəli adamlar xoş əhval-ruhiyyə ilə bir-birini əvəz edirdi. Baxışları xeyirxahlıq, mərdlik ifadə edən bu alçaqboylu və sakit təbiətli oğlanla qarşı­la­şanlar ona ehtiramla salam verirdilər. Bu ehtiram zavodun baş aparatçısının geniş qəlbində incə qayğılara çevrilirdi. İstehsalçı qayğılarına. Çoxdan bəri onun fikir dünyasında dolaşan yenilik hissi getdikcə güclənib Ağaxanın narahatlığını artırırdı.

Ağaxan zavoddan çıxıb fəhlələri gözləyən təzə və rahat avtobusa tərəf yönəldi. Ancaq nədənsə ayaq saxladı. Qaşları çatıldı. Nə barədəsə düşündü. Tərəddüdlü baxışları ilə doğma şəhərin əsrarəngiz gecə mənzərəsini seyr etdi. Gənc şəhəri nura qərq edən rəngbərəng çilçıraqlar sanki buludsuz səmada sayrışan ulduzlarla bəhsə girmişdi. Mavi Xəzərin xəfif mehi hündür borulardan burula-burula qalxan seyrək tüstünü qovub, gah yaxınlıqdakı boz dağların ətəklərinə doğru, gah da dənizin ənginliklərinə tərəf aparırdı. Avtobus sərnişinlərin əyləşməsi üçün siqnal verdi. Ağaxan isə evə getmək qərarını dəyişmişdi. O, geri dönmək istəyəndə Valentina Kaltsova həyat yoldaşı, həm də fəhlə həmkarının qolundan yapışıb: - gedək - dedi, - uşaqlar gözləyir. Axşamın xeyrindənsə, səhərin şəri. O barədədirektorla sonra görüşüb danışarsan.

Ağaxan isə: - yox - dedi, - Valentina Nikolayevna, atalar onu da deyib ki, bu günün işini sabaha qoyma.

…Geniş pəncərələrdən səliqə ilə silinib təmizlənmiş təzə asfalt meydançaya sarımtıl işıq düşürdü. Buradakı şüarlar, plakatlar, diaqramlar aydınca oxunurdu. Ağaxan pilləkənlərdən qalxdıqca bu dəfəki təklifinin necə qarşılanacağı barədə düşünürdü. Həmişə olduğu kimi, o, yenə də kabinetin qapısını şəstlə açdı. Zavodun direktoru, respublikanın əməkdar mühəndisi Nəə Ağayev kollektivin fəxrini xoş təbəssümlə qarşılayıb əyləşmək üçün ona yer göstərdi və zarafatyana: - Yəqin yenə bir şey fikirləşmisən! - dedi.

Direktor onun xarakterinə yaxşı bələddir. Bilir ki, Ağaxan hər xırda iş və şəxsi məqsəd üçün direktorluğa qədəm qoyan deyil. Onu daim düşündürən zavodun taleyi, istehsalatda həllini gözləyən elmi-texniki problemlər, üzvü olduğu kollektivin mənafeyidir. İrəli sür-düyü səmərələşdirici təkliflərin tətbiqi bəzən çətin başa gəlib, amma zavoda iqtisadi cəhətdən külli fayda ve­rib. Bir dəfə superfosfat gübrəsini istehsal şöbə­sindən anbara daşıyan ikipilləli transpartyorlara diqqətlə nəzər yetirəndə mütəəssir oldu. Məsafə uzaq, itki çox. Əzab-əziyyət kənara qalsın, torpağın bin-bərəkətini artıran qiymətli məhsul yerə tökülüb zay olur. Ağaxan buna sadəcə olaraq gübrə itkisi kimi yox, əkinçilərin əlindən düşən tonlarla pambıq, taxıl, meyvə, tərəvəz kimi baxırdı. Bəs nə etməli?! Əlbəttə, belə bir suala elmi-texniki cəhətdən əsaslandırılmış ağıllı cavab tapmaq lazım gəlirdi. Bu barədə düşünüb-daşınır, narahat hisslər keçirir, lakin tələsmirdi. Düşünürdü ki, ağıl-ağıldan üstün olar. Qoy bir görüb-götürmüş ustalarla da məsləhətləşim. Fikrini ilk dəfə baş mühəndisə deyəndə müsahibi istehza ilə gülümsündü: - Ağaxan, - dedi, - gücün çatmayan daşdan yapışma. Bu çox müşkül məsələdi…

Ona verilən bu ümidsiz cavablar Ağaxanı öz qətiyyətindən döndərmədi. Bax, belə məqamlarda Vakar Demyanoviç onun dadına yetir. Vakar Pyotr yüzillik tarixi olan Odessa Superfosfat zavodunun kamil bilicilərindəndir. Bir vaxt mexanizmləri atla hərəkətə gətirilən və ayda bir neçə yüz kiloqram gübrə istehsal edən qədim Odessa zavodunun texniki tərəqqisi Vakarın əməyi ilə bağlıdır. Vakar - Ağaxan dostluğunun qırılmaz telləri də onların üzv olduğu əmək kollektivlərinin yarışında cilalanıb və möhkəmlənib. Çətin anlarda Odessa və Sumqayıt fəhlələri bir-birlərinə əl tutub, dayaq dururlar…

Mavi Xəzər bu mərd adamların dostluğuna sevinib vəcdə gəlirmiş kimi şahə qalxıb, qərçınlı ləpələrini Vakarla Ağaxanın qarşısına səpirdi. Bir neçə həftə bundan qabaq da bu iki dostun əyləşdiyi qayığı Qara dənizin ləcivərd suları həvəslə atıb-tuturdu. Vakar əlini Ağaxanın çiynində gəzdirərək görkəmini ciddiləşdirdi:

- Dünən sexlə anbar arasındakı məsafəyə baxandan sonra fikir məni götürüb - dedi. - Ağıllı sözə nə demək olar?! Sən tamamilə haqlısan. Düzdür, beton dayaqlar, dəmir quraşdırmalar… Bunları söküb yenidən rekonstruksiya etmək üçün bir ətək xərc lazımdır. Ancaq faydası min dəfə çoxdur.

…Qaldırılan məsələ zavodun tabe olduğu İttifaq Nazirliyində də təqdirlə qarşılandı və operativ həllini tapdı. Sumqayıt quraşdırıcıları iri beton dayaqların və nəhəng metal konstruksiyaların dəyişdirilməsi kimi çətin işin öhdəsindən məharətlə gəldilər. İstehsal şöbəsi ilə anbar arasındakı məsafə iki dəfə qısaldıldı. Transpartyorların biri ləğv olundu. İşçi qüvvəsinə ehtiyac xeyli azaldı. Gübrə itgisinin qarşısı xeyli alındı. Zavodun maliyyə istehsal fəaliyyəti təhlil olunanda baş mühəndis Ağaxanın əlini minnətdarlıqla sıxaraq: - Təkcə bu yeniliyin tətbiqi hesabına zavod il ərzində yüz min manata yaxın qazanıb - dedi. - Təbrik edirəm!

İndi Ağaxanı iş vaxtından sonra zavod direktorunun yanına gəlməyə vadar eləyən başqa bir arzuydu. Borulardan qalxan zəhərli qazların zərərləşdirilməsi. Axı, ətraf mühitin korlanması, azacıq da olsa, havanın zəhərlənməsi onu narahat etməyə bilməzdi. Texnika elmləri namizədi Nəə Ağayevlə Ağaxan Ağayev kabinetdə qabaq-qəər əyləşmişdilər. Zavodun görüb-götürmüş mütəxəssisləri də buraya dəvət olunmuşdular. Qaldırılan məsələnin həllini təmin etmək yolları araşdırılırdı. Çox götür-qoydan sonra hamı eyni rəyə gəldi. Ağaxan Ağayev özündə qəribə bir yüngüllük, rahatlıq hiss etdi. Elə bil üstündən ağır bir yük götürüldü.

Moskvanın müvafiq Elmi Tədqiqat İnstitutu ilə zavodun mütəxəssisləri birgə işə girişdilər. Bir milyon manata yaxın smeta dəyəri olan qazuducu qurğunun layihəsi hazırlandı. Sadə və həm də effektli qurğunun. İndi tutulan zəhərli qazlar, əvvəla, sənayedə lazım olur və iqtisadi səmərə verir. İkincisi də, ətraf mühitin korlanmasının qarşısı alınır.

Elmi-texniki tərəqqinin, mütərəqqi üsulların, qabaqcıl təcrübənin, səmərələşdirici təkliflərin tətbiqi yolunda zavod neçə-neçə belə uğurlar qazanıb. Ağaxanların hesabına. Direktor qarşısındakı kiçik elektron hesablama-maşınında bəzi rəqəmləri təhlil etdikdən sonra həyata keçirilən elmi-texniki tədbirlərin iqtisadi səmərəsindən iftixarla danışdı:

- Beş il əvvəl bizim Ağaxanın işlədiyi sadə superfosfat sexində dörd yüz nəfər adam məhsul istehsalını güclə bir milyon tona çatdıra bilirdi. İndi sexdə adamların sayı üç yüzə enib, istehsalın həcmi isə iki milyon tondan çoxdur.

nc şəhərin superfosfat zavodundan gecə-gündüz gübrə daşıyan yük qatarlarının, avtomaşın karvanlarının ardı-arası kəsilmir. Əllidən artıq ünvana, uzaq-yaxın ellərə. Buz yorğanın altında qış yuxusuna gedən torpaqlar təkcə Mil-Muğan əkinçilərinin deyil, həm də ağaxanların, valentinaların zəhməti ilə ətirlənib bərəkət tapır, sinəsində min bir nemət yetirir. Sumqayıt fəhləsinin, Mil, Muğan, Qarabağ əkinçilərinin birgə əməyi ilə bəhrələnən torpaqlar.

Ağır nəfəs ala-ala zavoddan çıxan gübrə yüklü qatar Ağaxanın qayğılı baxışlarının müşayiəti ilə getdikcə sürətini artırıb gözdən itdi. Paravozdan qalxan bir parça tüstü hələ də səmadan asılı qalmışdı. Ağaxan polad magistrallarla xammal anbarına doğru irəliləyən başqa bir ağır yüklü qatarı işarə edərək: - Qabaqlar altı adamın qüvvəsi ilə hər növbədə vur-tut beş vaqon boşaldılırdı - dedi. - İndi bir adam növbə ərzində on vaqon boşaldır. - Sonra o, özünəməxsus təvazö-karlıqla əlavə etdi: - Elə bilməyin ki, işlərimiz tamamilə cağbacağdır və heç bir nöqsanımız yoxdur. Xeyr. İstehsal etdiyimiz məhsulun nə keyfiyyəti, nə də kəmiyyəti malik olduğumuz imkanların səviyyəsində deyil. Bir də ki, hökumətin yeni proqram sənədlərində bilirsiniz, qarşıya necə böyük vəzifələr qoyulub… Bu baxımdan müəssisəmizin istehsal mədəniyyətini yüksəltmək sahəsində çox iş görülməlidir.

Ağaxan Ağayev zavoda gələndə əsgərlik paltarını hələ dəyişməmişdi. Boz və uzun şinelinin ətəyi uzunboğaz çəkməsinin üstünə düşürdü. Haylı-küylü şəhər, qaynar fəhlə həyatı. Sanki möcüzələr aləminə düşmüşdü. İlk baxışda hər şey ona çətin, qəribə görünürdü… Sex rəisi Aleksandr Fomin ərklə onun çiynindən yapışıb silkələdi və: - Cəsarətli tərpən! - dedi. - Utananın oğlu olmaz! Heç bir şeydən çəkinmə, mən ki, burdayam. Nə çətinliyin olsa… - Sonra Aleksand Fomin üzünü baş aparatçı Abüsətə tutaraq: - Bu cavan oğlandan muğayat ol, - dedi. - Şəhərə nabələddir. Kollektivə dəisinişməyib. Amma diribaş oğlana oxşayır ha! Ət yeyən quş, elə dimdiyindən bildirir. Qoy bir işin çəmini tapsın! Görüm bu çəlimsiz oğlanın meydanında kim duruş gətirir?!

Ağaxan müxtəlif millətlərdən olan mehriban ailədə doğmalaşdı. Özünə xeyirxah dostlar tapdı. Təcrübə topladı. Gündə bir əmək nümunəsi göstərdi. Zavodda onun barəsində xoş söz-söhbət gəzdi: - Qoçaq oğlandır. Kollektivin fəxridir - dedilər. - Bir dəfə Şərəf lövhə-sində özünün və fəhlə həmkarı Valentina Nikolayevnanın qoşa şəklinə baxanda xəyalı dolandı. Qızılı saçlı sarışın qızı birinci dəfəgörürmüş kimi ona diqqətlə baxdı… Valentinanın mavi gözləri elə bu andaca sanki canlandı, güldü, şəfqətlə Ağaxana zilləndi. Ağaxanın qəlbində çoxdan baş qaldıran hisslər daha da gücləndi…

mişə sexdə görülüb-görüləcək işlər barədə məsləhətləşən, bir-birilə yarışan, bəzən bəhsə girən bu iki gənc indi ailə həyatı qurmaq barədə söhbət açmışdılar. Valentina utancaq nəzərlərini məchul bir nöqtəyə dikib: - Belarusiyadanam, - dedi. - Magilyovski vilayətinin Krutoy kəndindən. Ağaxan ona tanış olan ünvanı eşidəndə çöhrəsi bahar buludu kimi tutuldu. Gözlərində qəhər dolaşdı.

Ağaxan Yardımlının Arus kəndində dünyaya göz açanda ata üzü görmədi. Ata məhəbbəti duymadı. Anası Rahilə dərdini həzin, qəmli zümzüməsində ağ çalmalı Savalana dedi. Dünən onların toyu bu dağlara əks-səda salmışdı. Bu gün isə… Rahilə ümidini üzmədi. Neçə il nəmli gözləri yollarda donub qaldı. Axırda Qəribin özü yox, qara kağızı gəldi. Belarusiya torpağından. Magilyovskinin döyüş meydanından. Valentinanın doğulub boya-başa çatdığı qərib eldən.

Valentina ata-ananın bircəsi olan Ağaxana həm ömür-gün yoldaşı oldu, həm də Qəribin axırıncı sorağı gələn torpağın yadigarı. Bir də ki, Rahilə xalanın təsəllisi.

Müharibənin ana qəlbində qoyub getdiyi  ağır nisgilin yerini övlad uğurlarının sevinci aldı. Ağaxan "bir beşillikdə iki beşillik plan qədər məhsul uğrunda!" çağırışın carçısı oldu. Adı dildən-dilə düşdü, eldən-elə yayıldı. Əmək salnaməsinə mənalı sətirlər yazıldı. Üzvü olduğu kollektivin sevimlisi, Əmək Qəhrəmanı, Şəhər Sovetinin deputatı, elinin təəssübkeşi, Mavi Xə­zərin qumlu sahilində günbəgün boy atıb gözəlləşən Sumqayıt fəhlələrinin mərdi, öncülü kimi…

 

25 iyul 1987-ci il

"Kommunist" qəzeti

Sumqayıt



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com