 |
OÇERKLƏR
GÜLNAZIN HÜNƏRİ
Səhərdən bəri Qarabağın bərəkətli torpağını hərarətə gətirən avqust günəşi qızılı şəfəqlərini toplayıb Murovun arxasına çəkilir, uzaqdakı dağların zirvəsindən asılı qalan bulud laylarını çəhrayı rəngəboyayırdı. Kürün xəfif mehi bayaqdan sakit dayanan ağacları asta-asta hərəkətə gətirir, qocaman xan çinarın enli, qırçınlı yarpaqları ağır-ağır qanad çalırdı. Ağlı-qırmızılı çiçəklərlə bəzənən yaşıl tarlalarda adamlar getdikcə seyrəkləşir, gündəlik becərmə tapşırığını vaxtından qabaq yerinə yetirən əmək bahadırları yeni tikilmiş tarla düşərgələrinin qarşısında dayanan təzə və rahat avtobuslara əyləşib evlərinədönürdülər. Gülnaz hələ də sahələri dolaşırdı. O, yaşıl cərgələrin arası ilə irəliləyir, ucvurmaya ehtiyacı olan yerləri qeydə alır, kultivasiyanın, suvarmanın keyfiyyətini dönə-dönə yoxlayır, məhsulu maşınla yığılacaq sahələrin alaqlı olub-olmadığını dönə-dönə nəzərdən keçirirdi. Sahənin başına çatanda onun iti baxışları iri hərflərlə qırmızı lövhəyə yazılmış bu sözlərə sataşdı: "Hər hektardan qırx sentner!" - Gülnaz ayaq saxlayıb, ani fikrə getdi. Onun məsum dodaqları xəfifcə pıçıldadı:
- Vaxt çatır, bu vədə əməl edə biləcəyikmi?!
Gənc pambıqçı bir də geri döndü, əkib-becərdiyi sahələrə baxdı, daxilən onda baş qaldıran suala dürüst cavab tapmaq üçün bir neçə addım irəli yeridi. Gülnaz qəddini əyib müxtəlif cərgələrin hər metrində bitkilərin miqdarını, barını-bəhrəsini saydı və balaca cib dəftərçəsini çıxarıb bəzi hesablamalar apardı. Onun çöhrəsinə təbəssüm yayıldı, yazdığını dilində əzbərləmək istəyirmiş kimi təkrar etdi:
- Orta hesabla hər hektarda yüz min sağlam bitki, hər kolda iyirmi yetkin qoza, on-on beş qönçə və çiçək…
Gülnazın qət etdiyi zirvənin ən çətin keçidləri artıq arxada qalmışdı. Köks dolusu nəfəs alır, sanki yüngülləşirdi. Yox, o, əsla arxayınlaşmaq, yorulmaq bilmirdi. Deyirdi ki, yetişdirdiyimiz məhsul öhdəlikdə nəzərdə tutduğumuzdan da çoxdur. Ancaq bir əkinçi kimi düşünüb daşınsaq, deməliyəm ki, hələlik mənzilimiz yarı olub. Əsl hünər odur ki, payızın yağışına, yağmuruna tab gətirəsən, açılan məhsulu vaxtında yığasan, tərtəmiz tərəzidən keçirəsən, yüksək keyfiyyətlə dövlətə təhvil verəsən.
Qədim torpaq öz "ağ qızıl" sərvətini onun qədrini bilənlərdən, qayğısını çəkənlərdən, ağılla, ustalıqla əkib-becərənlərdən əsirgəmir. Uca-uca pambıq tayalarının sayı ilbəil artıb çoxalır, elin varı getdikcəaşıb-daşır. Bu şərəfli yolda neçə-neçə əmək bahadırı yüksək şüurluluq nümunəsi göstərir, ad-san qazanır, şan-şöhrət sahibi olur. Rahilə polad atına süvar olub sükandan yapışanda ona - maşının mübarək! - dedik. Tərlan öz "mavi gəmi"silə neçə-neçə ağ ümmanlar fəth etdi. Kübranın hünəri dillərdə dastan oldu. Bu gün Bərdənin səmasında yeni bir ulduz parlayır, yaşıl tarlalarda mayak kimi işıq saçır: Gülnaz! Qarabağın hünərvəri, yazıçıların, jurnalistlərin, bəstəkarların qəhrəmanlıq mövzusu.
* * *
Gülnaz orta məktəbi bitirən kimi arzularının cığırları ilə tarlaya çıxdı, əmək meydanına atıldı. "Moskva" kolxozunun üzvlərinə qoşuldu. Yaşıl cərgələrdə anası Göyçək xala ilə çiyin-çiyinə irəlilədi, ilk addımlar atdı. Atası Rza kişinin kanallara, arxlara, şırımlara payladığı suların həzin nəğməsini dinlədi. Əvvəlcə kətməndən yapışdı, yaşıl kolların nazını çəkdi. Tarlalar bara-bəhrəyə dolanda, qozalar ağzını açanda döşlüyü gündə neçə dəfə dolub-boşaldı. Gülnazın qızıl əlləri ilə toplanan məhsul xaral-xaral maşınlara yükləndi… Hamı Gülnazdan danışdı, Gülnazı sevdi, tarla cəngavəri kimi. Onun sinəsində ən yaxşı gənc pambıqçı nişanı parladı. Bəsti Bağırova adlı mükafata layiq görüldü.
Gülnaz Quliyeva manqabaşçısı vəzifəsinə irəli çəkildi. Güclü traktorlar nərə çəkib gur bir axınla sahələrə çıxdı. Torpağın altı üstünə çevrildi, yerin sinəsi sığallandı, sahələrin səthi hamarlandı, torpağa doyunca gübrə verildi, səpin vaxtında başa çatdı.
Ancaq bu il əkinçilər üçün uğurlu keçmədi, leysan yağışlar becərməyə imkan vermədi. Onun üzv olduğu briqadada ağır vəziyyət yarandı. Səpilən yaxşı cücərmədi. Rayonun mütəxəssisləri briqadanın sahəsini gəzəndə belə bir vəziyyətdən çıxmaq üçün təsərrüfat başçıları ilə birlikdə yollar araşdırdı. - Briqadanı Gülnaza tapşırmaq lazımdır, - dedilər. - Tarlada yaranmış belə bir geriliyin tezliklə aradan qaldırılmasını ancaq Gülnaz təmin edə bilər.
Belə də oldu. Gülnaz çətin anda kollektivin gücünü səfərbər etdi. Vaxt itirmədən çiyidi cücərməyən sahələr dərhal yenidən əkildi, boş yuvalar bərpa olundu. Çox keçmədi ki, hər hektarda kifayət qədər bitki əldə edildi. Cərgə aralarına dönə-dönə kultivasiya çəkildi, atası Rza kişi suvarmanı vaxtında apardı. Kollarda xəstəlik müşahidə edildiyi, sovka qurdu nəzərə çarpdığı vaxt dərhal çiləyici və tozlayıcı aparatlar işə düşdü, tarlalara kimyəvi dərman səpildi…
Qardaş Türkmənistan elindən gəlmiş yoxlama briqadasının üzvləri "Moskva" kolxozunun sahələrini gəzəndə Gülnazın başçılıq etdiyi briqadanın səliqə-sahmanına, becərdiyi sahələrə heyran qaldılar. Qonaqlar dedilər ki, bu barlı-bəhərli sahələr bizə Türkmənistanın adlı-sanlı pambıq ustası Xangəldi Çobanovun yaşıl plantasiyalarını xatırladır.
Gülnaz Quliyeva ilə tarlada görüşdük. Son becərmə işləri gedir, yığıma hazırlıq görülürdü. Bu günlər onun sevinci sinəsinə sığmır, bizimlə nikbin bir əhval-ruhiyyə ilə danışırdı:
- Hər hektardan qırx sentner nədir ki, - deyir. - Allah-taalanın köməyilə, deyərdim ki, bu çox azdır. Atam suçu, anam qabaqcıl pambıqçı, həm də qəhrəman. Özümüz də səkkiz bacı-qardaşıq. İldəiyirmi min manata yaxın gəlirimiz olur. İkimərtəbəli evimiz, yarlı-yaraşıqlı həyət-bacamız… Pambıqçı əməyinin nəticəsi… Onun əməyinə verilən yüksək qiymət, ona göstərilən el qayğısı…
Tarlalardan qayıdanda ətrafa yavaş-yavaş toran çökürdü. Təmiz səmada ulduzlar sayrışırdı. Küçələri nura qərq edən elektrik lampalarının gur işığı gecənin qaranlığını qovub kənddən uzaqlaşdırırdı. Sol tərəfdəki uca binanın geniş aynabəndindən şən musiqi təranələri süzülüb ətrafa yayılırdı.
Kolxozun sədri həmin işıqlı, toylu-düyünlü binaya işarə edərək:
- Bayaq söhbət etdiyimiz Gülnazgilin evidir, - dedi. - Bacı-qardaşının çoxu musiqi təhsili alıb. İsrail tar çalır. Minayə qarmon. Şükür də qaval vurur… Keyfləri kök, damaqları çağ…
17 avqust 1978-ci il
"Kommunist" qəzeti
Bərdə
|
 |