OÇERKLƏR
ÖMÜR YARPAQLARI
- Əli, raykoma çağırırlar, raykoma!
Əli cəld geyinib küçəyə çıxdı. Kürün acı sazağı ağacların çılpaq budaqlarını titrədirdi. Kəndin səmasında getdikcə qalınlaşan bozumtul buludların arasında ulduzların zəif ziyası güclə görünürdü. Necə deyərlər, havadan qar iyi gəlirdi. Soyuq külək həyət-bacadakı payız xəzəllərini oynadır, sonra da qabağına qatıb küncə-bucağa doldururdu. Əli paltosunun boynunu bir balaca qaldırıb qıvraq addımlarla kənddən çıxdı.
Rayon mərkəzindəki kiçik elektrik stansiyasında mazutla işləyən gücsüz motorun yeknəsəq guppultusu əks-səda verirdi. Tək-tük görünən hündür şalbanların başında balaca elektrik lampaları közərir və palçıqlı küçələrə zəif, sarımtıl işıq salırdı.
Əli rayon partiya komitəsinin binasına tərəf yönəldi. Binanın qarşısında papiros çəkən gözətçiyə salam verib yuxarı qalxdı. Raykomun birinci katibinin əyləşdiyi kabinetin geniş pəncərəsindən ensiz vəuzunsov koridora işıq düşürdü. Əli gözləmə zalından keçib içəri daxil oldu. Onlar görüşdülər. Raykom katibi Əliyə oturmaq üçün yer göstərdi, özü isə ayağa qalxdı. Onun aydın və nüfuzedici baxışları Əliyə xoş təsir bağışladı. Katib nədən və necə başlamaq barədə düşünürmüş kimi kabinet boyu bir neçə dəfə fikirli-fikirli var-gəl etdi. Sonra Əli ilə üz-üzə əyləşdi. Onun qayğılı nəzərləri Əlinin simasında gəzdi. Heç biri dillənmirdi. Kabinetə ani bir sükut çökdü. Raykom katibi mülayim sifətinə səmimi bir ifadə verərək:
- Bilirsən, Əli, - dedi, - bu gün də sizin kolxozda olmuşam. Vəziyyət yaxşı deyil. İntizam zəifdi, kolxozçular vaxtlı-vaxtında işə çıxmırlar. Şum gecikir, fermalarda mal-qaraya qayğı göstərilmir. Kolxozun ümumi gəliri aşağı düşüb. Tədbir görməli, kömək etməliyik. Buna görə də səni çağırmışam. Kəndimizin camaatı deyir ki, kolxozun sədri sən olsan, işlər yoluna düşər. Görünür ki, kənddəyaxşı hörmətin var, səni sayırlar. Gərək ki, atan Məhərrəm kişi də kolxoz sədri olub, elədirmi?
- Bəli, - deyə Əli cavab verdi.
Katib sözünə davam etdi:
- Məhərrəm haqqında eşitmişəm. Yaxşı təşkilatçı olub. İndi sən atanın estafetini qəbul etməlisən, layiqli xələf olmalısan. Necə fikirləşirsən?
Əli tez cavab verə bilmədi, çətinlik çəkdi. Kolxoz sədri olmaq ona çətin görünürdü. Lakin susmaq olmazdı.
- Sizin dediyiniz məsləhətdir, yoldaş katib, - deyə Əli dilləndi.
Raykom katibinin eyni açıldı:
- Çətinliyi aradan qaldrmaq üçün kimə üz tutmalıyıq?! Siz kommunistlərə. Özün yaxşı bilirsən ki, sədr kəndin ağsaqqalı olmalıdır, hamının xeyrinə-şərinə yaramalıdır. Qocalara oğul, cavanlara ata, qız-gəlinlərə qardaş olmalıdır. Hər bir məsələnin həllinə partiya prinsipiallığı mövqeyindən yanaşmalıdır. Dediyim keyfiyyətlər səndə var. Sən partiyanın etimadını doğrultmalısan. Kəndimiz yüksəlməlidir, inkişaf etməlidir.
Təklif olunan vəzifə Əli Quliyeva çətin görünsə də raykom katibinin fikri ilə razılaşmamağı öz kommunist qüruruna sığışdırmadı. Odur ki, o daxili tərəddüdünü əsla büruzə vermədi. Cib yaylığını çıxarıb alnında purçumlanan təri sildi…
… Onu sədr seçdilər. Əli evə dönəndə atası Məhərrəm kişi yatmamışdı, oğlunun yolunu gözləyirdi. O, əlindəki çəliyinə dirsəklənib çuxura düşmüş gözlərini oğlunun üzünə zillədi:
- Şad xəbərə sevinmişəm, işin avand olsun, ay oğul, - dedi. Bax, yaxşı işlə, elin qədrini bil, hörmətini qazan. Mən sədr olanda vəziyyət indiki kimi deyildi. Traktorumuz, maşınımız az idi, suyumuz çatışmırdı. İndi hər şeyimiz var. Sağ olsun Sovet hökumətini. Müharibədə də qalib gəldik. Cəbhədəki tankların hamısı traktor olub bu gün-sabah kolxoza gələcək. Torpağımıza, suyumuza nə gəlib? Qarabağın bolluğu harda var!?
Məhərrəm kişi oğluna ağıllı məsləhətlər verdi, yol göstərdi. Ata danışdıqca hərdən səsi qırılır, sinəsi qalxıb-enirdi:
- Bilirsən, bəzi-bəzi kolxoz sədrləri niyə tez atdan düşür!? Ona görə ki, ya camaatı başına yığıb üz ağarda bilmir, ya da ki, planı dolduran kimi lovğalanıb cızığından çıxır. Belə olmaz. Bir də məsəl var deyərlər ki, ağac bar verdikcə başını yerə dikər. Arxayınlaşmaq olmaz, həmişə qabağa getmək lazımdır. Bunun üçün gərək elə arxalanasan. Nahaq deməyiblər ki, el bir olsa dağ oynadar yerindən!..
* * *
Təzə sədr əlinə qələm alıb kolxozun maddi-texniki bazasını təhlil etdi, iqtisadi hesablamalar apardı, təsərrüfatın daxili imkanlarını, ehtiyat mənbələrini götür-qoy etdi. Gerilikdən çıxmaq, ehtimadı doğrultmaq üçün yollar araşdırdı. Vəziyyət acınacaqlı idi. Pambıq sahələrinin hər hektarından altı sentner məhsul götürülmüşdü. Taxıl fondu demək olar ki, yox idi. Mal-qara yeraltı qazmalarda saxlanılırdı. Onların da ot-ələfi çatışmırdı. İnəklərdən az süd sağılırdı.
Əli Quliyev ilk partiya təşkilatına, işgüzar əmək adamlarına və idarə heyətinə arxalanıb işə başladı. Kolxozda möhkəm əmək intizamı yarandı. Kəndin xeyirxah ağsaqqallarından Heydər, Məhəmməd vəbaşqaları kolxoz başçılarının yaxşı məsləhətçisi oldu. Kommunistlər, fəallar hər işdə kara gəldilər. Təcrübəli və işgüzar əkinçilər, heyvandarlar briqadir, ferma müdiri vəzifələrinə irəli çəkildilər, hamıəlbir-dilbir oldu…
Partiya təşkilat katibi ilə sədrin mindiyi atlar kolxoz tarlalarında qoşa addımlayırdı. Sərin çöl mehi necə də təravətlidir! Dörd bir tərəfdə gümüşü otlar titrəyir, ağır sünbüllü zəmilər dalğalanıb xəfifcəxışıldayır, tarla boyu cərgələnən pambıq kollarının arasında Kürün lacivərd suları pıçıldayırdı. Əli bu əsrarəngiz mənzərədən doymurdu. Onlar hara isə tələsirmiş kimi atların cilovunu buraxdılar. Yorğa Qarabağ atları əkinlərin arasından qıvrılıb keçən torpaq yola dəyirmi naxışlar salaraq səkirdilər. Atlar ahəngdar ritm ilə çapır, onların ayaq səsləri bir musiqi təsiri bağışlayırdı. Elə bil bu doğma yurdun sirli nəğmələri eşidilirdi.
Hələ gənc yaşlarından bu yerlərin vurğunu olan Əli Quliyev 1931-ci ili xatırladı. Komsomoldan partiya sıralarına keçdiyi illəri. Onda uzun ətəyi çəkmələrinin üstünə dəyən boz əsgər şinelini hələ əynindən çıxarmamışdı. Uca boylu şivərək bir oğlan idi. Qırmızı ulduzlu əsgər papağı onun cılız qamətinə xüsusi bir yaraşıq verirdi. Həmin vaxtlar buradakı keçilməz sıx qamışlıqlar qaçaq-quldura bir yuva, bir səngər olmuşdu. Əli bu səhralarda kolxoz quruluşuna qarşı meydan oxuyan Saday bəylə, Qaçaq Arazla, Kəblə Hüseynlə neçə dəfə üz-üzə gəlmişdi. İndi isə… nə beşaçılan gəzdirən var, nə də ki, tapança. Barıt qoxusu da gəlmir. Hamı dinc, halal zəhmətlə məşğuldu. Əllərdə kətmən, əllərdə oraq, əllərdə bel. Hamısı əmək aləti. Həmin səngər yerlərində yaşıl pambıq kollarının çəhrayı çiçəyi bərq vururdu.
İrəlidəki traktorların gurultusu Əli Quliyevi keçmişin unudulmaz, həm acı, həm də şirin xatirələrindən ayırdı. Onlar sola buruldular. Artıq əkin yerləri arxada qalmışdı. Qırov düşmüş kimi görünən çılpaq düzlər başlanırdı. Qızıla bərabər olan torpaqları duz basmış, münbit və bərəkətli sahələr başdan-başa şoranlaşmışdı.
Kolxozun başçıları ucsuz-bucaqsız sahələri gəzdilər. Bu torpaqları duzlardan təmizləyib əkin sahələrinə çevirmək üçün tədbirlər tökdülər. Sədr sol əlini günəşdən qamaşan gözlərinin üstünə tutub sağ əli ilə qarşı tərəfə işarə etdi:
- Bax, bura dörd hissəyə bölünməlidir - dedi. O tərəfdən kollektor drenaj şəbəkəsi çəkilməlidir.
Partiya təşkilat katibi onun sözünə qüvvət verdi:
- Əlbəttə - dedi, - vur-tut üç yüz hektar sahədə pambıq əkməklə nə edə bilərik. Biz taxıl barədə də düşünməliyik. Təbii biçənəklərimiz də azdır…
İdarə heyətinin, ilk partiya təşkilatının qaldırdığı hər bir qiymətli təşəbbüs rayon partiya və icraiyyə komitələrində müdafiə olundu. İllər keçdikcə kolxozda meliorasiya işləri genişləndirildi. Kollektor drenaj şəbəkələri yaradıldı. Şoran torpaqlar duzlardan təmizləndi. Kolxoza güclü traktorlar göndərildi. Müxtəlif markalı kənd təsərrüfat maşınlarının sayı artdı. Təhsilli-təcrübəli mexanizator kadrları yetişdi. Ali savadlı aqronomlar, zoobaytar işçiləri var qüvvələrini əsirgəmədilər. Hər kəs öz işinin çəmini tapdı. Əkinçiliyin və heyvandarlığın mədəniyyəti yüksəldildi. İctimai gəlir aşıb-daşdı. Tikinti vəabadlıq işləri yeni vüsət aldı. Kənddə yaraşıqlı mədəniyyət sarayı ucaldıldı. Ticarət, ictimai iaşə obyektləri yaradıldı. Təzə uşaq bağçası, tarla düşərgələri tikildi. Heyvandarlıq binaları inşa edildi.
Əlbəttə, yaşı yetmişi haqlayan Əli kişinin bir əsrə yaxın ömür yarpaqlarını vərəqləyib onun həyat yolunda baş verən unudulmaz hadisələrə nəzər saldıqca…
Doqquzuncu beşilliyin tapşırıqları müəyyən ediləndə səriştəli təsərrüfatçı çox ölçüb-biçdi. Onun otuz illik sədrlik təcrübəsi olsa da, ağıl-ağıldan ötkün olar, - dedi. Partiya təşkilat katibi Qasım Nəsirovun, qocaman kommunistlərdən Cəfər Əliyevin, Yusif Həsənovun və briqada başçılarının fikrini öyrəndi. Onu da nəzərə aldı ki, respublikamızın Mərkəzi Komitəsi son vaxtlar pambıqçılara böyük qayğı göstərir, kömək əli uzadır. Odur ki, təsərrüfat başçısı öz kollektivinin fikrini bu cür ifadə etdi:
- Beşillik planı üç ildə! Pambıqçılarımızın vədi belədir.
İnananlar da oldu, şübhə edənlər də. Lakin Caparidze adına kolxozun tarla əməkçiləri verdikləri vədin üstündə möhkəm dayandılar. - Sözümüz söz, qərarımız qətidir, - dedilər. Onlar yeni mübarizəmeydanında hünər göstərdilər. Lakin beşilliyin üçüncü ili Qarabağ pambıqçıları üçün o qədər də uğurlu olmadı. Belə ki, havalar sərin keçdi, tarlalar günəşdən doymadı. Qonşu təsərrüfatlarda pambıq kolları həmişəki kimi bar gətirmədi. Axı, təcrübəli tarlaçılar nahaq yerə deməyib ki, torpaqla su pambığın anasıdırsa, günəş də atasıdır. Ancaq Əli Quliyev bu çətin ildə də büdrəmədi, özünü itirmədi. Çünki işini vaxtında, etibarlı tutmuşdu. O, hələ kotanın ucu yerə sancılanda pambıqçılara dönə-dönə deyirdi:
- Keçən ilki bolluq sizi arxayınlaşdırmasın. Çay həmişə qızıl gətirməz. Ata-babalarımız demişkən, bəzən dağlar da qısır qalır. Əkinçi gərək hər ehtimala qarşı hazıryaraq olsun.
Bir sözlə, onlar ehtiyatı əldən qoymadılar. Şum, əkin, becərmə işləri əlverişsiz keçən hava şəraitinin pis nəticələrini aradan qaldıra biləcək istiqamətdə görüldü. Tarla bahadırları təbiətin kortəbii qüvvələrinə qalib gəldi. Sahələr ağ örpəyə büründükcə təcrübəli təsərrüfatçının sevinci sinəsinə sığmadı. Budaqlar yetirdiyi bara tab gətirmirdi. Sürücü-mexaniklər idarə edəcəkləri mavi gəmilərinin yanında müsəlləh dayanmışdı. Onlar yürüş üçün sərəncam gözləyirdi.
Sədr idarə işlərini sahmana salıb, tarlalara çıxmağa tələsirdi. Kabinetin qapısı açıldı. Qənirənin dalğın nəzərləri Əlinin nurani baxışları ilə rastlaşdı. Onun çöhrəsinə xəfif bir qızartı çökdü:
- Əli əmi, - dedi, - həyat yoldaşım əsgərlikdədir, qayınatam da ki, qocalıb, taqətdən düşüb. Bir camışın əlində qalmışam. Ələfi yoxdur, qar qapını kəsməmiş satmaq istəyirəm. İstəyirəm ki, camışı ətliyə verəm.
- Elə ələfə görə?
- Bəli.
- Camışı satsaq, onda uşaqlar ağartısız qalar, qızım. Kolxozun ələfinə nə gəlib. Satmaq kəlməsini bir də dilinə gətirmə. Nə çətinliyin olsa…
Maşına əyləşib sahələrə gedirdik. Ağ daşdan tikilmiş yaraşıqlı bir binanın qabağından keçərkən iri dəmir darvaza açıldı, həyətdən iki qız uşağı çıxdı. İkisi də bir boyda, bir biçimdə. Sədr gülümsündü:
- Əkizdirlər, - dedi. - Birinin adı Gülxara, o birinin adı Zərxaradır. İkinci sinifdə oxuyurlar. Yetim Əhlimanın qızlarıdır.
Əli kişi belə deyərkən dən düşmüş qaşları düyünləndi. Onun qayğılı baxışları kədərini büruzə verdi:
- Otuz il bundan qabağın söhbətidir - dedi. - Fermalara baş çəkirdim. Əhliman qoyun küzlərinin qabağın-da ağlayırdı. Kirimək bilmirdi. Çobanlar onu örüşdə itlərin əlindən güclə almışdı. Onda cəmi dörd yaşı olardı. Qucağıma götürüb kəndə gətirdim. Çörəyini verdik, qayğısına qaldıq. Bax, bu qızlar da onundur. Əhliman kolxozun dirəyidir, hər işə-gücə yarayır.
Sədr sağa burulub maşının kabinəsindən aydınca görünən qoşa evləri göstərdi:
- Biri Xuduşundur, biri də Yaqubun. Hər ikisi çobandır. İçərisinə təzə yığışıblar. Maşın vermişik, daşını-qumunu daşıtdırmışıq. Sağlıqlarına qismət olsun. Bax, o tərəfdə ağaran ev arabaçı Zeynalabdinindir. Tikməyə qüvvəsi çatmırdı. Kolxoz borc pul verdi. Çalışırıq ki, hamının xoş güzəranı, rahat ev-eşiyi olsun.
Kənd ağsaqqalının həyəcanlı səsi sözündə-söhbətində duyulan el qayğıları onun qocaman simasına bir əzəmət, bir vüqar verirdi. Hamının karına gəlmişdi, indi hamı onun karına gəlirdi. El gücü, sel gücü deyiblər. Bax, Əli kişinin başını ucaldan, şöhrətini artıran da onun arxasında dayanan elin gücü, elin rəğbətidir. İndi kənddə kim razı olardı ki, kolxoz pambıq yığımında geciksin. Bunun üstündə də sədri rayon mərkəzinə çağırıb məzəmmət etsinlər, üzünə min cür tənəli söz desinlər. Hamı tarlada idi. Ağaran pambıq kolların üstündə qalmırdı, yığılan yerə düşmürdü. Sədrin həyat yoldaşı Əzizə xanım ali təhsilli kənd müəlliməsi olsa da, döşlük tutub pambıqçıların önündə gedirdi. Altı uşaq anasının pambıq yığan əllərini məgər görmək olurdu? Əli kişi deyir ki, kolxoz başçısının ailə üzvləri əməkdən boyun qaçırsa, başqaları işə can yandırmaz.
Bunkerlər dolub boşalır, dolu xarallar yan-yana düzülürdü. Ağ örpəkli tarlalardan qəbul məntəqələrinə baş alıb gedən pambıq dolu avtomaşın, lafet karvanlarının ardı-arası kəsilmirdi. Varlı-bəhrəli sahələrin məhsulunu yığıb-yığışdırmaq olmurdu. Kölgədə sürünən bəzi fərsiz təsərrüfatçılar ilin uğursuzluğundan giley-güzar edib bəhanə gətirəndə Əli Quliyevin başçılıq etdiyi kollektiv vətən qarşısında raport verdi. Qələbə raportu. Qəzetlər bu əmək fədailərinin müvəffəqiyyətlərindən yazdı:
- Caparidze adına kolxozun pambıqçıları beş yüz hektar sahənin hər hektarından 38,5 sentner məhsul götürüb. Ölkəyə 1,060 ton əvəzinə 1, 821 ton ağ qızıl verilib. Məhsulun 607 tonu maşınla toplanıb. Pambıq istehsalına dair beşillik plan üç ildə ödənib. Doqquzuncu beşilliyin birinci ilinə nisbətən üçüncü ilində pul gəliri 694,9 min manatdan 1,340 min manata, kolxozçuların qazandığı orta aylıq əmək haqqı 79 manatdan 185 manata çatıb…
Kənddə neçə-neçə əmək adamı orden, medal aldı, mükafatlara layiq görüldü. Təsərrüfat başçısının sinəsini bəzəyən Lenin yubiley medalının, «Şərəf nişanı» ordeninin yanında üçüncü bir orden də parladı. Lenin ordeni. Hamı ürəkdən dedi:
- Təbrik edirik, Əli kişi, ordenin mübarək!
Böyük amallarla yaşayan ağsaqqal pambıqçı arxayınçılığa uymur, yorulmaq bilmir. Deyir ki, gərək təsərrüfatın inkişaf sürətini artıraq. Beş yüz min manata yaxın smeta dəyəri olan məktəbli şəhərciyinin tikintisini başa çatdıraq. Müasir tələblərə uyğun maşın-traktor parkı salaq. Avtomat telefon stansiyası quraq. Kəndə əlavə su kəməri çəkək. Heyvandarlıq binalarını tam mexanikləşdirək…
Bəli, Əli Quliyev əməyə olan sonsuz məhəbbətindən qüvvət alaraq beşilliyin uca zirvələrə doğru gedən mübarizə yollarında inamla addımlayır. İllər ötdükcə onun ömür dəftərindən qopan hər yarpaq kolxoz kəndinin zəfər salnaməsində qızıl səhifələrə çevrilir.
23 yanvar 1974-cü il
|