OÇERKLƏR
Pambıqyığan maşınların sürücü-mexaniklərindən Rəhilə Məmmədova, Nazilə Mehdiyeva… özlərinin əməyilə layiqli şöhrət qazanmışlar. (Azərbaycan LKGİ-nin qurultayının materiallarından)
MÜBARƏKDİR, QIZIM!
Traktorun yanında tənha dayanmışdı. Həyəcanlı görünürdü. Sinəsi körük kimi qalxıb enirdi. Gözucu gah traktorun kabinəsinə, gah da sürücü-mexanik Dilənə baxırdı. Nə fikirləşdisə traktora bir az da yaxınlaşdı və keçib maşının arxa tərəfində dayandı. İntizarlı baxışları ilə özündən hündür görünən təkərlərə ani nəzər saldı, traktora həsrətlə baxdı, xəyala daldı, öz-özünə düşündü: «Görəsən Dilən əmiyəaçığını desəm razı olarmı? Yox, olmaz! Mənə acığı tutar, traktor sənin üçün kukla deyil oynadasan. Bir də ki, axı qız uşağı hara, traktor hara. Yox, Dilən əmi belə deməz. O kolxozumuzun təcrübəli traktorçusudur. Məgər Dilən əmi Sevilin barəsində eşitməyib, Diləfruzu tanımır? Dilən əmi özü də yaxşı bilir, tez-gec tarlalarda hər işi maşınlar görəcək. Kosmos dövründə yaşayırıq, indi bizə döşlük yox, sükan yaraşır…».
Rəhilənin başında bir-birini əvəz edən fikirlər dolaşırdı. O, daxilən Dilənə haqq da qazandırdı: - «Dilən əmi bura fermanın südünü daşımağa gəlib, mənə traktor sürməyi öyrətməyə yox, hər kəsin öz işi var. Heç doğma anam sərnici mənə vermir, deyir ki, hələ uşaqsan, inək sağmağı bacarmazsan. Anam sərnici qıymayanda Dilən əmi bu boyda traktoru ümid edərmi?..»
İçəridən səs gəldi. Diləni çağırırdılar. Bidonlar dolmuşdu. Aparmaq lazım idi.
Rəhilə anasının səsini tanıdı. Dilən tövlənin qapılarını taybatay açıb içəri keçdi. O südlə dolu bidonların qulpundan yapışıb bir kənara yığırdı. Rəhilə hələ də traktorun yanında dayanmışdı. O yan-yörəsinəgöz gəzdirdi. Heç kəs yox idi. Dilən əminin tövlədə başı qarışmışdı. Rəhilənin arzu, həvəs və sevinci üstün gəldi. O tələm-tələsik sükanın arxasına qalxdı…
Balaca traktor tüstü buraxıb hərəkətə gəldi və çala-çökək yolda toz qaldırmağa başladı. Traktorun yedəyində atılıb-düşən lafetin danqıltısı tövlənin divarlarında əks-səda verirdi. Küncə-bucağa sıxılıb yumaq kimi bükülən çoban itləri çöməlib hürüşməyə başladı. Ferma işçiləri səs-küyü eşidib təşvişlə həyətə axışdılar. Rusiya xala Rəhiləni yol boyu şütüyən traktorun üstündə görüb həyəcanla qışqırdı. Hamı heyrət içində ora baxdı. Dilən traktorun arxasınca yüyürdü. Rəhilə bir qədər getdikdən sonra sürəti azaldıb traktoru geri, dayandığı yerə qaytarmaq istədi, ancaq bacarmadı. Traktor xoddan düşüb dayandı. Dilən özünü yetirdi. Heç bir hadisə baş vermədiyi üçün üstünü vurmadı, Rəhiləni danlamadı. Rəhilə isə qaçmaq istədi, ancaq Dilən onun biləyindən yapışıb təəccüb mənasında başını buladı və qabarlı əllərini nəvazişlə Rəhilənin sarışın saçlarında gəzdirdi. Dilən onun peşmançılıq hisslərini aradan qaldırmağa çalışırdı. - Ay dəcəl, - dedi, - yaman sürürdün ha, bəs bidonları qoyub hara gedirdin?
Rəhilə gülümsündü. Dilən traktorun kabinəsinə keçdi. Rəhiləni də öz yanında oturtdu. - Hə, traktoru geri qaytar, bidonları aparmaq lazımdır, anan gözləyir. Rəhilə günahkarcasına başını aşağı dikdi, sükandan yapışmadı. Dilən təkid etdi. Rəhilə titrək səslə:
- Dilən əmi, - dedi, - axı, traktoru döndərməyi bacarmıram.
Dilən güldü. O, traktoru işə salıb geri döndərdi, sonra sükanı Rəhiləyə verdi. Rəhilə ürək döyüntüsü ilə sürəti dəyişir, qəribə bir çevikliklə sükanı sola-sağa bururdu. Dilən ona heyranlıqla baxırdı.
- Qızım, əməlli-başlı sürürsən. Qorxma, öyrənəcəksən.
Dilən kişinin sözləri Rəhilənin qəlbindəki ümid qığılcımlarını alışdırdı. Onlar tövlənin həyətinə çatdılar. Rusiya xala sağıcı rəfiqələrindən aralanıb traktorun qabağına yeridi:
- Ay Dilən qardaş, - dedi, - sən Allah bağışla, elə bu qızın çoxdankı xasiyyətidi, harada girəvəsinə bir traktor keçdi…
Kolxozun traktorçulara neçə dəfə Rəhilənin atası Məhəmmədə, anası Rusiyaya giley-güzar göndərmişdi. Bir axşam Zamanxan lap qapıya gəlmişdi.
- Məhəmməd əmi, xətrini dağlarca istəyirəm, kəndimizin xeyirxahısan. Ancaq gözün Rəhilənin üstündə olsun. Bu gün traktoru sahənin kənarında qoyub suçulara baş çəkirdim. Geri dönəndə toraktoru tarlanın ortasında gördüm. Gözlərimə inanmadım, elə bil başımdan bir qazan qaynar su töküldü. Maşının ardınca qaçdım. Traktoru sürən kim olsa yaxşıdır? Sizin Rəhilə. Məhəmməd əmi, maşallah, göz dəyməsin yaman od-alov qızdır. Bir balaca boyu var, di gəl ondakı cəsarətə bax… Ancaq Məhəmməd əmi sözümün canı odur ki, hələ balacadır, birdən traktoru arxa, kanala salar, peşmançılıq olar…
Gecə düşürdü. Səhərdən bəri Qarabağın səmasında durna qatarı kimi süzən bozumtul bahar buludları yorğun-yorğun Murovun sinəsinə çəkilib oradan da uzaqlara, lap uzaqlara doğru sürünürdü. Göydətopa-topa ulduzlar sayrışırdı. Məhəmmədlə Rusiya iri tut ağacının altında qoyulmuş stula dirsəklənib şirin söhbət edir, görüb-görəcəkləri işlərdən danışırdılar. Ortalıqdakı armudu stəkanlardakı pürrəng çay buğlanırdı. Qırçınlı ağ samovar həzin-həzin qaynayıb zümzümə edirdi. Qayğısız uşaqlar həyətdəki elektrik dirəyindən asılan İliç lampasının şəfəqləri altında oynayırdılar. Rəhilə dəhlizin məhəccərinə söykənib gecənin dərinliklərindən axıb gələn maşın səsinə və Tərtərin qıjıltısına qulaq asırdı. O sanki şirin bir nəğmə dinləyirdi. Rəhilə xəyalən bir quş olur, ucsuz-bucaqsız tarlaların üzərində qanad gərir, traktorun kabinəsinə qonur; yaşıl cərgələr arasında o baş bu başa cövlan edirdi. Bəzən Rəhilə od ilə su arasında qalırdı. Ancaq daxilindən gələn bir səs onu sabaha, arzularına qovuşmağa səsləyirdi. Rəhilə ata-anasının məzəmmətini eşitsə də özünü sındırmırdı. Məhəmmədlə Rusiya öz aralarında Rəhilə barəsində danışırdılar.
- Məni qınama, ay Məhəmməd, vallah elə bil bu qız maşın vurğunudur. Mexanizatorluqdan ötrü sinov gedir. Yatanda da yuxusunda traktor görür.
- Doğru deyirsən, arvad, komsomol komitəsinin katibi Fazil deyir ki, Rəhilənin böyük gələcəyi var. Həvəsini gözündə qoymayın.
Rusiya ərinin fikrini təsdiq etdi:
- Ay Məhəmməd, atalar demişkən, niyyətin hara, mənzilin də ora. Ancaq traktorçuluq məktəbini qurtarmasa, əlinə diplom almasa, ona heç kəs maşın etibar etməz.
- Bəli, gərək məktəbə qoyaq, onda əlində bir peşəsi də olar.
Rəhilə bu söhbəti eşidəndə qulaqlarına inanmadı. İnanmadı ki, onun ata-anası birdən-birə fikirlərini dəyişib bu tezliklə onun mexanizator olmasına razılıq verələr. O, bu xoş sözləri eşitdikcəqanadlanırdı. Sanki elə bu andaca qızın qarşısında yeni yollar açılırdı. Geniş, maneəsiz, rəvan, sonsuz bir yol. Rəhilə həyətə qaçdı, bacısı Afaqın boynuna sarıldı və pıçıltı ilə:
- Bacı can, atam da, anam da traktor sürməyimə razıdırlar.
- Doğrudan?
- Düz sözümdü, - deyə Rəhilə səsinin ahəngini dəyişdi.
- Bu çox yaxşı oldu. Gün o gün olsun ki, adlı-sanlı sürücü-mexanik olasan, - deyə Afaq sevincini bildirdi.
* * *
… Onlar burada görüşdülər. Qədim Bərdənin bu yeni məktəbində. Bərdədə məktəb çoxdur. Biz kənd peşə-texniki məktəbini deyirik. Rəhilə ilə Sonanın mehriban baxışları ilk dəfə burada rastlaşdı, onların tanışlığı buradan başlandı, sənətkarlar beşiyində, Rusiya xala qızlara xeyir-dua verdi və sonra da:
- Sona, qızım, səni gördüm ürəyim dağa döndü -dedi, - elə bilərəm ki, Sevil sağdır, Muğan Sevilsiz qalmayacaq, bax bacına oxşa. Rəhilə, Sona bizim bu Bərdədə qonaqdır, qonaqda ki, ev sahibinin gülüdür-çiçəyidir.
Rəhilə ilə Sevil Qazıyevanın kiçik bacısı Sona bir mənzildə qaldı. Onlar məktəbə qoşa getdi, sinifdə qoşa oturdu, təlim vaxtı gələndə maşını qoşa sürdülər. Rusiya tez-tez məktəbə gəldi, qızlardan hal-əhval tutdu, onlara pay gətirdi, ana payı. Necə də şirin olur! İstirahət günləri Rəhilə Sonanı evlərinə qonaq apardı. Rusiya xala Sonaya əlindən gələn hörməti edirdi:
- Sona, qızım, dədə-baba adətimiz belədir, - deyirdi, - gərək yorğanın ipəyini qonağın üstə salaq, süfrənin ağını qonağın qabağına açaq.
Rusiya həyətdəki təndirə od salar, ağ lavaş, bəzəkli dəstənə, naxışlı fətir bişirər, qızlara yol tədarükü görərdi.
Aylar keçdi. Təhsil müddəti başa çatdı. Rayon komsomol komitəsinin katibi Atlas xanım qeyd dəftərçəsini çıxarıb mexanizator qızların siyahısına bir neçə nəfər də əlavə etdi: Rəhilə Məmmədova. “Yeni həyat” kolxozunun sürücü-mexaniki. Bərdədə komsomolçulardan və gənclərdən ibarət böyük bir mexanizatorlar ordusu vardı. Atlas bu ordunun layiqli komandiridir. Atlas bəzən təəssüflənir. Deyir ki, mexanizatorlar arasında qızlar azlıq təşkil edir, gərək onların sayını artıraq. Kaş komsomolçu qızlarımız hamısı Rəhilə ürəkli, Rəhilə diləkli, Rəhilə həvəsli ola.
Pambıq tarlalarına kultivasiya çəkən mexanizatorların işi gündən-günə çətinləşirdi. Kollar qol-budaq atır, cərgə araları getdikcə qovuşurdu. Yan budaqlardakı yetkin qozalar açır, tarlalar adamın üzünəgülürdü. Rəhilə ilə Sona verdikləri vədə, dedikləri sözə xilaf çıxmadılar. Sözləşdikləri yerdə də görüşdülər. Muğanda, Sərdarın sahəsində, pambıqyığan maşınlar yan-yana düzülmüşdü, komanda gözləyirdi. Kombinezon geyinmiş qızların zərif əllərinə tabe olan güclü maşınlar uğultu ilə irəli cumurdu. Səyyar xəyal məni sehrli qanadlarına alıb neçə həftə, neçə ay, neçə il geriyə qaytardı. Xalq şairimiz Səmədin Muğanı dolaşdığı illərə. Qulağımda xəyalən bir şeir səsləndi. Yaxınlıqdakı beton kanallardan şırıltı ilə axan sakit Arazın lacivərd suları sanki Muğan qızının şairə dediyi sözləri maqnitofon lenti kimi özünə əmanət saxlayıb bu gün onu xüsusi bir ahənglə dönə-dönə təkrar edirdi:
- Ay əmi, o maşın tez gəlsə əgər,
Nə qədər sevinər bizim bu çöllər.
İş görər, tər tökər bir yandan o da,
Vaxtımız çox qalar elmə, savada.
Ev tikib, bağ salıb, yollar çəkərik,
Yollar kənarında güllər əkərik.
Bu gün Muğan qızının çiçəklənən arzularını görürdüm. Görürdüm ki, mexanizator qızların, pambıqyığan maşınların yeni dəstəsi, yeni karvanı axıb gəldikcə Muğan çöllərinin sevinci birə-beş qat artır. Sərdar hələ diplomlarının mürəkkəbi təzəcə quruyan mexanizator qızların önündə qalib bir sərkərdə kimi məğrur addımlar atırdı. O gah maşınlara, gah da barlı kollara yan alıb öz təcrübəsindən danışırdı:
- Gərək sahənin kənarları əl içi kimi dümdüz olsun, - deyirdi. Yığımda tələsmək olmaz. Maşına texniki xidməti unutmayın…
İndi Muğan qızı tək deyildi. O, Qarabağın əmək bahadırı ilə çiyin-çiyinə dayanmışdı. Rəhilə ilə Sona Sərdarın təcrübə məktəbində çox şey görüb götürürdülər. Sonra onlar geniş və hamar yola çıxdılar, maşınla xeyli getdilər. Arazla Kürün qovuşduğu yerdə vidalaşıb ayrıldılar. Sona üzünü Muğana çevirdi, Rəhilə Qarabağa…
Tarlalara ağ örpək çəkilmişdi. Kolların qol-budağından lopa-lopa pambıq salxımlanırdı. Sahələrin əksəriyyəti maşın üçün ayrılmışdı. Sürücü-mexaniklər yığıma hazırlaşırdı. Kolxozun verdiyi kombinezon Rəhilənin əyninə iri idi. Rusiya kombinezonu Rəhilənin boy-buxununa görə düzəltdi.
- Qızım, bu yeni libasın mübarək! - dedi.
Birinci il Rəhilə köməkçi kimi işlədi. Adlı-sanlı sürücü mexanik Xalid Rəsulovun köməkçisi. Ancaq işin çoxu ona tapşırılırdı.
Rusiya sahələri dolaşırdı. Rəhiləni görmək üçün. Onlar tarlanın kənarında rastlaşdı. Rəhilə pambıq boşaldırdı. Ağ pambıq aşıb-daşan dağ şəlaləsi kimi bunkerdən lafetə tökülürdü. Rusiya Rəhilənin maşından düşməsini gözləmədi. Özü kabinəyə qalxdı, onun boynunu qucaqladı:
- Maşının mübarək, qızım, - dedi.
İl başa çatanda Xalidin hesabat sənədlərindəki adının qabağında belə bir rəqəm yazıldı: yüz otuz ton. Xalid buna etiraz etdi:
- Çoxunu Rəhiləyə yazın, - dedi.
«Hələ xamsan, uşaqsan,» Rəhilə onun yumşaq qəlbini didib parçalayan bu cür tənəli sözləri daha eşitmirdi. Mexanizatorlar onun yanına məsləhətə gəlirdi. Rəhilənin şöhrəti dildən-dilə düşdü, eldən-elə yayıldı.
Kür boyu baş alıb gedən qalın meşələrin arxasından boylanaraq ağır-ağır qalxıb üfüqü qızardan sentyabr günəşi qoca Tərtərin gəncləşən sahillərinə ilkin şüalarını yayırdı. Qatarlar kolxoz tarlalarını yarıya bölən dəmir relslər üzərində süzüb irəlilədikcə yan-yörədəki turaclar, qırqovullar hürküşüb pırıltı ilə havaya qalxır və yaxınlıqdakı cəngəlliklərə enərək gözdən itirdi. Rəhilə tarlaya günəşdən qabaq çıxmışdı. O, bu füsünkar mənzərəyə məftunluqla baxırdı. Yayın isti nəfəsi uca dağların qarını da əridib yoxa çıxartmışdı. Murov sanki öz ağ ləçəyini başından açıb Qarabağın sinəsinə sərmişdi. Hər tərəf ağappaq görünürdü. Əsl hünər meydanı idi. Vətən raport gözləyirdi. Beşilliyin sonuncu il raportunu.
Rəhilə dünən traktor sürür, yaşıl cərgələrin arasına dərin kultivasiya çəkirdi. Bu gün onun pambıqyığan maşını irəlilədikcə bunkerin dəmir torları arasında elə bil tufan qopurdu, qar tufanı. Əriş kimi torpağın sinəsində tarım dayanan ağ cərgələr səliqə-sahmanla dəstələnib, burulub-bükülüb bunkerə dolduqca bu covğun sakitləşir, mavi gəmi yükünü boşaltmaq üçün ağır-ağır sahilə yan alırdı. Nəhəng maşın gümüşü şpindellərini neçə-neçə kolun başına dolandırıb budaqlardan dərdiyini bir göz qırpımında qar uçqunu kimi lay-lay layetə boşaldıb yüngülləşirdi.
Rəhilə artıq köməkçi deyildi, ona köməkçi vermişdilər. Ancaq Rəhilə köməyə o qədər də ehtiyac duymur, hər bir çətinliyə özü sinə gərirdi. O, təkcə öz sahəsinin məhsulunu toplamaqla kifayətlənmədi, qonşu briqadalara kömək durdu, geridə qalanlara hamilik etdi. Evə hamıdan gec qayıtdı, günəşi tarlada qarşıladı. Onun üzv olduğu «Yeni həyat» kolxozunun pambıqçıları vətən qarşısında alnıaçıq, başıuca oldu. Yüksək məhsul uğrunda mübarizənin qaliblərindən biri kimi Rəhiləyə əhsən dedi. Qəzetlər ondan yazdı, fotomüxbirlər Rəhiləyə qonaq gəldi. Bərdə komsomolçularının Rəhiləni başdaəyləşdirdilər. Onu respublikamızın paytaxtına dəvət etdilər, sevimli Bakıya, Azərbaycan komsomolunun yığıncaqlarında yubiley məclisinə, yubiley şənliyinə.
Məhəmməd babanın düz qırx nəvəsi var. Onlardan biri də Rəhilədir. Ancaq Məhəmməd baba Rəhiləni hamıdan çox istəyir. O, bunu özü demişdi, yaşının 85 illiyi qeyd olunan məclisdə, Məhəmməd babanı kim tanımır? 1920-ci il. Unudulmaz bir tarix. Məhəmməd babanın partiya sıralarına daxil olduğu il. Elə qolçomaq tör-töküntülərinə ağır gələn də bu idi. Məhəmmədin partiya bileti gəzdirməsi. Onu yaxınlıqdakı təpənin arxasına çəkdilər, hədəf etdilər. Güllə səsi gəldi. Ancaq bu Məhəmmədə tuşlanan güllənin yox, onun qatilinə tuşlanan güllənin səsi idi. Məhəmməd geri dönəndə arxasında yeddi nəfər gördü, yeddi qardaş. Ətəyi uzunboğaz çəkməsinin üstünə tökülən boz əsgər şinelində, əsgər papağında. Onlar rusca danışırdılar, gülürdülər, Məhəmmədə ürək-dirək verirdilər. Məhəmməd neçə dəfəonların karına gəlmişdi, dar gündə dayaqları olmuşdu. Məhəmməd sağ-salamat evə döndü. Ona ikinci bir şad xəbər də verdilər:
- Gözün aydın, qızın olub.
Məhəmməd adını özü qoydu. Rusiya.
Rəhilə tez-tez babasıgilə gedir, özünün bahar qayğılarından, gələcək arzularından söz-söhbət salır:
- Baba, sahələrə kultivasiya çəkməliyəm, hər mövsümdə iki yüz tondan çox pambıq toplamalıyam. Amalım belədir, baba. Arxayın ol, maşınlarım da təptəzədir. Qocaman kommunistin yaşına uyğun kövrək qəlbi riqqətə gəlir və komsomolçu nəvəsini bir baba nəvazişi ilə təbrik edib ona səadət diləyir:
- Maşının mübarək, qızım!
1972-ci il
Bərdə
|