|
OÇERKLƏR
BACILAR
Kölgəsində dərsə hazırlaşıb şer əzbərlədiyi qoca dağdağan da, gündüzlər qız-gəlin sənək-sənək suyunu daşıyan, axşamlar öz həzin səsini gecənin səssiz nəğməsinə qoşan çarhovuzlu bulaq da, dağa sığınan, yalçın qayalara söykənən bağlı-bağatlı kənd də, Malatkeşinin hər küçəsi də, döngəsi də, ahılı da, cahılı da Xanıma doğmadır, əzizdir. Anasının izlərini, ata-sının daşlaşmış xatirəsini xatirələrdə yaşadan kənd. Hərdən qənşər bir yerdə dayanıb yaşıllıqların seyrinə dalır, Oxçu çayının mehi ilə pıçıldaşan ulu çinarlara məftunluqla tamaşa edirdi. Öz-özündən soruşurdu.
- Görəsən, niyə çərgə ilə dayanıblar bu ağaclar?!
Düşünüb-daşınır, fikirləşir, nəhayət, yaşına uyğun bir cavab tapırdı: Adamlar onu əkib-becərir, ğayğısını çəkir. Çinarlar da onlara borclu qalmır, əvəzində qol-qola verib kənd boyu sıraya düzülür, obamızı küləkdən, tufandan, zavallardan qoruyur. Yayda asta-asta yaşıl qamətini əyib sırğalarını titrədir, həyət-bacamıza sərinlik gətirir. Dağ sərinliyi. Kəndimizin keşiyində dayanır, təəssübünü çəkirlər. Qəşəng kəndimizin. Xanımın gözündə çinarlar daha da ucalaşır, əzizləşir, əzəmətli görünürdü. Kəndin ünvanına deyilən kiçik bir tənə, xoşagəlməz söz-söhbət Xanıma nisgil olur, onun qəlbindən ağır bir daş kimi asılır.
Gecədən xeyli keçmişdi. Bacılarının dördü də, qardaşlarının üçü də yatmışdı. Bircə hamısından öncülü Xanım oyaq idi, gözlərinə əsla yuxu getmirdi. Kitab oxuyur, bir hənirti gələn kimi həyətə çıxıb yola baxır, anasını gözləyirdi. Düşünürdü ki, yəqin fermada yenə də nə isə bir hadisə...
Dəhlizdən ayaq səsi gəldi. Xanım tez qapını açıb otaqdan çıxdı, anasına tərəf yüyürdü. Ancaq Mələk xala qızını həmişəki kimi şən qarşılamadı. Əlindəki ağ vedrəni danqıltı ilə bir kənara atıb deyinə-deyinə içəri keçdi:
- Rayondan gəlmişdilər, dedi. - Fermaya baxırdılar, yenə də o ki var danladılar. Ay bala, durum deyim haqsız danışırlar! Xeyr, lap yerində tənqid edirlər. İnəklərin çoxu qısırdı, sağılanlar da keçi qədər süd vermir. Fermaya on manat xərc qoyuruq, beş manat gəlir götürürük. Heç xərci borcunu ödəmir. Arıqlığından heyvanların qabırğaları sananır. Axı, o da canlıdır, gərək isti yeri, bol yemi ola. Tövlə uçuq, axurlar boş, qayğıkeşi yox! Bir çəngə quru küləş veririk, bir vedrə süd istəyirik. Harada görünüb belə iş?! Mən də ki... Tək əldən nə səs çıxar, od olsam özümü...
Mələk xala gileylənə-gileylənə böyrü ustə düşən mis sərnicin qulpundan yapışıb, bir küncə qoydu və səsinin tonunu dəyişərək:
- Qəzet işçisi də gəlmişdi, - dedi. - Kimin ağzından nə çıxırdısa, dəftərinə yazırdı. Rüsvay olduq...
Bu axırıncı kəlmə Xanımın məsum baxışlarını qığılcım tək alovlandırdı. Qəlbində sarsıntı hiss etdi. Öz-özünə: "Sabah komsomola keçmək üçün məni rayona çağırıblar. Birdən deyərlər - sizin kəndin heyvandarları yaxşı işləmir. Axı, mən dünyaya göz açdığım doğma kəndimizin adına yaraşmayan tənəli sözləri eşitmək istəmirəm. Buna necə dözərəm?" O, ittihamedici baxışlarla anasını süzərək:
- Bəs, günahkar kimdir?!
Mələk xala əlindəki ütünü sabah fermada geyəcəyi xalatın üstünə bərk-bərk basıb kinayə ilə:
- Günahkar?! Elə birincisi, siz gənclərsiniz, - dedi. - Məktəbi bitirən kimi sovxoza, kolxoza üz çevirmirsiniz, zəhmətdən qaçırsınız. Deyirsiniz ki, gərək vəzifə ola. Özü də əli cibində, zəhməti yox, qazancı çox vəzifə. Dükançı, hesabdar, uçotçu, nə bilim anbardar. Əlinizdə də uzun sumuçka, içində də güzgü, pomada, pudra, ətir-mətir.
Amma qızım, unutma ki, xoşbəxtliyin yolu o deyil. Gərək zəhmətə qatlaşasan, tər tökəsən. Odey, elə götür bizim Arayatılı Şamamanı, Mirbəşirdə Ofelyanı, Bərdədə Tərlanı... hansını deyim?!
Xanımın bayaqkı ittihamedici baxışları anasının haqlı məzəmməti qarşısında indi təqsirkar kimi görünürdü. O daha dillənmirdi. Mələk xala geç də olsa, gündüzdən qalan və qızların gözündən yayınan ev-eşik işlərini sahmana salırdı. Yan otaqdakı dəmir çarpayılarda uyuyan körpələrin xəfif mışıltısı eşidilirdi. Xanımın hərəkətsiz baxışları qarşısındakı qalın kitabın əzilmiş səhifələrində donub qalmışdı. O oxumurdu, daxilən başında dolaşan cürbəcur fikirlərin düyünlərini arayıb açırdı. Vaxtilə qonşuları Səyyarə xala ilə olub-keçən bir söhbəti xatırladı. Onda hələ aşağı sinifdə oxuyurdu. Səyyarə xalanın sovxozun qabaqcılı, respublika kommunistlərinin növbəti qurultayının iştirakçısı kimi məktəblilərlə görüşü təşkil olunmuşdu.
- Xoşbəxtliyin yolu fermalarımızdan, zəmilərimizdən, plantasiyalarımızdan keçir...
Obrazlı deyilən bu söz elə hərfi mənada da Xanımın uşaq ağlına həkk olunmuşdu. O, neçə dəfə kəndin yaxınlığındakı fermalara, zəmilərə, üzüm və tütün əkini sahələrinə getmişdi. Həmin xoşbəxtlik yolunu görməyə. Fikirləşirdi ki, görüm bu yolun eniş-yoxuşu çoxdurmu?! Ehtiyatla addımlayaram, əvvəlcə özümü bir sınayaram...
Hər gün evə geç gəlməsinin səbəbi də elə onun bu axtarışı olmuşdu. Anası ona qəzəblənəndə ürək açıqlığı ilə hamısını açıb demişdi. Səyyarə xalanın sözlərini də, özünün onu necə sadəlövhcəsinəbaşa düşdüyünü də. Mələk xala qızının sözlərinə qəşş edib, sonra da Səyyarənin nə demək istədiyini izah etmişdi. Xanım da hərəkətlərinin peşmançılığını çəkib anasının qarşısında qızarıb xəcalətli qalmışdı. Xanım həmin anları ya-dına saldı. Elə bildi ki, anası ona yenə də güləçək. Gözaltı Mələk xalaya baxdı. Bu dəfə onun istehzalı gülüşü ilə yox, soyuq baxışları ilə rastlaşdı. İndicə dediyini dodaqlarında pıçıldadı: - Unutma ki, xoşbəxtli-yin yolu o deyil...
* * *
Səhər rayon mərkəzindən kəndlərinə komsomolçu kimi qayıdırdı. Həm də başqa bir əhvali-ruhiyyədə. Bu yerləri indicə görürmüş kimi onun arzu və xəyal dünyasında qaynar bir aləmin yeni və işıqlı üfüqləri açılmışdı. Qalın meşələrlə örtülmüş Süsən və Əsgülün dağlarının arasında sıxılan Oxçu çayı burada genişliyə çıxır, sakitləşir, sahillərini yalayır, batmaqda olan günəşin şəfəqləri altında işıldayaraq ətrafına təbəssüm yayırdı. Xanıma elə gəlirdi ki, kəndlərinə gecə-gündüz şirin layla çalan çay da bu gün onun sevinci ilə şənlənir. İrəlidəki ağ aşırıma qalxanda Malatkeşinin bütün evləri aydın görünürdü. "Sizin kimi gəncləri olan bir kənddə təsərrüfat işlərinin, xüsusilə heyvandarlığın geridə qalması bağışlanmaz haldı!" Bu gün rayon komsomol komitəsində ona deyilən bu sözlər sanki qarşıdakı dağların əks-sədasında da dönə-dönə təkrar olunur və Xanımı mübariz bir aləmə səsləyirdi. Xanım kəndə daxil olanda əvvəlcə fermaya döndü. Komsomola keçməsi münasibətilə anası onu bağrına basdı, təbrik etdi. Malabaxanlarla söhbətə başı qarışanda arxadan qoluna ilıq nəfəs toxundu. Geri döndü, çağal buzov onun əynindəki təzə donun güllü ətəyini çeynəyirdi. Sağıcılar gülüşdü, Xanım pərt oldu, ancaq özünü o yerə qoymadı. İstədi buzovu vursun, qıymadı, özü kənara çəkildi. Həmişəkindən fərqli olaraq bu gün tövlələrə, buradakı səliqə-sahmana, inəklərə işgüzar nəzər yetirirdi. Amma ürəkaçan bir şey görmürdü. Nə isə, daxilən öz-özünə götür-qoy edirdi.
...Kənddəki orta məktəbdə tədris ili başa çatmışdı. Məzunların arzularında uzaq-uzaq şəhərlərə, müxtəlif ünvanlara neçə-neçə cığırlar şaxələnirdi. Xanım isə başqa yol seçmişdi. O, əlindəki komsomol putyovkası ilə sovxoz idarəsinə tərəf üz tutdu. Tükənməz bir həvəslə ikinci mərtəbəyə qalxdı. Gözləmə otağındakı makina arxasında əyləşən ədalı qıza salam verib sıra ilə düzülmüş stulların birində əyləşdi. Gözləri son dəbdə olan importnı "sumuçka"sına sataşdı. Anasının kinayə ilə dedikləri yadına düşdü. Gülmək istədi, ancaq özünü güclə saxladı. Onun bu hərəkəti katibənin diqqətindən yayınmadı. Xanım onun şübhələnə biləcəyini nəzərə alıb görkəminə təmkinli bir ifadə verdi.
Sahələrdən qayıdan sovxoz direktoru ilə partiya komitəsinin katibi gözləmə otağından keçib kabinetə daxil oldular. Xanım da onların arxasınca. Sovxoz başçıları təzə kadrı pis qarşılamadılar. Ancaq onun çəlimsiz görkəmi, rabitəsiz sözləri Xanımın bu vəzifənin öhdəsindən gələ biləcəyinə o qədər də inam yaratmırdı. Direktorun daxili tərəddüdü aydınca hiss olunurdu. Sovxoz partiya komitəsinin katibi isəXanıma, necə deyərlər, ürək-dirək verdi və böyük bir ümidlə əmək yoluna qədəm qoyan gənc qızın əlini inamla sıxıb uğurlar arzuladı. Çətinliklərlə üzləşəcəyi təqdirdə, partiya təşkilatının onu darda qoymayacağını əmin etdi. Xanım partkomun ona göstərdiyi qayğı və etimaddan məmnun oldu:
- Təşəkkür edirəm, - dedi. - Çalışaram.
...Köhnə tövlənin yöndəmsiz qapısı cırıldadı. Taxta axurun sınıq yerini mismarlayan briqadir çiyninin üstündən geri baxdı. Gözləri Xanıma sataşanda ona məhəl qoymadan əlindəki işinə davam etdi. Diqqətini qaldırıb-endirdiyi çəkicdən ayırmadan dilucu salamını aldı. Briqadir vəziyyətdən hali idi. Ona dünəndən demişdilər. Bu məsələ briqadirin ürəyindən deyildi: - Onun ağzından hələ süd iyi gəlir, - deyə sovxoz başçılarına etirazını bildirmişdi. Partkom da gənc qüvvələrə göstərdiyi bu cür yanlış münasibətin, etimadsızlığın üstündə onun ağıllı-başlı dərsini vermişdi. Partkomun dediklərinin acısı hələbriqadirin canından çıxmamışdı. O, qəddini düzəldib əvvəlcə Xanıma yad bir nəzər saldı və sonra da üzünü tövlənin şüşəsiz pəncərəsinə tərəf tutaraq:
- Ayırmışıq, - dedi. - Dörd danadır, altı düyə, götür saxla!
- Axı, mən sağıcı gəlmişəm, bəs inəklər?!
- İnəklər göydən düşmür, - dedi. Buzov, dana, düyə - sonra olur sən deyən!
Xanımın gözlərinə sanki qatı qaranlıq çökdü, tövlə başına dolandı. Ona elə gəlirdi ki, indicə yıxılacaq. Ancaq özünü ələ aldı, partkomun dediklərini yada saldı. Bir də məktəbdə müəllimlərinin - həyat mübarizə meydanıdır, yenilik özünə heç də asanlıqla yol tapmır, - sözlərini.
- A qızım, onun köntöy sözlərindən incimə. Ferma-nın bu günə düşməsinin bir səbəbkarı elə onun özü deyilmi?! Neynək, nə deyir, elə, gəl təhkim olunduğun heyvanları seçib yerbəyer edək. Atan Ələkbərin bu kənddə əl tutmadığı adam yoxdur. Rəhmətlik xeyirxah kişi idi. Onun övladlarına hörmət etmək hamımızın borcudur. Darıxma, gəl, mən də sənin atan! Yeddi qızım var, sən də ol səikkizinci.
Xanıma elə gəldi ki, bu səs onun qəlbinin dərinliklərindən qopur. Xeyr, bu, kəndin sayılan adamlarından ferma işçisi, kommunist Salmanın səsi idi. Xanımın ürəyi dağa döndü. Özündə xeyli yüngüllük hiss etdi. Atasının köhnə dostu Salman kişinin köməyi ilə ona təhkim edilən düyələri ayırıb tövlənin bir kənarında səliqə ilə bağladı. Heyvanların altını təmizlədi, tumarını vurdu, yemini verdi.
Axşam yorğun-arğın evə dönəndə bacılarına: -çətin iş imiş, heç gözüm su içmir, - deyə giley-güzar etdi. Anası isə qızının işinə müdaxilə etmək istəmirdi. Düşünürdü ki, qoy həyatın ağrısını, acısını dadsın. Rast gəldiyi çətinliklərin aradan qaldırılmasında valideynin havadarlığına deyil, öz hünərinə güvənsin. Ancaq bacıları:
- Durduğun yerdə özünü işə salmısan, - deyə Xanımın halına acıyırdılar. Zərqələm:
- Gecə-gündüz daş daşımağa razı olaram, amma fermaya ayaq basmaram, - deyirdi.
Kifayətlə Suşilə də Zərqələmin sözünə haqq verərək:
- Ferma nədi, mal nədi?! Ağılsız adam bu işə qol qoyar.
Eşidib bilən rəfiqələri də Xanımı məzəmmət edirdilər:
- Sonrakı peşmançılıq fayda verməz, elə yolun yarısından...
Xanım geri çəkilməyi qüruruna sığışdırmırdı. İlk əziyyətlərə cəsarətlə sinə gərirdi. Gündən-günə fermaya alışırdı. Çətinliklər getdikcə arxada qalırdı. Düyələr də görkəmini dəyişmişdi. Xanımın qayğısı sayəsində, necə deyərlər, heyvanların tükü durulmuşdu. Vaxtilə onun təzə donunun güllu ətəyini çeynəyən çağal buzov da yetirib yelinləmişdi. Xanım onu "Maral"- deyə çağırırdı. "Maral" Xanıma mehr salmışdı. Hər dəfə yanından ötdükcə ilıq nəfəsini sahibinin sifətinə toxundurub, onun incə və şəfqətli əllərini duz kimi yalayırdı. Xanım da nəvazişlə "Maral"ın boynunu tumarlayırdı. Aralıda bağlanan "Qızıl" düyədoğandan sonra ipə-sapa yatmırdı. Yad adam görən kimi fınxırıb iti buynuzlarını onun ortasına tuşlayırdı. heç briqadir də "Qızıl"a yaxın düşə bilmirdi. Amma Xanımın hənirtisini alan kimi quzuya dönür, mülayimləşir, üzünü sahibinin xələtanə sürtərək həzz alırmış kimi gözləri xumarlanır, quyruğunu sakit-sakit yanlarında oynadırdı. Xanım bəslədiyi yaraşıqlı heyvanlara baxdıqca fərəhlənirdi.
İşə olan tükənməz həvəs, yaşayıb-yaratmaq eşqi, yuksək məsuliyyət hissi, doğma kəndə çılğın məhəbbət... Onun xarakterində birləşən bu nəcib keyfiyyətlər Xanıma fərəhləndirici nailiyyətlər qazandırırdı. Onun dəyanəti qarşısında geriliyin tilsimləri bir-bir qırılır, yeni yüksəlişin geniş perspektivləri açılırdı. Hər inəkdən min kiloqramdan artıq süd götürmək mövcud şərait baxımından o qədər də az deyildi. Bu, Kalinin adına sovxozun orta göstəricisindən də, qabaqcılların əldə etdiyi nəticələrdən də qat-qat artıq idi. İndi sovxozda hamı Xanımın qoçaqlığından danışırdı: "Adamı bilmək olmazmış, bu qız od-alovdur", - deyirdilər. Xanım günün yüksək tələblərini yaxşı başa düşürdü. Heyvandarlıqdakı inkişafın sürətini artırmaq üçün yeni-yeni yollar arayıb-axtarırdı.
Bayaqdan başlanan şıdırğı yaz yağışı binaların taxtapuşunu, evləri dövrəyə alan bağ-bağatı yuyub təmizləmiş, küçələrin tozu yatmışdı. Kənd uşaqları təmiz səmada bərq vuran qövsi-qüzehin əlvan boyalarını bölüşdürürdülər. Sovxoz klubunda ilk partiya təşkilatının növbəti iclası hələ də davam edirdi. Gənc kommunist Xanım İsmayılovanın qətiyyətli sözü, ağıllı fikirləri, faydalı təklifləri kəndin avanqard adamlarını heyrətə gətirmişdi.
- Dünən sadə bir sağıcı kimi yalnız öhdəmdə olan bir neçə baş inəyə və onun məhsuldarlığına cavabdeh idim. İndi öz əməllərimlə kənddə hamıya örnək olmağa, yüksək şüurluluq nümunələri göstərməyə borcluyam. Mən kommunistəm, partiyamızın Nizamnaməsi qarşısındakı vəzifələrimi dərindən başa düşürəm. Ötən qış heyvanlara verilən şirəli yemlər nəyə dəyərdi?! Heç qəpiyə də dəyməzdi. Amma ona xeyli zəhmət sərf olunub, filan qədər xərc çəkilib. Xahiş edirəm, bu yaz senajın və silosun basdırılmasında sağıcıların da növbə ilə iştirakı təmin edilsin. Qüvvəli yem anbardarın, ferma müdirinin, briqadirin qəbulundan sonra bizə çatır. Özü də ölçüsüz, çəkisiz, gözəyarı. Bu artıq, lüzumsuz pillələr ləğv olunmalıdır. Qüvvəli yemlər elə anbardan bir başa sağıcılara verilsə, yaxşıdır. İndi də inəklərin cinsləşməsi barədə...
Kommunistlərin məclisində tam bir sakitlik yaranmışdı. Hamının maraq dolu nəzər-diqqəti tribunada gənc kommunistin ehtiraslı çıxışına yönəlmişdi. O, danışdıqca qabaqda əyləşən Salman kişi hərdən:
- Doğrudur, - deyir və başının hərəkəti ilə onun fikrini təsdiq edirdi. Xanım İsmayılova:
- Əlbəttə, fermada elə məsələlər var ki, onun həlli sovxozumuzun imkanları xaricindədir və bu sahədə bizə kömək lazımdır, - dedi. - Köhnə tövlə müasir tələblərə cavab vermir. Rayon partiya komitəsi bu barədə... Təklif edirəm, dediklərim ilk partiya təşkila-tımızın qəbul edəcəyi qərarda təsbit olunsun və rayon partiya komitəsinə çatdırılsın.
Onuncu beşilliyin gənc qvardiyaçısının xoş söz-söhbəti bütün Zəngilana yayılmışdı. Onun qalib səsi Şəkidə keçirilən gənc heyvandarların respublika toplanışından gəlirdi. Bacıların da əzəli fikri başqalaşmışdı. Onlar orta məktəbi bitirdikcə öz gənclik arzularının qırılmaz qanadlarında bir-bir öncül bacının arxasınca pərvazlanırdılar. Xanım, Zərqələm, Suşilə və attestatının mürəkkəbi hələ qurumayan Nailə. Beş bacı, beş sağıcı. Mələk xalanın xələfləri, fermanın sütunları. Rəfiqələr Xanımla tez-tez mavi ekranda görüşür, mətbuat səhifələrində rastlaşır və indi ona qibtə edirdilər. Zəngilan qartalını daha məzəmmət yox, təqdir edirdilər.
...Kəndin yaxınlığındakı inşaat meydançası taxta hasara alınır, ekskavatorlar, buldozerlər səs-səsə verir, qaldırıcı kranlar beton quraşdırmaları qırğı kimi caynağına keçirib Malatkeşinin səmasına qaldırırdı. Zərqələm İsmayılova sovxoz partiya komitəsinin büro üzvü kimi yeni ferma şəhərciyinin tikintisinə nəzarət edirdi...
Artıq köhnə və darısqal tövlələrdən əsər-əlamət yoxdur. Müasir heyvandarlıq binaları yaşıl ətəkləri Oxçunun lacivərd sularında yuyunan alçaq dağın sinəsindəki abad kəndə xüsusi yaraşıq verir. Cins inək töv-lələrinə gəlib-gedən mütəxəssislərin, məzunların, gənc heyvandarların ardı-arası kəsilmirdi. Xanım "məktəbindən" təlim almaq, buradakı mütərəqqi üsulları, qabaqcıl təcrübəni görüb-götürmək üçün. Avtomat təmizləyicilər, paylayıcılar, suvarma qurğuları. Vaxtlı-vaxtında tumarlanmış gümrah inəklərin ala-qara, qızılı rəngləri tavanda axur boyu cərgələnən İliç lampalarının işığı altında necə də parıldayır. Təşviqat guşəsinin yanındakı yaşıl telefonun dəstəyini qaldıran kimi: - Eşidirəm, - deyə kommutatordakı telefonçu qızın məlahətli səsi eşidilir. Sağıçılar tez-tez təzə stol-stullar düzülmüş istirahət otağında Xanımı dövrəyə alır, onun iştirakçısı olduğu Azərbaycan kommunist-lərinin XXX qurultayı haqdakı unudulmaz və xoş xatirələrini dinləyirlər. Xanımın ağıllı baxışları qırmızı parça üzərinə yazılmış - "İndi heyvandarlıq kənddə zərbəçi cəbhədir" -sözlərində qalmışdır. O, qayğılı bir görkəm alıb nə isə düşündü və həmkarlarına tərəf yönələrək:
- Ötən beşillikdə hər inəkdən sağılan südü bir yarım dəfə artırmışıq, - dedi. - Bu il iki min kiloqramdan artıq olacaq.
Ancaq qarşımızda beşilliyin axırına kimi süd istehsalını iki dəfə artırmaq vəzifəsi durur. Qızlar, sözümüz sözdür!
Zərqələm irəli yeriyib baş tərəfdə qoyulmuş televizoru açdı. Sağıcılar Qızıl Moskvanın seyrinə çıxır, doğma Bakıya baxır, Lenin sarayındakı təntənədə iştirak edir, Xəzərin maviliklərində dolaşır, yaxın-uzaq ellərdən soraq tuturdular. Zeynəbin zənguləşi, Habilin kamanı, Aşıq Hüseyn Saraclının sədəfli sazı qızların qəlbini ehtizaza gətirirdi. İndi Malatkeşinə gələn nümayəndələr onlara qibtə edirdilər. Kollektivin adına deyilən xoş sözlər Xanıma bir dünya sevinc olurdu.
Kəndin arasınca bir maşın irəliləyirdi. Mələk xalanın və onun sağıcı övladlarının hər gün gəlib-getdiyi yolla. - Raykomun maşınıdır, - deyirdilər. Maşın Xanımgilin həyətinə çatıb dayandı. Həmişə onların işi ilə maraqlanırdılar. Bu gün ev, ailə qayğıları ilə. Dəhlizdə süfrə açıldı. Raykomun birinci katlbi fəhlə ailəsinin ehtiyaclarını öyrənmək məqsədi ilə müxtəlif suallar verirdi. Mələk xalanın mütəəssir baxışları divardakı qara haşiyəli şəkildə donub qaldı, dərindən köksünü ötürdü. - "Kəndin qoçağı idi, qonağın qaba-ğına gərək o çıxaydı" - deyə xəyala daldı. Sonra da öz-özünü məzəmmət etdi. - "Naşükür olma, yerində səkkizi qalıb, raykom da onların atası... Qızlar ad-san sahibi olublar". O, nikbinliklə:
- Ailəlikcə ayda min manata yaxın gəlirimiz olur, - dedi. - Nə dərdimiz var!
Yox, Mələk xala təvazökarlıq edirdi. Uşaqlar böyüyüblər, evləri darısqaldır, yenisini tikmək istəyir. Lakin... Elə söz-söhbət də buradan başlandı. Raykom katibi, partkom, sovxoz direktoru məsələni buradaca həll etdilər... Evin yeri daha münasib səmtə dəyişdirilsin. Çaya yaxın, səfalı bir guşədə bünövrə qoyulsun. Pəncərələr meşəyə açılsın, dəhliz dağlarla üzbəüz olsun. Bacılar fəxr və minnətdarlıqla bir-birinə baxırdılar. Samovardan çay süzən Mələk xalanın sevinci sinəsinə sığmırdı. Həmişə tutqun görünən Oxçu çayı da durulmuşdu, şəffaflaşmışdı. Qızların təbəssümlü yana-ğı, Mələk xalanın həyalı çöhrəsi kimi.
7 avqust 1981-ci il
|
|