www.aliildirimoglu.az

POVESTLƏR

DESNA SAHİLİNDƏ

Bahar idi. Xoruzlar səhərin açılmasını xəbər ve­rir­­miş kimi cığalı boyunlarını şax tutub əlvan qa­nadlarını şappıldadır və səs-səsə verərək hey banlaşırdılar. Sübh tezdən əkin sahələrinə doğru baş alıb gedən traktorların güclü nərəsi qalın meşələrin Desna ça­yına uzanan ətəyində sakitcə uyuyan Qremyaçye kən­­dini yuxudan oyadırdı. Yelinləri, yenicə boşalan inək naxırı yuxarıdakı örüşlərə yayılırdı. Dərin dərə­lə­rə toplaşan seyrək duman ağır-ağır sürünüb uzaqlara çə­kilir, kəndin mavi səması açıldıqca Bryanskın göz işlədikcə uzanan düzləri apaçıq görünürdü. Üfüq­dən boylanan günəşin qızılı şəfəqləri çayın aynasında bə­rq vururdu. Arabir əsən xəfif meh Des­na­nın sahillərinə zinət verən yaşıl çəmənliklərə səpələnmiş çiçəklərin xoş rayihəsini Qremyaçye kəndinə yayırdı. Bağ-bağçanın dövrəyə aldığı ayna­bəndli evlərdən süzülən musiqi sədaları budaqdan-budağa qonan quşların cəh-cəhinə qarışıb meşənin tənhalığında əks-səda verirdi. Boynu qırmızı qalstuklu qayğısız uşaqlar kəndin geniş küçələrində gah yüyürür, gah dayanıb arxadan gələn sinif yoldaşını gözləyir, qol-boyun olub dəstə-dəstə məktəbə doğru axışırdılar.

Məktəb direktorunun tədris işləri üzrə müavini Vyaçeslav Qorbaçov kənd Sovetinin binası qarşısındakı abidənin önündən keçəndə yenə də bir anlığa ayaq saxladı. Valideynlərinin əziz xatirəsini gül dəstəsi ilə yad etdi. Qremyaçye kəndinin azad edilməsi uğrunda vuruşmalarda qəhrəmancasına həlak olanların mərmər lövhə üzərində yazılmış adlarına qəmgin bir nəzər saldı... Anatoli Qorbaçov, Lyusya Qorbaçova. Biri ata­sı, biri anası. Bu gün onun təlim-tərbiyə verdiyi məktə­bin keçmiş müəllimləri. Vyaçeslav Qorbaçov onları gör­məmişdi. Yalnız eşitmişdi. Atasının asıldığını, par­ti­zan dəstəsi ilə əlaqə saxladığı üçün anasının güllələn­di­yini. Onda Vyaçeslavın hələ bir yaşı tamam olmamışdı. Cə­mi yeddi ay idi ki, dünyaya gəlmişdi. O, uşaq evində boya-başa çatmış, Moskvada ali təhsilini tamamladıqdan sonra yenə də doğma kəndinə qayıtmışdı. Atası Anatoli, anası Lyusyanın dərs dediyi məktəbə.

Vyaçeslav Qorbaçovun qaşları düyünləndi, xəyalı dolandı. Sanki yenə də bir anda Qremyaçye müha­si­rə­yə alındı, faşist quldurlarının anlaşılmaz yad səsi eşi­dil­di, kəndi acı tüstü bürüdü, evlərdən qalxan məşum alo­vun qırmızı dili onun al yanağını qarsdı, sifəti pörtdü. Vyaçeslavın geniş alnında soyuq tər puçurlandı.

Boris İqnatyeviç ona yaxınlaşanda atının cilovunu çəkdi və:

- Salam, Vyaçeslav Anatolyeviç, sabahınız xeyir, - dedi.

- Salam, Boris İqnatyeviç, yəqin işə gedirsiniz?

- Bəli, kartof əkininin vaxtı keçir, bəs biz qazanmasaq, siz nə yeyərsiniz?

Boris İqnatyeviçin zarafatyana dediyi bu söz onu düşüncələrindən ayırdı. Vyaçeslav Qorbaçov mütəəssir hisslərini gizlədərək sifətinə xoş bir ifadə verib gülümsündü. Boris İqnatyeviç yoluna davam etdi. Vyaçeslav müəllim məktəbə tərəf yönəldi.

Boris İqnatyeviç Desnanın qumlu sahili ilə irə­lilə­dik­cə ləpələr sakit-sakit onun atının səkil ayaqlarını yu­yur və geri çəkilirdi. İri və dəyirmi nalın saldığı dərin izdə qalan bir ovuc su yumşaq quma hopub yox olurdu. Boris İqnatyeviç atın üstündə yırğalana-yırğalana zümzümə edirdi. O, cilovu təkqanad edib atın başını sağa tərəf  burdu. İrəlidəki əkinçilərə yaxınlaşaraq:

- Bərəkətli olsun, yorulmayasınız, - deyib atdan endi.

- Qədəminiz yüngül olsun, Boris İqnatyeviç, - deyə əkinçi həmkarları onu həvəslə qarşıladılar.

Meşə ilə çayın arasındakı geniş düzdə iş yenicə qızışırdı. Yaxınlıqdakı bataqlıqların,  balaca gölmə­çə­lərin kəsif qoxusu gəlirdi. Günorta fasiləsi yaxınlaşanda Boris İqnatyeviç dayanıb tərini sildi. Sonra kotanın istiqamətini dəyişib işinə davam etdi. Sahənin ortasında kotan ilişdi. Boris İqnatyeviç gavahının ucu dirənən yerdə torpağı eşələdi. Gözünə paslı dəmir sataşdı. O, narazı halda başını bulayıb, deyinə-deyinə iri bir lom götürdü və dəmirin altına salıb gücü gəldikcə qaldırdı. Yoldaşları da köməyə gəldi. Gözlənilmədən yer silkələndi. Bir neçə metr aralıda partlayan güclü mina yenicə salınmış kartof toxumunu buğlanan tər torpaqla birlikdə göyə sovurdu. Havada vıyıldayan iri kəsəklər, sanballı dəmir qəlpələr nəvazişlə axan sakit Desnanın mavi aynasını sındırıb parçaladı. Çay bu müdhiş mənzərəyə qarşı etiraz edirmiş kimi qəzəblə çalxalandı, coşdu, hücum çəkib ağ ləpələri ilə sahilini döyəclədi. Sonra məcrasına çəkildi, əvvəlki kimi burula-burula yoluna rəvan oldu. Sahilində qana bulaşanlara həzin və kədərli layla çaldı. Matəm laylası.

Premyaçyelilərin dərdi təzələndi. Otuz il bundan əvvəlki dərdi. Partlayış olan ərazi tədqiq olundu, yoxlamalar getdi. Pas atmış top lüləsi, çürümüş tanklar. Böyük Vətən müharibəsinin acı xatirələri. Torpağın al­tın­da uyuyan neçə-neçə günahsız insan. Çoxu adsız, ço­xu ünvansız. Vətən fədailəri. İnsanlara şəfa verən hə­kim, binalar ucaldan inşaatçı, təlim-tərbiyə verən mü­əl­­lim, yollar salan mühəndis, övlad böyüdən ata, anasının gözlərini intizarda qoyan mərd oğullar. Sadə peşə adamları, bəlkə də fəhlə, bəlkə də kəndli. İndi bir ovuc torpaq... Sakit Desna onların xatirəsini əziz tutaraq buradan necə də sükutla keçir. Qalın meşələrlə örtülmüş təpələr də sanki onun hər qarışı uğrunda canından keçən bu naməlum əsgərlərin məzarı önündə baş əyir.

Kənddəki "Mayak" kolxozu ilk partiya təşkilatının katibi, Sovet İttifaqı Qəhrəmanı, istefada olan podpolkovnik İvan Struçkovun rəhbərlik etdiyi qırmızı ləpirçilər dəstəsi partlayış yerində cəmi bir neçə giliz tapdılar. İçərisində ünvan olan giliz. Solğun kağızlara tələsik yazılmış qırıq-qırıq sözlər güclə oxunurdu. Rus, ukraynalı, tacik, özbək, qırğız... Şəfahət Şükürov. Azərbaycan. Ağdam rayonunun Muğanlı kəndi. Camal Poladov, Ömər Qasımov, Fərqanə vilayəti.

 * * *

Şəfahət Şükürov. Onun adı çəkiləndə Natalya xala­nın gözləri bahar buludu kimi doldu. Ağbirçək ananın qırışmış   çöhrəsindən yaş süzüldü.

1942-ci il. Bryansk   vilayətinin Navlinski rayonun­da­kı Qremyaçye kəndinin ağır günləri. Doğma kəndin cəmi bir neçə sakini qalmışdır. Alman zabitləri kənd müəlliməsi Lyusya Qorbaçovanı özlərinin qulluqçuları kimi saxlayırdılar. O, günlərini sinif otaqlarında, şagird partası qarşısında deyil, mətbəxdə keçirirdi. Qab-qacaq yuyurdu. Natalya Merquşina dükanda işləyirdi. Qrem­yaç­ye kəndinin müdafiəsi uğrunda vuruşmada sağ qalan­lardan biri də 27-ci atıcı polkunun 11-ci birləşmiş dəstəsinin komandiri Şəfahət Şükürov idi. O, bir neçə əsgərlə meşənin balta dəy­məyən tənhalığına çəkil­miş­di. Gecələr yatmır, gündüzlər dincəlmirdi. Partizan dəs­tələri ilə əlaqə saxlayır, fürsət tapdıqca düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirirdi. Qələbə ümidi ona ruh yüksəkliyi verirdi. Solğun üzü duyduğu ağır izti­rabı büruzə versə də, o, bunu əsgər yoldaşlarına əsla hiss etdirmirdi. Hər ax­şam gizlicə Natalya xala ilə görü­şür, ondan lazımi mə­lu­matlar alırdı. Lyusya Qorbaçova onların fəal kö­mək­çisi idi.

Payız gecəsi. Şəfahət qatı qaranlıqda Qremyaçyeyə tərəf sürünürdü. Düşmən keşikçilərinin təlim almış itlə­ri­nin cingiltili quduz səsi kəndin yandırılmış xarabalıq­la­rında zəhmli əks-səda verirdi. Arabir anla­şılmaz bo­ğuq səslər eşidilirdi. Birdən qadın fəryadı qopdu. Sonra tüfəng açıldı. Kəndə matəm sükutu çök­dü. Şəfahət özü­nə­məxsus çevikliklə doqqazdan aşıb Natalya xalanın hə­yə­­tinə daxil oldu. Natalya niga­rançılıqla gözlədiyi əziz qonağı xəlvət bir yerə apardı. Natalya xala həyə­can­lı idi. O, hisli çırağın zəif işığında qırıq-qırıq, rabi­tə­siz danışırdı:

- Elə indicə! İndicə Lyusya müəlliməni öldürdülər! Son günlər yaman incidirdilər. Şübhələnmişdilər. Ke­çən həftə sizin silah anbarını partlatmağınızı ondan gö­rür­dülər. Axı, ciyəriyanmışlar bunu haradan bilib­lər?! Yə­qin yenə də o satqın əclaf İqnat xəbər verib. Ay məlun!

Çırağın titrəyən işığında güclə şölələnən darısqal komaya qəmgin bir sükut hakim oldu. Şəfahətin iri qara gözlərində elə bil şimşək çaxdı. O, qəlbində baş qal­dıran nifrəti arzu etdiyi intiqam hissi ilə ovudub bir qədər sakitləşdi. Natalya xalaya ürək-dirək verdi. Na­tal­ya Şəfahətin qabağına bir stəkan çay qoydu və qayğı dolu nəzərlərini onun silaha sarılmış məğrur gör­kə­mi­nə dikdi.

Natalya ərinin cəbhədə həlak olduğunu bilirdi. Hə­lə Qremyaçye alınmamışdan qabaq qara kağızı gəl­miş­di. Gözünün ağı-qarası olan Paveldən xəbər-ətər yox idi. Onun indi yeganə təsəlli aldığı adam Şəfahət idi. Na­talya o biri otağa keçib damarları çıxmış əlləri əsə-əsə köhnə sandığın ağzını açdı:

- Bu, Pavelin nişan paltarıdır, - dedi. - Toy tədarükü gör­müşdük, qismət olmadı. Kim bilir... hələ ümidimi üz­mə­mi­şəm. Bəlkə qayıtdı, bəlkə görüşdük. Sənin kimi enlikürək, şux qədd-qaməti var idi. Ərköyün böyütmüşdüm...

Natalya sözünü tamamlayıb, dərindən köksünü ötür­dü. Sonra Şəfahətdən soruşdu:

- Sən də evlənməmisən?

Şəfahətin həyalı çöhrəsinə qızartı çökdü. O, "yox" demək mənasında ehtiramla başını buladı və:

Bakıda universiteti yenicə bitirmişdim, - dedi. - Mir­bə­şir rayonunun Əskipara kəndində müəllim işləyir­dim. Onda müəllimlərə möhlət verirdilər. Əsgər apar­mır­dılar. Mən könüllü olaraq ərizə yazdım. Döyüş mey­da­­nına getmək üçün. Hərbi komissarlıq icazə vermirdi. Mən təkid etdim. Axı, qardaşlarımın ikisi cəbhədədir. Dedim, yaman günün ömrü az olar. Qoy dar ayaqda qardaşlarımın dadına çatım...

Şəfahət bunu deyib ağır-ağır və ehtiyatla pəncərəyə yaxınlaşdı. Hər yan sükut içərisində idi. Arabir əsən meh ağacların yarpaqlarını titrədirdi. Desna yaslı gecə­nin sakitliyini pozmadan axır və ayın sönük şəfəqləri altında işıldayırdı. Şəfahət dəli Kürü, xan Arazı yadına saldı. Fikri Ağdamın üzərində uçdu. Qarqarın qıjıltısını dinlədi, bağ-bağçaların yaşıllığına qərq olan doğma Muğanlı kəndinin seyrinə daldı. Evlərinə çatanda anası Aftabla, bacısı Ülkərlə, balaca qardaşı Sovetlə qucaq­laş­dı. Qohum-qonşu onun görüşünə gəldi. Hamı gözay­dın­lığı verdi. Sinəsində parlayan orden və medalları təbrik etdi...

- Xörəyin soyudu, Şəfahət. Natalyanın qayğılı səsi onu qərq olduğu xəyal dəryasından ayırdı:

- Eh, Natalya xala, sevimli şairimiz Səməd Vurğun demişkən:

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan.

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

Şəfahət dediyi şerin mənasını Natalya xalaya izah etdi. Natalya xalanın xoşu gəldi. Onlar qabaq-qənşər əyləşdilər. Ana-bala kimi. İndi Natalya oğulsuz, Şəfahət anasız olduğunu unutmuşdu. Natalya simasına nikbin bir ifadə verərək:

- Darıxma, oğlum, Şəfahət, - dedi. - Vətənimiz övladlarının qəlbi kimi genişdir. Belə məşəqqətləri çox görüb. Yenə də qələbə bizim olacaq. Pavel də sağ-salamat qayıdacaq. Toyunuzu birlikdə edəcəyəm.

Hənirti eşidildi. Natalya Şəfahəti o biri otaqda giz­lə­dib özü həyətə çıxdı. Səs gələn səmtə boylandı. Hərə­kətlərində amansız vəhşi bir ifadə duyulan faşist əsgəri zəncirli köpəyin arxasınca sürünərək kəndin xarabalıqları arasında dolaşırdı. Şəfahət gizlənmə­miş­di. O, bir hadisə baş verə biləcəyi ehtimalı ilə barma­ğını tətiyə keçirib atəşə hazır vəziyyətdə Natalya xala­nın arxasında dayanmışdı. Natalya Şəfahətin qulağına pıçıldadı:

- Tanıdım, özüdür, - dedi. - Lyusya müəlliməni qana bulayan məlun bax, odur! O!

Şəfahətin gözlərində çılğın bir qəzəb alovlandı. Ancaq Natalyanın təhlükəsizliyi naminə hərəkət et­mə­yin məqamı deyildi. Onlar evə daxil oldular. Şəfahət tələ­sirdi. O, getməyə hazırlaşırdı. Natalya ona dəstər­xan bağladı. Lyusya müəllimənin üç gün əvvəl gizlicə ona verdiyi əl qumbaralarını, bir neçə patronu da dəs­tər­­xana bükdü. Şəfahət qumbaranın birini gö­türüb əlin­də möhkəmcə sıxdı. Lyusyanın verdiyi qumbaranı.

- Bunu onun qatilinin başında partladacağam, - dedi. -Zavallı Lyusya! Onun qisasını yerdə qoymaram, əvə­zini çıxmasam...

Şəfahət evi tərk edəndə Natalya onun meşədə gizlənən əsgər yoldaşlarına çatdırmaq üçün oğlunun olub-qalan paltarlarını, ərinin turşumuş tər qoxusu gələn nimdaş paltosunu da Şəfahətə verdi.

- Məndən Ömərə, Matveyə, Maxaradzeyə, Camala salam yetir, - dedi.

- Xudahafiz, Natalya xala, görüşənə kimi. Amma

unutma ki, elə bu gecə Lyusyanın intiqamını almamış Qremyaçyeni tərk etməyəcəyəm.

- Ehtiyatlı ol, ay bala, düşmən amansızdır. Get, tanrı sənə yar olsun.

Natalya xaç çəkdi. Onların səksəkəli baxışları ayrıldı.

Bir neçə saatdan sonra kənddə qumbara partladı. İt zingiltisi eşidildi, bir də ki, Qremyaçyenin çağırılmamış yad qonağının vəhşi bağırtısı. Düşmənin kən­din ayağında yerləşən qərargahına çaxnaşma düşdü...

Şəfahətlə Natalya xala neçə dəfə beləcə görüşdülər. Qaranlıq gecədə, darısqal daxmada, çıraq işığında. Natalya xala neçə dəfə Şəfahətin göstərdiyi şücaətin şahidi oldu. Sonra... Sonra nə Pavel qayıtdı, nə də ki, Şəfahətdən bir səs-səda çıxdı. İllər keçdi,  yel qanadlı illər. Otuz bahar, otuz qış. Bir gəncin ömrü... Otuz ildən sonra partlayan minanın müdhiş uğultusu Şəfahətin və onun döyüş yoldaşlarının son və əbədi ünvanını büruzə verdi. Bu, Natalya xalaya bir təsəlli oldu. Bir də ki, qremyaçyelilərin xoş və firavan günləri.

1972-ci il. 9 may. Qremyaçyeyə qonaq gəlib. Qara­bağdan. Ağdamın Muğanlı kəndindən Şəfahətin qardaşı Sovet müəllim. Onlar Qələbə bayramını birlikdə edirlər.

Şəfahət burada özünə iki abidə qoyub getmişdir. Biri qremyaçyelilərin qəlbində, ikincisi hələ qələmə alınmamış roman, bəstələnməmiş mahnı, müxtəlif millətlərin qəhrəmanlıq tarixi. 117 nəfərin mərmər lövhə üzərində həkk edilmiş birlik, qardaşlıq salnaməsi. Abidəyə hər gün tər gül-çiçək qoyan qramyaçyelilər bu salnaməni oxuduqca onların həmyerliləri ilə birlikdə bir ad da çəkilir:

- Şəfahət Şükürov.

Onun qardaşı Sovet Şükürov  azadlıq,  intiqam və qalibiyyət irsini bugünkü nəslə yadigar qoyub gedənlərin qranit abidəsi önündə dayanıb fəxr və sükutla baş əyirdi. Sağında və solunda Natalya Marquşina ilə Vyaçeslav Qorbaçov dayanmışdı. Çiyin-çiyinə. Desna onların çöhrəsindəki həzin kədəri qələbə sevinci ilə yuyur və öz coşğun ləpələrinə qataraq Qremyaçyedən uzaqlara axıdır, hey axıdırdı...

1969-cu il

 


















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com