www.aliildirimoglu.az

Yeniliklər

Əli İldırımoğlunun 85 illik yubileyi Yazıçılar Birliyində qeyd olunub (FOTOLAR)

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Əli İldırımoğlunun 85 illik yubileyilə bağlı tədbir keçirilib.

525.az-ın məlumatına görə, tədbiri AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açıb: “Əli İldırımoğlu ömrünün böyük bir hissəsini mətbuata həsr edib. O, Sovet dövrünün ən məhşur qəzetlərindən olan “Kommunist”də çalışıb, eyni zamanda da ardıcıl şəkildə ədəbi fəaliyyətlə məşğul olub. Əli İldırımoğlunun olduqca zəngin və maraqlı xatirələri var. Onun əsərlərinin mahiyyətini də məhz həmin xatirələr təşkil edir. Öz romanlarında, hekayələrində dilimizin rəngarəngliyindən məharətlə istifadə etməyi onu Azərbaycan oxucusuna doğmalaşdırıb. Əli müəllimin son zamanlar qələmə aldığı romanlar mütəmadi olaraq “525-ci qəzet”də dərc edilir. Ona görə də onun yeni əsərləri, romanları bizə daha çox yaxındır”.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun və Türkiyə Xalq Araşdırmaları Qurumunun Əli İldırımoğluya ünvanladıqları təbrik məktubunu iştirakçıların diqqətinə çatdıran R. Məcid yazıçının təkcə Azərbaycanda deyil, ümumən türk dünyasında tanınan və oxunan ədiblərimizdən olduğunu qeyd edib. AYB-nin sədri, Xalq yazıçısı Anar Əli İldırımoğlunu Azərbaycan nəsrində realist yönün ən fəal və usta təmsilçilərindən biri kimi dəyərləndirib.

Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı Əli İldırımoğlunun romanları və digər əsərlərilə geniş oxucu kütləsi qazanmış yazıçı olduğunu vurğulayıb.

Ədəbiyyatşünas Qurban Bayramov çıxış edərək deyib: “Əli İldırımoğlu 70 ildir əlindən qələmi düşməyən bir yazıçıdır. Əli müəllim çox gənc vaxtından – 15 yaşından müəllimlik fəaliyyətinə başlayıb. Mən onun həyatı ilə bağlı bir maraqlı faktı da açıqlamaq istəyirəm. Əli müəllim həm də bacarıqlı bir rəssamdır. O hələ gənc yaşlarında müəllim işlədiyi məktəbdə yağlı boya ilə dahi şair və yazıçıların portetlərini çəkib, məktəbdə ədəbiyyat otağı yaratmışdır. Əksər ədəbiyyat adamları ədəbiyyata şeirlə gəliblər. Əli müəllimin əsərlərində də dərin bir lirizm duyulur. Əli müəllim jurnalistika sahəsinə misilsiz dərəcədə dəyərli yeniliklər gətirmiş jurnalistimiz, gözəl əsərlər qələmə almış yazıçımızdır”.

Xalq artisti Rasim Balayev Ə.İldırımoğlunun daimi oxucularından olduğunu bildirib: “Əli müəllim mənə “Mənim rəncbər atam” kitabını verdi. Mən də düşündüm ki, kitabı yavaş-yavaş oxuyaram. Amma kitabın ilk vərəqini çevirdiyim andan məni elə çəkib apardı ki, əlimdən yerə qoya bilmədim. Əli müəllimin bir yazıçı kimi uğuru da məhz elə bundadır – yazı dilinin axıcı olmasında, əsərlərinin oxunaqlı alınmasında. Əli müəllimin əsərlərində mən həm də kino sənəti, rəssamlıq sənəti görürəm. O, istedadlı yazıçı olmaqdan başqa, şəxsiyyət kimi də mükəmməl bir insandır. Onun həyat, insanlar haqqındakı dərin bilgiləri hər birimiz üçün bir məktəbdir. Mən çox istərdim ki, Əli müəllimin əsərlərindən ssenarilər hazırlansın və filmlər çəkilsin”.

Şair Vahid Əziz isə bunları önə çəkib: “Mən Əli müəllimi birinci jurnalist kimi tanımışam. “Kommunist” qəzetində o vaxt 17 müxbir vardı onlardan ən irəlidə gedəni Əli İldırımoğlu idi. Əli müəllim hər zaman öz ləyaqətini uca tutub. Onun bütün həyatı özü və övladları üçün qürur mənbəyidir”.

“525-ci qəzet”in redaktoru, yazıçı Yaşar da tədbirdə maraqlı fikirlər söyləyib: “Jurnalistika ilə ədəbiyyat arasında həmişə bir sərhəd olub. Bu sərhəd zaman-zaman qarışıb da, ayrılıb da. Əli İldırımoğlu ədəbiyyata jurnalistikadan gəlib və dünya ədəbiyyatında da ədəbiyyata jurnalistikadan gələn bir çox məşhur yazıçılr olub. Əli müəllim jurnalistika ilə ədəbiyyat arasında sərhəd yaradan Azərbaycan yazıçısıdır. Bəzən görürsən ki, jurnalistikadan nəsrə keçən insanlar əsərlərini də jurnalist kimi yazırlar. Amma Əli İldırımoğlunun əsərləri sırf yazıçı əsərləridir. Əli müəllimin bədii yaradıcılığındakı ən böyük gücü onun yaşının bu vaxtında da yazıb-yaratmaq eşqinin sonsuz olmasındadır. Bundan başqa Əli İldırımoğlu öz əsərlərində bizdən get-gedə uzaqlaşmaqda, unudulmaqda olan Qarabağı yaşadır. Mən Qubadlının hərdən yadımdan çıxan bəzi yerlərini xatırlamaq üçün Əli müəllimin romanlarına müraciət edirəm”.

Tədbirdə şair Ramiz Rövşən, söz və sənət adamlarından Mahirə Abdulla, Cahid İsmayıloğlu, Ağalar Bayramov, Səbail rayon icra hakimiyyəti başçısının müavini Xalidə Bayramova da Əli İldırımoğlunu təbrik edib, yubilyar haqqında yüksək fikirlər söyləyiblər.

Sonda çıxış edən Əli İldırımoğlu yaradıcılığına və şəxsiyyətinə göstərilən diqqətə görə, başda Xalq yazıçısı Anar olmaqla, Yazıçılar Birliyinin rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.

GÜNEL

Məndə: http://525.az

16.11.12 

Bu saytda görkəmli yazıçı, jurnalist Əli İldırımoğlu barədə dövri mətbuatda dərc edilmiş yazılar, əsərlərinə dair rəylər, məqalələr, habelə çap olunmuş əsərləri, video və foto materiallar, ədibin zəngin, maraqlı və özünəməxsus fəlsəfi dünyagörüşünü əks etdirən müsahibələri toplanmışdır. Sayt ədəbiyyat və jurnalistika məsələləri ilə maraqlananlar, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

www.aliildirimoglu.az





 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com